Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Aspendos Antik Şəhərində apardığı qazıntı işlərində antik şəhərin əsas nəqliyyat xətlərindən biri olan təxminən 2 min illik Teatr küçəsinin 300 metrlik hissəsi üzə çıxarılıb.
Kulis.az xəbər verir ki, işlərin tamamlanan hissəsi ilə birlikdə ziyarətçilər antik teatrdan akropola qədər uzanan tarixi marşrutu piyada gəzə biləcəklər.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında verdiyi açıqlamada Aspendosdakı qazıntılar çərçivəsində Teatr küçəsinin təxminən 300 metrlik hissəsinin üzə çıxarıldığını bəyan edib.
Ersoy ziyarətçilərin artıq antik teatrdan akropola qədər uzanan marşrutda şəhərin tarixi mənzərəsini addım-addım seyr edə biləcəyini qeyd edib.
Qazıntılar zamanı küçə boyu sıralanan dükanlar, girişlər və ara küçə bağlantıları da aşkar edilib.
İşlər çərçivəsində həmçinin öz orijinal memarlıq xüsusiyyətlərini böyük ölçüdə qoruyub saxlayan çörək sobası tapılıb. Yolun hər iki tərəfində yerləşən və bəzi hissələrdə 2,5 metr hündürlüyə çatan divarların daş və kərpicin birlikdə istifadə edildiyi "opus mixtum" texnikası ilə inşa edildiyi müəyyən olunub.
Qazıntılar zamanı Teatr küçəsinin çatdığı Şərq Meydanındakı monumental giriş qurğusu da gün üzünə çıxarılıb. "Teatr küçəsinin Şərq monumental qapısı" olaraq adlandırılan qurğunun cənubunda eksedra planlı bir çeşmə və terras üzərində inşa edilmiş iki məkan müəyyənləşdirilib.
Ərazidə aparılan işlərdə Hermes, Artemida, Afrodita, Eros və Nemesida heykəlləri ilə yanaşı, çox sayda memarlıq elementi tapılıb. Tapıntılar sözügedən tikilinin eramızın II əsrinin sonu və III əsrinin əvvəllərində inşa edildiyinə işarə edir.
Şərq Meydanındakı hovuzlu tikilinin zəminində yer alan Gənc Evrimedon mozaikası da qazıntıların önə çıxan kəşfləri arasında yer alıb.
Teatr küçəsindən başqa aparılan qazıntılarda isə İkimərtəbəli dükanlar və Stoa kompleksində Finikiya sikkəsi və şüşə alabastron nümunələri tapılıb. Qazıntı qrupu bu tapıntıların Aspendosun başda Suriya-Fələstin coğrafiyası olmaqla, Şərqi Aralıq dənizindəki dəniz ticarət şəbəkələri ilə güclü əlaqələr qurduğunu göstərdiyini bildirib.
Nazir mədəni irsin elmi üsullarla qorunması, üzə çıxarılması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlərin davam edəcəyini ifadə edib.