Mən dar ağacında öpüş böyüdən – Günün şeiri

Mən dar ağacında öpüş böyüdən – Günün şeiri
28 oktyabr 2022
# 10:34

Bu gün şair Tural Turanın ad günüdür. Kulis.az bu münasibətlə onun “İlahi” şeirini təqdim edir.

İlahi, ovcumu yumuram sənə,
İlahi, duamın başını bağla.
İlahi, bu gecə doğuldum yenə,
İlahi, yuxumun huşunu bağla.

Mən öz qorxusuna vurulan adam,
Mən öz nəfəsini asan qatiləm.
Mən öz günahında durulan adam,
Mən öz günahından küsən qatiləm...

Mən qanlı üzündə gülüş böyüdən,
Can verən kölgənin məzar daşıyam.
Mən dar ağacında öpüş böyüdən,
Son nəfəs əlində tumar daşıyam.

İlahi, ovcumu yumuram sənə,
Üşüməsin deyə körpəcə duam...
İlahi, özün yağ yağış yerinə,
Yağ ki, kirli andı yenidən yuyam...

Mən öz günahından kiçik adamam,
Bu böyük yazını kim yazıb mənə?!
Mən uşaq əlində evcik adamam,
Tanrının özü də uduzub mənə...

# 2376 dəfə oxunub

Müəllifin son yazıları

# # #