Bütün yazıçıların evi olan “525”in ad günü – Yubiley reportajı

Bütün yazıçıların evi olan “525”in ad günü – Yubiley reportajı
17 noyabr 2022
# 09:00

Bu gün “525-ci qəzet”in 30 yaşı tamam olur. Kulis.az bu münasibətlə Ulucay Akifin “525-ci qəzet”in redaksiyasından yazdığı reportajı təqdim edir.

– Alo. Sizin bina Əhməd Cəmil küçəsində deyildi? – Rəşad Məcidə zəng vurub soruşuram.

– Hə, Əhməd Cəmildədi.

– Tapmıram axı. Hanı e?!

– Uşaqlardan kimisə göndərim çıxsın qabağına?

– Yox, lazım deyil, tapacam özüm.

Hər dəfə belə olur. Hər dəfə Əhməd Cəmil küçəsini azı üç dəfə o baş-bu başa getməmiş binanı tapa bilmirəm. Elə bil hər dəfə bu binanı qəsdən küçənin bir başından o biri başına keçirirlər, necəsə gizlədirlər ki, heç kim asan tapa bilməsin.

Mənə yol yoldaşlığı etsin deyə yandırdığım siqaretdən hərdən bir qullab alıb axtarışıma davam edirəm.

Bu dəfə də binanı tapandan sonra ətrafına diqqətlə baxıb hər detalı beynimə həkk eləməyə çalışıram ki, gələn dəfə belə əziyyət çəkməyim, amma yadımda saxlaya biləcəyim bir şey gözə dəymir.

Binanın qabağında ala-bula bir pişik var, bəlkə, onu yadımda saxlayım? Toppuş, şirin pişikdir. Hələm-hələm yaddan çıxmaz. Bəs yaxşı, sabah bu pişik gedib başqa binanın qabağında dayansa, onda necə olacaq? Yox. Pişik yaramır.

Bəlkə, bu göy taksini yadımda saxlayım? Yox. Taksiyə də etibar yoxdur.

Bəlkə, göydəki elə bu toppuş pişiyə oxşayan buludu yadımda saxlayım? Yox. Heç buluda da etibar yoxdur.

Siqaretimdən sonuncu qullabı da alıb havaya üfürürəm, siqaretin kötüyünü yerə atıb ayağımla əzərək binaya girirəm. Toppuş, şirin, ala-bula pişik özünü divara sürtə-sürtə məni qapıya kimi müşayiət edir.

Redaksiyaya girəndə qabağıma çıxan adamların heç biri mənim gəlişimə təəccüblənmir. Bir qız əlində vərəqlərlə bir otaqdan o birinə keçir. Başqası əlində fotoaparatla harasa qaçır. Otaqlardan gələn kompüter klaviaturasının tıqqıltısı buranın fon musiqisidir. Elə bilirəm bu dəqiqə mənim də qolumdan tutacaq, kompüter arxasına oturdub məqalə yazdıracaqlar.

Redaksiyanın telefonları da susmur. Zənglər gah çox qısa, gah çox uzun çəkir. Bəzi zənglər ilk “qudok”dan sonra açılır, bəziləri daha uzun çəkir, bəziləri heç açılmır.

Burdakı bütün otaqları yaxşı tanıyıram. Birinci Seyfəddin Hüseynli və Yusif Rzayevin əyləşdiyi otağa keçirəm. Onlar da kompüter arxasında, iş başındadırlar. Hal-əhval tutandan sonra niyə gəldiyimi deyirəm. Səbəb bəllidir. “525-ci qəzet”in 30 yaşı tamam olur.

30 yaş. Deməli, “525-ci qəzet” məndən cəmi-cümlətanı 3 yaş böyükdür. Aramızda elə də böyük yaş fərqi yoxdur, öz-özümə düşünürəm. Amma bu 30 yaşla mənim 27 yaşımın arasında necə nəhəng fərqin olduğunu da anlayıram. “525-ci qəzet” otuz yaşlı bir gəncdən çox müdrik bir qocaya bənzəyir. Dolu-dolu yaşamış, çox şey görmüş bir qoca.

– Yusif müəllim, siz qəzet təsis olunandan burdasınız. Yorulmamısınız ki? – qəzetin redaktorunu yazılardan ayırıram.

– Yox, yorulmamışam. Amma əvvəlki kimi şövqlə işlədiyimi də deyə bilmərəm, çünki indi medianın, xüsusən də, qəzetlərin vəziyyəti ovaxtkı kimi deyil. Çox şey dəyişib. Bu şeylərdən danışıb öz qanımı qaraltmaq istəmirəm.

– Son illərdə redaksiyanızda gənclərin sayı xeyli artıb. Çətin deyil gənclərlə işləmək?

– Bilirsən, cavan vaxtı daha başqa cür idim. Daha barışmaz idim, hansısa informasiyanı uduzanda qəbul edə bilmirdim, hər cümlənin, hər sözün, hər hərfin davasını eləyirdim. Amma, təxminən, on ildir elə deyiləm. Yumşalmışam. Bu ya müdriklikdir, ya da qocalıq (gülür). Jurnalistikanın indiki vəziyyətinin də buna çox təsiri var.

Hiss edirəm ki, Yusif müəllim jurnalistikanın indiki vəziyyətindən danışdıqca əhvalı korlanır, onun kefini çox pozmamaq üçün Seyfəddin Hüseynli ilə söhbətə keçirəm.

– Seyfəddin müəllim, siz necə hiss edirsiniz özünüzü “525”də?

– Çox əla! 99-cu ildən burdayam, 23 ildir artıq. Buranın kollektivi həmişə mehriban, səmimi olub. Ona görə burada işləmək də mənə həmişə rahat olub. Həm də bura kənar sahə deyil axı. “525” həm də ədəbiyyatdır! Bu səbəbdən 23 ildə heç vaxt sıxılmamışam – Seyfəddin Hüseynli danışdıqca gümrah səsi otağı doldurur, səs otağa dolub açıq qapıdan dəhlizə, dəhlizdən də digər otaqlara yayılır.

– Ulucay, gəlmisən? – dəhlizdən keçən Rəşad Məcid otağımıza boylanır.

– Hə, bayaqdan.

– Lap yaxşı. Mən də burdayam da.

– Yaxşı, müəllim. Gələcəm birazdan.

Seyfəddin Hüseynli və Yusif Rzayevlə söhbətimiz fərqli-fərqli məcralara yönlənir. Danışdıqca danışmaq, qulaq asdıqca qulaq asmaq istəyirəm. Yavaş-

yavaş söhbətimizi yekunlaşdırıb otaqdan çıxıram.

Dəhlizdə Aydın Bağırovla rastlaşıram. Onunla da ayaqüstü üç-beş cümlənin belini qırırıq.

– Aydın bəy, siz həm “525”in redaktorusunuz, həm də “Qol.az” saytının Baş redaktoru. Hansı daha çox xoşunuza gəlir?

– 25 ildir “525”dəyəm. 25 il! – özü də rəqəmin böyüklüyünə təəccüblənir elə bil. Əlbəttə, “525” daha dəyərlidir mənim üçün. “Qol.az” da “525”in övladıdır.

Biz bu saytı elə “525”ə ad günü hədiyyəsi kimi yaratdıq. 2008-ci ilin 17 noyabrında.

Deməli, bu gün həm də “Qol.az” saytının 14 yaşı tamam olur. Fürsətdən istifadə edib top dalınca qaçan, qol vurmağa çalışan bu 14 yaşlı “gənc oğlan”ı da təbrik edirəm.

Klaviatura səsinin dayanmadığı əsas otağa keçirəm.

Aytac Sahədi, Şəhanə Müşfiqi görürəm. Aytac Sahədin üzündə yenə həmin o tanış gülümsəmə var. Söhbət eləmək istəyirəm, amma bilmirəm necə olur, bir də görürəm ki, Aytac yoxdur. Elə gülümsəyə-gülümsəyə necəsə aradan çıxıb.

Digər gənc dostları tanımadığım üçün özümü bir az yad hiss eləyirəm. Sağ olsun, Şəhanə Müşfiq məni tək buraxmır.

– Bu otaqda ən stajlı İlqar (İlqar Tağıyev) müəllimdir – Şəhanə deyir.

– İlqar müəllim, neçə ildir burdasız?

– Yaranandan! 30 ildir.

“30 il” – öz-özümə təkrarlayıram.

Həmişə mənə maraqlı gələn sualı verirəm.

– 30 il bir yerdə qalmağı necə bacarmısınız? Heç sıxılmamısınız? Mənə elə böyük rəqəm kimi gəlir 30 il. Heç 30 il yox e, 10 il də çoxdur!

– Mən iş yerinin tez-tez dəyişdirilməsini bəyənmirəm. Sıxılmağa isə sıxılmamışam. Sıxılmağa qalsa, adam gərək həyat yoldaşını da beş-on ildən bir dəyişsin.

– Dəyişənlər var da... – deyib gülürəm.

Məzəli söhbətimizdən sonra bəlli olur ki, İlqar bəy həm də peşəkar futbolçu olub. İndi oğlu da onunla birgə “525” qəzetində çalışır. Elə oğlu da özü kimi həm də peşəkar futbolçudur.

Qəfil Nadir Yalçın yadıma düşür. O da “525” məktəbinin tələbəsidir. İndi burda olsa, yaxşıca deyib-gülərdim onunla. Reportaja da adını salardım. Amma burada deyil deyə Nadir Yalçın adını yazımda çəkmək istəmirəm. Nadir Yalçın adına mənim reportajımda yer yoxdur. İki dünya bir ola, Nadirin adını yazımda çəkmərəm.

Bir kəlmə də yazmaram Nadir Yalçına aid. Çünki axırıncı dəfə dalaşmışdıq. Dalaşmışdıq deyəndə ki, yenə nəyəsə görə küsmüşdü, mən də əsəbiləşmişdim. Ona görə də, Nadir Yalçın adını nə dilimə, nə yazıma gətirərəm. Əsgərlikdədir indi. Xidmət eləyir. Siz bu yazını rahat-rahat oxuyursunuzsa, Nadir Yalçına borclusunuz. Çünki Nadir Yalçın gözünü qırpmadan Vətənin keşiyindədir.

Nadirin yerinə işə götürülən oğlana baxıram. Başdan ayağa kimi süzürəm. Yox e, o deyil. Bu oğlan hansısa məclisdə kiminsə sözünü kəsənə oxşamır, yaxşı sağlıq deyənə də oxşamır, durduq yerə Səməd Vurğundan şeir deyənə də oxşamır. Haradan tapasan e ilin-günün bu vaxtı Nadir Yalçını.

Eh...

“Evlərinin önü darçın,
Əsgər gedib Nadir Yalçın”.

Bu otaqdan da çıxıram. Keçirəm Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, gənclər üzrə katibi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü və ən nəhayət, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidin otağına.

Nəfəsimi dərim, davam edəcəm...

– Rəşad müəllim, bu qədər vəzifəniz var, işləri necə çatdırırsınız?

– Elə də gərgin işi olan vəzifələr deyil deyə çatdırıram. Amma bu aralar bir az çoxdur işlər. Bir həftədir bura gələ bilmirdim heç.

– Qəzetinizin neçə əməkdaşı var?

– 18 ştatda olan işçimiz var, amma kənardan əməkdaşlıq edənlər də var. İş rejimimiz də sizinki kimi gərgin deyil, rahat işləyirik. Yusif müəllimi də Baş redaktorun müavini təyin etmişik, qəzeti o idarə edir. Onsuz da, elə illərdi o idarə edir, demək olar.

– “525”in 30 yaşı tamam olur. Qəzet üçün az yaş deyil.

– Yadıma düşür, 10 yaşımızı təmtəraqlı qeyd etmişdik. Hər sahədən, hər cəbhədən, iqtidardan, müxalifətdən adamlar gəlmişdi. 15, 20 yaşımızı xüsusi qeyd etməmişdik. 25 yaşımızı da Bakı Dövlət Universitetində qeyd etmişdik. “525-ci qəzet” vaxtilə ən qalın qəzet kimi də çap olunub. Neçə səhifə idi...

– 96 səhifə...

– Hə. Amerikaya gedib gələndən sonra qərar vermişdim ki, ordakı qəzetlər kimi qalın qəzet çap edək, böyük biznes strukturuna çevrilək, amma, təəssüf ki, o arzumuz gerçəkləşmədi. Heç, əslində, “525”in ofisi də olmayıb indiyə kimi. O vaxtlar Tərcümə Mərkəzində idik, indi burada. Hələ də arzularımıza çatmamışıq, hələ də kirayədəyik, öz ofisimiz yoxdur. Qəzetlərin də geriləmə, çöküş dövrüdür deyə elə də ümidimiz yoxdur.

– Mətbuat Şurasının sədri “525” in problemini həll edə bilməz?

– Mətbuat Şurasının sədri gərək çalışsın da (gülür). Bura mənim həyatımın mənasıdır, ona görə də çalışacam ki, əlimdən gələni edim. Çox cəhd eləmişik, hələ alınmayıb. O gün həm də 6000-ci sayımız çap olundu. Yəni “525” həm də bir tarixdir. Buranı gənclər üçün açdıq, amma tale elə gətirdi ki, yaşlı yazıçılarımız da burada çap olunmağa çox həvəsli oldular və gənclərlə yanaşı çap olunurlar. Buna görə, buranı həm də məktəb adlandırırlar. Bir sözlə, “525-ci qəzet” hamınındır, bütün söz adamlarının evidir.

Telefonumdakı səs yazısına qulaq asa-asa Rəşad Məcidin danışdıqlarını yazıram.

““525-ci qəzet” məktəbdir, bütün söz adamlarının evidir”. Bu cümlədən sonra səs yazısını dayandırıb telefonu qırağa qoyuram. Məncə, başqa söhbətə ehtiyac da yoxdur.

Çünki 30 yaşını tamamlayan “525” haqqında deyilə biləcək ən dəqiq cümlədir bu. Mənim də ilk yazılarım, şeirlərim bu qəzetdə çap olunduğu üçün bu cümlə mənə kifayət edir. Məncə, bir çox jurnalist, bir çox yazıçı üçün “525”in mahiyyəti elə bu cümlə ilə ifadə olunur.

Redaksiyadan çıxanda gözüm binanın qabağındakı toppuş, şirin, ala-bula pişiyi axtardı. Hər yerə baxdım, amma görə bilmədim. Bayaq binanın qarşısında dayanan göy taksi də artıq yox idi. Göy üzündəki pişiyə bənzəyən bulud da çoxdan yoxa çıxmışdı.

Deyirəm də, pişiyə, taksiyə, buluda etibar yoxdur.

Küçə ilə üzü metroya tərəf addımlaya-addımlaya hərdən geriyə, “525”in binasına baxırdım ki, ünvanı əzbərimdə saxlayım:

Əhməd Cəmil küçəsi, 64/66

# 2060 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #