Dövrünüz bitib, imkan verin, yaşayaq! - Yaşlı nəsil bizdən nə istəyir?

Dövrünüz bitib, imkan verin, yaşayaq! - Yaşlı nəsil bizdən nə istəyir?
6 sentyabr 2024
# 12:00

Kulis.az Nadir Yalçının "Yaşlı yazıçı-şairlər nə istəyir?" yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatında urvatlı qocala bilməmək sindromu var. Təbii ki, bu hamıya aid deyil. Bizim yaşına-başına hörmət edən, qələminin gücünə sığınıb abır-həya saxlayan yazıçı-şairlərimiz də var.

Bəs bu digər qövmün azarı nədir? Bu xılt hardan yaranıb? Şəxsiyyət çatışmazlıqlarını, istedad əskikliklərini pərdələmək üçün kin qusan bu kəsimdən nə vaxt canımız qurtaracaq? Mən bilmirəm, siz bilirsinizsə, deyin.

Yuxarıda qeyd elədiyim iyrəncliklərdən uzaq olan, hörmət bəslədiyim iki ahıl qələm adamının dünənki yanaşması isə məni daha çox təəssüfləndirdi. Axı siz belə deyildiniz, yaşınızın üstünə yaş gəldikcə niyə belə düşünməyə başladınız?

Məsələni əvvəlindən nəql edim ki, oxucu çaş-baş qalmasın. Deməli, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi “Yeni ədəbiyyatı tanıyaq” layihəsinə start verdi. Layihənin məqsədi odur ki, yeni işıq üzü görən bədii ədəbiyyat nümunələri elmi mühitdə, şöbənin əməkdaşları tərəfindən oxunsun, müzakirə edilsin və həmin müzakirənin mətni “Ədəbiyyat qəzeti”ndə çap olunsun, saytlarda yayımlansın. Müzakirədə, əsasən, şöbənin əməkdaşları iştirak etsə də, digər arzu edən şəxslər də qoşula bilər. Layihənin koordinatoru isə ədəbiyyatşünas, “Edebiyyatqazeti.az” saytının redaktoru Mətanət Vahiddir.

Ötən gün Mətanət Vahid öz feysbuk hesabında belə bir paylaşım etmişdi: “...sentyabr ayının sonunda gənc yazıçı Əli Zərbəlinin “Hər şey dəyişəndə” hekayələr toplusunu müzakirə edəcəyik, sağlıq olsun. Kitabın üzünü belə görməmişəm, heç bir fikrim yoxdur, ümid edirəm, seçdiyim kitab maraqlı müzakirə obyekti olar. Hər halda, mənə hələ də maraqlıdır axı, görən “Gənclər nə istəyir?”

Bizim çox hörmətli yazıçımız, usta qələm adamı Səfər Alışarlı həmin paylaşıma belə bir rəy yazıb: “Müəlliflə işim yox, oxumamışam, ancaq alimin "üzünü görmədiyi" kitabı Ədəbiyyat İnstitutu kimi bir müəssisədə müzakirəyə təklif etməsi, ən azı, təəccüblüdür”.

Bu intonasiya, bu qəliblərlə yanaşma, bu ütülü və şablon qanunauyğunluq ehtirası vaxtilə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyan yazıçı-şairlərin köhnə şakəridir. Allahtərəfi, o qorkiçilərin arasında da çox sevdiyimiz adamlar var və Səfər müəllim də o sıradadır. Bəs nə oldu ki, o ütülülər cərgəsindən Səfər müəllimin də hənirtisi gəldi? Səfər müəllimə sual vermək lazımdır ki, bir dəfə o müzakirələrdə iştirak etmisiniz? Əlbəttə, yox. Bəs hardan gəlir bu deyingənlik?

Səfər müəllim ətrafında olanların “üzgörənliyini” çox görüb və bu artıq adi hala çevrildiyindən o, bir alimin üzünü görmədiyi kitabı institutda müzakirəyə təklif etməsini qəbul edə bilmir.

İnstitut kimi bir müəssisədə kimin kitabı müzakirə olunmalıdı ki? Səfər Alışarlının, yoxsa onun nəsildaşlarının, sanballı, qalstuklu, ağırtaxtalı, dünya görmüş, uşaq böyütmüş, qız köçürtmüş, pul verib antalogiyalara düşmüş, mövzusu bitib-tükənən yazıçı-şairlərin?

Əgər bir yazıçı gəncdirsə, ilk kitabı çıxıbsa, əlbəttə ki, o özünütəsdiq mərhələsindədir. Onun institutda müzakirəsi üçün təsdiqolunmuş imzaya çevrilməyini gözləmək Səfər müəllimin dövründə qalan standartlara cavab vermək deməkdir.

Dövrünüz bitib!

Layihənin adı “Yeni ədəbiyyatı tanıyaq”dır. Özgə vaxt, içi mən qarışıq, deyirik ki, niyə Ədəbiyyat İnstitutu müasir ədəbiyyatın təbliği və tədqiqi yolunda heç bir iş görmür? İndi bir işıqlı layihəyə başlayıblar. Niyə öz qaramatınızla bu işığı kor qoymağa çalışırsınız? İndi bir səlahiyyətli şəxs Səfər Alışarlının rəyini oxusa, necə olacaq? Deyəcəklər ki, o boyda yazıçı deyirsə, deməli, düz deyir, ümumiyyətlə, yığışdırın bu layihəni, bəsdi boş-boş işlərlə məşğul oldunuz.

Nəticədə nə olacaq? Əli Zərbəli və onun kimi neçə-neçə gəncin kitabı müzakirə olunmayacaq. Yaxşı, ay Səfər Alışarlı, nə alternativ yaratdınız? Hansı lazımlı işə qol çəkdiniz ki, Əli Zərbəli və onun kimi neçə-neçə gənc yazıçı stimul alsın? Demirəm, bu sizin borcunuzdur, ən azı, başqa qurumların vəzifəsidir. Amma heç olmasa, kimsə iş görəndə pəl vurmağı yığışdırın. Üzeyir Hacıbəylinin “Nərdivan” felyetonunu yaxşı oxumusunuz axı...

Mexanizm belədir; həmin layihədə əvvəlcədən kitab təklif edilir. Təklif təsdiq olunursa, şöbənin əməkdaşları gedib kitabı alırlar, oxuyurlar və müzakirənin tarixini elan edirlər. Yığışıb müzakirə edirlər, təhlillər aparırlar. Bu müzakirənin mətni yayımlanır. Yayımlanandan sonra on-on beş adam da xəbərdar olur ki, mənim Əli Zərbəli adında gənc yazıçım var, onun kitabı var, alım görüm nə yazır? Özü də görürlər ki, bu kitab institut kimi bir müəssisədə müzakirə olunur.

Hələ sizə danışım hörmətli Sərvaz Hüseynoğludan. Mətanət Vahidin sözügedən paylaşımına belə bir rəy yazıb: “Mənə çox maraqlı gəldi, yazırsınız ki, müzakirə olunacaq kitabın müəyyən olunması mənə həvalə olundu... Amma kitabın üzünü görməmişəm. Axı üzünü görmədiyiniz kitabı necə təklif etmək olar? Mən elə bildim oxuyub bəyəndiyiniz, sizi heyrətləndirən, nədən bəhs etdiyini bildiyiniz kitabın müzakirəsini təklif edirsiniz... Məncə, bu daha doğru yanaşma olardı”.

Baxın, faciəmizin kökü burdadır. Sərvaz Hüseynoğlu bu yaşına qədər yazır, pozur, hələ də müəyyənləşdirə bilməyib ki, ədəbi təhlil və tənqidin predmeti yalnız oxuyub bəyəndiyin əsər deyil, həm də bəyənilməyən, qüsurları olan əsərdir. Ədəbi müzakirə əsərin qüsurlarını və müsbətlərini ayırd etmək üçün vasitədir. Lap Mətanət xanım müzakirəyə qədər kitabı oxudu və bəyənmədi. Belə çıxır ki, o kitab həqiqi ədəbi qiymətləndirmədən kənarda qalmalıdır?

Sərvaz müəllimin də yanaşması məni təəccübləndirmədi. Sərvaz Hüseynoğlu və onun kimi silsilə qələm adamları var ki, qəzetlərdə boy-boy təriflər, portret, yubiley yazıları yazmaqdan usanmırlar. Bir dəfə mənbələrə, böyük əsərlərə istinad edərək müqayisəli təhlilə, qüsurların qeydinə rast gəlməmişəm.

Ədəbiyyatı mənfəətbazlığa, tərifbazlığa, ədəbi tənqidi dostbazlığa dəyişənlər ali məqsəd, həqiqi ədəbi vicdan qarşısında nə cavab verəcəklər?

Bir daha deyirəm. Yazıda adı çəkilən hər iki şəxsə hörmətim var. Səfər müəllim yazıçı kimi öz dövrünün ustad imzalarındandır. Amma adamı incitməzlər.

Bir dəfə Nofəl Qasımov dedi ki, bizim nəsil ölməsə, heç nə düzəlməyəcək. Mənim heç kimə ölüm arzulamaq fikrim yoxdur, əksinə, hamı bilir ki, yaşlı nəslə böyük hörmətim, rəğbətim var, həmişə də onları müdafiə etmişəm. Amma imkan verin, biz də yaşayaq. Qara-qara fikirlərinizin cilovunu əlinizdə saxlayın.

P.S. Mətanət Vahid statusunun sonunda qeyd etmişdi ki, bundan sonra müzakirələr yazılı şəkildə yayımlanmayacaq. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turandan xahiş edirəm ki, müzakirələrin mətninin dərci davam etdirilsin. Əsərlərin müzakirəsində şöbənin əməkdaşları iştirak edir. İctimaiyyətin bu təhlillərdən xəbəri olmur. Əgər müzakirənin mətni yayımlanmasa, layihənin faydalılıq əmsalı aşağı düşəcək. Ədəbiyyat naminə, yeni imzaların tanınması naminə bu, vacibdir.

# 2776 dəfə oxunub

Oxşar xəbərlər

Sən özün nə yazmısan ki guya?! - Ulucay Akif

Sən özün nə yazmısan ki guya?! - Ulucay Akif

16:55 14 oktyabr 2024
Dünya həm sənindi, həm mənimdi, həm də... - Eminquey Akif

Dünya həm sənindi, həm mənimdi, həm də... - Eminquey Akif

15:24 14 oktyabr 2024
Sazın anasını kim yandırdı? – Aşıq Ələsgərin heykəlini pisləyənlər bilməlidir ki...

Sazın anasını kim yandırdı? – Aşıq Ələsgərin heykəlini pisləyənlər bilməlidir ki...

12:00 14 oktyabr 2024
Han Kanq:  "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

Han Kanq: "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

12:00 11 oktyabr 2024
"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

17:00 9 oktyabr 2024
# # #