#

Samirə Əşrəfin "psixoloji takıntıları" - Ulucay Akif

Samirə Əşrəfin "psixoloji takıntıları" - Ulucay Akif
21 avqust 2024
# 10:45

Kulis.az Samirə Əşrəfin “Divanın altı” hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.



Samirə Əşrəfin “Divanın altı” hekayəsini oxudum və bəyəndim. Burada təəccüblü nəsə yoxdur; bəlli imzalar var ki, onların mətninin yaxşı, ya pis olmağını müzakirə etmirsən, çünki o müəllifin qələminə əvvəldən bələd olursan. Samirə Əşrəf də, yəqin, çoxumuz üçün həmin imzalardandı.

Ancaq müəllifin gücünün, potensialının hər mətndə reallaşıb-reallaşmamağı ustalıq məsələsidir. Yəni bir aşpazın bişirdiyi hər yemək ləzzətli olmaya bilər, ya da eyni yeməyi hər dəfə fərqli ləzzətdə bişirə bilər. Buna duzun qədərindən, bişirmə dəqiqəsinəcən təsir edən amillər var. Mətnin hazırlanmağı da eyni prosesdir.

Təbii, ədəbiyyatın ən böyük fərqi ondadır ki, mətn yaradıcılığı psixoloji prosesdir. Burada yazıçının psixoloji durumu subyektiv faktorluqdan çıxıb, ədəbiyyat obyektinə çevrilir. Yəni yazıçının ilişib qaldığı psixoloji məqamlar onun mətninə bilavasitə təsir edir. Yazıçını unikal, özünəxas edən də həmin ilişdiyi, türkiyəlilər demiş “takıldığı” (“takıntı” sözünə dilimizdə adekvat qarşılıq tapmadığım üçün məcbur bu sözü işlədəcəm) məqamlar olur.

Ancaq burada ortaya başqa bir vacib məsələ də girir. Yazıçı həmin psixoloji “takıntılar”ın lazım olmayan yerdə mətninə nüfuz etməsindən çəkinməlidir. Bunu bacaranda mətnə xələl gəlmir. Bacarmasa, mətn öz gücündən itirir.

Samirə Əşrəfin “Divanın altı” hekayəsi çox gözəl başlayır. Situasiyanı və hər iki obrazı (ana və uşağı) ləkəsiz güzgüdəki kimi aydın görürük. Girişdə mənzərənin aydın görünməyi çox vacibdir, çünki bu, oxucunu mətnə kökləyir. Hər iki obrazla qiyabi tanışlıqdan sonra müəllifin əsas məsələyə keçməsini gözləyirik. Bu məqamda, təəsüf ki, ortaya Samirə Əşrəfin “psixoloji takıntıları” girir və mətnin içində toz-tozanaq qaldırıb mənzərəni bulanıqlaşdırır...

Nədir Samirə Əşrəfin “psixoloji takıntıları”?

Samirə Qarabağdan, Cəbrayıl rayonundandı. Onun haralı olmağının heç bir əhəmiyyəti yoxdur, əslində, amma Samirənin yaradıcılığında Qarabağ və məcburi köçkünlük mövzularının qırmızı xəttlə keçdiyini bilirəm. Bu, Samirənin həm insan kimi taleyinə, həm də yazıçı kimi mətninə çox böyük təsir edib. Və “Psixoloji takıntı”ya çevrilib.

Samirənin əksər mətnlərdə bu məsələni "psixoloji takıntı" kimi görməmişdim, amma bu mətnində açıq-aşkar hiss olunur ki, bəlli bir məqamda müəllif həmin psixoloji impulslara qalib gələ bilmir və mətninin qapılarını o “takıntı”ya açır. Beləcə, Samirənin tamam başqa şeydən bəhs edən (və bəhs etməli olan!) “Divanın altı” hekayəsinə Qarabağla bağlı bir əhvalat da (obrazın bibisinin hekayətini deyirəm) daxil olur. Həmin əhvalatın mətnlə heç bir əlaqəsini tapmadığımdan onu “psixoloji takıntı” adlandırıram. Bəlkə də, yanılıram... Amma yanıldığımı düşünmürəm.

Və bu "takıntı"ya görə müəllif mətndə iki cinayət törədir:
1. Əsas hekayəni korlayır.
2. Gözəl bir hekayəyə çevirə biləcəyi əhvalatı başqa bir mətnin içində xərcləyir.

“Divanın altı” hekayəsində gördüyüm qüsur bu idi.

Hekayənin məziyyətlərini sadalamağım gərəksə, dialoqların təbiiliyini, xırda situasiyaların dəqiq təsvirini, mətnin ümumi məğzini qeyd edərdim. Sonluq da ürəyimcə oldu. Ancaq bütün bunlarda mənim üçün qeyri-adi nəsə yox idi.

İlk abzasda da dediyim kimi, Samirə Əşrəf bunları edə bildiyi üçün yazıçı kimi qəbul olunur. Ona görə də, müəllifi tərifləmək ehtiyacı duymuram. Görünən kəndə nə bələdçi?

Ümid edirəm, müəllifin növbəti hekayələrində heç bir “psixoloji takıntı”sı mətninə yersiz müdaxilə etməyəcək.

# 2688 dəfə oxunub

Müəllifin son yazıları

# # #