Rəsulzadəni Rusiyadan qaçıran, güllələnəndən 65 il sonra bəraət alan Müsavat rəhbəri – ARAŞDIRMA

<b>Rəsulzadəni Rusiyadan qaçıran, güllələnəndən 65 il sonra bəraət alan Müsavat rəhbəri – <span style="color:red;">ARAŞDIRMA </b>
17 may 2018
# 15:30

Kulis.az fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin “Dadaş Həsənovun Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi” yazısını təqdim edir.

Giriş

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edildiyi gündən dərhal sonra xalqımızın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi başlamışdır. Bu mübarizə cəmiyyətin bütün təbəqələrini əhatə etmişdir: ziyalılarımız millətin özünü dərk etmə prosesində böyük rol oynamış, fəhlələr, kəndlilər Sovet hökumətinə qarşı müxtəlif illərdə üsyanlar qaldırmışlar. Bu prosesdə aparıcı qüvvə isə Azərbaycan gəncliyi və tələbələri idi. Belə ki, gənc fəallar işğaldan dərhal sonra Azərbaycanı müstəqilliyə gətirən “Müsavat” partiyasının ətrafında birləşib, Sovet hökumətinə qarşı mübarizə aparmış, gizli təşkilat yaratmışlar. Bununla da onlar Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ənənələrini yaşatmaqda idilər. Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda ən fəal gənc mübarizlərdən biri isə Dadaş Həsənov idi. Müsavatçıların arasında o doktor Dadaş Həsənzadə kimi tanınmışdır.

Tərcümeyi-halı

Dadaş Həsənovun (Həsənzadənin) özünün yazdığı tərcümeyi-halına [9, c. 1, s. 9] görə, o 15 fevral 1897-ci ildə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Şuşa şəhərində kasıb bir ailədə anadan olmuşdur. Atası Əbdül Hüseyn şuşalı olub, bir müddət varlı əmisinin müəssisəsində fəhlə işləmiş, daha sonra isə Batumi şəhərində fənərçi kimi çalışmışdır. Anası Güllü Dadaş qızı isə əkinçi ailəsindən olub, indiki Laçın rayonunun Səfiyan kəndində doğulmuşdur.

1901-ci ildə Əbdül Hüseyn ailəsi ilə birlikdə Bakıya köçüb çörəkçi müəssisələrinin birində işləmişdir. Bir müddət sonra isə o, ticarətlə məşğul olmuş, Bayılda kiçik bir dükan köşkü açaraq orada öncə çörək və meyvə, daha sonra isə başqa məhsullar satmaqla məşğul olmuşdur. Bu ticarətdən varlanmış Əbdül Hüseyn Bakının köhnə müsəlman məhəlləsində (Təzə Pir məscidinin yanında) torpaq almış və orada ev tikib ailəsi ilə yaşamışdır. Daha sonra o daha da zənginləşmiş, Bakının Şubanı qəsəbəsində neft quyuları ona məxsus olmuşdur [13, s. 451].

Əbdül Hüseyn uşaqlarını oxutmaq istədiyindən onların təhsilinə ciddi fikir vermişdir. Bu səbəbdən də oğlu Dadaş, əvvəlcə hansısa bir molladan dərs almış, sonra isə “İttihad” adlı İran məktəbində təhsilini davam etdirmişdir. Bundan sonra, Dadaş Həsənov 1910-cu ildə gimnaziyaya daxil olmaq istəmiş, ancaq rus dilini bilmədiyi üçün oraya qəbul edilməmişdir. Amma buna baxmayaraq o, dörd il Şevlyakovun özəl məktəbində oxumuşdur. Bundan sonra yenə də Bakıda gimnaziyaya daxil olmaq istəmiş, ancaq bu dəfə də rus dilini lazımi səviyyədə bilmədiyi üçün qəbul edilməmişdir. Belə olduqda atası onu Lənkərana, orada yeni açılmış gimnaziyaya yollamış və orada Dadaş bəy Zlobinlər soyadlı bir rus ailəsinin evində yaşayaraq, beşinci sinifdən oxumağını davam etdirmişdir. Dadaş bəyin əl xətti ilə həbsxanada yazdığı sənədlərdən məlum olur ki, o bu müddət ərzində rus dilini mükəmməl şəkildə mənimsəyə bilmişdir. O, 1918-ci ilin yanvar ayında gimnaziyanı uğurla bitirdikdən sonra ailəsinin yanına, Bakıya qayıtmışdır.

Bundan sonra atası Dadaş bəyi təhsilini davam etdirmək üçün Rusiyaya yollamaq istəsə də, həmin ilin mart ayında Bakıda müsəlmanlara qarşı erməni soyqırımı baş verdiyindən onun bu niyyəti alınmamışdı. Belə ki, erməni qırğınından qurtulmaq üçün Əbdül Hüseyn ailəsi ilə birlikdə Dağıstana qaçmalı olmuşdur. Orada səkkiz ay qaçqın həyatını sürdükdən sonra, onlar yalnız 1918-ci ilin oktyabr ayında, Bakı Türk-Azərbaycan ordusu tərəfindən azad ediləndən sonra geriyə qayıda bilmişlər.

Bu hadisələr zamanı Həsənovlar ailəsinə böyük maddi ziyan dəymişdir. Bakıya qayıdandan sonra Dadaş Həsənov Azərbaycan hökumətinin təşkil etdiyi istintaq komissiyasına ifadə verərək demişdir ki. Onların bütün əmlakı ermənilər tərəfindən qarət edilmiş, Şubanıdakı neft quyuları dağıdılmışdır [13, c. 451].

Bakıya qayıdandan sonra onun atası Əbdül Hüseyn Həsənov qismən ailəsinin maddi vəziyyətini düzəldə bilsə də, 1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklər onun əmlakını müsadirə etmişdirlər.

Cümhuriyyət qurulandan sonra Dadaş Həsənov 1919-cu ildə Bakı universitetinin tibb fakültəsinin birinci kursuna qəbul olunmuş, orada oxuyan zaman isə həm də əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, öncə altı ay Fəhlə-Kəndli İnspeksiyasında işləmiş; 1920-ci ildən başlayaraq Fəhlə fakültəsində, 1922-1923-cü illərdə isə müxtəlif fəhlə klublarında mühazirələr oxumuşdur.


1924-cü ildə Dadaş Həsənov Azərbaycan Dövlət Universitetini (ADU) bitirəndən sonra, Mamalıq texnikumunda mühazirələr oxumuşdur. Həmin il bir müddət Peşəkarlıq xəstəlikləri institutunda işləmiş, daha sonra isə ADU-nun terapevtik hospitalının həkimi olmuş və bu vəzifədə həbs olunana qədər işləmişdir. Tibb və sanitariya müəssisələri işçilərinin həmkarlar ittifaqının üzvü idi.

1922-ci ildə atası Əbdül Hüseynin vəfatından sonra Dadaş bəy ailəsinə başçılıq etmişdir. Anasından başqa onun Pəri və Gülsəba adlı iki yeniyetmə bacısı və Novruz adlı lal-kar qardaşı var idi. Evlənməmiş, uşaqları olmamışdır.

Siyasi fəaliyyəti

Dadaş Həsənov, Azərbaycan Xalq Cümhuriyyətinin hakim partiyası “Müsavat”ın sıralarına 1919-cu ildə daxil olmuşdur [9, c. 1, s. 3]. O, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra siyasi proseslərə daha da aktiv şəkildə qatılmağa başlamışdır. Səmimi vətənpərvər olaraq Dadaş Həsənov, təcavüzün ilk günündən Azərbaycanı bürüyən kütləvi etirazlarda iştirak etmiş, bu andan da tarixə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparmış ilk şəxslərdən biri kimi düşmüş və bu yolda həyatını qurban vermişdir. Belə ki, o, qısa bir ömür sürsə də, olduqca şərəfli və məzmunlu həyat yaşamağı bacarmış müstəqillik fədailərimizdən bir idi.

Məlum olduğu kimi, Azərbaycan bolşevik qoşunları tərəfindən işğal edildiyinin səhəri günü, 1920-ci ilin 29 aprel tarixində, “Müsavat” partiyasının fövqəladə konqresi çağırılmışdır. Elə bu konqresdə işğalçıların hakimiyyətini rədd etmək və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə başlamaq qərarı qəbul edilmişdir. O da məlumdur ki, bu konqresdə Bakı Universitetinin tələbələri daha çox fəallıq göstərmişlər [3, s. 148-149]. Sözügedən konqresdə Dadaş Həsənovun iştirak etməsi haqqında araşdırılmış mənbələrdə məlumat verilməsə də, onun 1919-cu ildən “Müsavatın” üzvü və o zaman Bakı Universitetinin tələbəsi olması faktı, eləcə də o ərəfələrdə aktiv siyasi fəaliyyətə qatılması, çox güman ki, həmin tədbirdə də olduğunu iddia etməyə əsas verir. Belə ki, konqresin keçirilməsindən dərhal sonra Sovet işğalına qarşı gizli təşkilatın yaradılması prosesi başlanmışdır. İstintaq materiallarına görə, bu işə D. Həsənov olduqca fəal qatılmışdır.

Bütövlükdə 1920-1924-cü illər ərzində Azərbaycanda Sovet işğalına qarşı müsavatçıların fəal iştirak etdiyi 54 silahlı üsyan qeydə alınmışdır [3, s. 154]. Ancaq bu üsyanlar bir-biri ilə əlaqəsiz olduğu, üsyançıların vahid rəhbərliyi və kifayət qədər silah və sursatları olmadığından onların hamısı Sovet ordusu tərəfindən məğlubiyyətə uğradılmışdır.

Bütün bu problemləri həll etmək və üsyançıların vahid mərkəzini yaratmaq məqsədi ilə gizli fəaliyyət göstərən müsavatçılar hərbi təşkilat yaratmışdırlar. Belə ki, istintaqın yekun sənədinə görə, “Müsavat” partiyası Bakı Komitəsinin (BK) sədri Əbdül Vahab Məmmədzadə (Yurtsever) ona rəhbərlik etməyi BK üzvü olan Dadaş Həsənova tapşırmışdır [9, c. 7, s. 5]. O da Sovet hökuməti tərəfindən tətbiq edilən şiddətli təqiblərdən qorxmayaraq həyatı üçün təhlükəli olan bu işə razılığını vermiş və dərhal fəaliyyətə başlamışdır. Onun rəhbərliyi ilə Qızıl Ordu hissələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpası ideyalarını yayan özəklər yaradılmışdır. Onlar türk əsgərlərini və zabitlərini öz tərəfinə çəkmək üçün işlər görmüş, silah anbarlarının ələ keçirilməsi planını hazırlamış, kəşfiyyat işləri aparmışdırlar. İstintaq işinə görə, D. Həsənov şəxsən Bakı qarnizonunda “Müsavatın” özəyini yaratmışdır [9, c. 7, s. 7].

1922-ci ildə gizli “Müsavatın” Mərkəzi Komitəsi (MK) keçmiş Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadəni Türkiyəyə mühacirətə yollamaq qərarını qəbul etmişdir. Azərbaycan cümhuriyyətinin süqutundan sonra o, Sovet xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş, ancaq sonra azad edilərək Moskvaya göndərilmiş, orada Millətlər Sovetində nəzarət altında işləmişdir. O, “Müsavatın” rəmzi və mənəvi rəhbəri sayılırdı, ona görə də onun sağ qalması və fəaliyyət göstərməsi müsavatçılar üçün çox vacib idi, bu səbəbdən də onun xaricə qaçırılma planı hazırlanmışdır. İstintaq materiallarına görə, bu planın həyata keçirilməsində Türkiyə kəşfiyyatı da iştirak etmişdir [9, c. 7, s. 20]. Bu məxfi planın bilavasitə icraçılarından biri də Dadaş Həsənov idi. Gələcəkdə xaricə mühacirət etmiş Əbdül Vahab Məmmədzadə (Yurtsever) bu olayı belə təsvir etmişdir: “Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə Rəsulzadə ilə əlaqə yaratdıq. Rəsulzadəyə təklif olundu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. O, oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya getdi”. [7, s.18].

İstintaq materiallarına görə, “Müsavat” rəhbərliyi D. Həsənova həm də bir vaxtlar “Gürcüstan Milli Komitəsi” ilə əlaqə saxlamağı tapşırmışdır. Bu komitə qonşu ölkənin Sovet ordusu tərəfindən işğal edilməsindən sonra yaradılmışdır. Orada Gürcüstanın əsas partiyaları təmsil edilmişdir. Onlar daxili ziddiyyətləri kənara qoyub işğala qarşı birləşmək və silahlı üsyan hazırlamaq qərarına gəlmişdirlər. Eyni zamanda onlar anlayırdılar ki, təkbaşına Sovet Rusiyası ilə vuruşmaq üçün onların kifayət qədər imkanları yoxdur. Ona görə də gürcülər bu işi bütün Qafqaz ölkələri və diyarları ilə birlikdə həyata keçirmək istəyirdilər. Beləliklə onlar, Şimali Qafqaz nümayəndələri və Azərbaycan müsavatçıları ilə bu barədə danışıqlara başladılar [11]. Gürcülərin ermənilərlə kəskin ziddiyyətləri olduğundan, onlarla anlaşmaya gələ bilmədilər. Məqsəd isə planlaşdırılan üsyana rəhbərlik etmək üçün Qafqazda Sovet rejiminin əleyhinə olan bütün qüvvələrin birləşmiş komitəsini yaratmaq idi. “Müsavatın” birinci gizli təşkilatın MK sədri Mizəbala Məmmədzadə 1921-ci ildən başlayaraq gürcülərlə əlaqədə olmuş və bu istiqamətdə işlərin aparılması üçün bir necə müsavatçını təyin etmişdir və onlardan biri də D. Həsənov idi. İstintaq materiallarına görə, 1923-cü ildə birinci gizli “Müsavatın” MK qərarı ilə o Tiflisə getmiş, orada mühacirətdən üsyana rəhbərlik etmək üçün geri qayıtmış Gürcüstanın keçmiş menşevik hökumətinin naziri Noe Homeriki ilə görüşmüşdür [9, c. 7, s. 31]. Bakıya qayıdandan sonra isə gürcü menşeviklərinin Bakıdakı nümayəndəsi Qriqori Salukvadze ilə daimi əlaqə yaratmışdır.

1923-cü ildə, gizli “Müsavatın” fəaliyyətini izləyə bilmiş Sovet xüsusi xidmət orqanı olan Azərbaycan Dövlət Siyasi İdarəsi (ADSİ) ona qarşı çox ağır zərblər endirə bilmişdir. Belə ki, repressiyalara və təqiblərə təkcə müsavatçılar deyil, həm də onlara aid olmayan bəzi ziyalılar da məruz qalmışdırlar. Çoxlu sayda insan həbs edilmiş, “Müsavatın” orqanı olan “İstiqlal” qəzetinin redaksiyasının fəaliyyətinə son qoyulmuşdur. Bundan sonra silahlı üsyana hazırlıq işlərini görmək mümkün olmadı: bunun üçün artıq nə güc, nə imkan, nə də və vəsait qalmamışdır. Gizli “Müsavatın” MK sədri Mirzəbala Məmmədzadə İrana qaçmamışdan öncə elan etmişdir ki, bundan sonra təşkilata həbslərdən qurtula bilmiş Dadaş Həsənov və daha bir fəal müsavatçı Əhməd Hacınski başçılıq edəcəkdir. Beləliklə də 1923-cü ildə Dadaş Həsənov gizli “Müsavat” təşkilatının MK sədri olaraq ona rəhbərlik etməyə başlamışdır. O, dağıdılmış təşkilatın işini bərpa etmək kimi çox ağır bir vəzifəni yerinə yetirməli idi. Bu səbəbdən də Dadaş Həsənov, ancaq etibarlı adamlarla işləyir, təşkilata yeni üzvlər qəbul etmir, ADSİ tərəfindən amansız repressiyaların tüğyan etdiyi şəraitdə mümkün olan qədər təşkilatın məxfiliyini saxlamağa çalışırdı. Təbii ki, gizli fəaliyyət göstərən təşkilata satqınların girmə ehtimalı böyük olduğundan o, bu addımları məcburiyyət üzündən edirdi. Dadaş Həsənovun qəzalara göndərdiyi göstərişinə görə isə, partiya üzvləri öz sıralarını təmizləməli; biganələri, eləcə də əqidəsiz və fəaliyyətsiz adamları təşkilatdan xaric etməli; repressiyalara uğramış silahdaşlarının ailələrinə maddi yardım etməli və maarifçilik işlərini aparmalı idilər [9, c.7, s. 43].

D. Həsənov Bakının Staro-Poçtovaya (indiki Süleyman Tağızadə) küçəsində yerləşən atasının tikdiyi evi də “Müsavatın” ikinci gizli təşkilatın qərargahına çevrilmişdir. Belə ki, burada müsavatçıların məxfi toplantıları keçirilmiş, gələcək addımları planlaşdırılmışdır. Qeyd edək ki, burada 1923-cü ilin noyabr ayında təşkilatın ikinci MK heyətini təsdiq edən yığıncağı baş tutmuşdur. Bu yığıncaqda MK sədri D. Həsənov, katibi isə Ə. Hacınski seçilmişdir [10].

Dadaş Həsənov mühacirətdə olan M. Ə. Rəsulzadəni partiyanın mənəvi rəhbəri saymış, onunla imkan daxilində əlaqə saxlamış, göstərişlərini həyata keçirmişdir. Birinci təşkilatın dağıdılmasından sonra M. Ə. Rəsulzadə partiyanın siyasətində dəyişikliklər etmiş və silahlı üsyanın hazırlanması planından imtina etmişdir. Belə ki, o, Ə. M. Topçubaşıya ünvanladığı məktubda yazırdı: “Rusiya hansısa ciddi müharibəyə girməsə, ya da onun daxilində ciddi problemlər ortalığa çıxmasa heç bir silahlı üsyan nəticə verməyəcək. Bunu etsək biz millətimizi faciələrə sürükləyəcəyik və azadlığımızın əldə olunması qeyri-müəyyən vaxta uzadılacaq” [8, s. 34]. Buna görə də, D. Həsənov müsavatçılara Sovet hökuməti ilə açıq qarşıdurmalara getməmək haqqında göstəriş vermişdir. Bunun səbəbini də onunla izah edirdi ki, silahlı qarşıdurmalar nəticə verməyəcək və əhali arasında qırğınlara gətirib çıxaracaqdır [9, c. 7, s. 43]. D. Həsənov, həmçinin, müsavatçılara qarşı təxribatlar törədə biləcək dəstələrə, xüsusən də “ittihadçılara” qarşı mübarizə aparmağı tapşırırdı.

İkinci gizli təşkilatın fəalları əsasən Bakıda və qəzalarda “Müsavat” partiyasının özəklərinin fəaliyyətlərinin bərpa edilməsi və onların möhkəmləndirilməsi, repressiyalara uğramış müsavatçıların ailələrinə maddi və mənəvi yardımın edilməsi ilə məşğul olmuşlar. Maddi imkanların olmaması şəraitində bu yardımlar fəalların partiyaya ödədikləri üzvlük haqlarının hesabına edilirdi. Bu yardımların verildiyi ünvanlardan biri də M. Ə. Rəsulzadənin ailəsi idi.

Daha sonra D. Həsənov hesab edirdi ki, qarşıya qoyulan məqsədlərə milli ruhda tərbiyə edilmiş “savadlı kadrların yetişdirilməsi ilə nail olmaq olar. Onlar dövlət və təhsil strukturlarına daxil edilməlidir. Belə adamların sayı artdıqca hakimiyyət müstəqillik tərəfdarlarının əlinə keçəcək” [9, c. 7, s. 43].

D. Həsənovun rəhbərlik etdiyi ikinci gizli “Müsavat” təşkilatı türk (Azərbaycan) xalqının tarixinin, milli və mədəni dəyərlərinin təbliğinə, eləcə də millətin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinə xüsusi yer ayırırdı. Onun ən yaxın silahdaşı və dostu Əhməd Hacınski 1925-ci ilin noyabrında bu istiqamətdə işlərin görülməsi üçün müsavatçıların maarifçilik dərnəklərində və təhsil müəssisələrində həyata keçirməyə başladıqları “Gəncliyin partiyadan kənar tərbiyələndirmə təlimatı” adlı xüsusi bir plan hazırlamışdır [9, c. 7, s. 47-49]. Bu proqramda xalqın milli şüurunun artmasına nail olmaq üçün humanitar fənlərin tədrisinin necə tədris edilməsi təfərrüatı ilə izah edilirdi. Bununla bərabər, müsavatçılar mühacirətdə olan Məmməd Əmin Rəsulzadənin kitablarını və müxtəlif mövzulara həsr edilmiş vərəqələri də yayırdılar.

Azərbaycanda 1925-1931-ci illərdə gizli təşkilatın maarifçilik fəaliyyəti gəncliyin çoxlu sayda vətənpərvərlik dərnəklərinin yaranmasına gətirib çıxartdı. Eyni zamanda, bu istiqamətdə işlər Sovet hökumətinin nəzarətində olan tədris müəssisələrində də gedirdi. Bunun nəticəsində gəncliyin arasında türk millətçiliyin yayılması qeydə alınmışdır [9, c. 7, s. 51].

Daha sonra gizli təşkilat Bakıda 1926-cı ildə keçirilməsi planlaşdırılan türkoloji konfransa da münasibət bildirmişdir. Belə ki, konfransla əlaqədar qərara alınmışdır ki, “Müsavat” bu tədbiri ümumiyyətlə dəstəkləyir, ancaq ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi qəbul olunmazdır [6, s. 134]. Bu barədə yayılmış vərəqədə müsavatçılar qeyd edirdilər ki, əlifba dəyişikliyinə ehtiyac vardır, ancaq məsələ burasındadır ki, bu iş bolşeviklər tərəfindən həyata keçirilir. Onlar isə bunu türk dünyasını parçalamaq və onun birləşməsinə imkan verməmək üçün edir; başqa sözlə, öz siyasi məqsədlərini güdürlər. Musavatçıların fikrincə, yeni əlifba təkcə Azərbaycanda yox, həm də bütün türk dünyasında qəbul edilməli, hamı üçün eyni olmalı idi. Ancaq məsələnin bu cür qoyuluşu bolşeviklərin siyasətinə uyğun deyil idi. Buna görə də müsavatçılar hesab edirdilər ki, hazırda yeni əlifbanın qəbul edilməsinə qarşı olmaq və bu məsələni gələcəkdə bütün türk xalqları ilə birlikdə həll etmək lazımdır [9, c. 7, s. 46].

Həbs edilməsi

İstintaq işinin materiallarına görə, o zaman Mir Cəfər Bağırovun (gələcəkdə AK(b)P katibi) başçılıq etdiyi “ADSİ-yə məlum olmuşdur ki, Azərbaycanda “Müsavat” partiyasının yaxşı təşkil edilmiş mərkəzi fəaliyyət göstərir. Onun özəkləri bütün respublikada vardır və o, xarici mühacirətlə əlaqədədir” [9, c. 1, s. 1]. Beləliklə, 11 mart 1926-cı ildə ikinci gizli təşkilatın rəhbərləri: Dadaş Həsənov, Əhməd Hacınski və Əli Yusifzadə həbs edildilər. Bundan sonra Azərbaycanın bütün bölgələrində müsavatçıların kütləvi repressiyaları həyata keçirilmişdir. ADSİ-nin həbs qərarının mətninə görə, onların ən təhlükəli nümayəndələri Dadaş Həsənov və Əhməd Hacınski idi. Bu səbəbdən də onları “ardı-arası kəsilmədən Sovet hökumətinə qarşı fəaliyyət göstərməsi, eləcə də müsavatçı dairələrin və antisovet ruhlu ziyalıların arasında hörmət qazandıqları üçün təcrid etmək zəruridir” [9, c.1, s. 3]. Beləliklə də onlar həbs edildikdən sonra 2 №-li İslah evində saxlanıldılar.

Bütövlükdə gizli “Müsavat” üzvlərinin həbsləri 1926-cı ilin oktyabr ayına qədər davam etmiş və onlardan 34 nəfər həbs edilmişdir. Həbs edilənlər 1923-cü ildə ləğv edilmiş birinci gizli təşkilatın və onun hərbi qolunun bərpa edilməsində, casusluq fəaliyyətində, xarici dövlətlərə kəşfiyyat xarakterli məlumatların ötürülməsində, AK(b)P-ni və dövlət strukturları içəridən dağıtmaq cəhdlərində, Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdində, Gürcüstan üsyançıları ilə əlaqə saxlamaqda ittiham edilirdilər.

İstintaqın gedişi və məhkəmə qərarı

13 mart 1926-cı il tarixindən başlayaraq səkkiz ay davam etmiş Dadaş Həsənovun istintaq dindirilmələrində o, müsavatçı olduğunu, gizli təşkilata rəhbərlik etdiyini, Tiflisə getdiyini və Gürcüstan Milli Komitəsi ilə əlaqə qurduğunu inkar etmişdir [9, c. 1, s. 24]. Dözülməz işgəncələrə və hədələrə davam gətirməmiş bəzi məhbuslar isə, az sonra təqsirli olduqlarını etiraf edib, istintaqa D. Həsənovun təşkilata rəhbərlik etdiyi və ümumiyyətlə fəaliyyəti haqqında ifadələr vermişlər. Ancaq buna baxmayaraq, onlarla üzləşdirilmələr zamanı Dadaş Həsənov hər şeyi inkar etmişdir. 1926-cı ilin oktyabr ayında keçirilən dindirilmələrdə o deyirdi ki, müxtəlif adamlar onun evində gizli görüşlər keçirmək üçün yox, tibbi müayinədən keçmək üçün gəlirdilər. O israr edirdi ki, hətta Əhməd Hacınski, Əbdül Vahab Məmmədzadə və başqa silahdaşları ilə yalnız dostluq etmiş, onlarla siyasətə aid heç bir iş görməmişdir. [9, с. 1, s. 12-15].

Yalnız 1926-cı ilin noyabr ayında D. Həsənov ona qarşı yığılan dəlillərin çoxluğu və böyük ehtimalla müstəntiqlər tərəfindən tətbiq edilən ardı-arası kəsilməyən mənəvi və fiziki işgəncələrin tətbiq edilməsinin nəticəsində etirafedici ifadələr verməyə başlamışdır. Amma o, ancaq özünün təqsirli olduğunu etiraf etmiş, hər şeyi yalnız öz boynuna almış, yaxud da müsavatçıların mühacirətdə olan və ölən üzvlərinə qarşı ifadələr vermişdir ki, belələrini ADSİ həbs edə bilməzdi. İstintaq dindirilmələrinin mətnindən görünür ki, D. Həsənov “nə Bakıdakı yoldaşları, nə də müsavatın qəza komitələrinin tərkibi barədə bir kəlmə də olsun ağzından qaçırmışdır” [2, s. 150].

Beləliklə, D. Həsənov noyabr ayında istintaqa bildirmişdir ki, o Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparmış, maarifçilik işlərinə qatılmış, o zaman artıq mühacirətdə olan Əbdül Vahab Məmmədzadə (Yurtsever) ilə əlaqədə olmuşdur. Onun qarşısına qoyulan güclü faktlar qarşısında Qarabağda gizli təşkilatın özəyinin olduğunu etiraf etsə də onun tərkibində kimlərin olması sualına cavab verməkdən imtina etmişdir. Hərbi xarakterli kəşfiyyat məlumatların kimə ötürdüyü sualına onları artıq vəfat etmiş Qulubəyova ötürdüyünü söyləmişdir [9, c. 1, s. 24-33].

Nəhayət, ADSİ müstəntiqləri Vasin, Jukov və Nazarov tərəfindən tərtib edilən 31 dekabr 1926-cı il tarixli istintaqın yekun sənədində yazılmışdır ki, Dadaş Həsənov Sovet hökumətinin ən inadkar və islahedilməz düşmənidir, buna görə ona ölüm hökmü çıxarılmalıdır. Bu nəticə ilə razılaşmış ADSİ sədri Mir Cəfər Bağırov və sədr müavini Qorobenko sənədi imzalamışlar [9, c. 1, s. 85].

28 fevral 1927 ildə “Müsavat” partiyasının ikinci gizli təşkilatının 34 üzvünün tezləşdirilmiş rejimdə məxfi qapalı məhkəmə prosesi keçirilmişdir [9, c. 7, s. 578]. Bu məhkəmədə Dadaş Həsənov güllələnməyə məhkum olunmuşdur. Ancaq məhkəmə hökmünün icra edilməsi məsələsində aydın olmayan məqamlar vardır. İstintaq sənədlərinin birində deyilir ki, onu və başqa məhbusları Moskvaya yollamalı idilər. 2 aprel 1927-ci il tarixli məhkəmə qərarının icra edilməsi haqqında sənəddə onların Butırka həbsxanasına yollandıqları haqqında məlumat verilmişdir. Ancaq bu sənəddən aydın olmur ki, D. Həsənov həmin vaxt artıq Bakıda güllələnmiş, ya o da Moskvaya yollanmış və orada edam edilmişdir? Ailəsinə verilən qeyri-rəsmi məlumatlara görə onu Bakının Nargin adasında edam etmişdirlər. Başqa qeyri-rəsmi xəbərlərə görə isə o dindirilmələrin birində müstəntiqə hücum edərkən əsgərlər tərəfindən güllələnmişdir.

Bəraət edilməsi

Azərbaycan respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ildə, Dadaş Həsənovun işinə yenidən baxılmışdır. Həmin ilin 6 may tarixində prokuror V. A. Çudinin imzaladığı qərara görə, onun təqsirli olduğu sübut olunmamışdır. Bu səbəbdən də D. Həsənov “əksinqilabi cinayətlərin törədilməsinə görə əsassız olaraq repressiyaya uğramış şəxs kimi”, SSRİ prezidentinin 13 avqust 1990-cı il tarixli “1920-1950-ci illərin repressiya qurbanlarının hüquqlarının bərpa edilməsi haqqında” fərmanının 1-ci bəndi ona da şamil edilmişdir.

Doğrudan da, məhbusların dindirilmə və üzləşdirilmə protokollarının mətni ilə tanış olandan sonra qərara gəlmək olar ki, istintaq çoxsaylı prosessual qaydalarının pozulması ilə aparılırdı. Əslində D. Həsənov öz təqsirini etiraf etməmişdir. 1926-cı ilin noyabr ayında isə verdiyi etirafedici ifadələrinin əsasında onun təqsirli olduğu haqqında nəticəyə gəlmək şübhəli idi. Sovet həbsxanalarında qadağan olunmuş üsullara həmişə əl atıldığından digər məhbusların ona qarşı ifadələri işgəncələrlə də alına bilərdi. D. Həsənovun təqsirini təsdiq edən başqa obyektiv dəlillər cinayət işində mövcud deyildir. Məhkəmə prosesi isə tezləşdirilmiş qaydada keçirilmiş, obyektiv araşdırma olmamış, bir neçə dəqiqə içində 34 nəfərə hökm oxunmuşdur. Bütün bu cəhətlər bir daha onu deməyə əsas verir ki, sözügedən iş üzrə obyektiv istintaq və məhkəmə prosesi keçirilməmişdir. Bu mənada D. Həsənovun əksinqilabi və antisovet fəaliyyəti doğrudan da sübut olunmamış və o, əsassız olaraq repressiyaya uğradılmışdır.

D. Həsənov haqqında digər mənbələr

Digər tərəfdən, qeyd etmək lazımdır ki, D. Həsənov (Həsənzadə) haqqında xəbərlər təkcə onun istintaq işində deyil, həm də başqa mənbələrdə, o cümlədən xaricə mühacirət edən müsavatçıların əsərlərində də vardır. Məsələn, M. Ə. Rəsulzadə onu Azərbaycan (türk) xalqının azadlığı uğrunda həyatını qurban vermiş şəxs kimi yad etmişdir: “Bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz... Parlament və hökumət dışında... doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. [4, s. 21-22].

Bundan başqa, “Müsavat” təşkilatının fəallarından biri olan Əbdül Vahab Məmmədzadə (Yurtsever) yuxarıda gətirilən sitatda D. Həsənovu (Həsənzadəni) “hərbi təşkilatın rəisi” adlandırmışdır [7, s. 18].

Daha bir tanınmış mühacirət xadimi Hüseyn Baykara, D. Həsənov (Həsənzadə) haqqında maraqlı məlumat verərkən onu “milli azadlıq komitəsinin rəhbəri” adlandırmışdır: “Bir gün Əhməd Cavadla qeyri-leqal milli azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və liderlərdən biri olan Rəhim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getmələrini təklif etdim. Azərbaycan azadlıq mübarizəsinin hər üç lideri mənim bu təklifimə qarşı çıxdılar və dedilər: “Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?” Çox yaxşı xatırlayıram, Əhməd Cavad və Rəhim bəy Vəkilli mənim sözlərimə çox hirsləndilər və bir daha belə sözlər danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç azadlıq aşiqi sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini xalqla birgə yaşamışlar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş və ondan bir daha heç bir xəbər gəlməmişdir” [1].

Dadaş Həsənovla (Həsənzadə ilə) bir müddət ailəvi dostluq etmiş daha bir azərbaycanlı mühacir - İsmayıl Saryal (Seyidzadə) “Bakı rüzgarı” romanında onu xatırlamışdır. Onun yazdıqlarına görə, Dadaş bəy uşaqlıqdan vətənpərvər olmuş, hələ yeniyetmə yaşlarında gimnaziyada çar hakimiyyətinə qarşı gizli dərnək yaratmışdır. Dadaş bəyin fəaliyyəti o qədər məxfi idi ki, hətta İ. Saryalın özünün belə bu barədə xəbəri olmamışdır və bunu yalnız onun həbs edilməsindən sonra bilmişdir. İ. Saryal onun evində millətçi gənclərin yığışdığının şahidi olmuşdur, ancaq onların müsavatçı olmaları haqqında o zaman xəbəri olmamışdır. Dadaş bəy həbs olunandan sonra isə, onun durumu ilə maraqlanmış və bir müddət ailəsi ilə əlaqə saxlamışdır. İ. Saryalın həyat yoldaşı Dadaş bəyin böyük bacısı Pəri xanımla onun yanına həbsxanaya görüşə gedirdilər.

M. Ə. Rəsulzadənin qaçırılması əməliyyatının təfərrüatlarını açıqlayan İ. Saryal bu əməliyyatda Dadaş bəyin müstəsna rolunu qeyd etmişdir, hətta onu onun xilaskarı adlandırmışdır. Bu iş olduqca çətin idi, çünki M. Ə. Rəsulzadə Moskvada ciddi nəzarət altında yaşayırdı. Buna görə, D. Həsənov Sovet xüsusi xidmət orqanları əməkdaşlarını şübhələndirməmək üçün 3 ay ərzində Moskvada yaşamış, Dövlət Universitetinin tələbəsi olmuş ya da orada işə düzəlmişdir. Bu müddət ərzində də həmin planı tədricən yerinə yetirmişdir [5, s. 185].

M.Ə. Rəsulzadənin xaricə qaçırılmasından qəzəblənən İ. Stalin onu qaçıranların tapılması və cəzalandırılması əmrini vermişdir. Ancaq ADSİ uzun müddət onları tapa bilmirdi. Bu işə xaricdə fəaliyyət göstərən sovet casusları da cəlb olunmuşdurlar. Onlardan biri olan Tamara adlı bir gözəl rus qadını İranın Rəşt şəhərində bir müsavatçı mühacirlə sevişərək onun evindən gizli “Müsavat” üzvlərinin siyahısını ələ keçirib onu ADSİ-yə göndərmişdir. Yalnız bundan sonra Sovet xüsusi xidmət orqanları təşkilatın izinə düşərək, onun otuzdan çox üzvünü bir gecə ərzində həbs edə bilmişdirlər. İ. Saryala isə bu olaylar barəsində xəbəri Quluzadə soyadlı bir ADSİ casusu vermişdir [5, s. 199].

Qeyd edilməlidir ki, İ. Saryalın verdiyi bəzi mühüm xəbərlər istintaq materiallarındakı rəsmi sənədlərdən fərqlənir. Birincisi onun yazdıqlarına görə D. Həsənovun tutulma səbəbi və əsas ittihamı M. Ə. Rəsulzadəni xaricə qaçırması əməliyyatının üzərində qurulmuşdur. Ancaq rəsmi sənədlərdə onu ilk olaraq Gürcüstan menşevikləri ilə əlaqədə olmağına görə həbs etmişdirlər. Həmin sənədlərdə ittihamların sırasında M. Ə. Rəsulzadəni xaricə qaçırması əməliyyatı ötəri hallanır, əsaslardan olmamışdır.

İkincisi, onun yazdığına görə Dadaş bəy uzun müddət işgəncələrə dözərək ona qarşı irəli sürülən bütün ittihamları rədd edirdi. Sonuncu dindirilmə zamanı müstəntiqlərdən biri yenə M. Ə. Rəsulzadənin qaçırılması əməliyyatının təfərrüatları haqqında sual verəndə Dadaş bəy masanın üstündə olan mürəkkəbqabı ilə onun üzünə zərbə endirərək gözünü çıxartmışdır. Müstəntiqə hücum edilən zaman həmin otaqda olan silahlı əsgərlər onu oradaca güllələmişdirlər [5, s. 231-232]. Ancaq bu xəbər də rəsmi sənədlərlə təsdiq olunmur. Orada müstəntiqə hücum olayı haqqında heç bir məlumat yoxdur.

Eləcə də Rəşt şəhərində rus casusunun hansısa müsavatçıdan gizli təşkilat üzvləri siyahısının alınması olayı da başqa mənbələrlə və istintaq materialları ilə təsdiq edilmir. İstintaq işində deyilmişdir ki, təşkilat üzvləri ADSİ-yə daxil olan teleqram əsasında həbs olunublar. Ancaq onun məzmunu haqqında heç nə deyilmir. İ. Saryalın yazdıqlarını istisna etmək də olmaz, ancaq bunu nəzərə almaq lazımdır ki, roman tarixi, ya da hüquqi sənəd deyil. Orada açıqlanan hekayə ilə hökm vermək olmaz. Əlbəttə, bu kimi olayın baş verməsi də istisna edilmir və bunu nəzərə almaq lazımdır, ancaq onun daha etibarlı mənbə ilə təsdiq edilməsinə ehtiyac vardır.

Beləliklə, istintaq materiallarına görə, D. Həsənova 1927-ci ilin fevral ayında məhkəmənin qərarı ilə ölüm hökmü oxunmuş və o, martın ortalarından aprel ayının əvvəlinə qədər olan müddət ərzində edam edilmişdir. İsmayıl Saryalın istinad etdiyi ADSİ cəsusu Quluzadəyə görə isə, o dindirilmə zamanı güllələnmişdir. Belə olubsa, onda bu dindirilmə artıq məhkəmədən sonra mart ayının ikinci yarısından sonra keçirilmişdir. Çünki istintaq sənədlərinin birinə görə 16 mart 1927-ci il tarixində D. Həsənov hələ sağ idi [9, c.1, s. 273].

İ. Saryala görə Dadaş bəyin anası və bacılarına onun güllələnməsi haqqında xəbər verilməmişdir. Sadəcə onlara əmr olunmuşdur ki, bir daha onunla görüşə gəlməsinlər. Buna görə də ailə üzvləri bir müddət ümid edirdilər ki, o sağdır və Rusiyaya sürgünə göndərilib ya da Türkiyəyə qaçırılıb, bu barədə o zaman yanlış şayiələr də yayılmışdır [5, s. 239, 288].

Pəri Həsənovanın xatirələri

Dadaş Həsənovun fəaliyyəti haqqında onun bacısı Pəri Həsənova (1908 - 1992) da xatirələrini danışmışdır. Belə ki, o, Sovet dövründə nəvələrinə qardaşının gizli “Müsavatın” rəhbəri olması və M. Ə. Rəsulzadənin qaçırılması əməliyyatında iştirak etməsi, evlərində müsavatçıların yığıncaqlarının keçirilməsi haqqında bəhs edərdi. Təbii ki, o Dadaş Həsənova aid istintaq materialları ilə tanış deyildi. Qardaşı həbs edildikdə isə Pəri Həsənova ADSİ tərəfindən evlərində keçirilmiş axtarışın canlı şahidi olmuşdur.

Eləcə də Pəri Həsənova xatirələrində qardaşının maarifçilik fəaliyyətindən də bəhs etmişdir. Onun dediklərinə görə, D. Həsənov evində kəndlərdən gəlmiş gəncləri yığaraq, onlara vətənpərvərlik ruhunda mühazirələr oxumuşdur. Bir dəfə Pəri xanım ona savadsız və nadan adamların nə üçün evlərinə gətirdiyindən narazılıq edərkən cavabında Dadaş bəy acıqlanaraq ona “biz hamımız millətimizin səviyyəsinin qaldırılması üçün iş görməli, onlar haqqında aşağılayıcı sözlər deməməliyik!” söyləmişdir.

Bacısının xatirələrinə görə, Dadaş bəy hansısa Sovet hökumətinə məxsus obyektlərin birinin ya da bir neçəsinin partladılmasında da iştirak etmişdir. Bunu da təsdiq edən başqa mənbələrə rast gəlmək olmur. Bu hadisələr olsaydı, çox güman ki, 1922-ci ilə qədər baş verməli idi, çünki o zaman Azərbaycanın SSRİ tərkibinə girməsinə etiraz olaraq ölkədə üsyanlar başlamışdır, xüsusən də Bakıda çoxlu strateji obyektlər, sıradan çıxarılmışdır.

Yuxarıda deyildiyi kimi İ. Saryal yazmışdır ki, dindirilmələrin birində D. Həsənov bir müstəntiqin üzünə mürəkkəbqabı ilə zərbə endirərək onun gözünü çıxartmışdır. Həmin olayı Pəri xanım da söyləyərək o müstəntiqin kim olmasına da aydınlıq gətirmiş, onun istintaq sənədlərində adı keçən Jukov olduğunu iddia etmişdir. Onun sözlərinə görə, Dadaş bəyin anası Güllü xanım onunla həbsxanaya görüşə gələndə bir zabitin gözünün sarğılı olduğuna diqqət etmişdir. Bu barədə İ. Saryal da yazmışdır.

Daha sonra Pəri xanımın xatirələrinə görə, M. C. Bağırovu yaxşı tanıyan bir qohumu Dadaş bəyin cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına getmişdir. Bir müddət sonra, M. C. Bağırov onu yanına çağırıb tapançasını qabağına qoyaraq demişdir ki, onu vurub öldürə bilər, ancaq bir daha D. Həsənovun cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına gəlməsin. Bağırovun sözlərinə görə, o Dadaş bəylə söhbət edib, ona əksinqilabi fəaliyyətə son qoymaq şərti ilə tibb müəssisələrinin birində müdir vəzifəsini və hər cür imtiyazları təklif etmişdir. Ancaq cavabında Dadaş bəy onun təklifini rədd edərək, Sovet hökumətini tanımadığını və bu dövlətlə heç bir sövdələşməyə getməyəcəyini söyləmişdir.

Pəri Həsənova qardaşı ilə həbsxanaya görüşə gedəndə onun məhbus şəkillərini uzun saçları arasında gizlədərək oradan çıxarda bilmişdir. Təhlükələrə baxmayaraq, qardaşının bütün fotoşəkillərini və sənədlərini repressiyaların ən şiddətli illərində belə qoruyub saxlaya bilmişdir.

Dadaş bəy tutulandan sonra, ailəyə başçılıq etmək vəzifəsi Pəri xanımın üzərinə düşmüşdür. O, 1926-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin lisaniyyət (dilçilik) fakültəsinin tələbəsi olmuşdur. Qardaşı tutulub güllələnəndən sonra ona da qarşı təqiblər başladı. Belə ki, onun bir neçə dəfə “xalq düşməninin” bacısı kimi universitetdən qovulmaq məsələsi qaldırılmışdı. Ancaq o zaman onu Dadaş bəyi yaxşı tanıyan universitetin prorektoru müdafiə etmiş, buna görə də Pəri xanım təhsilini davam etdirə bilmişdir. Ailə ehtiyaclarını ödəmək üçün Pəri xanım dərslərdən sonra Azərnəşr mətbəəsində işləyirdi.

1931-ci ildə P. Həsənova o zaman xalq təsərrüfatı sahəsində yüksək vəzifələrə çata bilmiş, daha sonra Xalq Yüngül Sənaye komissarı (naziri) və SSRİ Ali Sovetinin deputatı seçilmiş İskəndər Əliyevlə ailə qurmuşdur. Bundan sonra onun soyadı Əliyevaya dəyişdirilmişdir. Onların Rəna, Arif və Fuad adlı üç uşağı anadan olmuşdur. 1930-cu illərdə Pəri xanım “Şərq qadını” jurnalının məsul katibi vəzifəsində işləmiş, ancaq bu illər çox sürməmişdir. Belə ki, 1937-ci ildə Az. SSR K(b)P katibi Mir Cəfər Bağırov SSRİ Ali Sovetinin deputatlarını ifşa edə biləcək materialların və imzasız (anonim) məktubların yığılmasına dair gizli sərəncam verdi. Bu sərəncamı yerinə yetirən şəxslər ona bildirmişlər ki, İ. Əliyevin həyat yoldaşı bolşeviklər tərəfindən 1927-ci ildə güllələnmiş Müsavat partiyası gizli fəaliyyət göstərən təşkilatının sədri Dadaş Həsənovun bacısıdır [12, s. 59-60]. Beləliklə də ərinin həbs olunmasına zəmin yaradılmış, D. Həsənovun ailəsi ilə qohumluğu İ. Əliyevin təqib olunmasının səbəblərindən biri olmuşdur.

1938-ci ildə əri əksinqilabi fəaliyyətdə təqsirli bilinib həbs ediləndən sonra Pəri xanımın yenə ağır həyatı başlamış, evi və əmlakı müsadirə edilmişdir. Bu zaman o “xalq düşmənlərinin” həm bacısı, həm də həyat yoldaşı kimi damğalanmış, ona görə də redaksiyadakı işini tərk etməli olmuşdur. Ancaq “Şərq qadını” redaksiyasında işləyən zaman onun tanınmış ziyalılarla tanışlığı olduğundan onlar ona bu çətin illərdə kömək edib, Bakının Teatr muzeyinə işə düzəldə bilmişlər. Orada o, hətta bir müddət müdir vəzifəsini də icra etmişdir. Ancaq 1942-ci ildə təqiblərdən qorunmaq üçün Pəri xanım üç azyaşlı uşağı ilə Bakıdan Bərdəyə köçmüş, 1953-cü ilə qədər orada yaşayıb orta məktəb müəlliməsi olmuş, yalnız M. C. Bağırovun vəzifədən çıxarılmasından sonra Bakıya qayıda bilmişdir. Bakıya qayıtdıqda isə, oğlu Fuad gənc yaşında ikən vəfat etmişdir. Pəri xanım yalnız 1956-cı ildə, 18 il sürgün həyatı yaşamış və sonra bəraət olunmuş əri İ. Əliyevlə qovuşa bilmişdir.

İstintaq materiallarının etibarlılığı haqqında

Beləliklə Dadaş Həsənov (Həsənzadə), o dövrün mühacirətə getmiş müsavatçıların əsərlərində və onun bacısı Pəri xanımın xatirələrində öz həyatını qurban verən gizli təşkilatın və onun hərbi qolunun rəhbəri, M. Ə. Rəsulzadənin xaricə qaçırılmasında iştirak edən şəxs, əqidəli və sadiq müsavatçı kimi təqdim edilir. Buna görə də istintaq materiallarında olan tarixin ümumi xətti, bu mənbələrə uyğun gəldiyi üçün, etibarlı və tarixi hadisələri düzgün əks etdirən mənbə sayılmalıdır. Bundan başqa, istintaq işində saxtalaşdırılması mümkün olmayan çoxlu sayda D. Həsənovun dövrünə aid vərəqələr və başqa materiallar da vardır.

İstintaqdan kənar mənbələrdə təkcə Dadaş Həsənovun Gürcüstanın nümayəndələri ilə əlaqədə olması haqqında məlumata rast gəlmək olmur. Ancaq Azərbaycan və Gürcüstan əksinqilabi qüvvələrinin əlaqələri haqqında gürcü, rus və başqa müstəqil mənbələrdə də məlumatlar vardır. Deməli bu əlaqələri quranlar olub və onlardan birinin də təşkilatın fəal üzvü D. Həsənovun olması şübhə doğurmamalıdır. Buna görə də istintaq materiallarında olan xəbərləri inkar etmək olmaz.

Bundan başqa, D. Həsənovun dindirilmə və üzləşdirilmə protokollarında məntiqi uyğunsuzluqlar yoxdur. Bəlkə də hansısa kiçik detallar istintaq tərəfindən saxtalaşdırılmışdır, çünki Sovet xüsusi xidmət orqanlarında ehtiyac yarananda bu üsullara da əl atırdılar. Ancaq belə olsa da, hadisələrin ümumi axarı düzgün göstərilmişdir.

Daha sonra, D. Həsənovun başqa adamların adlarını çəkməməsi də onun əqidəli müsavatçı olmasını göstərir. Belə olmasaydı, öz canını qurtarmaq üçün istintaqa lazım olan istənilən adamın adını verərdi.

Bütün bu səbəblərə görə, Dadaş Həsənovun istintaq işində verilən tarixi hadisələri şübhə altına qoymaq olmaz. Ümumiyyətlə demək olar ki, istintaq işi onun haqqında obyektiv məlumat verən ən dolğun və etibarlı mənbədir.

Nəticələr

Nəticə olaraq qeyd edilməlidir ki, Dadaş Həsənov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə etmiş ən fəal müsavatçılardan biri olmuşdur. O, 1923-1926-cı illərdə gizli “Müsavat” təşkilatının rəhbəri olmuş, onun rəhbərliyi ilə hərbi təşkilat fəaliyyət göstərmiş, əksinqilabi ədəbiyyat yayılmış, repressiyalara uğramış müstəqillik mübarizlərinin ailələrinə yardımlar təşkil edilmiş, cəmiyyətə Azərbaycanın müstəqilliyinin bərpası ideyaları aşılanmış, xarici mühacirətlə əlaqələr saxlanılmışdır. Bu yolda o, ardıcıl və səmimi olmuş, heç bir zaman əqidəsindən dönməmiş, sonda isə həyatını belə qurban vermişdir.

Onun güllələnməsindən 65 il keçəndən sonra mübarizə apardığı bütün amallar gerçəkləşmiş və Azərbaycan müstəqilliyini bərpa edə bilmişdir. Bundan sonra ilk illərin uğursuzluqlarına baxmayaraq ölkəmiz getdikcə güclənmiş, inkişaf etmiş və dünya birliyi tərəfindən tanınmışdır. Bu da o deməkdir ki, Dadaş Həsənovun və başqalarının mübarizəsi və ölümü boşa çıxmamış, uğrunda həyatlarını qurban verən amallar gerçəkləşmiş olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, o zamanın mübarizləri cəmiyyətə müstəqillik ideyalarını yaymasaydılar, onun uğrunda mübarizə aparıb həlak olmasaydılar, günümüzdə buna nail olmaq imkansız olardı. Çünki hər şey keçmişə, ənənəyə bağlıdır. Məhz buna görə də müstəqilliyi əldə etmiş Azərbaycan respublikası prokurorluğunun Dadaş Həsənova bəraət vermə fərmanını çıxarması ədalətli və qanunauyğun olmuşdur.

D. Həsənovun həyat yoluna dair bəlkə də başqa faktlar da vardır. Xüsusən də mühacirətə getmiş müsavatçıların əsərlərində və onlar tərəfindən yayımlanan mətbuatda ya da hələ dərc edilməmiş əlyazmalarda onun haqqında yeni məlumatların olmasını istisna etmək olmaz. Ona görə də bu mövzu gələcəkdə daha geniş araşdırıla bilər.

D. Həsənovla bağlı olayların günümüzdə praktiki əhəmiyyəti

Dadaş Həsənov gənc yaşlarında fəaliyyət göstərmiş və gənc olaraq 29 yaşında həlak olmuşdur. Buna görə də onun həyat yolu, fəaliyyəti və vətən uğrunda ölümü Azərbaycan gəncliyi üçün vətənə sevgi hisslərinin aşılanması və milli ruhda tərbiyə edilməsi üçün bir örnək kimi istifadə edilə bilər. Bu məqsədlə onun haqqında məktəb dərsliklərində, ali məktəblərin humanitar fənlər kurslarında məlumatın verilməsi məqsədəuyğun olardı. Eləcə də onun həyat yolunu əks etdirən film də çəkmək olardı. Gənclik bilməlidir ki, müstəqillik heç də asanlıqla əldə olunmayıb. Onun uğrunda müxtəlif nəzəriyyələr yazılmış, mübarizələr aparılmış və çoxlu sayda qurbanlar verilmişdir.

Eləcə də Azərbaycan ordusu və Hərbi dəniz donanmasının əsgər və matrosları üçün Dadaş Həsənov düşmənlərin qarşısında əyilməməzliyin və qəhrəmanlığın örnəyi kimi təqdim edilə bilər. Hərbi hissələrdə keçirilən vətənpərvərlik dərslərində onun tarixinin yad edilməsi şəxsi heyətlərin döyüş ruhunun möhkəmləndirilməsi işinə xidmət edə bilər.

İstifadə edilmiş ədəbiyyat:

1. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi [Elektron resursu] http://edebi.net/index.php/kardes-edebiyatlar/azerbaycan-edebiyat/azerbaycan-cumhuriyeti/4892-huseyn-baykara-az-rbaycan-milli-istiqlal-mucadil-si (müraciət tarixi 19.03.2018)
2. Quliyev V. ‘Mənim babam kim olub?’ Bakı, Şuşa nəşriyyatı, 2001.
3. Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992.
4. Rəsulzadə M.Ə. Azərbaycan davası / “Azərbaycan” aylıq kültür dərgisi Sayı 2-3 (26-27), 1954 // Əsərləri, c. 4. Bakı: Qanun, 2013.
5. Saryal İ. Bakı rüzgarı. Bakı: Hədəf Nəşrləri MMC, 2017.
6. Yaqublu N.Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012.
7. Yurtsever E.V. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azərbaycan" jurnalı № 2-3 (27-28). İstanbul, 1954.
8. Балаев А. Мамед Эмин Расулзаде. На чужих берегах (1922-1943). М.: ООО ИПЦ „Маска“, 2013.
9. Дело № 43060 по обвинению Гасанова Д. А. и других, в 7 томах, 1926-1927 // Архив Службы Государственной безопасности Азербайджанской республики.
10. Зейналов Э. Мечты, мечты – где ваша сладость? [Электронный ресурс] musavat.com/ru/news/nacional-uklonisty-1920-h-ideya-socializma-v-glazah-azerbajdzhanskih-trudyashihsya-diskreditirovana_423239.html (дата обращения 19.03.2018).
11. Мамулиа Г. К вопросу антибольшевистского восстания в Грузии 1924 г. и его последствий для грузинского вопроса в Европе [Электронный ресурс]. URL https://ru.scribd.com/doc/130232593/Prometheus-no-15 (дата обращения 19.03.2018).
12. На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов. Составитель Теюб Гурбан. Редактор А. Балаев. Баку: "Ol"npkt, 2016.
13. Рустамова-Тогиди С. А. Март 1918 г. Азербайджанские погромы в документах. Баку: Научно-исследовательский центр Министерства Национальной Безопасности Азербайджана, 2009, 864 с.

# 2731 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #