Kulis.az Nadir Yalçının "Casus" tamaşası haqqında yazısını təqdim edir.
Vəziyyət çox qəlizləşdi. Heç bilmirəm, necə olacaq. Aramızda bir casus var. Hər an kimə istəsə zərər vura biləcək xainin ətrafındayıq. Artıq o bizə şah damarımızdan da yaxındı. Yox, bizə şah damarımızdan yaxın təkcə özümüzük. Bəlkə, elə özümüz... Nəysə, bütün bunlara kimin bais olduğunu bilmirəm. Bir onu bilirəm ki, nə elədisə, Kamal Abdulla elədi. Əziz oxucu, indi sənə bütün vaqeəni nəql edəcəyəm.
***
Hər mətləbə əvvəldən başlamaq lazım olsa da, mən bu söhbəti axırdan başa xətm etmək fikrindəyəm.
Akademik Milli Dram Teatrında Kamal Abdullanın müəllifi olduğu “Casus” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı izlədikdən sonra bir neçə adamdan xəbər aldım ki, bu pyesə belə ilk müraciətdir, ya əvvəlki illərdə də oynanılıb? Dedilər, çoxdanıncı illərdə mərhum rejissor Vaqif İbrahimoğlu “Azdrama”da “Casus”u qurubmuş. Mənə bu barədə həmin tamaşada rol almış Xalq artisti Sabir Məmmədov danışdı: “Casus”da mənimlə yanaşı, Əliabbas Qədirov, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal və digər tanınmış aktyorlar oynayırdılar. O tamaşa haqqında çox qeyri-adi təəssüratlarım var. “Casus” tamaşası biz aktyorların həyatında yeni bir mərhələ oldu. Pyesin özü çox qeyri-adi bir pyesdir. Janrını belə təyin etmək olmur. Dədə Qorqud bizim təsəvvürümüzdə olan Dədə Qorqud deyildi, Boğazca Fatma, Beyrək, Qazan xan və digərləri də həmçinin, dastandakı kimi deyildilər. Kamal müəllim fərqli yanaşmışdı. Tamaşada epik nüanslar çox idi. Oyunun içində bir oyun var idi. Nə pyes ənənəvi idi, nə də tamaşanın rejissoru olan Vaqif İbrahimoğlunun iş prinsipləri. Əvvəl-əvvəl bizim üçün çox çətin oldu. Çoxlu fiziki məşqlər edirdik. Elə səhnələr var idi ki, yalnız hərəkətlərlə ifadə edirdik. Hərəkətlə mətnin vəhdəti özünü büruzə verirdi. Hamımızın yeni tərəfləri kəşf olundu”.
Sonra belə məlum oldu ki, 1997-ci ildə Vaqif İbrahimoğlunun quruluş verdiyi “Casus”un premyerasına kimsə əngəl olub. Yenə təkrarən xəbər aldım ki, bəs nə səbəbdən? Hərə bir cavab verdi, qəti söz deyən olmadı. Qərara gəldim ki, o vaxt bu tamaşanın bəstəkarı olmuş Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə üz tutum. O, yaddaşını qurcalayıb bir neçə kəlmə danışdı: “Əslində, “Dədə Qorqud”da Boğazca Fatma haqqında cəmi bir cümlə var. “Görəsən, niyə “Dədə Qorqud”da Boğazca Fatma haqqında bir cümlə var? Böyük ədəbi abidələrdə elə-belə heç nə olmur. Bu nə deməkdir?” - Kamal Abdulla mənə belə demişdi. Kamal öz yazıçı təxəyyülü, qənaətləri ilə həmin cümləni genişləndirdi, sanki “Dədə Qorqud”un davamı, yeni boyu kimi bir pyes yazdı və mərhum rejissor Vaqif İbrahimoğluna təqdim etdi. İllər öncə Vaqif İbrahimoğlu Kamal Abdullanın “Casus” pyesi əsasında Akademik Milli Dram Teatrında bir tamaşa səhnələşdirdi. Onun yaradıcılığına az-çox bələd olan adam bilir ki, Vaqif sıradan tamaşalar hazırlamırdı. Hər tamaşada bir yenilik axtarırdı. Əgər yeni bir şey olmasa, həmin material onu maraqlandırmırdı. Ona görə də Kamal Abdullanın bu pyesi onu cəlb etmişdi. Vaqif tamaşanın musiqisini mənə həvalə etdi, böyük həvəslə işlədim. Tamaşaya daxili baxış keçirildi. Mən də orda idim. Ümumilikdə, çox müsbət qarşılandı. Mütəxəssislər pyesi, rejissorun quruluşunu, aktyor oyununu çox bəyənmişdilər, tənqid edən olmamışdı. Daxili baxışdan bir-iki gün sonra deyildi ki, tamaşanı saxlayın, hələ nümayiş olunmasın. Biz də təcrübəmizdən irəli gələrək başa düşdük ki, “hələ nümayiş olunmasın” qadağa deməkdir. Bizə gələn məlumata görə, həmin tamaşada oynamayan bir qrup aktyor-aktrisa Mədəniyyət Nazirliyinə şikayətə gedibmiş. Onların əksəriyyəti rəhmətə gedib deyə, adlarını çəkmirəm. Şikayətləri bundan ibarət imiş ki, “Casus” tamaşasında guya Dədə Qorqudun obrazı təhrif olunub, alçaldılıb. İttihamlar ağır idi, amma həqiqəti əks etdirmirdi. Müəllif bədii əsərdə qəhrəmanı istədiyi kimi göstərə bilər. Hansısa qadağadan, tabudan söhbət gedə bilməz. Sovet vaxtı belə bir şey var idi. Məsələn, deyirdilər, Lelinin obrazı belə olmalıdır, onu filankəs canlandıra bilər, filankəs yox və s. Sovet idarəçiliyi isə bizə nümunə ola bilməz... Rejissor Dədə Qorquda başqa pəncərədən baxırdı. Əslində, tamaşa “Dədə Qorqud” dastanından daha çox yazıçının təxəyyülünün məhsuludur. Ona görə də klişelərlə yanaşmaq doğru deyildi... Bununla bağlı başqa səbəbdən də söhbət açırlar. Amma, məncə, o elə-belə söhbət idi. Əsas səbəb məhz şikayətə gedənlər idilər. Heyif o tamaşadan, gözəl səhnə əsəri idi”.
“Casus”un birinci taleyi ilə bağlı məsələni burda yekunlaşdırıram. Amma bu hissəni mütləq yadda saxlayın, sonda yenidən bu abzaslara qayıdacağam.
***
“Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı Azdramanın səhnəsində teatrın baş rejissoru Anar Babalının rejissoru olduğu “Casus” tamaşası nümayiş edildi.
Hadisələr qiraətxanada başlayır. Zəlzələ baş verir, xaos yaranır. Qiraətxanaya bir əlyazmanın arxasınca gələn kişi mat-məəttəl qalır. Çaşqın vəziyyətdə nə baş verdiyini öyrənməyə çalışır. Kitabxanaçı qız əlyazmanı həmin kişiyə təqdim edir və söz-söhbət də burdan başlayır.
Mən bu yazını axırdan əvvələ xətm etmək istədiyim kimi, Kamal Abdulla da nəticəni başlanğıcda göstərir: zəlzələ, hər şeyin məhvərindən oynaması, düzənin, mizanın pozulması və nə baş verdiyini, kimin nə etdiyini, nə üçün belə olduğunu axtarış cəhdləri.
O əlyazma da, yəqin, Kamal Abdullanın “Yarımçıq əlyazma”sıdır...
İkinci şəkil o əlyazmanın içindən başlayır. Sabir Məmmədov demiş, oyun içində oyun...
Əlyazma dalınca qiraətxanaya gələn kişi çevrilib olur Dədə Qorqud. Bayandur xanın hüzurunda olan Dədə Qorqud dəhşətli xəbər alır: “Oğuzda casus var”. Oğuzda casusun olmasında daha fəlakətli odur ki, Qazan, Aruz, Bəkil, Şir Şəmsəddin casusu tutandan sonra onu nə kəsiblər, nə asıblar, nə də şaqqalayıblar. Bu casus da qırxoynaşlı Boğazca Fatmanın oğludur. Casusu saldıqları quyudan çıxarıb deyiblər ki, burdan ilim-ilim it, heç kimə demə ki, səni biz buraxmışıq... Bunların hamısını Dədə Qorquda Bayandur xan nağıl edir və bu məsələni çözmək üçün kömək istəyir.
Elə bu şəkildən, dialoqlardan, üslubdan məlum olur ki, pyes dastançılıq intonasiyasından, orijinal mətnin ab-havasından, ənənəvi “Dədə Qorqud” tərzindən fərqlidir. Bu formanı isə məhz məzmunun tələbi kimi qələmə vermək olar. Bunun səbəbini daha yaxşı anlamaq üçün növbəti şəkillərdə hadisələrin cərəyanetmə tempinə nəzər salaq.
Qazan xana Beyrək vasitəsilə xəbər çatır ki, Oğuzda casus var. Xan bunu eşidib Şir Şəmsəddini yamanlayır ki, niyə bundan xəbərimiz yoxdur. Öz stulunu qucağında gəzdirən Şir Şəmsəddinin ovqatı təlx olur. Qazan xan tük qabından Dədə Qorqudun tükünü çıxarıb yandırır və Qorqud onların yanında peyda olur. Oğuzda casus olduğunu Dədə Qorquda danışandan sonra Qazan xan da kömək diləyir. Dədə Qorqud casusun kimliyini – onun Boğazca Fatmanın oğlu olduğunu desə də, Qazan xanı peşman olacağı əməldən uzaq durmağa, ehtiyatlı olmağa səsləyir.
Digər şəkil Boğazca Fatmanın fəryadı ilə başlayır. Tamaşadakı ən gözəl monoloq, dastanın üslubuna uyğun qələmə alınmış ana fəryadıdır:
“Kim dedi ki, bu casusdu?!
Kim dedi ki, bu quduzdu?
Kim dedi ki, dələduzdu?..
Mənim ac-susuz balam...
Mənim uğursuz balam...
Tək balam, casus balam...
Kim dedi ki, mənim balam, göyçək balam casusdu?!
Casus balam, casus balam... Əfsus balam...
Dodağı cadar balam, susuz balam...
Sus, sus, sus, sus...
Mənim balam casus?!
Mənim balam aydan arı, sudan duru, dələduz?!”
Boğazca Fatma Dədə Qorqudu səsləyir. Dədə Qorqud onun yanına gəlib qırxoynaşlı olsa belə, ana olduğuna, fəryad etdiyinə, həm də xanların xislətinə bələd olduğuna görə ona çıxış yolu göstərir, məsləhət verir.
Kamal Abdulla Dədə Qorqudun vasitəsilə iki istiqamətdə həlledici situasiya yaradır: bir tərəfdən Qazan xanın timsalında xanları, bəyləri ehtiyatlı olmağa, peşman olacaqları hərəkətdən yayınmağa çağırır; bir tərəfdən də Boğazca Fatmaya balasına qovuşmaq üçün yol göstərir...
Boğazca Fatma Dədə Qorqudun göstərdiyi yolla gedir. Qazanın, Aruzun, Bəkilin, Şir Şəmsəddinin hər biri ilə Fatmanın bir “keçmişi” olduğuna görə, onlara ayrı-ayrılıqda deyir ki, casusun – quyuda saxlanılan oğlanın atası sənsən. Xanlar, bəylər məşvərət edib sonda casusun azadlığa çıxmağına rəvac verirlər. Boğazca Fatma arzusuna qovuşur, Dədənin məsləhətindən xeyir tapır.
Həmin xanlar, bəylər isə Dədə Qorqudun “peşman olacağınız hərəkət etməyin” xəbərdarlığını unudurlar.
Tamaşada maraqlı bir məqam var. Dediyim kimi, bu xan-bəylərin hər birinin Boğazca Fatma ilə aşinalıqları olduğu üçün onlar Fatmanın evinin qarşısında zəncirə bağlanmış Bəraqcuq adlı iti də xatırlayırlar. Sonda sözü bir yerə qoyub casusu azadlığa buraxanda o yandan Burla xatun əlində zərcirlə gəlir, “Bəraqcuq, Bəraqcuq, Bəraqcuq” deyib təşvişlə haray salır, hamı zəncirini qırıb qaçmış Bəraqcuqun axtarışı ilə səhnədən çıxır. Dədə Qorqud sonda dastandan o məşhur sözlərini səsləndirir:
“Hanı dediyim bəy ərənlər?
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi, –
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!”
Həəə, indi burda bəzi məsələlər var. Birinci sevindirici haldır ki, tamaşanın rejissoru Anar Babalı müəllifi – Kamal Abdullanı yaxşı tanıyır. Söhbət şəxsi tanışlıqdan, yoldaşlıqdan getmir. Söhbət müəllifin hadisələrə yanaşması, yaradıcılıq prinsipləri və nəhayət, pyesdəki amalı ilə tanışlıqdan gedir. Tamaşanın quruluşunda xüsusi bir mürəkkəblik, qeyri-adilik hiss olunmadı, klassik quruluşda idi. Amma məğz özünü tamamilə qoruyub saxlamışdı. Şir Şəmsəddinin əlində oturacağı ilə gəzməsi (o qədər öz mövqeyini qorumağa başı qarışıb ki, Oğuzda casus var, amma xəbəri yoxdu), Bəkirlə Aruzun stullarının göydən asılması (yerlərini bərqərar edə bilmirlər və bütün mübarizə bundan ötrüdür), Dədə Qorqudun çomağının bütün səhnələrdə funksional olması (başlanğıcdakı zəlzələ çomaq bərkidildiyi yerdən çıxarılanda baş verdi, növbəti şəkillərdə Dədə Qorqud əsəbiləşəndə qarşısındakını oyatmaq üçün çomağını yerə döyəclədi) və bu kimi məsələlər uğurlu rejissor tapıntısı kimi təqdirəlayiqdir. Əsasən də, aktyoru bu formatda “Dədə Qorqud” ab-havasına uyğunlaşdırmaq asan deyil. Dastan pafosu, dastan ağırlığı tamaşaya yad olduğundan aktyor da oxuduğu, illərdir böyük yazılı abidə kimi dəyərləndirdiyi əsərin üslubundan çıxmalı idi. Rejissor bu məsələni də həll edə bilmişdi.
Qayıdaq pyesin özünə... Kamal Abdulla dialoqları, situasiyaları nə qədər müasirləşdirsə də, bir mütləq həqiqəti – Dədə Qorqudun ilahiliyini, övliyalığını, hami ruh olduğunu, əsrarını və müqəddəs xislətini qoruyub saxlayıb. Dədə Qorqudun sözündən yayınanda – öz mənfəətinə görə casusu quyudan çıxarıb azadlığa buraxanda itin zənciri əlində qalır və ömür boyu Bəraqcuq deyib iti haraylamalı – o zənciri qırıb qaçan mənfiləri axtarmalı olursan. Pyesin sonundakı hissə onu izah edir ki, nə qədər düzgün yox, əyri yolla gedəcəyik, o qədər də bizi içdən-içə məhv edən casusu bəlamıza çevirəcəyik, bir problem süni şəkildə bitib digər böyük dərdə rəvac verəcək.
Bu sonluq həm də pyesin əvvəlindəki zəlzələnin – dünyanın düzəninin pozulmasının səbəbini izah edir.
***
İndi ortaya belə bir sual çıxır: “Bizə belə “Dədə Qorqud” lazımdırmı?”
Bu sual cavab fikirləşəndə iki fərqli yanaşma ilə qarşılaşırsan. Əgər “Dədə Qorqud” dastanının əzəmətini, tarixiliyini, söz abidəsi kimi dəyərini mühafizə edib o ənənəvi dastan yanaşmasının tərəfində dururuqsa, onda deyə bilərik ki, bizə belə “Dədə Qorqud” lazım deyil. Biz tükü yandırmaqla hardasa peyda olan, xanların, bəylərin çox rahatlıqla, bəzən məişət dili ilə danışdığı Dədə Qorqud görmək istəmirik. Dədə Qorqud qopuz çalsın, nəsihətnamə oxusun....
Yox, əgər oturub yaşadığımız dövrü, əsri, ili, ayı, günü nəzərdən keçirib, zamanın ab-havasına nəzər salıb müasir tamaşaçı ilə “Dədə Qorqud” vasitəsilə ünsiyyət qurmağın yolunu axtarırıqsa, o yol “Casus” tamaşasında göstərilib. İndi əsnəyən izləyicilər dövrüdür. Onların yuxusunu qaçırmaq üçün, gərək, nəsə edəsən, səhnə əsərinin dinamikasını artırasan. Kamal Abdulla bu günün tamaşaçısı ilə dil tapmaq istəyib və tapıb da...
Həm də əvvəl qeyd etdiyim məzmunun formanı şərtləndirməsi məsələsinə fikir vermək lazımdır. Xanların, bəylərin öz çıxarları üçün Oğuzun gələcəyini təhlükəyə atmasından bəhs edən, yazıçının təxəyyülünün məhsulu olan əsər necə dastan dilində, qiyafəsində, intonasiyasında verilə bilər? Ümumiyyətlə, bu tabulardan qaçdığımız zamanda kim kimin yaxasından yapışa bilər?..
***
Tamaşanı izlədikdən sonra bəzi şəxslərin fikrini soruşdum. Maraqlıdır ki, onların arasında “Bizə belə “Dədə Qorqud” lazım deyil!” deyənlər də oldu. Bəlkə də, elə bu yazının yazılma səbəbi budur.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyir: “Ümumiyyətlə, bölgə teatrlarının paytaxtda tamaşalarla çıxış etməsi çox yaxşı təşəbbüsdür. “Casus” da maraqla qarşılandı. Vaxtilə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı barədə fikirlərimi bölüşmüşdüm; tarixə ironik münasibət, mifik qəhrəmanların reallaşdırılması, onların orijinal obrazının yaradılmasını qeyd etmişdim və postmodern ədəbiyyat nümunəsi kimi təqdir etmişdim. “Casus” da bu nöqteyi-nəzərdən Kamal Abdullanın tarixə münasibətini, dünyagörüşünü əks etdirir. Kamal Abdullanın ideyası və rejissorun öz yozumları ilə bərabər, maraqlı səhnə əsəri ərsəyə gəlib”.
Yazıçı-publisist Aysel Əlizadə də təəssüratını bölüşdü: “Bölgə teatrlarının Bakıda tamaşa nümayiş etdirməsi çox gözəl təşəbbüsdür. Bütünlükdə, layihənin özü olduqca önəmlidi. Mart ayına kimi davam edəcək bu silsiləyə hər kəsi dəvət edirəm. Lənkəran teatrı aktyor oyunu ilə diqqətimi çəkdi. Sadə, pafossuz oyunları məni hətta təəccübləndirdi, klassik intonasiya yox idi. Baş rolun ifaçısı olan Qızılgül Quliyeva öz ağır, çətin obrazının öhdəsindən spesifik gəlirdi. Yüngül əxlaqlı qadını həm də acıları, təbiiliyi və incə hiyləsi ilə görə bilirdik. Kamal bəyin sarkazmı da həmişəki kimi qabarıq idi. Qəhrəmanlıq eposu gah komikləşdirilir, gah ciddiləşdirilirdi. Mənəvi boşluqları görürdük. Əxlaqsız sayılan qadını bəylərdən daha ağıllı təqdim edib. Və mən tamaşadan sonra ona bu sualı verdim: “Boğazca Fatmanı daha ağıllı göstərmisiniz?” Elədir, dedi. Qadın, ümumiyyətlə, daha ağıllıdır. Tək qadın bir oğlan doğub, adamı yox, arxası yox və bu oğlanı casus kimi edam etmək istəyirlər. Qadın bəylərlə bir-bir görüşüb “sənin oğlundu, xilas elə” deyir. Oğlunu edamdan qurtara bilir. Bəylər anaya “oğlunu da götür, buralardan get” deyirlər və onu buraxmaq qərarı verirlər. Onların hər biri, əslində, casusdan yox, öz gizli günahından qurtulmaq istəyir. Artıq fərqi yoxdu ki, bu adam gerçəkdən casusdur, ya yox. Əsas odu, öz sirrinin üstü açılmasın. Klassik xeyir-şər, haqsızlıq-ədalət, ağıl-axmaqlıq paralelləri var idi. Kamal Abdulla bütün həyatını elmə, ədəbiyyata, mədəniyyətə həsr edən böyük yazıçıdı, seçiləndi. Uğurlar diləyirəm!”
***
Qayıdaq yazının əvvəlindəki məsələyə. Kamal Abdulla aramızda casusun olduğunu deyir. Hanı casus? Onu necə tapaq? Bəlkə, elə teatr salonundadı, zalda əyləşib? Bəlkə, o vaxt tamaşanın ilk, uğursuz taleyinə bais olanlardır casus? Bilmirəm. Kamal Abdulla casusun yerini bilir, amma demir... Niyə desin? Elə hər şeyi yazıçı deməlidir? Bunu da özümüz tapaq...
Elə Kamal Abdulla yaradıcılığının məxsusiliyi də budur: hər şeyi özü demir, yozumlar və nəticələr oxucunun öhdəsinə buraxılır.
Bir gün casusu tapmaq diləyi ilə...