Vida məktubu

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

25 iyul 2024
# 16:30

O`na

O, indi uzaqdadı...

heç vaxt ayağım dəyməyən bir şəhərdə,

bəlkə də, heç vaxt ayağım dəyməyəcək bir şəhərdə...

və mən Onun üçün darıxıram,

amma çox yaxşı başa düşürəm ki, Onun üçün darıxmağımın indi heç bir mənası yoxdur...

sevgi sınıq-salxaq bir skamyaya, ucuzvari kafeyə, birgə yeridiyiniz kələ-kötür yola da məna yükləyir,

elə bilirsən ki, küçədəki izdihamın, metrodakı adamların arasında O da var, gözlərin onu axtarır, hər tərəfə boylanırsan, amma görmürsən,

istəyirsən, küçədə gül satan xaladan, maşınına dirsəklənib siqaret çəkən yaşlı dayıdan, qol-qola gəzən sevgililərdən soruşasan ki, “Onu görmədiniz? Burdan keçməyib ki?”, onlar da təəccüblə başlarını yelləsinlər,

O olmayanda heç nə öz yerində olmur,

cibindəki yandıranı, ən sevdiyin köynəyi, rəfdəki fincanı nə qədər axtarsan da, tapmırsan,

hər şey gözünə qəribə dəyir,

elə bilirsən, dəniz yerində deyil, günəş yerində deyil, sən yerində deyilsən,

elə bilirsən, adamlar başqa dildə danışır, heç birini başa düşmürsən,

ağacların, güllərin, pişiklərin, quşların dilini öyrənirsən,

bir pişik miyoltusuna kədərlənirsən, bir quş cikkiltisinə ümidlənirsən, bir it zingiltisinə pis olursan,

sonra yağışlar yağır,

başın üstdən keçən qara buludlara baxırsan,

deyirsən,

həmin uzaq şəhərdəki Ona çatdırın bu vida məktubumu, mənim bundan sonra heç nəyə taqətim yoxdu...

# 2863 dəfə oxunub

Müəllifin son yazıları

# # #