Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan, övladı ilə eyni xəstəxanada can verən Xalq artisti

Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan, övladı ilə eyni xəstəxanada can verən Xalq artisti
2 noyabr 2024
# 12:00

Bu gün Azərbaycan teatr sənətinin əvəzolunmaz aktrisası, Xalq artisti Hökümə Qurbanovanın anım günüdür.

Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.


Hökümə Qurbanova Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb.

Gallery

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Hökümənin atasından xanımı Məlikət üçün tikdirdiyi iki mərtəbəli mülkünü hökumətə təhvil verməyi tələb edirlər. Mülkü onun əlindən alır və onlara yaşamaq üçün elə həmin evdə iki otaqlı mənzil verirlər. Bu hadisədən sonra Hökümənin atasının ürəyi partlayır.

Gallery


Ailənin çətin günləri başlayır. Hökümə oğlan paltarı geyinib evlərinin yaxınlığındakı baqqalın mağazasına çuvallarla yük daşıyır. Hər günün sonunda ona zəhmət haqqı kimi bir ovuc un verirmişlər. Bir gün isə yağışlı havada evə gələndə yıxılır, bir günlük qazancı olan un palçığa tökülür. Ağlaya-ağlaya baqqalın yanına gəlir, ondan əlavə un istəsə də, baqqal vermir. Uzun illər sonra şöhrətli Hökümə Qurbanova həmin kişini parkların birində dilənən görür. Gedib mağazadan bir çörək alıb, gətirib kişinin qarşısına qoyub gedir.

Gallery


23 yaşı olanda Hökümə xanımın fotosu Cəfər Cabbarlının diqqətini cəlb edir və onu axtarıb taparaq “Almaz” filmində Yaxşı roluna çəkir. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılır.

Gallery


Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. O, 1940-cı illərdən teatrda əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə onun kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi.

Gallery


İlk həyat yoldaşı Ələsgər Ələkbərovla qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə, guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyib: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütriflik edir, mən ona qızımı verə bilmərəm". İkinci elçilik də məyusluqla nəticələnib. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınıb. 1933-cü ildə ailə qurublar. Nailə adlı bir qızları doğulub. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılıb.

Gallery

Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyib. Beləcə neçə illik küsülülüyə son qoyulub və iki sənətkar barışıb.

Gallery


Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurub və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlib. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilib. Amma ikinci evliliyinin ömrü də uzun sürməyib. İkinci dəfə boşanandan sonra o, özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayıb. Gündüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Telefonçu qız" filmində Mehribanın atası, "Bir qalanın sirri" filmində Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb kimi obrazlara imzasını atıb. Gündüz Abbasovdan ayrılan Ofeliya Məmmədzadə isə Hökümə Qurbanovanın ikinci həyat yoldaşı olmuş Nüsrət Fətullayevlə ailə qurub.

Gallery


Hökümə Qurbanova teatrda bir çox aktrisalarla intriqalar yaşayıb. Onlardan ən yadda qalanı isə Nəcibə Məlikova ilə olan küsülülüyü olub. Onların şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin aktrisa Nəcibə Məlikova ilə küsülü olsa da, "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olub.

Gallery

Xalq artisti, ali sovetin deputatı olan Hökümə Qurbanova uzun illər iki otaqlı təmirsiz mənzildə yaşayıb.

***


Aktrisa qızı Vəfa Fətullayevanı sənətinin davamçısı kimi görüb. Bu istəyini nəyin bahasına olursa-olsun həyata keçirmək niyyətində olub. Vəfanın əri Zaur isə həyat yoldaşının aktrisalıq etməsinə heç cür razı ola bilmirdi. Çox keçmir ki, bu fikir ayrılığı öz "bəhrəsini" verib. Hökümə Qurbanova hökmünü yerinə yetirərək, qızını yoldaşından ayırmaq istəyinə çatıb, hətta Vəfanın hamiləliyinə son verdirib. Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkarı Fuad Poladov olub. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşıblar. Amma deyilənlərə görə, bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə xanım olub.

Gallery


Hökümə Qurbanova hökmlü olmaqla yanaşı, həm də çox qızılpərəst idi. Hansı ölkəyə gedirdisə, evdəki bütün qızıllarını sandıqçasına yığıb özüylə aparırdı. Moskvaya növbəti səfərlərinin birində də belə edir. Amma bu səfər sarsıdıcı bir hadisə ilə yadda qalır. O və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Bu hadisədən çox təsirlənirlər. Bəlkə də bu hadisə Vəfanın və onun ağır xəstəliyə tutulmasına səbəb olur.

Gallery


Ömrünün son günlərinə kimi Akademik Milli Dram Teatrında bir-birindən əvəzsiz obrazlar yaradan Hökümə xanım yaşının ahıl çağında övlad itkisi yaşayır. Qızı ilə yanaşı palatalarda müalicə alan aktrisanın qızı Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyindən vəfat edir. Onun faciəvi və vaxtsız ölümündən cəmi bir il sonra, 1988-ci il noyabr ayının 2-də özü də Bakıda vəfat edir. Aktrisa Fəxri Xiyabanda dəfn olunub.

# 1176 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #