Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub

Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub
6 sentyabr 2024
# 12:32

Sankt-Peterburq şəhərində yerləşən Aleksandrinski Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının "İblis və..." tamaşasının premyerası keçirilib. Azərbaycan teatr tarixində ilk dəfə tamaşamız bu səhnədə nümayiş olunub.

Milli Dram Teatrından Kulis.az-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl hər iki teatrın rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. Həmçinin Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayişi və Aleksandrinski Teatrına xatirə hədiyyəsi təqdim olunub.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Mətbuat konfransında çıxış edən Aleksandrinski Teatrının prezidenti, Xalq artisti Valeri Fokin, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Aleksandrinski Teatrının direktoru Aleksandr Maliç, Bədii rəhbəri Nikita Kobelev "İblis və..." tamaşasının premyerasının Aleksandrinski Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilməsini yüksək qiymətləndirib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Sonra tamaşa nümayiş olunub.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən mövzu Hüseyn Cavid yaradıcılığında Tanrı konsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı konsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər.

Dörd pərdəli faciənin (dekonstruksiyanda 1 hissəli metadram) təyinat xətti dəyişərək yalnız Tanrı-İblis və insan xətti üzərində köklənir. Təyinat İblisə, ondan doğan faktor isə İnsana yönəlir. “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu tamaşada isə, əksinə İblisin qələbəsi çatdırılır.

Tamaşada rolları Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elşən Rüstəmov, Vəfa Rzayeva, aktyorlar Elnar Qarayev, Elşən Cəbrayılov, Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov ifa edib.

Səhnə əsəri oktyabrın 4-dən başlayaraq üç gün müddətində Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olunacaq.

# 906 dəfə oxunub

Oxşar xəbərlər

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

09:26 21 noyabr 2024
Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

17:20 20 noyabr 2024
Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

10:38 15 noyabr 2024
"Cəhənnəm sakinləri"  tamaşası Şəkidə nümayiş olundu

"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olundu

17:40 12 noyabr 2024
Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

17:00 12 noyabr 2024
Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda keçirilən IX Beynəlxalq Teatr Festivalında təmsil olunur

13:26 9 noyabr 2024
# # #