“Min bir gecə” baleti Pekində

“Min bir gecə” baleti Pekində
28 avqust 2024
# 18:40

Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti avqustun 23-dən 25-dək Çinin paytaxtı Pekində nümayiş olunub. Dünyanın bir sıra səhnələrini fəth etmiş əsər Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstərilib.

Kulis.az xəbər verir ki, truppanın bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşanı 3500-dən çox çinli balet həvəskarı Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyib. Bu, yeni istifadəyə verilən Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olub.

Səhnə əsərində əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa ediblər. Üç gün ərzində tamaşaları izləyənlər arasında Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako, Çin Böyük Teatrının direktoru Van Ninq, “İpək Yolu” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Klaudio Yanq və başqa rəsmilər, qonaqlar olub.

Tamaşaları Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edib.

Balet tamaşasında Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da səhnəyə çıxıblar. Eləcə də tarda solistlər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış ediblər.

Azərbaycanın və Yaxın Şərqin musiqi əzəmətini canlandıran “Min bir gecə” baleti çinli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.

Bəstəkar əsərdə Azərbaycanın milli aləti - tarı orkestrə daxil etmiş və bütün zərb alətləri arsenalının (bonqo, tam-tam, ksilofon, vibrafon, naqara, zəng, timpani və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini tamaşaçıya tam çatdırır.

# 2377 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər