Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?
21 sentyabr 2024
# 15:00

Kulis.az Firuz Mustafanın "Molotovdan ta Molotov kokteylinə qədər" adlı yazısını təqdim edir.

Kitabxana zalının girişində kiçik bir növbə yaranmışdı. Məndən bir az aralıda ortaboylu, eynəkli, ciddi görkəmli, enlialınlı, saçına və bığına dən düşmüş, səliqəli geyimli bir kişi dayanmışdı. Mən bu adamı son vaxtlar tez-tez kitabxanada görürdüm. Onun sifəti çox tanış gəlirdi. Bu adamı hər dəfə görəndə özüm-özümə sual verməli olurdum: görəsən, mən onu haradan tanıyıram? Bu boyda şəhərdə belə bir şəxsi tanışımın olmamasına yüz faiz əmin idim. Çünki Moskvadakı tanışlarımı az qala adbaad tanıyırdım. Bu adamı, daha doğrusu, onun şəklini isə, olsa-olsa ya televizorda ya dərslikdə, ya da qəzet-kitab səhifəsində görə bilərdim. Çox güman ki, məşhur yazıçı, yaxud alımlərindən biridir, sadəcə, indi onun kimliyini yada sala bilmirdim.

Arabir yaxınlıqdakı "tanışıma" altdan-altdan göz qoyurdum. Növbəmiz yetişəndə bilərəkdən ayaq saxladım ki, əvvəlcə bu yaşlı adam keçib getsin. Kişi təşəkkür edirmiş kimi başını yüngülcə tərpədib irəli keçdi, oxucu biletini girişdə dayanmış qadına uzatdı.

Qadın kişinin əlindəki vərəqə giriş üçün ştamp vurub ehtiramla dilləndi:

- Buyurun, Vyaçeslav Mixayloviç.

Kişi kitabxananın pillələrinə yaxınlaşıb ora-bura boylandı, sonra ani olaraq nəsə fikirləşib qıvraq addımlarla oxu zalına sarı döndü.

Arxa tərəfdən kimsə dilləndi:

- İndicə içəri keçən adam Molotov deyildi ki?

Kitabxanaçı qadın cavab verdi:

- Bəli, Molotov idi.

- O, hələ sağdır?

- Görürsüz ki, sağdır.

Başqa bir adam da bu "diskussiyaya" qoşulub dedi:

- Deməli, Stalin də indiyəcən sağ qala bilərmiş...

Son günlər kitabxanada rastlaşdığım bu adamın kimliyini mən yalnız indi bildim.

Vyaçeslav Mixayloviç Molotov vaxtilə SSRİ-nin başçılarından biri, daha doğrusu, "ikinci rəhbəri" olmuşdu. O, Stalin komandasının sədaqətli üzvlərindən biri hesab olunurdu.

Molotov 1890-cı ildə anadan olmuşdur. Əsl soyadı Skryabin idi. Onuşaqlı ailənin üçüncü övladı idi. Ailənin digər üzvləri sonralar öz əzəli familiyalarını daşısalar da, Vyaçeslav sonralar özünə inqilabi bir təxəllüs götürmüşdü və onun vaxtilə "Skryabin" olduğunu çoxları bilmirdi. Onun qardaşlarından biri isə Nikolay Mixayloviç, "Nolinskiy" soyadı ilə tanınmış bəstəkar oldu.

Mixail Skryabin istedadlı uşaq idi. Uşaq vaxtı yaxşı skripka çalırdı. Hətta, arada öz gələcək həmkarı Stalin kimi şeir yazmağı da vardı. Yeri gəlmişkən, Stalin komandasının gələcək Baş naziri 1912-1913-cü illərdə "Pravda" qəzetində redaksiya müdiri vəzifəsində çalışarkən orada Koba ilə, yəni Stalinlə tanış olmuşdu. Mixail məhz bu tanışlıqdan sonra, 1915-ci ildə özünə inqilabi "Molotov" təxəllüsünü götürdü.

Molotov inqilabdan sonra bir müddət Rusiya Bolşeviklər partiyasının katibi vəzifəsində çalışır. Amma bir müddət sonra, 1921-ci ildə, bu vəzifəyə Zinovyev və Kamenevin məsləhəti ilə Stalin seçilir və Baş katib postunu tutur.

Leninin vəfatından sonra Vyaçesalav Molotov hakimiyyət uğrunda gedən mübarizədə daim Stalini dəstəkləyir.

Bildiyimiz kimi, Lenindən sonra Xalq Komissarları Şurasının sədri Aleksey Rıkov seçilmişdi. 1930-cu ildə Rıkov vəzifədən kənarlaşdırıldı, onun yerinə Molotov təyin edildi. Az sonra Stalinin "dostları" Zinovyev, Kamenev, Buxarin, Rıkov güllələndi.

1939-cu ildə SSRİ-nin xarici işlər komissarı Maksim Litvinovu artıq böyük partiya və təsərrüfat təcrübəsi olan Molotov əvəz etdi.

1941-ci ildə Hitler Almaniyası SSRİ-yə hücum edərkən bu barədə radio ilə çıxış edərək sovet xalqına ilk geniş məlumatı da Molotov vermişdi. Uzun illər bu müraciətdə onun işlətdiyi qanadlı frazalar dillər əzbəri oldu: "Bizim işimiz haqq işidir. Düşmən darmadağın ediləcək. Qələbə bizimlədir!".

Müharibədən sonrakı illərdə Molotovla Stalinin arasında bir "soyuqlaşma" başladı. Elə buna görə də Vyaçeslav Mixayloviç 1949-cu ildə öz vəzifəsi ilə vidalaşmalı oldu, onu baş diplomat vəzifəsində Andrey Vışinski əvəz etdi. Molotov MK Rəyasət heyətinin tərkibində qalsa da, tez-tez Stalinin tənqidinə məruz qalırdı. Az sonra onun arvadı Polina Jemçujina həbs edildi. Yeri gəlmişkən, Stalinin ölkəyə rəhbərliyi dövründə vəzifədə olan bir çox görkəmli dövlət xadimlərinin arvadları ya həbs edilmiş, ya da sürgünə göndərilmişdi. Bunlara misal olaraq "Ümumittifaq ağsaqqalı" - SSRA Ali Sovetinin sədri Mixail Kalinin arvadı Yekaterina Lorberq-Kalinina, Xruşşovun gəlini Lyubov Sizıx-Xruşşova və digərlərini göstərmək olar.

Hətta, dahi rəhbərin öz yaxın qohumları da həbs edilmişdi. Onun birinci arvadının az qala bütün qohumları, ikinci arvadı Nadejdanın bacısı Anna Sergeyevna Alliluyeva-Redens 1948-ci ildə Polina Semyonovna Jemçujina ilə birgə həbs olunmuşdu. O, yalnız Stalin öləndən sonra bəraət aldı.

Stalinin vəfatından sonra Molotov yenidən xarici işlər naziri vəzifəsini tutur, lakin iki il sonra, 1956-cı ildə tutduğu vəzifədən azad edilir. O zaman SSRİ-nin üç şəhəri Molotovun adını daşıyırdı; tezliklə həmin şəhərlərin adı dəyişdirildi. Təcrübəli diplomat 1957-ci ildə "antipartiya" qrupunun üzvü elan edilsə də, 1959-cu ildə Monqolustana səfir təyin olunur. 1961-ci ildə 21-ci partiya qurultayında Xruşşov və onun tərəfdarları Molotovun partiya sıralarından qovulmasını tələb edirlər və tezliklə bu məsələ öz həllini tapır. O, 1963-cü ildən təqaüdə göndərilir. Yalnız aradan iyirmi ildən çox bir zaman keçəndən sonra, 1984-cü ildə onun kommunist partiyasına üzvlüyü bərpa olundu. Bu, o zamanlar idi ki, Konstantin Çernenko Baş katib idi. Molotovun yenidən partiya sıralarına qayıtmasının təşəbbüskarı isə filosof Riçard Kosolapov olmuşdu.

Vyaçesalav Molotov 1986-cı ildə qəzetlərdən birinə verdiyi müsahibədə artıq səksən illik partiya stajına malik olduğunu deyirdi.

Mənim indi haqqında söhbət açdığım çağlarda (80-ci illərdə) keçmişdə yüksək vəzifə adamlarının həyatı, az qala, tam məxfi saxlanılırdı. Halbuki onların bir çoxu, hətta, Stalinin ən yaxın əhatəsində olanların əksəriyyəti hələ sağ idi.

Sən demə, o zaman SSRİ-nin keçmiş rəhbərləri Lazar Kaqanoviç (1893-1991), Georgi Malenkov (1901-1988), Dmitri Şepilov (1905-1995) da sağ imiş. Biz bu məlumatları yalnız "aşkarlıqdan" sonra əldə edə bildik. Amma həmin adamlar, "Stalin qvardiyasının" üzvləri demək olar ki, həyatlarının sonuna qədər susmağa üstünlük verdilər.

...Vaxtilə Moskvada payız yağışlarının aravermədən yağdığı bir zamanda Lenin adına kitabxanada gördüyüm keçmiş Baş nazir Vyaçesalav Molotov 1986-cı ilin 8 noyabrında vəfat etdi.

İndi mən bir şeyi də xatırladım: SSRİ-nin keçmiş Baş naziri zahiri görkəmi ilə Azərbaycanın hal-hazırkı Baş naziri Artur Rasizadəyə çox oxşayırdı.

...Xatırımdadır, mən Moskvadan qayıdandan sonra televiziyaya getmişdim. Ədəbi dram Baş redaksiyasının Baş redaktoru yazıçı Nahid Hacızadə və onun müavini Gəray Fəzli ilə söhbət zamanı Molotovun hələ sağ olduğunu, tez-tez kitabxanaya gəldiyini dedim. Yazıçı həmkarlarım bir-birinə baxıb güldülər. Mən təəccübləndim.

Vaxtilə səsini müharibədə itirmiş Gəray Fəzli xırıltılı səslə dedi:

- Bizim gülməyimizin səbəbi var.

Soruşdum:

- O nə səbəbdir elə?

Gəray müəllim qısaca bunu dedi:

- Biz ötən qış Nahidlə Moskvaya getmişdik. Nahidin kitabının tərcüməçisi Tatyana Oşanina bizi öz ata evinə dəvət etdi. Tanyanın atası bu gün Rusiyanın ən məşhur şairlərindən biri Lev Oşanindir. Lev Oşaninsə məşhur yazıçı Qleb Uspenskinin kürəkənidir. Nə isə, getdik dünyaşöhrətli şairin evinə. Qapını Lev İvanoviç özü açdı. Görüşdük. Bizi içəri dəvət etdi. Sən demə, Levin bizdən başqa da qonaqları varmış. Bir neçə general, habelə bir neçə titullu alim və yazıçı. Stolun başında əyləşən kim olsa yaxşıdır? Əlbəttə, Molotov... Elə bu gur məclisi də o idarə edirdi. Tanış olduq.

Nahid Hacızadə söhbətə qoşulub gülə-gülə dedi:

- Yaxşı, Gəray, bir onu da de görək, Molotovdan sonra məclisin idarə olunması kimə həvalə olundu?

Gəray Fəzli gülüb dedi:

- Bizi görəndən sonra Vyaçesalav Molotov zarafatla dedi: "Madam ki, məclisə Azərbaycandan dostlar gəlib, onda mən tamadalıqdan imtina edirəm. Qafqazlılar olan yerdə mənim məclis aparmağım yerinə düşməz". Hamımız onun sözünə güldük. Ortaya bir xeyli mübahisə də düşdü. Heç birimiz bu məşhur adamdan sonra məclisi idarə etmək istəmirdik. Nəhayət, Oşaninin təkidi ilə Nahid məclisi aparmağa razılıq verdi.

...Yeri gəlmişkən, indi bütün dünyada məşhur olan "Molotov kokteyli" də məhz bu məşhur insanın adı və fəaliyyəti ilə bağlıdır. O, bu "kokteylin" nə ixtiraçısı, nə də istifadəçisi olub. Sadəcə, bu ifadəni ingilislər kəşf edib, sonra geniş yayılıb.

Bu partlayıcı 1895-ci ildə Kubada, sonralar 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunub.

Partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun şərəfinə belə ad qoyublar. 1939-1940-cı illərdə Fin müharibəsi başlayarkən sovet rəhbərliyinin paytaxt Helsinkini havadan bombalaması SSRİ-nin beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir. Bəyanatda deyilirdi ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla - Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri şüşə butılkalar - Molotov kokteylləri oldu.

Mən bu kiçik qeydləri nə üçün qələmə aldım?

Əslində, bu da bizim tariximizin bir səhifəsidir.

Səhifələrsə müxtəlif cür olur: ağ, qara, qanlı...

# 2766 dəfə oxunub

Oxşar xəbərlər

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Müəllimini, atasını və oğlunu itirən sənətkarımız - O, tarın futlyarında nə saxlayırdı?

Müəllimini, atasını və oğlunu itirən sənətkarımız - O, tarın futlyarında nə saxlayırdı?

17:00 22 oktyabr 2024
# # #