"Norka"dan yayılan yeni virusun təlaşı - Ulucay yazır...

"Norka"dan yayılan yeni virusun təlaşı - Ulucay yazır...
21 dekabr 2020
# 15:43

İngiltərə, Almaniya və Hollandiya hökumətləri koronavirusun mutasiya olunmuş yeni növünün yayılması barədə SOS siqnalı verib.

Avropa təlaş içindədir.

Azərbaycanlılar isə yenə də öz ampulasını dəyişmir. Virus hələ ölkəyə gəlməmiş haqqında şayiələr, zarafatlar yayılmağa başlayıb.

Danimarkada mink (dələkimilər fəsiləsinə aid gəlincik, "Norka" papağı onların dərisindən hazırlanır) fermalarında aşkar edilən virusun qəribə adı var: B 1.1.7

Bu ad adamı qorxuya salmağa bəs edir.

Elə bil təhlükəli şifrədir.

Sanki, rəqəmlər bizə nəsə demək istəyir.

Yeni virusu COVİD-19-dan daha təhlükəli edən cəhət yoluxuculuq xüsusiyyətinin 70 faiz çox olmasıdır. Yəni, bu virus yayılarsa, xəstəlik daha böyük sürətlə artacaq, yoluxmalar və təbii ki, qurbanlar dəfələrlə çox olacaq.

Hətta bu virusun 2021-ci ili məhv edə biləcəyi də ehtimal olunur. Necə ki, COVİD-19 sona çatmaqda olan bu ilimizi əlimizdən aldı.

B 1.1.7 virusunun yayılması xəbərlərindən sonra Hollandiya, Fransa, İtaliya və Belçika kimi ölkələr İngiltərəyə təyyarə uçuşlarını təxirə salıb. Bütün ölkələr ehtiyatını ikiqat artırıb.

Bəs biz nə etməliyik?

Yenə zarafatlarımızdan qalmayıb virusa lağa qoymalıyıq?

Yoxsa, qorxuya düşüb panikə qapılmalıyıq?

Əslində, mən zarafatı, yumoru çox sevən adamam. Yumor hissi olmayan adamlardan heç xoşum gəlmir. Çünki yumor ən çətin vəziyyətlərdə də adamın köməyinə gəlir.

Yumorun da iki məqsədi olur:

- hansısa qüsuru ortaya çıxarmaq
- gərginliyi azaltmaq

Buna görə də ən ciddi məsələlərə də yumoristik yanaşma qəbulediləndir, amma...

Yumoru ölkənin kiçik bir təbəqəsi edər, digərləri bu zarafatlardan hansısa nəticə çıxarar, ən azından bir az gülər, təbəssüm edər.

Bizdə isə yumor kütləviləşib və bayağılaşıb.

Hətta bunları yumor da saymaq düzgün deyil.

Hırıldamaq üçün edilən zarafatlar demək daha ciddi olar.

Bir az ciddiləşmək lazımdı, bütün məsələlərdə, xüsusən də xəstəlik məsələlərində.

Amma panikə də düşmək olmaz.

Hər şey ağılla və təmkinlə tənzimlənməlidir.

İstər aidiyyatı qurumlarda, istər sosial şəbəkələrdə, istərsə də fərdlər arasında...

2020-ci ili itirdik, heç olmasa 2021 kisəmizdən getməsin.

# 2568 dəfə oxunub

Müəllifin son yazıları

# # #