Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.
Gündüz Ağayevin yeni karikaturasını gördüm. Xankəndiyə humanitar yardım göndərməyimizlə bağlı çəkdiyi karikaturanı deyirəm.
Nə Gündüz, nə də karikaturaları haqqında çox yazıb vaxtımı almaq istəmirəm. Bu məsələlər haqqında hər şey bəllidir.
Ən azı bütün adekvat adamlar bu məsələləri əlinin içi kimi yaxşı bilir və bilməlidir.
Fransada yaşayan Gündüz Ağayev niyə orada baş verən mitinqlər, polisin uşaq öldürməyi, vətəndaşları vəhşicə döyməyi, Fransa hökümətinin etirazçıları həbs etməyi ilə bağlı da bir cızma-qara eləmədi?
Çəkdiyi karikatura ilə Azərbaycan hökümətinin, polisinin humanist olmadığını deyən Gündüz Ağayev Fransa hökümətinin, polisinin humanistliyindən də qorxur? Yoxsa niyə Fransada baş verən o boyda hadisələrə aid karikatura çəkməsin?
Əlbəttə, çəkməz. Çünki yaxşı bilir ki, belə bir şey etsə, aqibəti necə olar.
Buna görə də artıq özü karikaturaya çevrilmiş bu zat haqqında başqa nəsə deməyə ehtiyac duymuram.
Ümid edirəm ki, adekvat adamlar üçün bu kəslərin mahiyyəti çoxdan bəllidir.
Toxunmaq istədiyim daha vacib məsələ var.
Bu karikatura “Azadlıq radiosu”nda dərc olunub. Yəni “Azadlıq radiosu”nun sifarişidir, mövqeyidir.
Ümumiyyətlə, özünü Azərbaycan höküməti ilə davası varmış kimi göstərən bu qəbildən media qurumlarının əsas dərdinin Azərbaycan höküməti yox, Azərbaycan dövləti, azərbaycançılıq, milli maraqlarımız olduğu da çoxdan üzə çıxıb.
Onların fəaliyyətlərinə başqa ad vermək olmur.
Çox uzağa getməyək, götürək elə Meydan TV-ni.
Bir neçə ay əvvəl böyük bir “problemi” işıqlandırmışdılar.
Nə idi problem?
Salyanın balıq bazarı.
“Məhsul bol olduğuna görə balığın qiyməti cox ucuzdur, BU SƏBƏBDƏN SATICILAR DOLANA BİLMƏDİKLƏRİNİ DEYİRLƏR!”– süjet bu cümlə ilə başladı.
Məni gülmək tutmadımı, tutdu, amma davam elədim. Camaat tökülüb bazara, hamı torba-torba balıq alır, Meydan TV də danışır ki, bəs satıcılar qiymətlərin ucuz olmağına görə şikayətlənirlər, deyirlər ki, bu qiymətlər onlara sərf eləmir.
Əməlli-başlı komediyadır.
Ortada yaxşı hadisə var, bir yox, bir neçə yaxşı hadisə: məhsul bol olub, balığın qiyməti ucuzlaşıb, camaat torba-torba balıq alıb aparır evinə, bişirir, yeyir.
Meydan TV isə qiymətlərin ucuz olduğuna görə satıcıların dolana bilmədiklərini deyir.
Unikal süjetdir. Belə absurd süjet dünyanın heç yerində yoxdur. AzTV-nin süjetləri ilə məzələnən kanalın verdiyi süjetə bax.
Hansı cəbhədə, hansı mövqedə, hansı amalda olursan ol, adekvatlığını itirdinsə, çox gülməli görünəcəksən.
Satıcılar nə vaxt razı olublar ki? Satıcı həmişə qaz vurub qazan doldurur, yenə də “ağlayır”, deyir ki, vəziyyət pisdir. O qədər məhsul olub, hamı da alır, necə olur ki, bu satıcılar dolana bilmir? Gərək mütləq baha qiymətə satalar?
Bu dəfə də Meydan TV kamerasını tuşlayacaq camaata: “Salyan bazarında balığın qiyməti bahadır, camaat heç bir kilo balıq ala bilmir, hamı aclıqdan ölür”.
Birdən elə bilərsiniz yalan danışıram.
Yutubda Salyan bazarı ilə bağlı həmin süjeti axtarıb tapa bilərsiniz.
Azadlıq radiosunda yayımlanan bu karikatura da həmin absurd süjeti yadıma saldı.
Müharibə vaxtı müharibənin əleyhinə olan, müharibə bitəndən sonra “bəs Xocalı, Xankəndi hanı?! Belə qələbə olmur!” deyən, Xankəndinin tamamilə nəzarətimizə keçməsi üçün işlər görülərkən də bu cür karikaturalar, xəbərlər hazırlayan “müxalif” media qurumları, “müxalifətçilər” kənardan nə qədər gülməli göründüklərinin fərqində deyillərmi?
Lağ elədikləri Siyavuş Novruzov ya Tahir Kərimlidən fərqlənmədiklərini özləri də görmürlər?
Deyəsən, görmürlər.
Ya da görürlər, amma sifariş bu cür verilir.
Hamınıza adekvatlıq arzulayıram.
Müxalifətçilərə də, iqtidara da, vətəndaşlara da.
Çünki adam adekvat olmayanda, gülməli görünür.