Ərinin paltarını geyinib tabutunu çiyninə alan gəlin, oğlunun corablarını öpən ata, əkiz qəbirlər - Vətən müharibəsi yaddaşlarda belə qaldı

Ərinin paltarını geyinib tabutunu çiyninə alan gəlin, oğlunun corablarını öpən ata, əkiz qəbirlər - Vətən müharibəsi yaddaşlarda belə qaldı
27 sentyabr 2021
# 13:01

Bu gün Vətən müharibəsinin başlandığı gündən 1 il ötdü. Kulis.az 44 günlük müharibəni yaddaşlarımıza həkk edən 15 faktı təqdim edir.

27 sentyabr 2020-ci il. Bütün xəbərlər bu cümlələrlə başlayır: “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb”. Narahatlıq, intizar, illəridir hər bir azərbaycanlının ürəyində qubar bağlayan torpaq həsrəti bu sözlər ümidə, inama çevrilir. 44 günlük müharibədə Gəncə və Bərdə şəhərlərinə atılan raketlərdən sonra “birdən raket atarlar, ölümə hazırlıqsız yaxalanarıq” - deyib, gecələr paltarlı yatan qadınlar da vardı.

Birinci Qarabağ müharibəsinin dəhşətlərini, itkilərini, şəhidlərini, ağ saçlı şəhid analarını unutmamışdıq. Gecə qar yağanda ayaqyalın, başıaçıq oğlunun qəbrini qardan təmizləmək, onu islanmasın deyə qəbirdən çıxartmaq istəyən dərdli, havalı, gözü yaşlı analarımızı unutmamışdıq ki, onların siyahısına başqa anaların da adları əlavə olundu. İkinci Qarabağ savaşında oğlu şəhid olandan sonra oğlunun qəbrinə girib "oğlumla yatmaq istəyirəm" deyən ana bir müddət sonra oğul dərdinə dözməyib dünyasını dəyişdi.

“Ən böyük arzum sevgilimlə o dünyada görüşməkdir” dedilər dünənə qədər gəlincik oyandan balaca qızcığazlar. Həmin qızcığazlar böyüdülər, ətə qana doldular, oğlan sevdilər. Müharibə onların sevgisini oğurladı. Bu oğurluğa, tale faciəsinə dözmədi Tərtər rayonunda yaşayan Mələk Sultanova. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan əsgər Mehdi Məmmədovun dəfnindən sonra Mələk intihar etdi.

Nazim Beyləqanda hərbi xidmətdə idi. Anası Səlimə xala hər gün oğlu ilə danışır, intizarla onun yolunu gözləyirdi. Oğlu ilə sonuncu danışığından bir neçə gün sonra xəbər gəldi: Nazimi vurublar. Oğlunun səsi qulaqlarında qalan ana cənazə gələndə qol qaldırıb oynamağa başladı. Toy görməyən oğlunun vayına oynayan ana həmin an nə etdiyini bilmirdi.

Narıngül idi o qadının adı. İkinci Qarabağ müharibəsində Nargül xanım iki şəhid qurban verdi. Qardaşını və həyat yoldaşını. Ərinin cənazəsi gətiriləndə əyninə onun paltarlarını geyinib tabutun altına girdi. Öz yarını son dəfə çiynində daşımaq istəmişdi.

Bir ata üçün bu dünyada övladdan əziz, doğma nə ola bilər? Bəşər tarixi boyu baş verən müharibələr milyonlarla uşağı atasından ayırıb. Vətən müharibəsi zamanı yüzlərlə övladımız atasından ayrıldı. Bir əsgər isə uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpmüşdü.

Müharibəyə adətən ya atalar, ya da oğullar yollanır. İkinci Qarabağ müharibəsində isə bir evdən həm ata, həm də oğul döyüşə yollanmışdı. Onları döyüşə yola salan qadın həm ər, həm də oğul yolu gözləyirdi. Onlar isə bir səngərdə kürək-kürəyə döyüşürdülər.

Onun şəklini görəndə, şəklin həqiqiliyinə inanmamışdıq. Döyüş meydanında nəhəng topun qarşısında əzəmətlə dayanan topçu Vüsal bizi bu həqiqətə inandırmışdı. Saytımızın əməkdaşı Ayxan onların evindən reportaj edən zaman ona sual verir: - Vüsal, o duruşu təzədən eləyə bilərsən, çəkək?

- Alınmaz indi. Çünki onda qəzəbliydim, düşmənə nifrət var idi, həm də yaxın dostumu itirmişdim döyüşlərdə. Ona görə də o duruş təbii alınmışdı.

Eyni gündə doğulan qardaşlar Vətən müharibəsində torpaqları işğaldan azad edərkən, eyni gündə də şəhid oldular. İki şəhid övladını eyni gündə dəfn edən Nailə Allahverdiyeva Qarabağ işğaldan azad olunandan sonra deyirdi:
“Oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcəm. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır, Azərbaycanındır”!

Cəmi 22 yaşı vardı Xudayar Yusifzadənin. Hərbi xidmətini 2018-ci ildə başa vurub, gizir rütbəsi alandan sonra evlərinə qayıtmışdı. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etdi. Ölümündən 2 gün əvvəl sözləri Əliağa Vahidin, musiqisi Əlibaba Məmmədovun olan "Vətən yaxşıdır" mahnısını ifa etdi. Telefon vasitəsilə lentə alınan bu musiqi parçası Xudayar şəhid olandan sonra dillərə düşdü və sözün əsl mənasında dastana çevrildi. Əlibaba Məmmədov isə bəstələdiyi musiqiyə “Xudayar təsnifi” adı verdi.

Əsgərin müsahibəsində kabab istəyirəm deməsini eşidən müəllim maaşının hamısına ət alıb yolun kənarında kabab çəkir, döyüşə gedən əsgərlərə verir.

Hadrutda erməni maşınını görüb, "ömrüm boyu bu maşından arzulamışam" deyən əsgərə iş adamı tərəfindən həmin maşın hədiyyə olunmuşdu.

“Dədə Qorqud” filmi hər dəfə efirdən göstəriləndə hamımız “İncəbellim” mahnısını eşidirdik. “Çal aşıq, çal. Bu gün mən ərə yox, gora gedirəm” deyən Banu Çiçəyin bu sözlərindən sonra musiqi səsi daha da güclənir, yaddaşımıza hopurdu. Vətən müharibəsində isə “İncəbellim”in sədaları Şuşadan gəldi. İncəsənət universitinin 3-cü kurs tələbəsi Şuşada pianoda “İncə bellim” mahnısını ifa edən Muradov Əzizbəyə zəng vurub elə Şuşadan danışdırmışdıq:
“Düşmən öldürmüşəm, təbii ki. Bir yaralı əsgər də tutmuşdum, təhvil verdim. Qələbə qurban tələb edir. Qurban düşmənlərimiz olsun...”

Anasının evdə hazırladığı kompotları qucağına yığıb, yol kənarında dayanan, gedib-gələn əsgərlərə paylayan balaca uşaqlar da vardı İkinci Qarabağ müharibəsinin içərisində. Bu uşaqlar həm də qələbə zamanı ən çox sevinən, xoşbəxt olanlar idi.

# 5929 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

12:00 17 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər