A kişi, get işə! ELÇIN HÜSEYNBƏYLİNİN YAZISI

A kişi, get işə!  <span style="color:red;">ELÇIN HÜSEYNBƏYLİNİN YAZISI
6 aprel 2015
# 10:30

Səhər-səhər yuxudan durandan sonra ədəb-ərkanla hamama girirəm və yenə də ədəb-ərkanla üzümü qırxıram, üzümü siləndə görürəm ki, dəsmal tərsinə asılıb, ağ yerlikdəki qızılgüllər baş-ayaqdır, onda çaşıram, əsəbləşirəm və üzümü mətbəxə tərəf tutub acıqlı-acıqlı soruşuram:

-Bu məhrəba niyə tərsinə asılıb?

O da uzaqdan-uzağa mənə tərs bir əmr verir:

-A kişi, get işə! Evdə oturmaqdan qoca arvadlar kimi deyingən olmusan.

Barı “qoca kişilər kimi” deyəydi. Yox, deməz, boynuna diri ilan da salsan məni sancmasa, xeyri yoxdur. Özü də bicliyini tutmuşam, qəsdən məni cırnadır ki, bezəm və çıxam işə.

Balkona çıxıb zir-zibil yığılan torbaları götürürəm, aşağı düşüb onları zibilxanaya atıram. Bu da bir işdi də. Sonra parka gəlirəm, sərçələrimə şikayət eləmək istəyirəm. Amma sözüm ağzımda qalır, onların yanında ayaq saxladığımı görəndə uçub başqa kola qonurlar. Hənirimdən duyurlar ki, məsələ qəlizdi.

Kor-peşman evə qayıdıram, otağıma girib kompüterin arxasına keçirəm. Yaz-poz məsələsi.

Mənim səhərlərim beləcə başlayır.

Otağa gəlir, çarpayının böyründə oturub deyir:

-Sənə iş tapmışam.

-Nə yaxşı, - deyiram,- harda?

-Get dərs de. Universitet də evimizin böyründədi.

-Yox, -deyirəm, - mənim vaxtım yoxdu. Bəs yazılarımı kim yazsın?

-Sənin yazılarına nəsə verən var?

-Aha, deməli sən pul davası döyürsən.

-Nə pul, a kişi, -deyir, -pul nəyimizə lazımdı.

Cümləsinin ikinci hissəsi məni ələ salmaq üçündü.

-Bura mənim iş yerimdi, -deyə otağıma işarə edirəm, - özü də içəri girməmişdən qabaq qapını döy, məni də narahat eləmə. Fikrimi dağıdırsan.

O inciyən kimi olur, bəlkə də qəsdən özünü elə göstərir.

-Qoy, uşaxlar gəlsin, deyəcəm səni zorla işə göndərsinlər. Evdə oturmaqdan gündən günə şişirsən, passivləşirsən.

-Özündən ayıb ola, deyirəm.

Bu dəfə əməlli-başlı inciyir, amma getməmişdən qabaq güzgünün qabağında dayanıb bir xeyli özünə baxır, bir gözünün qırağı ilə də məni xəlvət süzür.

Kompüterin düymələrini bir az tıqqıldadandan sonra qonaq otağına girib pəncərənin qabağına gəlirəm. Çölə baxıb deyinirəm:

-Vaxtında dedim ki, evi satıb, həyət evi alaq, quş budaqda oturan kimiyik. Heç olmasa həyət olardı, bir ağac əkərdim, dibini belləyərdim, sulayardım. Sonra samovar qoyardım.

-Sonra da dostlarını yığardın başına, yeyib-içərdiniz, heylə? Mən də hıqqana-hıqqana dağıtdıqlarınızı yığışdırardım.

Əməlli-başlı deyinir. Mən onun dediklərini bir qulağımdan alıb, o birisinə verirəm. O biri qulağım da çöldən gələn siqnal səslərinə qarışdırır.

Ev adamı da televizorun kanallarını yoxlayır, düz-əməlli bir şey tapmadığından cırnayır, deyinir:

-Nə qədər xəstəlikdən, yemək-içməkdən danışarlar e!

-Bəlkə gəzməyə gedək,- deyə təklif edirəm.

Gözləri işıqlanır, qırışığı açılır:

-Hara? – suallı baxışını üzümə dirəyir.

-Hara? – mən də eyni sualı verirəm.

Çox çək-çevirdən sonra evdə oturmağın faydası barədə mülahizələrim üstün gəlir.

Sonra...

Deyəsən çox deyindim. Qorxuram ki, siz də sözü bir yerə qoyub deyəsiniz:

-A kişi yaman çox danışdın e, dur get işə!..

# 2278 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
#
#
# # #