Tanınmış aktyora dəli kimi aşiq oldu, əri onu filmə çəkilməyə qoymadı, doğum günü qəzada öldü – Kinomuzun Həcərindən bilmədiklərimiz

Mömünat Qurbanova, aktrisa

Mömünat Qurbanova, aktrisa

8 dekabr 2021
# 21:00

Bu gün aktrisa Mömünat Qurbanovanın doğum və anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundan Möminat hamıdan ərköyün və çılğın uşaq idi. Orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir.

“7 oğul istərəm” filminə baxan gündən aktrisa olacağını qət edir. Filmdə baş qəhrəmanlardan birini canlandıran Cəlalın şəklini otağının divarından asır. Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluqa yığıb saxlayır.

1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirir. Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyir. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun nəzərini cəlb edir. O, Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”, - deyə yarızarafat cavab verir. Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna təsdiq olunur.

Onların münasibətləri elə bu filmlə də başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur.

Həyat yoldaşı Ənvər Həsənov onun aktrisa kimi fəaliyyət göstərməsinə etiraz edir. O, xatirələrində deyir: “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.

Artıq aktrisa olmayacağı ilə barışan Mömünat daha bir filmə dəvət alır. Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir.

Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir. At isə onu götürüb gedir. Bütün çəkiliş heyəti qorxu keçirir. Ənvər Həsənov bundan sonra Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özü ifa edir.

***

Mömünat Qurbanova İncəsənət Muzeyində çalışıb, şöbə müdiri kimi fəaliyyət göstərib. Bütün həyatı boyu yalnız üç filmə çəkilir. Hər üç filmdə də həyat yoldaşı ilə birgə işləyir.

Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər. Nəticədə Mömunat Qurbanova dünyasını dəyişir. Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır:

“Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi.”

# 46253 dəfə oxunub

Oxşar xəbərlər

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

12:33 7 iyul 2026
Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

14:00 4 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər