Pis vərdiş - Sonası Vəliyevanın hekayəsi

Pis vərdiş - Sonası Vəliyevanın hekayəsi
6 sentyabr 2024
# 15:30

Kulis.az Sonası Vəliyevanın "Pis vərdiş" hekayəsini təqdim edir.

Bəzən bəzi şeylərin sənə xeyir gətirmədiyini bilsən də, o şeyləri etməyə davam edirsən. Elə anlarda mən həmişə özümə tez-tez bu cümlələri təkrarlayıram: “Mən bir daha bunu etməyəcəm. Bu, axırıncı dəfədir. Söz verirəm”. Lakin özümə verdiyim sözü tutmağım heç bir gün də çəkmir. Və bu hal dəfələrlə təkrar olunur. Söz verirəm, sonra yenə öz bildiyimi edirəm, söz verirəm, sonra o sözə məhəl qoymuram. Nəhayət, bir gün anladım ki, bəzi vərdişlər özünə verdiyin sözlərin, vədlərin dəfələrlə pozulması nəticəsində formalaşır. Bugünkü “sabah belə etməyəcəm” vədi ertəsi gün “bu gün sözümü tuta bilmədim, indən belə mütləq tutacam” vədinə dönüşür və bu da sonrakı günlər “yəqin, gələn dəfə sözümü tutaram” vədi ilə əvəzlənir. Mənim belə vərdişlərim çoxdur. Məsələn, son zamanlar, demək olar ki, hər gün dırnaqlarımla qollarımı didirəm. Bəziləri fikirləşə bilər ki, mən özümə zərər verməkdən həzz alan mazoxistin biriyəm. Bəlkə də, haqlıdırlar. Bilmirəm. Bəlkə də, mən hər uğursuzluğuma görə özümü bu cür cəzalandırıram. Ancaq, qollarımda diddiyim yerlərin qanamasından və göynəməsindən xoşhal olmadığımı desəm, yalan olar. Sanki, həmin anda özündə olmursan, bədəninə bu cür laqeyd rəftarın özüylə gətirə biləcəyi fəsadlar barəsində düşünmürsən. Lakin, sonra nə etdiyini dərk edəndə günahkarlıq hissi boğazından yapışır. Çünki, hər dəfə gözlərin qollarındakı göyərtilərə, qızartılara sataşanda utanırsan. Çirkin görünürsən. Elə bilməyin ki, zərərli vərdişimdən qurtulmaq üçün təkcə “bir də etməyəcəm, axırıncıdır” kimi təskinlik cümlələrindən istifadə edirəm. Mən başqa şeyləri də sınamışam; məsələn, dəftərə günləri qeyd edib dırnaqlarımla qollarımı didmədiyim hər günü qələmlə yumrulamağı. Ancaq, özümü cəmi 2-3 gün belə idarə edə bilirəm. Bu gün isə ağlıma başqa bir şey gəlib; qaranlıq otağa çəkilib Göydəkinə doyunca, yalvara-yalvara dua etmək. Adətən, əlim hər şeydən üzüləndə üz tutacağım son şey dua etmək olur və bu dua digər bütün dualardan fərqlənir. Çünki, əgər sən tam bir təslimiyyət içində dua etməsən, yalvarışların hədər gedəcək. Neyləyim, bəlkə də, mən özümü buna inandırmışam. Onsuz da başqa yolumun olmadığını qəbullanıb axşamı gözlədim. Qaranlıq düşən kimi otağıma girib qapını arxadan kilidlədim. Elə çarpayımın yanındaca yerə çökdüm. Gözlərimi yumub əllərimi göyə qaldırmaq istəyəndə bir anlıq dayandım. Onsuz da qısa olan şortum yerə çömələndə daha da qısalmışdı və mən ayaqlarımın çılpaq görüntüsündən utanmışdım. Çarpayımın üstünə sərilmiş ədyala bürünüb yenidən diz üstə çökdüm. Belə daha abırlı görünürdüm. İndi utanmadan rahatlıqla istəklərimi dilə gətirə bilərdim. Tanrı üstümü örtməklə ona nə qədər hörmət etdiyimi görəndə dualarımı daha çox ciddiyə alacaqdı. Bundan əmin idim. Gözlərimi yumub əllərimi yenidən göyə qaldırdım. Dodaqlarımı açıb yuma-yuma səhərdən gecəyə kimi beynimdə gəzdirdiyim sözləri pıçıldayaraq, başımı dala-qabağa yelləməyə başladım. Sözləri təkrarladıqca təkcə başım deyil, eyni zamanda, bədənim də bu ritualın bir parçasına çevrilirdi. Sanki, bütün əzalarım, başım, bədənim yalvarışla dolu “nolar, kömək elə, bilirəm ki, eləyəcəksən, bilirəm ki, daha özümü incitməyəcəm” cümləsi ilə başlayan duamın qəbul olunması üçün səfərbər olmuşdu. Mən yerimdə dayanmadan sürətlə dala-qabağa, dala-qabağa var-gəl edirdim.

Bu cür dua etməyi ağ libas geyinmiş ortayaşlı kişilərdən öyrənmişdim. Atamın işdən yorğun-arğın gəlib yeməyini tez-bazar bitirdikdən sonra divana sərilib əlindəki pultla kanalları ora-bura çevirdiyi adi günlərdən birində indi adını unutduğum telekanalda rastına çıxan bu uzun əbalı, uzun saqqallı kişilər onun marağına səbəb olmuş və təkcə atamı deyil, məni də ekrana kilidləmişdi. Mən o kişilərin hansı millətdən olduğunu, hansı dinə sitayiş etdiklərini də xatırlamıram. Bircə onların dua edərkən eynilə mənim kimi dala-qabağa tez-tez hərəkət etmələri yaddaşıma həkk olunmuşdu. Özlərini həmin ana elə qapdırmışdılar ki, Tanrının onları eşidəcəyindən əmin idim. O gündən bəri duamın tez qəbul olmasına ehtiyac duyduğum ən çətin vaxtlarımda televiziya verilişlərinin birində təsadüfən rastıma çıxan ağ əbalı kişilərin hərəkətlərini yamsılayıram. Məncə, bu cür yamsılama ilə etdiyim yalvarışlar, dualar daha təsirli səslənir və Tanrını mənim çarəsizliyimə inandırır.

Uşaq vaxtı televizordan öyrəndiyim üsulla Tanrını inandırmaq cəhdlərim təxminən 2-3 dəqiqə çəkdi. Bir anlıq qabağa-dala tez-tez yellənməyim, yalvarışlarla dolu səsim, cümlələri dəfələrlə təkrarlamağım mənə isterik təsir bağışladı və mən dua etməyi dayandırdım. Əvvəllər heç belə hiss etməmişdim. Bilmirəm, bəlkə bu, böyüməklə əlaqədardır. Bax, bəzi adamlar deyir ki, ən çox qəbul olunan dualar eynilə o uzun saqqallı kişilər kimi prosesə özünü qapdırıb yalvara-yalvara içdən edilən dualardır. Yəni mənim davranışımda heç bir qəbahət yoxdur. Ola bilər ki, yoxdur, ancaq mən Tanrının onu manipulyasiya etdiyimi düşünüb qəzəblənəcəyindən qorxurdum. Necə olur ki, O, yalnız mənim çarəsiz vaxtlarımda yadıma düşür? Mən özümü əla hiss edəndə, problemlərim olmayanda onu heç xatırlamıram. Bilmirəm, həqiqətən beynim çox qarışıqdır. Amma həm də nələrinsə azca da olsa müsbətə doğru dəyişə biləcəyi ehtimalı içimi rahatladırdı. Həm ümidli idim, həm də çaşqınlıq içində idim, bir tərəfdən də sadə bir şeyi bu qədər dramatikləşdirməyim, ona bu qədər məna yükləməyim məni güldürürdü. Axı, yer üzündə, elə mənim ətrafımda da daha ciddi problemləri olan insanlar var və mən o insanlara bütün günü dırnaqlarımla qollarımı diddiyim üçün özümü çarəsiz hiss etdiyimi desəm, onlar fikirləşər ki, mənim başım xarab olub. Lakin, beynimi qurdalayan bütün bu qarmaqarışıq fikirlər anidən gələn yatmaq istəyimin içində əriyib yox oldu. Yerimə uzanıb bayaq büründüyüm nazik ədyalı üstümə çəkdim. Gözlərimi tam yumub yuxuya getməzdən qabaq bir anlıq istədim ki, qaranlıqda da olsa barmaqlarımla qollarımı bir neçə yerdən didim. Ancaq, utandım. Bayaqkı hərəkətlərimdən, əllərimi göyə qaldırıb Tanrıya verdiyim vədlərdən utandım. Gözlərimi yumub yuxuya getdim.

# 1379 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #