Bakirə olmayan qızı əxlaqsız sayan qaqaşlar

Bakirə olmayan qızı əxlaqsız sayan qaqaşlar
5 iyul 2022
# 18:00

Kulis.az Vüqar Babazadənin “Gecəyarısı uşaqları – 1” adlı yazısını təqdim edir.


Ailə

Ənənəvi Azərbaycan ailəsi modeli dağılır. Özü də yavaş-yavaş da deyil, sürətlə və qarşısıalınmaz şəkildə. Adamlar həyatın maddi və mənəvi problemlərinə o qədər aludə olublar ki, bunu görə bilmirlər.

Yeni dövrün şərtlərinə ayaq uydura bilməyən nə varsa, hamısı dağılmağa, məhv olmağa məhkumdur. Qədimi, köhnə “ailə” anlayışı yox olur, keçmişdə ilişən insanlar mağaralarına geri qayıdır.

Ənənəvi yox, yeni insan tipləri peyda olur. Bu cür tiplər heyvanlarla daha sıx münasibət qururlar, uşaq istəmirlər, “müqəddəs ailə” anlayışını qəbul etmirlər, hər işdə məntiq öndə gəlir. Dövr dəyişib – müasir qadın patriarxal ailənin üzvü, evinin sahibəsi, uşaqlarının anası qismində xoşbəxt kölə həyatı yaşamaq istəmir…

Boşanmalar artıb, ekologiyaya daha həssas yanaşılır. Fərdi əxlaq formalaşıb. İnsanlar özlərinə inanırlar, özlərindən nəsə gözləyirlər. İnternetdən pul qazanmaq olur. Yeni və qəribə peşələr ortaya çıxıb. Bir sözlə, hər şey transformasiya halındadır.


Bakirəlik

Azərbaycanda elə mövzular var ki, heç vaxt aktuallıqlarını itirmirlər. Bu cür mövzuları harada danışsan, harada yazsan yenə də daima gündəm olur. Daima aktuallığını qoruyan mövzular adətən cəmiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmır. Buna görə də daima mübahisəyə açıq olurlar. Yəni nə qədər istəsən bu mövzularda mübahisə və müzakirə etmək olur.

Bakirəlik cəmiyyətimizdə ən çox diqqətdə saxlanılan, ən çox fikir mübadiləsi aparılan mövzulardan biridir. Hələ də insanlarımız bakirəlik problemini həll edə bilməyiblər. Tam razılığa gələ bilməmişik ki, bakirə olan qız tərbiyəlidir, yoxsa yox? Bakirə olmayan qız tərbiyəsizdir, yoxsa yox?

Bu mövzunu məndən əvvəl yüz nəfər vaxtilə yazıb. Təkrarçılığa yol vermək istəmirəm, amma bu o demək deyil ki, bu mövzunu yüz nəfər yazıb deyə mən yazmamalıyam. Bu analogiyaya inansaq Sabir də hər şeyi yazmışdı. Amma cəmiyyət yenə eyni cəmiyyətdir.

Yadımdadır, bir dəfə şəhərdə sorğu keçirirdilər ki, bəs bakirə olmayan qızla evlənərsiz? Orda bir oğlan cavab vermişdi ki, biz bu suala cavab verib, p**sər çıxanlardanıq. İndi onun sözü olmasın, rəylərdə məni nəsə çıxarmağa çalışmayın. Onsuz, tüküm də tərpənmir. Boş yerə özünüzü yorursunuz.

Bu yaxınlarda bir tanışım evlənmək istəyirdi. Özünün qırxdan çox yaşı vardı və təbii olaraq arzulayırdı ki, onunla evlənəcək xanımın da yaşı ən azı 35 olsun. Üstəlik, bakirəlik də öz yerində. Axı “yaxşı oğlan”a yaraşmaz, bakirə olmayan qızla evlənmək.

Bir neçə gün əvvəl evləndi. Şoka düşdüm. O qırx yaşlarında bir qadın tapmışdı. Üstəlik, həmin qadın da bakirə idi. Bu dəhşətli mənzərə məni bərk sarsıtdı.

Axı 40 yaşında insan necə ömründə bir dəfə də olsun cinsi əlaqədə olmaz? Bu tələbat yemək, su, hava kimi bir şeydir. Mən o qadının həyatını uzun müddət düşündüm. Yetərincə seksual təminatını almamış bir insan kimi onu düşüncəmdə canlandırdım. Heç bir nəticə əldə edə bilmədim. Bu məsələni, ümumiyyətlə, başa düşə bilmədim.

Bakirəlik hələ də moddadır. Analarının sözüylə evlənən oğlanlar, qonum-qonşu nə deyər düşüncəsi ilə yaşayan adamlar var olduqca da daima modda olacaq.

Əxlaq pərdə yox, təfəkkür hadisəsidir. Bakirə olmayan qızlar əxlaqsız deyil. Yaxud bakirə olan qızlar əxlaqlı deyil. Ümumiyyətlə, öz adımdan danışıram, vicdan haqqı, kimin əxlaqlı, kimin əxlaqsız olmağı bir kənara qalsın, özümün əxlaqlı, yoxsa əxlaqsız adam olmağımı anlaya bilməmişəm. Bəzən elə situasiyalar olur ki, çox əxlaqlı oluram, bəzən elə olur ki, çox əxlaqsız ola bilirəm. Nə bilim, özümü tuta bilmirəm. Taleh ağlımı qar kimi əridib, dünyam çaşbaş qalıb. Əgər bir insan ömür boyu özünü tanıya bilmirsə, o necə başqasının əxlaqını dəyərləndirə bilər? Elə, məncə, ən böyük əxlaqsızlıq budur.

Bakirə olmayan qız olsa və bizim münasibətimiz yaxşı inkişaf etsə, mən düşünmədən onunla birlikdə yaşaya bilərəm. Əslində, bu etirafı edəndən sonra utandım. Axı mən bu cür şəxsi düşüncəmi, öz fərdi seçimimi niyə yazmalıyam? Olmazdı ki, bu söhbət yerli-dibli yox olardı? Canımız qurtulardı.

Bakirəlik, bildiyimiz kimi, bir pərdədən asılıdır. Həmin pərdə təkcə cinsi münasibət zamanı yox, eyni zamanda, ata minəndə, velosiped sürəndə də cırıla bilər. Bu halda həmin adama “əxlaqsız” damğası vurub, cəmiyyətdən təcrid etmək lazımdırmı?

Üstəlik, şükür Allaha, tibb elmi inkişafdadır. Korona virusa da peyvənd tapıldı. Bir pərdə nədir ki, onu tikmək bu qədər çətin olsun? Tibb elmi inkişaf etdikcə, bu cür səfsətələrdən qurtula bilərik. Son vaxtlar kim harda gəldi tikdirir. Bu hal isə mənim ürəyimcədir. Kim necə istəyir, icazə verin, elə də yaşasın.

Fikir versəniz görərsiniz ki, bakirəlik haqqında danışan, bakirə olmayan qızlara pis baxan oğlanlar natamamdırlar. Onlar küçədə “ştuçnu” siqaret çəkib, “Bizon” içə-içə öz varlıqlarını necəsə təsdiq elətdirməlidirlər. Onlar cinsi əlaqədən doğulmayıb, valideynləri bir-birindən üzr istəyərək onları dünyaya gətiriblər. Həmin oğlanların hansındansa birdən soruşsan ki, 7 dəfə 8 necə eləyir, gözlərini döyüb sənə baxacaq. Amma bakirəlik haqqında öz kanalizasiyasında istehsal edib, hazırladığı fikirlərindən ağız dolusu danışar. Deyər ki, “bilirsən, qaqa, sənin oğlanlığın necə yol verər ki, kiminsə açdığı qızı alasan, onu özünə arvad edəsən?”. Bir sözlə, onlara baş qoşmaq lazım deyil, adekvat adam deyillər.

Daha söz vermişəm ki, əsəbiləşməyəcəm, əsəbi yazmayacam, mədəni olacağam. Təfəkkürləri yarımçıq olan adamları başa düşməyə və onları sevməyə çalışıram. Axı deyirlər, adam sevəndə qarşısındakı adamı dəyişdirə bilir.

Əxlaqlı olub-olmadığını bilmirəm. Amma əgər bir qız bakirə deyilsə, sırf bu hərəkətinə görə kiməsə əxlaqsız demək olmaz. Yəqin ki, ritorikamı görürsünüz də. Çox sadə və təmkinli yazıram. Deyirəm ki, bir qız bakirə deyilsə, o, əxlaqsız deyil. Və mən məmnuniyyətlə, bakirə olmayan qızla evlənə bilərəm.

# 36269 dəfə oxunub

Müəllifin son yazıları

# # #