Çingiz Ələsgərli: "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

teatrşünas, dramaturq Çingiz Ələsgərli

teatrşünas, dramaturq Çingiz Ələsgərli

6 iyul 2026
# 12:00

Kulis.az teatrşünas, dramaturq Çingiz Ələsgərli ilə müsahibəni təqdim edir.

Çingiz bəy, hazırda Akademik Milli Dram Teatrında xeyli sayda yaşlı aktyoru tamaşalarda görürük. Siz isə işdən çıxarıldınız.

Mən pensiya yaşına çatandan sonra da uzun müddət işləmişəm. Rəhmətlik Azərpaşa Nemətov mənə deyirdi ki, sizi işdən çıxarmaq istəmirəm, çünki siz dramaturgiyanı bilirsiniz. Mənim 45-50-yə yaxın əsərim var və onların 40-a yaxını dövlət teatrlarında tamaşaya qoyulub.

Sonra rəhbərlik dəyişdi və Mehriban Ələkbərzadə təyin olundu. Məlum oldu ki, yaş məsələsi ilə bağlı müəyyən iradlar var.

Bunu özü çağırıb dedi?

Direktor demədi. O, çoxdan işlədiyi üçün, yəqin ki, çəkinir və ya utanırdı. Mən də dedim ki, bu, düzgün deyil. Şikayət etməyə də əsas yox idi, çünki deyirdilər ki, bu, dövlət qanunudur. Amma axı dövlət qanunu birinə aid olub, digərinə aid olmamalıdır.

Bunu orada dediniz?

Dedim. Cavab verdilər ki, nazirliklə danışırlar. Sonra mən özüm nazirliyə getdim. Orada mənə dedilər ki, ay müəllim, cavanlar gəlir. Dedim, mən cavanlara qarşı deyiləm. Mənim övladlarım da cavandır, mən onları alqışlayıram. Amma bu yanaşmanın özü düzgün deyil. Mən işləyəndə də yazırdım, indi də yazıram. Əsərlərim səhnələşdirilir, filmlər çəkilir və yenə də çəkiləcək.

Mehriban xanımla neçə il işlədiniz?

İl yox, cəmi iki-üç ay.

Mehriban xanım təyin olunandan sonra teatrda, ümumiyyətlə, nə dəyişdi? Yalnız yaşlı adamların işdən çıxarılması oldu, yoxsa başqa dəyişikliklər də baş verdi? Çünki hər baş rejissor öz estetik baxışını gətirir və komandasını yığır.

Bəli, hər rejissor gələndə öz estetikasını, dünyagörüşünü və repertuar siyasətini gətirir. Əslində, belə də olmalıdır. O da Gənc Tamaşaçılar Teatrından gəlmişdi. Onun əsərlərini qəbul edib-etməməyim, mənə yaxın olub-olmaması ayrı məsələdir. Amma mən düşünürəm ki, müasir dövrdə Azərbaycan tamaşaçısına başqa tip tamaşalar lazımdır.

Onun tamaşalarını bəyənirdiniz?

Yox.

Nəyi bəyənmirdiniz?

Əvvəla, 1937-ci il repressiyaları bizim üçün çox ağrılı mövzudur. Amma mənə elə gəlir ki, artıq bu mövzu həddindən artıq işlənib və təkrarlanır. Mən özüm də bu barədə Bələdiyyə Teatrı üçün "Şükriyyə" və s. əsərlər yazmışam. Amma artıq başqa dövrdə yaşayırıq. Müharibədə qalib gəlmişik, ordumuz zəfər qazanıb. Bu gün bu mövzular daha çox diqqət tələb edir. Digər tərəfdən, hər gələn bədii rəhbər və ya baş rejissor ona edilən təklifləri birmənalı şəkildə qəbul etmir, elə bilir ki, hər şeyi özü daha yaxşı bilir. Biz də onunla iki-üç ay işlədikdən sonra nazirlikdən yaş məsələsi ilə bağlı belə bir qərarın verildiyini öyrəndik.

"Kod adı: V.X.A." tamaşasının premyerası vaxtı orada işləyirdiniz?

Bəli.

Həm tamaşaçı, həm də ömrünün 47 ilini bu sahəyə həsr etmiş bir insane kimi o tamaşanı necə dəyərləndirirsiniz?

Peşəkar kimi deyə bilərəm ki, mövzu həddindən artıq uzadılıb. Buna görə də tamaşa yorucu təsir bağışlayır. Eyni mövzunu daha konkret nümunələrlə və yığcam şəkildə təqdim etmək olardı. Üstəlik, yenə deyirəm, bu mənim subyektiv fikrimdir, amma düşünürəm ki, həmin mövzunun vaxtı artıq keçib. Bu barədə kifayət qədər yazılıb, danışılıb və göstərilib. Tamaşanın müddəti də çox uzundur, təxminən üç saat yarım-dörd saat çəkir. Birinci hissədən sonra tamaşaçılar artıq darıxmağa başlayırlar. XXI əsrdə tamaşaçını zorla salonda saxlamaq olmaz. Qəbul etmirsə, çıxıb gedəcək.

Bu fikirləri onun özünə dediniz?

Yox, demədim. Hətta bu barədə heç nə yazmadım da. Baxmayaraq ki, çoxları yazdı və təriflədi. Öz-özümə düşündüm ki, bəlkə, mən nəyisə düzgün anlamamışam. Amma mən bu sahəni kifayət qədər yaxşı bilirəm, ixtisasca teatrşünasam. 1986-cı ildən dramaturgiya ilə məşğulam. Azərbaycanda az teatr tapılar ki, mənim əsərlərim orada səhnələşdirilməsin.

Sizcə, repressiya mövzusuna bu qədər müraciət olunması bir az köhnəlmiş yanaşmadır? Daha tələbatlı və yeni mövzular tapıb işləmək lazım deyilmi?

Bilirsiniz necədir, diqqət etmisinizsə, bir çox rejissorlar ya məşhur müəlliflərin əsərlərini götürüb səhnələşdirirlər, ya da özləri uyğunlaşdırıb tamaşa qururlar. Halbuki dram əsəri və səhnələşdirmə tamamilə başqa sahənin məhsuludur və bununla dramaturq məşğul olmalıdır. Necə ki Fellini deyirdi: film üçün üç şey lazımdır — ssenari, ssenari, ssenari. Teatr üçün də əsas olan dram əsəridir. Süjet xətti, konflikt olmalıdır. Bunlar olmayanda axı necə tamaşa alına bilər? Düzdür, adi kibrit qutusundan belə tamaşa quran rejissorlar olub. Amma ortaya çıxan məhsulun keyfiyyəti artıq başqa məsələdir.

47 il ərzində Azdramada baxdığınız və peşəkarlıq baxımından yaddaşınızda qalan ən yaxşı tamaşa hansıdır?

Azdramada iz qoymuş üç böyük rejissor olub. Yəqin ki, bilirsiniz: Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov. Tofiq Kazımovun "Ölülər"i, Mehdi Məmmədovun "Dəli yığıncağı", Ədil İsgəndərovun isə bir çox tamaşaları artıq teatr tariximizə çevrilib. Hətta onlara "Ədil İsgəndərov teatrı", "Mehdi Məmmədov teatrı", "Tofiq Kazımov teatrı" deyirdilər. Sonrakı nəsil gəldi – Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu. Onlar haqqında da deyirlər ki, öz teatrlarını yaratdılar.

Sizcə, bu gün "Mehriban Ələkbərzadə teatrı" ifadəsini işlətmək olar?

Yox, deyə bilmərik.

Ümumiyyətlə, bunun üçün nə lazımdır? Niyə "Mehdi Məmmədov teatrı" deyə bilirik, amma "Mehriban Ələkbərzadə teatrı" deyə bilmirik?

Əvvəla, o, özünəməxsus teatr məktəbini formalaşdırmayıb. Adını çəkdiyim o rejissorların hər biri öz teatr siyasətini qurmuşdu, uzun illər ərzində nəyi səhnələşdirəcəyini müəyyənləşdirmişdi. Yaxud da Vaqif Abbasov Şəkidə öz teatrını yaratmışdı. Ancaq Mehriban Ələkbərzadədə bu yoxdur. O, daha çox müxtəlif müəlliflərin əsərlərinə müraciət edib tamaşalar qurur. Ona görə də indiki halda "Mehriban Ələkbərzadə teatrı" demək düzgün deyil.

Ümumiyyətlə, strategiya olmalıdır. Məsələn, qonşu Gürcüstanda Robert Sturuanın 90 yaşı var, amma öz teatrını idarə edir. Yaxınlarda gəlib "Zəncirlənmiş Prometey" əsərini təqdim etdi. O yaşda qurduğu o gözəl tamaşa hamımızı valeh etdi. Deməli, klassikaya bu cür yanaşmaq mümkündür. O, öz teatrını yaradıb, öz estetikası var, aktyorlarını özü yetişdirib. Amma əvvəlki rəhbər olan Azərpaşa müəllimdən də çox narazılıq edirdilər. Başa düşürəm, teatr elə bir mühitdir ki, orada hər kəsi razı salmaq qeyri-mümkündür. Stanislavskinin də dediyi kimi, aktyor körpə uşaq kimidir, gərək onun hər nazı ilə oynayasan.

Bəs o narazılıqların təməl səbəbləri nə idi?

Əsasən rol bölgüsündən narazı idilər. Hər aktyor istəyirdi ki, baş rolu və ya əsas obrazları oynasın. Amma rejissor da məhz müəyyən bir adamı seçmək istəyir. Bundan başqa, aktyorlar üçün müxtəlif güzəştlər, Prezident mükafatları var. Dövlətdən hansısa imtiyazı almaq üçün müraciət edilməlidir və bunu yalnız dövlət teatrı edə bilər. Azərpaşa Nemətov həm baş rejissor, həm də direktor olduğu üçün müraciət edirdi. Dəqiq bilmirəm, təxminən 20-30 nəfər Prezident mükafatı və təqaüdü alırdı. Aktyorlar da bədii rəhbərdən və direktordan ancaq bu cür şeylər tələb edirdilər.

Mükafat almayanlar da təbii ki, narazı qalırdı...

Əlbəttə. O cümlədən, baş rolu oynamayan hər kəs elə bilirdi ki, bu rola o layiqdir. Ancaq bunu rejissor təyin edir. Son nəticədə bu məsələlərə rejissor cavabdehlik daşıyır və tamaşaçı qarşısında hesabat verir. Belə olmayanda işlər düz getmir.

Bəs sizin bu narazılıqlara reaksiyanız necə olurdu?

: Çox adi qəbul edirdim. O, teatrı öz bildiyi kimi idarə edirdi. Ümumiyyətlə, rejissorlarda, xüsusən də baş rejissor və bədii rəhbərdə bir az diktatorluq olmalıdır ki, teatrı əlində saxlaya bilsin. Onda da bu xüsusiyyət kifayət qədər var idi. Düzdür, çox hallarda tərəzinin gözü əyilirdi, ancaq təxminən 8-10 il teatrı idarə etdi. O, eyni zamanda Teatr Xadimləri İttifaqının da rəhbəri idi və ölənə kimi orada işlədi. Son dövrlərdə nazirlik tez-tez ona deyirdi ki, yaş məsələsi var, artıq gənclər gəlir. Ancaq hanı o gənclər? Gəlsinlər, kim narazıdır ki? Gənclərə heç kim qarşı çıxa bilməz. Sadəcə elə bir mövqe tutmaq lazımdır ki, yaşlı adamlar da işləsin, cavanlar da. Yaşlıların təcrübəsi ilə cavanların enerjisi birləşsə, nəyi pis olar? Məsələn, Mədəniyyət və İncəsənət Universitetində yaşlı insanların bir neçəsini işdən çıxarmayıblar; onlar kafedralarda məsləhətçi qismində qalıb işləyirlər, yol göstərirlər. Bu, özlüyündə yaxşı haldır.

Bizdə "Mədəniyyət 2040" konsepsiyası qəbul olunub. Rəqəmsallaşdırma, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoq kimi məsələlər orada öz yerini tapıb. Çox gözəl təşəbbüsdür və inanıram ki, 2040-cı ilə qədər mədəniyyətimiz, o cümlədən teatrlarımız bundan ancaq faydalanacaq. Ancaq teatrlarda aparılan islahatların o qədər də lazımi effekt verəcəyini düşünmürəm. Baş rejissorsuz teatr necə ola bilər? İndi "yaradıcılıq məsələləri üzrə müdir" vəzifəsi düşünüblər. Bəzi teatrlarda yaradıcılığa heç bir dəxli olmayan adamlar bu şöbənin müdiri olurlar, yəni direktora yaxın olan şəxslər. İndi olub "direktor teatrı". Ancaq əvvəllər yaradıcılığa daha çox əhəmiyyət verilirdi. Vaqif İbrahimoğlunun "Yuğ" teatrı indiyəcən böyük işlər görür və uğurları göz önündədir.

Teatr mühitinin necə olduğunu bilirik. Bəzən aktyorlar bir-biri ilə danışmırlar, amma eyni səhnəyə çıxırlar. Kulis arxasında nələr baş verir? 47 il ərzində hansı yaddaqalan hadisələrin şahidi olmusunuz?

Yəqin eşitmisiniz, o vaxt rəhmətlik Həsənağa Turabov teatrın rəhbəri olanda Muxtar Avşarovu, Səfurə Bəsirzadəni, Məhluqə Sadıqovanı teatrdan çıxarmışdı. O boyda xidmətləri olan insanlar yaşla bağlı nazirliyin göstərişi ilə teatrdan kənarlaşdırılmışdılar. Həmin ərəfədə Amaliya Pənahova onları yeni açdığı Bələdiyyə Teatrına işə götürdü və onlar uzun müddət orada işlədilər.

Teatrlarda olan narazılıqlara gəlincə, Musiqili Teatrda direktor məsələsi ortaya çıxanda həm Hacıbaba Bağırov, həm də Səyavuş Aslan direktor olmaq istəyirdi. Axırda elə oldu ki, Hacıbabanı təyin etdilər. Səyavuş Aslan onda zarafatla demişdi: "Yaxşı, heç olmasa, ondan bir soruşun görün, vurma cədvəlini bilir?". Yəni teatrlarda belə narazılıqlar çox olur. Məsələn, tamaşa hazırlananda kimsə deyir ki, filankəs o rolu oynaya bilmədi, mən ondan daha yaxşı oynayardım.

Sizin hansı əsəriniz əsasında hazırlanan tamaşanı vizit kartınız adlandıra bilərsiniz?

Bunu heç bir dramaturq və ya yazıçı deyə bilməz. Mənim ilk dram əsərim "Dramatik narahatlıq" olub, Mingəçevirdə tamaşaya qoyulub. İndi elə əsərlərim var ki, düşünürəm, onlar daha keyfiyyətlidir.

O zaman belə soruşum, anşlaqla keçən tamaşanız hansı olub?

Hazırda Akademik Milli Dram Teatrında "Qətibə İnanc" tamaşam gedir. Bəsti Cəfərova oynayır, Mərahim Fərzəlibəyov qurub, çox da gözəl keçir. Bilirsiniz ki, sovet dövründə dəvətnamələr paylanırdı və tamaşaçı teatra bu yolla cəlb edilirdi. Ancaq indi belə şey yoxdur, tamaşaçı hansı tamaşaya istəyirsə, ona da gəlir. Əsərlərim başqa teatrlarda da oynanılır. Hətta Qax Kukla Teatrında uşaqlar üçün yazdığım "Pinokkionun qeyri-adi sərgüzəştləri" əsəri də gedir. Bu əsər oranın repertuarına salınanda çox razı qaldım, düşündüm ki, qoy bölgə teatrlarında da klassika ilə tanış olsunlar. İndi də yeni əsərlər yazmışam və onları teatrlara təqdim etməyə hazırlaşıram.

– 47 ildən sonra teatrdan uzaqlaşdınız. Bir igidin ömrüdür. İlk vaxtlar necə keçdi?

– Çox pis. Mən Teatr Xadimləri İttifaqına müraciət elədim. Hacı İsmayılov yaxın dostumdur, İlham Namiq Kamal isə gənclik dostumdur. Ümumiyyətlə, mən Teatr Xadimləri İttifaqında uzun müddət işləmişəm. Ora gedənə qədər nazirlikdə, teatr sahəsində də çalışmışam. Hacı İsmayılova dedim ki, işsiz qalmışam, mənə heç olmasa burada nəsə bir iş verin. Dedi ki, yer yoxdur. Bildirdi ki, bura məhduddur, 40-a yaxın işçi var. Dedim ki, Hacı müəllim, sən məni tanıyırsan, birlikdə işləmişik. Biz burada bir yerdə başqa işlər də görə, yaradıcılığa, gənclərə daha çox kömək edə bilərdik. Onsuz da gəncləri cəlb edirlər.

Bir də bu fəxri fərmanları yığışdırmaq lazımdır. Ayıbdır, bunu sovet dövründə pionerlərə verirdilər. 70-75 yaşında adamları çağırıb fəxri fərman verirsiniz, bu, nə dərəcədə düzgündür? Axı belə olmaz. İmkanınız varsa, hansısa bir maddi köməklik edin. Bu adam fəxri fərmanı nə etsin? Aparıb uşağına, nəvəsinə desin ki, mən 50 il işləmişəm, mənə verdikləri də bu fəxri fərmandır? Bilirsiniz, mən İncəsənət Universitetində 10 ilə yaxın ssenari yaradıcılığından dərs demişəm. Bir çox dramaturqa, rejissora dramaturgiyanın və ssenarinin əsaslarını öyrətmişəm. İndi o adamların böyük əksəriyyəti teatrlarda, televiziyalarda çalışır. Yəni dramaturgiyaya nisbətən ssenari yaradıcılığına daha çox meyil var. Görünür, bunun maddi tərəfi onlara maraqlı gəlir. Təxminən səkkiz ay və ya bir il bundan qabaq Mədəniyyət Nazirliyi "Zəfərdən qələmə" adlı bir müsabiqə keçirdi. Mən də münsiflər heyətinin üzvü idim. Ora 40-a yaxın dram əsəri təqdim olunmuşdu. İnanın, əsər seçə bilmirdim. Cəmi iki-üç əsər müəyyən qədər dramaturgiya qanunlarına və normalara cavab verirdi. Qalanları həddindən artıq aşağı səviyyəli idi, heç onlara dram əsəri demək olmazdı. Bilmirdim onlara nə rəy yazım. Hamısı da gənc adamlardır. Eybi yox, qoy öyrənsinlər. Dramaturgiyanın qaydalarını, dram əsərinin necə yazıldığını, konfliktin necə qurulduğunu bilsinlər. İndi onlayn öyrənmək üçün internetdə kifayət qədər material var. Ancaq niyə öyrənmirlər, niyə maraqlanmırlar? Ssenaridə də vəziyyət eynidir. Maraqlanmışam, ssenari yaradıcılığında da yüksək səviyyəli işlər yoxdur.

– Gənclər dram yaza bilirlər?

– Yaza bilərlər. Ancaq gərək əvvəlcə bununla dərindən məşğul olub sonra yazasan. Axı dram əsəri, mətni sadəcə dialoqlara bölüb yazmaq demək deyil. Dram əsərinin, dialoqların alt qatı var. Bəzi hallarda dialoq özü rejissora tamaşanı qurmaq üçün kifayət qədər material verir. Gözümüzün önündə bir Şekspir, özümüzün isə Cəfər Cabbarlımız var. Cəfər Cabbarlının əsərləri indinin özündə də kifayət qədər öyrənilməyib. O, çox böyük dramaturqdur. Bizim əksər şairlərimiz də dram əsəri yazdılar, ancaq Cəfər Cabbarlı Cəfər Cabbarlıdır. Onun yazdığı başqadır; o, sözün harada və necə işlədilməsinə xüsusi diqqət yetirirdi. Aktyor da o obrazları oynayanda sözün dramatizmini tapa bilirdi. Bax, təəssüf ki, bunlar indiki gənclərdə yoxdur. Oğlum da bu sahə ilə məşğuldur. Mən hər dəfə ona da deyirəm. Mənim aktyorlar və rejissorlar haqqında 20-yə qədər kitabım, 50-dən çox dram əsərim və səhnələşdirməm var. 500-ə qədər məqalə, 5 ssenari yazmışam. Son dövrlərdə – təxminən 8-10 il əvvəldən ssenari yaradıcılığı ilə çox ciddi maraqlandım və əsərlərim çəkildi. Oğluma da deyirəm ki, bunu dərindən öyrənmək lazımdır. Klassikanın necə yetişdiyini bilmək vacibdir. Əlbəttə, indiki dövrdə o cür yazmaq olmaz; indi daha lakonik və sərrast materiala müraciət etmək lazımdır. Bunu bacarmaq lazımdır ki, ortaya yaxşı bir iş çıxara bilək.

– Bu üç ildə teatra, tamaşalara getmisiniz?

– Bəli.

– Məsələn, hansını bəyənmisiniz?

– "Zəncirlənmiş Prometey"ə getdim, sonra "Kral Lir" göstərildi, ona baxdım. Xüsusilə "Zəncirlənmiş Prometey" mənim çox xoşuma gəldi. Düşünürəm ki, biz gürcülərdən çox şey öyrənməliyik. Onlarda teatr çox inkişaf edib. Bizdə isə hələ kifayət qədər deyil, əlimizdə olanı da itirmişik.

– Onlarda konkret nə inkişaf edib, yəni teatrın hansı tərəfləri?

– "Zəncirlənmiş Prometey"in elə özünə baxaq. Tamaşaya müraciət, onun effektləri, aktyor oyunu tamamilə başqa idi. Rejissor mizanları fikirləri çox dəqiq ifadə edirdi. İşıqdan çox yüksək bacarıqla istifadə olunmuşdu. Tamaşa insanı hər an gərginlikdə saxlayırdı, 3 saata qədər davam etməsinə baxmayaraq, vaxtın necə keçdiyini heç hiss etmədik. Sonra "Kral Lir"ə baxdım, Nurəddin Mehdixanlının benefisi kimi hazırlanmışdı. O da çox yaxşı tamaşa idi, ancaq yenə də "Zəncirlənmiş Prometey"ə çata bilməz. O, tamamilə ayrı səviyyədir.

– "Kral Lir"də o səviyyəyə çatmaq üçün nə çatışmırdı?

– Sadəcə olaraq, ilkin məqamda tamaşa haqqında qəti söz demək olmurdu. Halbuki "Zəncirlənmiş Prometey"də dərhal fikir bildirmək mümkün idi. Bəlkə, 8-10 nümayişdən sonra tamaşanın bütün hissələri yerinə oturacaq və insana o qədər təsir edəcək. Tamaşa tamaşaçı üçündür, elə deyil? Biz baxmalıyıq. Bizim xoşumuza gəlib-gəlməməsi isə ayrı bir söhbətin mövzusudur. Hər bir teatr öz tamaşaçısını yetişdirir. Bizdə də belə olmalıdır, yəqin ki, gələcəkdə olar.

– Hazırda nə işlə məşğulsunuz? Yaradıcılıqda nələr edirsiniz, nələr yazırsınız?

– Son dövrlərdə "Atilla" əsərini yazdım. Ümumiyyətlə, Atilla mövzusu məni çoxdan maraqlandırırdı. Daha sonra isə Natiq Qasımov mövzusu diqqətimi çəkdi. Materiallarla maraqlandım, çox dəhşətli və təsirli bir mövzudur. O haqda da bir əsər yazmışam. Yəni hazırda yazdığım bir neçə iş var, indi onları teatrlara təqdim etməyi düşünürəm. Teatrlardakı son islahatlardan sonra bilmirsən kimə yaxınlaşasan – direktora, yoxsa yaradıcılıq üzrə müdirə? Bir az fərqli vəziyyətdir.

– Əsərlərinizin hansı teatrda tamaşaya qoyulmasını istəyərdiniz?

– Yəqin ki, Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrında. "Yuğ" Teatrının pyes seçimi və yanaşması bir qədər fərqlidir. Mənim əsərlərimə daha uyğun gələn teatrlar elə bu ikisidir. Bölgə teatrlarından da müraciət olarsa, əsərlərimi onlara da göndərərəm. Əvvəllər göndərmişdim də. Məsələn, Ağdam Teatrına bir əsərimi yollamışdım. Özləri də bəyənmişdilər, amma orada olan struktur dəyişikliklərindən sonra iş yarımçıq qaldı, alınmadı. Yenə də onları qınamadım.

– Sizcə, hazırda qurulan tamaşalar mədəni hadisəyə çevrilə bilir?

– İstəyərdim ki, çevrilsin.

– Amma çevrilmir?

– Yox, çevrilmir.

– Niyə? Nə çatışmır?

– Rejissor yanaşması. İlk növbədə, tamaşa rejissorun işidir. Düzdür, son nəticədə tamaşaçı ilə üz-üzə qalan aktyordur. Lakin əsərin hadisəyə çevrilməməsinin əsas səbəbi məhz rejissor işidir. Çünki aktyoru da yetişdirən, onu istiqamətləndirən rejissordur. Mənə elə gəlir ki, əsas məsələ budur.

– Axırıncı baxdığınız və "hadisə" adlandıra biləcəyiniz tamaşa hansı olub?

– Azərbaycanda? Belə bir tamaşa olmayıb.

– Ümumiyyətlə, soruşuram.

– Ümumiyyətlə isə dediyim kimi, gürcülərin tamaşası çox xoşuma gəldi. Olduqca maraqlı iş idi.

– Bəs indiki dəyişikliklərdən sonra?

–İslahatlardan sonra mən çox istəyərdim ki, hadisəyə çevrilən bir tamaşa olsun. Çünki zavodun işi məhsul istehsal etmək olduğu kimi, teatrın da işi tamaşa hazırlamaqdır. Elə bir tamaşa olmalıdır ki, onunla dünyanın hər yerinə çıxıb teatrımızı təqdim edə bilək. Ən böyük arzum budur. Heç mənim əsərim olmasın, başqa bir müəllifin olsun, təki gözəl iş ortaya çıxsın. İndi olub-olmayacağını bilmirəm, ancaq ümid edirəm ki, olacaq. Bizdə mövzu həddindən artıq çoxdur. Baxın, ordumuz qələbə çaldı, Qarabağ qaytarıldı. O qədər şəhid verdik, nə qədər qəhrəmanlarımız oldu. Bunlar cavan uşaqlardır. Bayaq tənqid etdiyim, "yaxşı iş ortaya qoymurlar" deyib narazı qaldığım o cavanlar var ha, Qarabağı alanlar elə onlardır da. Düzdür, Ali Baş Komandanın rəhbərliyi ilə oldu, bu öz yerində, ancaq yenə də döyüşən o 18-20 yaşlı gənclər idi. Bizim bundan böyük mövzumuz yoxdur. Bu barədə mütəmadi yazmalıyıq. Mən özüm də yazmışam. Bu əsərlər yazılmalı, səhnəyə qoyulmalı və eyni zamanda filmləri çəkilməlidir ki, gələcək nəsillərə çatsın. Bəziləri deyir ki, vaxt gələcək, bu haqda yazılacaq, guya Böyük Vətən müharibəsi bitəndən 20 il sonra yazıldığı kimi. Amma yox, qoy elə indi yazılsın. Əgər maraqlı əsərlər ortaya çıxsa, rejissorlar da maraqlanıb onu səhnələşdirərlər.

– Sizcə, hazırda teatrlarda kadr çatışmazlığı var?

– Var, əlbəttə. Bayaq da dedim, elə teatrlar var ki, direktor ancaq özünə uyğun adamı yaradıcılıq şöbəsinə müdir təyin edir. Halbuki o adamın heç yaradıcılığa dəxli yoxdur. İslahat yeniliyə can atmaq deməkdir. Yaradıcılıqda nəsə fərqli bir şey olmalıdır. Üç ildən sonra elə bir iş qoymalısan ki, mən də baxıb "Nə gözəl oldu!" deyim. Amma yoxdur axı. Kadr da çatışmır. Kadr olmayanda, deməli, müəyyən şərtlərlə yaşlı nəsli qoruyub saxlamaq lazımdır. Məsələn, mən Hacı İsmayılova müraciət edəndə mənə hətta rusca cavab verdi ki, "mesta netu". Yəqin eşitmisiniz, rəhmətlik Səməd Vurğun da əsəbləşəndə rusca danışarmış. Bu da mənə rusca cavab verdi. Dedim, Hacı müəllim, niyə mənə rusca "yer yoxdur" deyirsiniz? Başa düşdüm, amma bir çıxış yolu tapmaq olar axı. 30-dan çox işçi varsa, bir nəfər də əlavə etmək olar ki, o, dramaturgiya ilə məşğul olsun, gəncləri başına yığsın... Bəli, orada Ramiz Fətəliyev var, dostumuzdur. Elə bu yaxınlarda 80 illiyi oldu. Olsun, buna heç bir etirazımız yoxdur. Ancaq elə bir adam götürün ki, dramaturgiyanı inkişaf etdirsin. Evdə oturub yazandan sonra adam harasa çıxıb o mühitdə olmaq istəyir. Bir az maddiyyat da vacibdir, lakin maddiyyatdan çox, yaradıcı mühit və iş lazımdır.

– Bəs bu kadr çatışmazlığının əsas səbəbləri nələrdir?

– Vaxtilə düzgün yanaşma olmayıb. Mənə elə gəlir ki, bu həm Mədəniyyət və İncəsənət Universitetinin, həm də Mədəniyyət Nazirliyinin səhvidir. Universitet hər il nə qədər aktyor, rejissor buraxır. Bəs hanı onlar? Teatrşünas buraxırlar, amma mən heç birinin imzasını görmürəm. İndi yazan gənclər də var, imzalarını görürəm. Dramaturgiya ilə məşğul olanlardan Ülviyyə Heydərova, Jalə İsmayıl var. Aydın Ağazadə teatrşünaslığı bitirib, indi hüquq sahəsində çalışsa da, yenə də yazır. Onun bir neçə əsəri çox xoşuma gəlir, hətta düşünürəm ki, dəstək məqsədilə onları mən özüm rejissorlara təqdim edim, çünki o bu sahədən bir az uzaqlaşıb. Ümid edirəm ki, gələcəkdə belə gənclər yenə olacaq.

– 47 illik fəaliyyətdən sonra hələ də bir fəxri adınızın olmaması sizi narahat eləyir?

–Bilirsiniz, teatrda fəxri ada təqdimatı direktor, yaxud bədii rəhbər verir. Eləcə də Yazıçılar Birliyi təqdim edə bilər. Hörmətli Anar müəllim çox gümrahdır, bütün tədbirlərdə iştirak edir. Onu bu yaşda narahat etmək istəmirəm. Ancaq hələ ki, nə Yazıçılar Birliyi, nə Mədəniyyət Nazirliyi, nə də Teatr Xadimləri İttifaqı tərəfindən fəxri ad üçün təqdimatım irəli sürülüb.

– Mədəniyyət Nazirliyinə və ya Teatr Xadimləri İttifaqına müraciətiniz olubmu?

– Bəli. Hətta ev məsələsinə görə də müraciət etmişəm. Məsələn, mən hörmətli Anar müəllimə müraciət edirəm, deyir ki, ev yoxdur. Bildirirəm ki, mən hazırda kirayədə qalıram. Uşaqlar böyüyüb, kirayədə yaşamaq artıq çətinləşib. Deyirlər ki, məgər Yazıçılar Birliyi ev paylayır? Yəqin eşitmiş olarsınız, sonuncu dəfə Anar müəllimin təqdimatı əsasında iyirmidən çox adama ev verildi. Düzdür, Teatr Xadimləri İttifaqı bu işdən kənardadır, belə işlərlə məşğul olmur. Hərçənd edə bilərdi. Çünki vaxtilə Teatr Xadimləri İttifaqının torpaq sahəsi var idi və o ərazidə bina tikib ittifaq üzvlərini evlə təmin etməli idilər. Ancaq etmədilər, o torpaq sahəsini satdılar. Mən bunu heç kimdən çəkinmədən deyirəm, çünki bunlar mənim gözümün qarşısında baş verən hadisələrdir.

Hazırda Hacı İsmayılov belə məsələlərə, ümumiyyətlə, qarışmır. Ancaq Anar müəllim heç olmasa 20-22 nəfərin ev məsələsi üçün təqdimat yazıb. O, 40 illik fəaliyyəti dövründə 100-dən artıq adamın ev məsələsinin həllinə yardımçı olub. Mən oradan bir illik Prezident təqaüdü almışam, ayda 300 manat verilirdi. Qalan məsələlərə gəlincə, mən Anar müəllimə neçə dəfə xatırlatmışam. Hətta kənar şəxslər də nazirliyə zəng ediblər, məktub yollayıblar ki, bu adam yaradıcılıqla məşğuldur, amma nə evi var, nə də fəxri adı.

Mənə nə vaxt fəxri ad verəcəklər? Yaradıcılığa qiymət vermək lazımdır. Özün cəhd etməsən, heç kim qapını döyən deyil. Mən də gedib kiminsə qapısında dayanmaram. Ancaq orada mənzil işinə birbaşa cavabdeh Rauf Aslanovdur. Ona deyirəm ki, heç olmasa, Anar müəllimə müraciətimi xatırlat. O isə deyir ki, onsuz da ev yoxdur. Axı evlər oldu, daxildəki adamlara verdiniz. Mən isə ayda 400-500 manat kirayə pulu verirəm. Hətta bir ara məni evdən çıxarırdılar. İstədim, televiziya kanalını dəvət edim, gəlib çəksinlər ki, mən necə şəraitsizlikdə yazıb-yaradıram.

Mərahim Fərzəlibəyov mənim yaxın dostumdur. Bir dəfə Qız qalasının yanındakı yeraltı keçiddən bulvara çay içməyə gedirdik. Qarşıdan bir nəfər gəldi, Mərahim müəllimlə çox mehriban görüşüb öpüşdü. O gedəndən sonra kim olduğunu soruşdum. Dedi ki, Yasamalın icra başçısıdır. Dedim, bəs ona ev məsələmi niyə demədin? Dedi ki, onsuz da işdən çıxarılıb, ona görə mənimlə belə qucaqlaşdı.

İndi isə mən yenə də yazıb-yaradıram, öz işimi görürəm. İş də gözləyirəm, istərdim ki, fəxri adım da olsun. Ən azından ona görə ki, uşaqlarım məndən soruşurlar. Yəqin ki, mənim uşaqlarım sizin yaşıdınızdır; oğlumun 30, qızımın 27 yaşı var. Deyirlər ki, həyatda bu qədər iş görmüsən, bəs nəticəsi hanı? Deyirəm, axı mən gedib kimin qapısını döyüm? Nazirlikdə də məni çox gözəl tanıyırlar. Nazirə dəfələrlə yazmışam, lakin heç bir xeyri yoxdur.

– Ədəbi hissə müdiri kimi yəqin ki, sizə dəfələrlə yeni əsərlər daxil olub. Elə hallar olubmu ki, bir əsərin zəif olduğunu, tamaşaya qoyulmağa layiq olmadığını görmüsünüz, amma yenə də səhnələşdirilib?

– Bəli, olurdu. Sonda qərarı yenə də rejissor verir. Rejissor heç nədən nəsə yarada bilən adamdır. Yaxşı pyesdən pis tamaşa da alına bilər, yaxşı tamaşa da. Ancaq pis pyesdən yaxşı tamaşa ərsəyə gətirmək yalnız rejissorun bacarığı və fərasətidir. Tovstonoqov deyirdi ki, rejissorluq elə bir sahədir ki, hər yerindən duran özünü bu sahəyə sala bilir. Ancaq nəticə göz qabağındadır.

– Sizcə, bizdə pis pyesdən yaxşı tamaşa qura bilən ən yaxşı rejissorlar kimlər olub?

– Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu, Vaqif Abbasov. Onlar dramaturqun yaza bilmədiklərini də səhnədə göstərə bilirdilər. Əslində, dramaturq yalnız yazılması mümkün olan qədərini yazır. Qalanı isə rejissorun işidir. Rejissor əsərin dərinliyinə enir, gizli qalmış daxili mənaları axtarıb tapır.

Bəzən rejissor əsəri oxuyub deyir ki, bundan heç nə çıxmaz. Məsələn, bir dəfə Vaqif İbrahimoğluna 50-60 səhifəlik bir əsər gətirmişdilər. O, cəmi iki səhifəsini oxuyub, qeydlərini apararaq kənara qoymuşdu. Dramaturq gəlib soruşmuşdu ki, niyə axıra qədər oxumadınız? Vaqif müəllim isə cavab vermişdi: "Mən elə ilk səhifələrdən bunun heç nə olduğunu görürəm. İki səhifədən hər şey məlum olur".

– Bəs sifarişli tamaşalar olurdu? Məsələn, tutaq ki, hansısa vəzifəli şəxs bir dram əsəri yazıb və o, mütləq səhnələşdirilməlidir, baxmayaraq ki, əsər o qədər də uğurlu deyil.

– Bəli, rejissorlar özləri belə əsərləri axtarıb tapır və səhnələşdirirdilər. Həmin məsul şəxs də tamaşaya arxa dururdu. Adi bir fakt deyim. Bizdə Hüseynbala Mirələmovun bir əsəri səhnələşdirilirdi. Oruc Qurbanov qururdu, amma alınmırdı. Axırda mən yaxınlaşıb dedim ki, bəlkə, filan yerləri çıxarıb dəyişəsiniz? Deyəsən, "Gəlinlik donu" idi. Orucu kənarlaşdırdılar, əsəri isə Firudin Məhərrəmov səhnələşdirdi. Firudin həmin əsəri əməlli-başlı qurdu və hətta bundan sonra Xalq artisti fəxri adını aldı.

– Bu, hansı teatrda baş vermişdi?

– Akademik Milli Dram Teatrında. Teatrda belə hallar olur, əlbəttə ki, əsər sahibi olan məsul şəxs də tamaşanın arxasında dururdu. İndiki rejissorların da böyük əksəriyyəti çalışırlar ki, arxasında dayana biləcəkləri şəxslərin əsərlərinə müraciət etsinlər. Məsələnin maddi tərəfini bir kənara qoyuram, o ayrı söhbətdir. Ancaq həm də tamaşanın qəbul olunması məsələsi var, ona görə belə yollara əl atılır.

– Rol bölgüsü zamanı problemlər yaşanırmı? Məsələn, deyirlər ki, filan rejissorun öz sevimli aktyoru və ya aktrisası var. Teatrda bu cür hallar aktyorlar arasında narazılıq yaradırmı?

– Əlbəttə, kifayət qədər yaradır. Rejissor deyir ki, mən bu obrazı səndə görmürəm. Əslində, rejissoru da qınamaq olmur. O, direktordan tələb edir ki, mən ya bu adamla işləyəcəyəm, ya da yox. Məsələn, Məleykə Əsədovanın ifa etdiyi rol var, rejissor israr edir ki, mən bu rolda məhz onu görürəm. Mərahim Fərzəlibəyov isə fərqli düşünür, başqasının oynamalı olduğunu deyir. Amma o bildirir ki, xeyr, mən bu rolda da onu görürəm. Bəzən deyirlər ki, axı o aktyoru keçən dəfə də çəkmişdiniz, cavab verir ki, indi yenə onu görürəm. İndi bunun hansı arqumentləri var, biz bilmirik. Ancaq bizi əsas maraqlandıran nəticədir. Əgər nəticə qənaətbəxşdirsə, qoy belə olsun. Amma təbii ki, bu cür hallar digər aktyorlarda qıcıq və narazılıq yaradır.

# 103 dəfə oxunub

Oxşar xəbərlər

“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

13:00 6 iyul 2026
İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

16:33 1 iyul 2026
Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

14:04 29 iyun 2026
“Hacı Qara”  tamaşasının premyerası olacaq

“Hacı Qara” tamaşasının premyerası olacaq

13:00 25 iyun 2026
“Stalin – İzm”  tamaşasına ictimai baxış oldu

“Stalin – İzm” tamaşasına ictimai baxış oldu

11:00 24 iyun 2026
Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər