Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi

Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi
11 may 2016
# 17:06

Bu kiçik yazımda Kulis.az saytında yaradılışçı Savalan Məhəmmədlinin Şahin Həsənlinin eyni saytda yayımlanan təkamüllə bağlı məqaləsinə yazdığı cavab barəsində bəzi mülahizələrimi oxucularla bölüşmək istərdim:

1. Savalan Məmmədlinin Şahin Həsənlinin təkamüllə bağlı yazısına tənqidində ciddi metodoloji problemlərdən biri odur ki, Savalan bəy bir-birinə yaxın, amma fərqli olan üç anlayışı bir-birindən ayırd edə bilməyib:

A) Darvinin təkamül nəzəriyyəsi;
B) Darvinizm;
C) Evolyusionizm.

2. Savalan bəyin və onun kimi düşünənlərin başqa bir metodoloji səhvi isə odur ki, bilərəkdən və ya bilməyərəkdən təkamül nəzəriyyəsini ateizmlə eyniləşdirirlər. Elə sanırlar ki, kimsə təkamül nəzəriyyəsinə inandısa, deməli, ya ateistdir, ya da ən azı, ateizmə zəmin yaradanlarla eyni cəbhəni bölüşür. Halbuki bilməlidirlər (əgər bilmirlərsə və ya bilirlərsə də, etiraf etməlidirlər) ki, təkamül nəzəriyyəsi həm teist, həm ateist, həm də aqnostik şəkildə təfsir edilə bilər, ancaq bu nəzəriyyə mahiyyətcə onların heç birini özündə ehtiva etmir. Şahin Həsənli də, zənnimcə, yazısında bunu söyləməyə çalışırdı. Nədənsə, hörmətli tənqidçi bu xüsusa diqqət etməyib və ya etmək istəməyib. Hər halda, tənqiddə ciddi metodoloji yanlışlıq var. Savalan bəy Darvinin təkamül nəzəriyyəsi ilə darvinizmi eyniləşdirib.

3. Savalan bəy kimi kreatsionizmi müdafiə edənlərin əsas məqsədi bu yolla Tanrının var olduğunu isbatlamaqdır. Onlar elə düşünürlər ki, yaradılışın mərhələli deyil, anidən baş verdiyini isbatlamaqla "Tanrı vardır" - nəticəsini əldə edəcəklər. Digər fikri cəbhədə olan (təkamülçülər yox) darvinistlər isə onların əksinə olaraq, yaradılışın mərhələli olması ilə "Tanrı yoxdur"- nəticəsini əldə etdiklərini sanırlar. Hər iki qrup yanılır. Nə kreatsionistlər, nə də darvinistlər fəlsəfi düşünə bilir, çünki nə anidən yaradılışla Tanrının varlığı arasında, nə də mərhələli yaradılışla Tanrının yoxluğu arasında məntiqi əlaqə var. Başqa sözlə, yaradılışın keyfiyyəti bizə nə Tanrının var olduğunu, nə də var olmadığını söyləyə bilər. Bu məsələ tamamilə hər iki versiyaya açıqdır. Əsas olan isə bu olquları necə fəlsəfi baxımdan təhlil etməkdir. Bu da o deməkdir ki, Tanrının var olub-olmaması elmi yox, fəlsəfi məsələdir. Burada son sözü elm yox, fəlsəfə deyə bilər. Odur ki, kreatsionistlər və darvinistlər yaradılışın mexanizmini elmi baxımdan təsvir etməklə metafizik bir nəticə ("Tanrı var" və ya "Tanrı yoxdur") əldə etmə haqları yoxdur.

4. Zənnimcə, Savalan bəyin "dinin tərifi", "dindən gözlənti", "dinin əhatə dairəsi", "dinin dili" kimi fundamental dinxarici kateqoriyalar barədəki önfərziyyələri, təsəvvürləri olduqca xam, əsassız və müdafiə edilə bilməyəndir. Yazısında kreatsionizmin lehinə istinad etdiyi Quran ayələrindən bunu sezmək mümkündür. Odur ki, Savalan bəyin tənqidlərinin doğruluğu söykəndiyi önfərziyyələrinin doğruluğundan asılıdır. Belə olan halda, hansı əminliklə öz opponentini bu qədər rahatca tənqid edə bilər? Məgər nə zaman öz önfərziyyələrini möhkəm tutarlı əqli arqumentlərlə isbatlaya bilib? Buyursun, bu, meydan, bu da biz, bir-bir önfərziyyələrini əsaslandırsın öz opponenti üçün. Əks təqdirdə, onun öz opponenti üzərində nə kimi epistemik üstünlüyü ola bilər ki?

5. Savalan bəy öz müddəasının lehinə istinad etdiyi ayələr barədə bir gerçəyi görməməzlikdən gəlir. Elə sanır ki, Quran mətni birbaşa aydın şəkildə Darvinin təkamül nəzəriyyəsini rədd edir. Halbuki indiyə qədər məlum ayələr barədə üç fərqli yanaşma qeyd edilib:

A) Quran mətni təkamül nəzəriyyəsinə qarşıdır.
B) Quran mətni təkamül nəzəriyyəsini təsdiq edir.
C) Quran mətni təkamül nəzəriyyəsi barədə sükut edir. Belə ki, nə təsdiq, nə də inkar edir.

Quran mətnini önyarğısız oxumalı olsaq, 3-cü yanaşmanı daha məqbul, obyektiv, reallıqla üst-üstə düşən hesab etmək olar. 1-ci və 2-ci yanaşmanı müdafiə edənlər-etiraf etsələr də, etməsələr də- "Quranın dili mahiyyətcə elmi dildir."- önfərziyyəsindən çıxış edirlər. Belə bir önfərziyyə isə Quran mətninin mahiyyətinə yaddır.

6. Savalan bəy bilərəkdən və ya bilməyərəkdən fiziki aləmlə metafizik aləmi mahiyyət və qanun baxımından eyni hesab edir. O, elə düşünür ki, kimsə fiziki aləmdə təkamül prosesini qəbul etsə, onda metafizik aləmdəki varlıqlar barədə də eyni cür düşünməlidir. Başqa sözlə, Allah fiziki aləmdə yaradılışı təkamül qanunu əsasında həyata keçirirsə, onda, mütləq, metafizik aləmdə də eyni qayda ilə davranmalıdır. Savalan bəy möhkəm əqli-fəlsəfi dəlillərlə isbatlamalıdır ki, fiziki aləmlə metafizik aləm mahiyyətcə eyni olub oxşar qanunlara tabedirlər. Zənnimcə, hələ indiyədək heç bir dini və ya sekulyar filosof bu müddəanı sübuta yetirə bilməyib. Odur ki, Şahin Həsənlidən izahını tələb etdiyi metafizik örnəklər yersiz tələbdir.

7. Savalan bəyin yazısındakı digər bir xəta isə "möcüzə"ni düzgün anlamağından irəli gəlir. O, təkamül nəzəriyyəsini rədd etmək üçün Hz. Musa və İsanın möcüzələrinə istinad edərək deyir ki, Musanın əsasının ilana çevrilməsi mərhələli deyil, anidən baş verdi. İsanın möcüzəsində də eyni olay baş verirdi, belə ki, o, palçıqdan quşa bənzər bir şey düzəldirdi və Allah da onu bir anın içində quşa çevirirdi. Savalan bəy buradan nəticə alır ki, deməli, Allah yaradılışı mərhələli deyil, anidən həyata keçirir. Bu əsasla, Quran mətni təkamülə qarşıdır. Savalan bəy nədənsə unudur ki, möcüzə qayda yox, istisnadır. İstisnanın adı isə üzərindədir: istisna. Deməli, istisna durumunda baş verən bir hadisəni heç bir zaman qaydalaşdırmaq olmaz. Bu, məntiqi səhvdir. Savalan bəy nə üçün bu məntiqi səhvi görməməzlikdən gələrək sofistikaya yol verir?!

8. Savalan bəyin yazısında yol verdiyi ən böyük sofistika təkamül nəzəriyyəsini elmi baxımdan batil, çökmüş olduğunu göstərməyə çalışmasıdır. O, oxucuda elə bir təsvir yaratmağa cəhd edir ki, guya bu gün modern elmdə yaradılışla bağlı elmi meyarlar əsasında isbatlana bilən yeganə alternativsiz nəzəriyyə "kreatsionizm"dir. Təkamül nəzəriyyəsi isə sadəcə olaraq təsdiqini tapmayan bir fərziyyədir. Savalan bəy əgər bir az elm fəlsəfəsi (Philosophy of science) ilə məşğul olub bu elmdə elmi nəzəriyyələrin necə formalaşdığından xəbərdar olsaydı, heç bir zaman belə bir əminliklə danışmazdı. Elmi nəzəriyyələrin mahiyyəti riyazi və məntiqi nəzəriyyələr kimi qətilik, şəffaflıq, yəqinlik, əminlik üzərində qurulmur, əksinə onlar təkcə zənn, güman, təxmin, ehtimal üzərində inşa edilirlər. Xüsusən də nəzərə alsaq ki, kreatsionizmin lehinə göstərilən fosillər, qalıqlar paleontoloji tapıntılardır. Karl Popperin dili ilə desək, elmi nəzəriyyələrdə önəmli olan onların izah (Explanation) gücüdür. Hərçənd, bir çox tədqiqatçıların fikrincə, təkamül nəzəriyyəsinin izah gücü kreatsionizmin izah gücünə baxanda, daha məqbul və daha çoxdur.

9. Savalan bəy kimi yaradılışçıların diqqətinə çatdırmaq istərdim ki, bu gün Darvinin təkamül nəzəriyyəsi modern dünyada Kopernikin astronomiyadakı inqilabı kimi dəyərləndirilir. Bu nəzəriyyə genetika, biokimya, neyrobiologiya, fiziologiya, ekologiya və s. bu kimi canlı orqanizmə dair elm sahələrinin (life sciences) mərkəzində dayanır. Digər elm sahələrindəki nüfuz və təsirini isə qeyd etməyə lüzum yoxdur. Bu gün elm dünyasında hələ də Darvinin təqdim etdiyi təkamülün özü bir nəzəriyyə kimi qəbul edilir. Fikir ayrılıqları isə nəzəriyyə daxilindədir, yəni təkamülün zaman kəsiyində necə işləməsidir. Elm filosofu Dominik Svitmənin dili ilə desək, təkamül nəzəriyyəsində iki mətləbi bir-birindən ayırmalıyıq: 1) Şübhəsiz, təkamül baş verib. 2) Bu təkamül hansı mexanizm çərçivəsində həyata keçib. Bunları xatırlatmaqda məqsədim Savalan bəy kimi yaradılışçıların məqsədyönlü şəkildə yol verdikləri bir sofistikanı üzə çıxartmaqdır: "Təkamül nəzəriyyə yox, fərziyyədir". Elə buna görə də, Savalan bəy Şahin Həsənliyə tənqidində "təkamül fərziyyəsi" ifadəsindən istifadə edir. Savalan bəyin yaratmağa çalışdığı yanlış təsvirə əks olaraq, modern dünyada təkamül fərziyyə yox, nəzəriyyə kimi qəbul edilərək kreatsionizmin ciddi rəqibi hesab olunur.

10. Son olaraq Savalan bəyin "din" və "elm (Science)" barədəki yanlış təsəvvürünü qeyd etmək istərdim. O, yazısında dini fizikləşdirir, elmi isə metafizikləşdirir. Elə sanır ki, din fiziki aləmdən danışırsa, deməli, bu, onun predmetinə daxildir. Bundan əlavə, o, elmin bətnindən metafizika da dartıb çıxardır və nəticədə, "Elmin araşdırma predmetində sadəcə maddə var deyə bir məhdudiyyət yoxdur."- sözlərilə predmeti xalis maddə hesab olunan bir nəsnəni metafizikləşdirməyə cəhd göstərir. Savalan bəy belə bir yanaşma ilə din və elmin mahiyyətindən xəbərsiz olduğunu göstərir. Gəlin, bunu bir az açaq. İlk olaraq aşağıdakı sualları nəzərdən keçirək:

A) İnsan nə üçün vəhyə ehtiyac duyur?

B) İnsan nə üçün hissə ehtiyac duyur?

C) İnsan nə üçün ağıla ehtiyac duyur?

Yuxarıdakı hər bir suala veriləcək cavab, əslində, həmin bilik qaynağının (vəhy, hiss və ağıl) predmetini müəyyənləşdirir. Bu əsasla, əgər vəhyə ehtiyaclı olduğumuzu düşündüyümüz bir məsələdə hiss və ya ağıl həmin ehtiyacı təmin edirsə, o zaman vəhyə nə gərək var? Bu vacibliyi necə izah etmək olar? Fərzə görə, həmin məsələdə hiss və ya ağıl bizim ehtiyacımızı təmin edir. Elə isə vəhyə olan ehtiyacı hansı arqumentlə əsaslandırmaq olar axı? Başqa sözlə, "İnsan nə üçün vəhyə ehtiyac duyur?"- sualındakı səbəb (nə üçün) elə bir səbəbdir ki, onu təkcə vəhy ilə təmin etmək mümkündür, başqa bir şeylə yox. Əks təqdirdə, sual yanlış olardı. Bu isə o deməkdir ki, həmin məsələdə vəhyə ehtiyacımız yoxdur, çünki onu təmin edə bilən uyğun bir bilik qaynağı (hiss və ya əql) var. Deməli, insanın vəhyə olan ehtiyacı elə bir ehtiyac növündən olmalıdır ki, onu nə hissdən, nə də ağıldan əldə etmək mümkün olmuş olsun. Belə bir təhlildən aşağıdakı nəticələri əldə edə bilərik:

A) Vəhy dini, hiss elmi, ağıl isə fəlsəfəni təmsil edir.

B) Varlıq aləmində iki cür həqiqət var: 1) dini həqiqətlər, 2) meta-dini həqiqətlər.

C) Dinin predmeti məchul metafizika, fəlsəfənin predmeti isə məlum metafizika ilə məhdudlaşır. Məchul metafizika dedikdə isə başqa bilik qaynaqları ilə əldə edilməsi mümkün olmayan metafizik bilikləri nəzərdə tuturam. İnsanın dinə olan ehtiyacı da məhz bu kimi biliklərdən qaynaqlanır.

D) "Quranda yazılan hər bir şey dindir."- müddəası sofistikadan başqa bir şey deyil. Çünki əgər belə olsaydı, o zaman yuxarıdakı sual- "İnsan nə üçün vəhyə ehtiyac duyur?" yanlış olardı. Ona görə ki, Quran mətnində hiss və ağılla əldə edilə bilən çoxsaylı biliklər var.

E) Dini mətnlərdə (Quran kimi) hansısa bir meta-dini həqiqətin və ya bilginin qeyd olunması onun dini olması anlamına gəlmir.

Ə) Nəyin "dini" və nəyinsə "meta-dini" olmasını dindaxili təhlillər yox, əksinə, dinxarici təhlillər göstərir.

Emin İmanlı

# 1534 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #