“Nəşriyyat qonararımı ödəmir, beş ildir işsizəm, naşirlər cəlladdır” - Tərcüməçilərin və tərcümənin problemləri

“Nəşriyyat qonararımı ödəmir, beş ildir işsizəm, naşirlər cəlladdır” - Tərcüməçilərin və tərcümənin problemləri
30 sentyabr 2023
# 15:00

Bu gün Beynəlxalq Tərcümə Günüdür.

Kulis.az bu münasibətlə tərcüməçilərin ölkəmizdəki tərcümə sahəsi ilə bağlı fikirlərini təqdim edir.


Azad Yaşar – şair və tərcüməçi

Azad Yaşar — Vikipediya

Beynəlxalq Tərcüməçilər Günü ilk dönəmdə daha fərqli bir kontekstdə qeyd olunub: bu, Qərb dünyasında sözügedən peşə sahiblərinin ağsaqqalı, piri sayılan müqəddəs İyeronimin anım günü imiş. Əsas xidməti “Bibliya”nı latın dilinə çevirmək olan bu ustad 419 və ya 420-ci ilin 30 sentyabr günü dünyasını dəyişibmiş.

Beynəlxalq Tərcüməçilər Federasiyası (FİT) həmin günü 1953-cü ildən başlayaraq öz imkanları çərçivəsində qeyd edirmiş. 1991-ci ildə həmin təşkilatın müxtəlif ölkələrdəki üzvləri də bu bayramı qeyd etməyə başlayınca, onun miqyası və önəmi daha da artıb.

Birləşmiş Millətlər Təşkilatının 2017-ci ildə keçirilən 71-ci sessiyasında yekdilliklə bir bəyannamə qəbul olunub. Bu sənəddə dünya xalqlarının yaxınlaşmasına, ümumi inkişafın təmininə və Yer üzündə sülhün möhkəmlənməsinə peşəkar tərcüməçilərin verdiyi danılmaz töhfələr rəsmən etiraf olunub və bu bayramın BMT-nin hamiliyi ilə qeyd olunması daha uyğun sayılıb.

2004-cü ildən ən müxtəlif devizlərlə qeyd olunub və hər dəfə tərcümə sənətinin çoxşaxəli aspektlərindən birinə diqqət çəkilib. Məsələn, 2022-ci il üçün seçilən deviz belədir: “Maneəsiz dünya: yeni mədəniyyətin formalaşmasında, qarşılıqlı anlaşmanın və möhkəm sülhün təminində tərcüməçilərin rolu”.
Burada sadalanan məqamlara diqqət yetirsək, bugünkü dünyada tərcüməçilərin hansı irimiqyaslı işlərlə uğraşdıqları gözlərimiz önündə daha bariz şəkildə canlanar.

Ona görə də tərcümə işindəki problemlər əsla bitib-tükənmək bilmir. Bizdəki ən başlıca problem – tərcüməçilərin təkcə xarici dilə yox, öz ana dillərinə də yetərincə aşina olmamalarıdır. Halbuki tərcüməçi – məhz xarici dili öz ana dili səviyyəsində bilən kəsdir. Öz üzərində hər gün işləməmək, dilin ən müxtəlif üslublarını öyrənməmək, söz ehtiyatını zənginləşdirməmək, hər iki dilin canlı versiyasına nabələdlik və digər məqamlar isə sonrakı çatışmazlıqlardır.

Bizim naşirlərin çoxusu, ya da elə hamısı tərcüməçinin gördüyü işi hamının bacaracağından nədənsə əmindir, ona görə də çəkilən əməyə öz keyfinə görə dəyər biçir. Redaktor və korrektorların əməyi də eyni şəkildə istismar olunur. Bir dəfə sosial şəbəkədəki bir paylaşımımda mən bizim naşirlərin tərcüməçi, redaktor və korrektorların aşkar cəlladı, qatili olduğunu yazmışdım, çünki bu cür aşağı dəyər verməklə onlar ölkəmizdəki bu peşə sahiblərinin faktiki kökünü kəsirlər. Ona görə də qonorarlar heç də ürəkaçan deyil.

Şəxsən mənə 350 səhifəlik bir kitabın zay tərcüməsini redaktə üçün verən tanınmış bir nəşriyyat iş çoxdan bitsə də, son ilyarımda qonorarımı ödəmir və buna görə heç bir vicdan əzabı da çəkmir. Aramızda müvafiq sənəd imzalanmadığından onu məhkəməyə də verə bilmirəm, çünki daha öncə xeyli müddət uğurlu əməkdaşlığımız olub. Həm də yaxşı bilir ki, son beş ildə rəsmən işsizəm... Kişi sözünə, səmimi insan münasibətlərinə dəyər verməyən elələrini əgər siz başqa vaxt dindən, insafdan, mərdlikdən dəm vuranda görsəniz, əsla tanımazsınız... Amma Allah bütün bəndələrin işlərinin fərqindədir.
Yeri gəlmişkən, bu “qonorar” sözünün də “h” hərfiylə yazılmasının vaxtı çoxdan çatıb. Bu termin fransız dilindəki “honour” (şərəf, izzət, ləyaqət) mənalarında işlənən sözdən törəyib, “fikir və sənət əsəri yaratdığına görə müəllifə ödənən vəsait və ya hədiyyə” deməkdir. (Çünki o, sadəcə pul şəklində ödənməyə də bilər. Məsələn, gərəkli qonorarı o dövrün hökmdarları dahi Nizami Gəncəviyə bəzən iki kənd, bəzən isə Appaq adlı kəniz ilə ödəyirmişlər!). Bu söz rusca ona görə “q” ilə yazılır ki, o dildə “h” hərfi yoxdur. Həmin dildən keçən “hospital”, “haubitsa”, “helikopter” və sairəni biz artıq dilimizə uyğunlaşdırmaqla yazırıq. Bəlkə, dilimizdəki hansısa sözün məntiqə uyğun olaraq, “q” ilə yox, məhz “h” ilə yazılması üçün də BMT ayrıca qətnamə verməlidir?! Eyni yanaşma “gerb” sözünə də aiddir: axı o, yunanca “herba” (bitki) sözündən törəyib, dilimizdə isə o hərf var.

Özünü dilimizin bilicisi sayan və rus klassiklərindən L.Tolstoyu tərcümə etməyə girişən bir “tərcüməçinin” yol verdiyi səhvlərdən bəzilərinə baxaq:
“səhər yeməyi” əvəzinə “sübh naharı”
“yataqdan qalxdılar” yerinə “yuxudan qalxdılar”,
“yol qət etmək” əvəzinə “yer qət etmək”,
“Pyotr günü” yerinə “Petrov günü”,
“şərikli yer əkdilər” əvəzinə “ortaqlaşıb şərikli yer əkdilər”,
“başlarını girləyirlər” əvəzinə “qırılıb qurtarıblar” və sair və ilaxır.
İngilis dilində pul vahidi sayılan “funt” termininin rusca mətndə fərqli mənada, yəni çəki vahidi kimi işlənə biləcəyindən də bu “tərcüməçi” xəbərsizdir.

Belə kütbaşların təhvil verdiyi mətni redaktə etmək onu təzədən tərcümə eləməkdən qat-qat çətindir. Hələ sonra nələrəsə (guya!) irad da bildirməkdən çəkinib-utanmırlar.

Günlərin birində tanınan bir tərcüməçinin rus dilini harada – evdə, orta məktəbdə, yoxsa universitetdə – öyrəndiyi ilə maraqlandım. “Əsgərlikdə, inşaat batalyonunda” cavabını alanda hədsiz dərəcədə heyrətləndim. Çünki digər qoşun növləriylə müqayisədə inşaatçı əsgərlər ən minimum söz ehtiyatıyla kifayətlənirlər, həm də sırf danışıq dili səviyyəsində dilə yiyələnirlər – kitabsız-dəftərsiz, yazısız-pozusuz... İndi belə birisinin durub, klassik rus ədəbiyyatını hansı bərbad günə sala biləcəyini, zəhmət olmasa, siz özünüz təxmin eləyin. Mən isə nöqtəmi qoyuram.

Sevil Gültən

Məncə, birinci sual “ Müasir dövrdə tərcümə sahəsindəki problemlər” olsa yaxşıdır. O qədər problemlər var ki… Ən böyük problem tərcüməçilərin yetişdirilməsindədir. Demək olar, özəl universitetlərin çoxunda “Tərcümə” fakultəsi var. Amma tərcümə sənətini kimlər tədris edir? - Əsas məsələ budur. Həyatı boyu bir cümlə tərcümə etməyənlər tərcümə fənnini necə tədris edə bilər? Məncə, bu, mümkün deyil. Bütün peşəkar tərcüməçilər bir mərkəzdə birləşməyib, bu da bir problemdir. Halbuki Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzi var. Xarici dillərdən Azərbaycan dilinə, Azərbaycan dilindən xarici dillərə tərcümə edilən kitablara nəzarət edən yoxdur. Şəxsən mən Azərbaycan dilindən ingilis dilinə elə kitab tərcümə etmişəm ki, içində bircə normal, məntiqli cümlə olmayıb. Yaxud İngilis dilindən tərcümə etdiyim bir kitabda insan öldürməyin müxtəlif üsulları elə aydın təsvir olunub ki, o kitabı oxuyan yeniyetmələr həmin üsulları sınamaq fikrinə düşə bilər.

Nəşriyyat – tərcüməçi münasibətləri deyərkən konkret nəyi nəzərdə tutduğunuz mənə aydın olmadı. Nəşriyyat tərcümə edəcəyim kitabın PDF-ni yollayır, mən də tərcümə edib göndərirəm. Ondan sonrakı proses nəşriyyatın öhdəsinə düşür. Redaktə, korrektə, kitabın nəşri və sair. Qonorar işarə sayına əsasən müəyyən olunur. İngilis dilindən tərcümə etdiyim kitablara görə aldığım qonorar məni qane edir. Uzun illərdir kirayə pulunu qonorarımla ödəyirəm. Necə deyim, kirayə pulu verməsəm, qonorarım hesabına bəy kimi dolanardım.

Bəzi kitablar tərcümə baxımdan çox çətindir. Belə çətin kitablara daha çox qonorar verilsə, yaxşı olar.
Azərbaycan dilindən ingilis dilinə tərcümə çox çətindir. Normalda bir səhifə, təxminən iki min işarəni tərcümə etmək üçün bəzən 3 saat vaxt sərf etmişəm. Lakin o bir səhifə üçün mənə verilən uzağı 7-8 manat çəkdiyim əziyyətlə müqayisədə çox azdır.

Rastlaşdığım ən maraqlı tərcümə xətası? Etimad Başkeçid tərcümə etdiyi bir hekayədə “ Gəmi anqara girdi” yazmışdı. Mən daha çox redaktorların işindən gileyliyəm. Bu mövzuda neçə saat danışsam, yorulmaram.
Mən “bird-house” sözünü “ quş evciyi” kimi tərcümə etmişəm, redaktor həmin sözü silib “hin” edib. Yaxud “peçenye” sözünü silib “kökə” edib. “Beylif” sözü var, şerif köməkçisi, bu sözü silib “gözətçi” edib, nəticədə “ Gözətçi məhkəməni açıq elan etdi” kimi cümlə meydana çıxıb. Ona görə də son illər tərcümə etdiyim kitabı redaktədən sonra oxuyuram, kobud səhvləri düzəldirəm.

Özümün də tərcümə xətalarım olub. TEAS – PRESS nəşriyyatı üçün kiçik kitabça tərcümə edirdim. Futbolla bağlı. Təxminən, 20 səhifəlik. Amma futbolu bilmədiyim üçün çox çətinlik çəkdim. Bir neçə kişi tərcüməçidən məsləhət aldım. Amma kobud səhv etmişdim. Kitabı Famil Cəfərli redaktə edirdi. Nəşriyyata gedəndə məni yanına çağırdı. “ Bu nədir?” - deyib mənə bir cümləni göstərdi komputerin açıq ekranında: “Dal ayağı ilə topa zərbə endirdi” yazmışdım.
Bir universitetin tərcümə fakultəsinin müəllimi Azərbaycan dilindən ingilis dilinə tərcümə edilmiş bir hekayəni mənə yolladı ki, göz gəzdirim. İnanın, beşinci sinif şagirdi elə tərcümə etməzdi. “O evləndi” cümləsini “He bought a wife” kimi tərcümə etmişdilər.

Həmid Piriyev

Məncə, bizim tərcümə ədəbiyyatımızın ən böyük problemi əsərlərin əksərən ikinci dildən tərcümə edilməsidir. Mən özüm də dilimizdə olmağını zəruri hesab etdiyim, amma hələ də tərcümə edilməyən bir çox əsəri ikinci dildən (ruscadan) tərcümə etmişəm. Bununla belə, bunun səhv olduğunu başa düşürəm. Bizdə müxtəlif dillər üzrə mütəxəssislər yetişməlidir. Əslində, bəzi dillər üzrə mütəxəssis var, amma qonorarın aşağı olması səbəbindən onlar bədii tərcümə ilə məşğul olmur. Qonorar nə üçün aşağıdır? Çünki hələ də kitab bazarı tam tənzimlənməyib. Üstəlik, naşı tərcüməçilərin çox da yaxşı olmayan tərcümələri oxucu inamını qırıb. Qonorar az olduğu üçün tərcüməyə əlavə iş kimi baxılıb, peşəkarlar qalıb qıraqda, "xalturşik" tərcüməçilər keçib iş başına.

Ona görə bu gün kitab bazarı pis tərcümələrlə doludur. Bu da satışa təsir edir. Oxucu pul verib kitab alırsa, keyfiyyətli mətn oxumaq istəyir. O yoxdursa, nə üçün kitabı alsın? Mən özüm də bir çox tərcümə kitabını bir-iki səhifədən çox oxuya bilməmişəm.

Əslində, zəncirvari problemlərlə üz-üzəyik. Ən əvvəl oxucuların inamını qaytarmalıyıq, buna görə nəşriyyatlar peşəkar və orijinaldan tərcümə edən tərcüməçilərlə işləməlidir. Əgər bazar tənzimlənsə, kitab çox satılsa, qonorar da yüksək olar.

# 2527 dəfə oxunub

Müəllifin son yazıları

# # #