Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Sofiya Opera və Balet Teatrında Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti uğurla səhnələşdirilib.
Kulis.az xəbər verir ki, baletin qala gecəsi Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilib.
Qalada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş Katibi Mehmet Süreyya Er, Bolqarıstan rəsmiləri, diplomatik korpusun nümayəndələri, çoxsaylı qonaqlar iştirak ediblər.
Gecənin açılışında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti olduğunu bildirib. Nazir çıxışında 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın, üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. Ceyhun Bayramov, Azərbaycanın multikulturalizm ənənələrinə hər zaman sadiq olduğunu vurğulayaraq, Fİkrət Əmirovun “Min bir gecə” baletinin Bolqarıstanda səhnələşidirilməsini də bunun bir nümunəsi kimi qiymətləndirib.
Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib. Nazir balet qala gecəsinin təşkilini mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına verilən önəmli töhfə kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, bu il 100 illik yubileyi qeyd olunan Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının dahi bəstəkarı olduğunu vurğulayıb. Fondun prezidenti “Min Bir Gecə” baletinin nümayişi ilə eyni zamanda Türk Dünyası, ərəb və Avropa mədəniyyətlərinin qovuşduğunu, musiqinin diliylə birləşdiyini qeyd edib. Günay Əfəndiyeva Bolqarıstanda digər layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədinin Türk Dünyasının zəngin mədəni irsini beynəlxalq miqyasda təbliğ etmək və müxtəlif sivilzasiyaları bir araya gətirmək olduğunu bildirib.
Qeyd edilməlidir ki, Fİkrət Əmirovun “Min bir gecə” baleti Bolqarıstanda səhnəyə qoyularaq, Sofiya Opera və Balet Teatrının repertuarına daxil edilib. Baletin musiqi rəhbəri və dirijoru Azərbaycanın əməkdar artisti Eyyub Quliyev, xoreoqrafiya quruluşunu verən dünyaca məşhur baletmeyster Eldar Əliyevdir. Tar partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov ifa edib. 5 gün ərzində böyük uğurla keçən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.