Nazim Hikmətin intihardan xilas etdiyi azərbaycanlı

Nazim Hikmətin intihardan xilas etdiyi azərbaycanlı
15 yanvar 2018
# 10:35

Anar Məmmədli

Bu gün Nazim Hikmətin doğum günüdür. Son günlər artan intihar xəbərləri arasında Nazimlə bağlı həbsxana xatirəsi yadıma düşdü.

Kürdəxanada ilk yerləşdiyim kamerada qəsdən adam öldürmə ittihamı üzrə 50 yaşlarında bir mühəndis də saxlanılırdı. Qapalı adam idi. Ali təhsilini Rusiyada almış, uzun müddət Rostovda yaşamışdı. Azərbaycana 80-ci illərin əvvəlində qayıtdıqdan sonra həbs edilənədək dəmiryolu sistemində mühəndis işləmişdi. Ölüm işini dediyinə görə bunu mübahisə zəminində özünü müdafiə məqsədilə törətmişdi. Öldürdüyü şəxs biznesmen idi. Olay yerində ikisi olduğundan onun dediklərinə tam olaraq inanıb-inanmamaqda tərəddüd edirdim. Amma hadisəni törədəndən sonra ilk tibbi yardım üçün çalışmamasını, 12 saata yaxın polisdən gizlənməsini də qeyd etməliyəm. Adamı cəmi bircə bıçaq zərbəsi ilə öldürmüşdü. Biznesmen ölərkən çox qorxmuşdu. Və bu qorxu onu tərk etmirdi. Üstəlik peşmançılıq və utanc hissi yaranmışdı. Həyatdan küskün idi. Nadir hallarda gülürdü. Cəmi bircə dəfə mənə başına gələn işgəncələrdən danışmışdı. Yaşadıqları sadəcə dəhşət idi. Cinayətdə başqalarının iştirakı və soyğunçuluq məsələsi saxlanılarkən əsas suallardan olub.

Ailəsi ilə görüşə könülsüz çıxırdı. Yalnız qardaşı və kürəkəni ilə görüşürdü. Sonra onun məhkəmə prosesləri başladı. Bir ay sonra mənim də məhkəməm başladı. Mən kameraya gələnədək bir dəfə özünəqəsd etmək istəmişdi, amma alınmamışdı. Məhkəmənin sonunda – prokuror iş istəyəndə çox qəmgin vəziyyətdə kameraya qayıtdı. Səhəri gün intihara cəhd etdi. Kamerada heç kim yox idi. Cəhdi alınmadı. Sonra məhkəmə hökmü verildi – 14 il (5 ili qapalı rejimdə olmaqla). Apelyasiya müddətində növbəti dəfə intihara cəhd etdi. Bu dəfə kamera yoldaşlarımızdan biri içəridə idi. Onun telefona çıxmasından istifadə edib cəhd etmişdi. Bu olay kamerada xeyli kədərli durum yaratmışdı, bir yandan da yoxlamalar-izahat filan. Onunla bir xeyli söhbət etdik. Əmindik ki, imkan düşən kimi yenə intihara cəhd edəcək. Hərəmiz bir üsulla onu dilə tuturduq.

Bir gün ona Nazim Hikmətdən danışmağa başladım. Onun həbsindən, siyasi mübarizəsindən, həyat eşqindən və yaradıcılığından. Nazimin şeirlərini rusdilli olduğu üçün yaxud türkcə zəif bildiyi üçün yaxşı anlaya bilmirdi. İzah edirdim. Xüsusən də həbsxana şeirlərini oxutdururdum. Təxminən 10-12 gün kamerada Nazim şeiri günləri yaşandı.

Bu müddətdə xeyli açılışdı və etiraf etdi ki, övladlarından utanır, onlara görə xəcalət çəkir. Ona təklif etdim ki, övladlarına məktub yazsın. Böyük qızı və oğluna yazmağa cəsarət etmədi. Amma kiçik qızına yazdı.

Və təxminən iki həftə sonra qızından məktub gəldi. Adam gəzinti otağına keçib məktubu oxumağa başladı. İki-üç gün məktubu göz yaşlarıyla dəfələrlə oxudu. Qızı ondan idman etməyi, yeməyinə fikir verməyi və onun azad olunduğu günədək ailə qurmayacağını yazmışdı.

Qızın 17 yaşı olardı. Məktub onu dəyişdi. Artıq deyib-gülürdü, idman edirdi. Əvvəlki tək saatlarla çarpayıda uzanmırdı, kitablar oxuyurdu. Sonra onu həbsxanaya etap etdilər.

Gedərkən mənim şahmatımı və Nazim Hikmətin şeirlər kitabını da özü ilə apardı.

# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?

Əsgəranı daşnaklardan qoruyan generalımız - O, həbsxanadan Xüsusi Şöbənin rəisinə yazdığı məktubda nə istəyirdi?

12:00 30 dekabr 2025
Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?

10:00 29 dekabr 2025
Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən  Xalq artisti  - Qardaşı niyə onu baltalamaq istəmişdi?

Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti - Qardaşı niyə onu baltalamaq istəmişdi?

12:00 27 dekabr 2025
NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər