Əri onu atdı, məşhur müğənni ilə 6 il eşq yaşadı, avtoritetə vurulub həbsxanaya düşdü – Fədayə Laçının roman kimi həyatı

Əri onu atdı, məşhur müğənni ilə 6 il eşq yaşadı, avtoritetə vurulub həbsxanaya düşdü – Fədayə Laçının roman kimi həyatı
3 iyun 2021
# 12:41

Bu gün məşhur müğənni Fədayə Laçının doğum günüdür. Kulis.az bu münasibətlə müğənnini təbrik edir və onun daim maraq doğuran həyat hekayətini oxucuların diqqətinə çatdırırıq.

Müğənni Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Fədayə atasına həsrət bir yeniyetməlik dövrü keçib. Atası onları tərk edərək başqa qadınla ailə qurub.

Fədayənin oxumağa meyli hələ yeniyetməlik illərindən başlasa da, erkən yaşda ailə quruduğu üçün evdə, mətbəxdə, yeni doğulmuş körpəsinə mahnılar oxumaqla, zümzümələr etməklə kifayətlənir. Günlər keçir, Fədayənin sənətə, oxumağa, səhnəyə olan sevgisi azalmır. Ailə həyatı isə yolunda getmir. Və günlərin birində Fədayə də anasının taleyini yaşayır. Həyat yoldaşı onu və oğlunu tərk edərək Rusiyaya gedir. Oğlu Əlhəmlə tək yaşamağa qərar verən Fədayə ömrünü ona həsr etməyə qərar verir. Bir tərəfdən də oxumaq yanğısı, istəyi onu rahat buraxmır. Sənədlərini İncəsənət universitetinə verir və burada Xanəndə Canəli Əkbərovdan dərs almağa başlayır. O, Canəli Əkbərovla yanaşı Arif Babayevdən, İslam Rzayevdən və Məhəbbət Kazımovdan muğam, musiqi sənətini mənimsəməyə davam edir. Tezliklə toylara dəvət olunan müğənninin şöhrəti ətrafa yayılmağa başlayır.

Laçın işğal olunandan sonra Fədayə Məhəbbət Kazımovun məsləhəti ilə özünə Laçın təxəllüsünü götürür. Onu Fədayə Laçın kimi tamaşaçılara ilk dəfə təqdim edən də elə Məhəbbət Kazımov olur. Lakin, etiraf edək ki, Fədayənin populyarlığında böyük səbəb həm də onun Tacir Şahmalıoğlu ilə duet oxuması olur. Tezliklə bu iki səsin birləşməsindən yaranan mahnılar insanların qəlbinə yatır. “Ney səsiyəm”, “Sən gəldin gəlişinlə”, “Külək məni yaralama”, “Ayrılığın üzü dönsün” kimi bir-birindən gözəl mahnılar ifa edirlər. Bu mahnılar toylarda, avtobus dayanacaqlarında, taksilərdə, marşrutlarda dinlənilir, sevilir.



Onların birgə dueti bir sıra söz-söhbətlərə yol açır. Tacir ailəli olsa da, Fədayə ilə altı ildən çox böyük eşq yaşayır, onu böyük məhəbbətlə sevir. Lakin, zaman keçdikcə cütlük arasında soyuqluq əmələ gəlir. Fədayə tək oxumaq istədiyini elan edərək Tacirdən ayrılıb solo karyerasına başlayır.

Aradan uzun illər keçir. Fədayə mərdanə şəkildə Tacirlə olan münasibətini, onu vaxtilə sevdiyini etiraf edir. Tacir isə bunun əksini iddia edir, Fədayə ilə heç bir sevgi münasibəti yaşamadığını dilə gətirir. Bu barədə Fədayəyə verilən suallara o, küskün, gözündə kədərlə, ancaq qorxusuz cavablar verir:

“Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidir. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bağırırdı ki, sevirəm. Deyirdim, a balam, belə reklam eləmə. Deyirdi, yox, sevirəm. Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki. Hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları da olurdu. İndi illər ötüb, hərə öz işində, gücündədir. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.

Vaxtilə əri tərəfindən tərk edilmiş qadının çarəsizliyini, altı illik məhəbbətinin puça çevrilməsinin gətirdiyi təəssüfü, əzabı əslində hiss etmək o qədər də çətin deyildi. Amma burada çox incə bir məqam vardı ki, Fədayə onu unudurdu. Axı Tacir ailəli idi. Ailəli adam illər sonra necə çıxıb efirlərdə deyə bilərdi ki, hə, mən Fədayə ilə böyük eşq yaşamışam. O, yalnız Fədayə haqqında xoş sözlər danışa bilərdi ki, zaman-zaman bunu da edirdi. Verlişlərin birində o, Fədayə haqqında deyirdi: “Fədayənin səsinin şərhə ehtiyacı yoxdur. Onun çox gözəl səsi və qəlbi var. Ondan ürəyini istəsən, o, tərəddüdsüz qəlbini çıxarıb onu istəyən adama verər. Fədayə çox mərd, kişi qeyrətli qadındır. Biz onunla tonlarla çörək kəsmişik, mən ondan bir dəfə də namərdlik görməmişəm”.

Fədayənin həyatında, musiqiyə gəlişində bayaq adını çəkdiyimiz əməkdar artist Məhəbbət Kazımovun da əvəzsiz köməyi olub. Məhəbbət Kazımov ona fərdi musiqi dərsləri keçib, özü ilə bir neçə toya aparıb. Məhəbbət Kazımov dünyasını dəyişəndə izdihamın içərisindən də eşidilən yanıqlı türkünün ifaçısı da Fədayə olmuşdu...

Günlərin birində yayılan xəbər isə hər kəsi təəccübləndirir. Fədayə Laçın Qoca ləqəbli dustağın qaçmasına köməklik göstərdiyi üçün həbs olunur. Etibar Məmmədov adlı bu şəxs əslində Fədayənin növbəti uğursuz sevgisi idi. Onlar toyların birində tanış olurlar. Fədayənin şair təbiətli olması onun şeirlər, qəzəllər yazan Qocaya meyl etməsinə səbəb olur. O, həbsdən əvvəl Qoca haqqında danışarkən deyir:

“Bir dəfə o, xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömür boyu gözləməyə hazıram.”

Bu sevgi onun 5 il həbsdə yatması demək idi. Fədayə həbs olunandan sonra həbsdə öyrənir ki, Qoca qaçmağa cəhd etdiyi zaman öldürülüb. Həbs həyatı, adını, şöhrətini, yaxınlarının etibarını itirən Fədayə həm də sevgisini, sevdiyi insanı həmişəlik itirir.

Fədayə həbsdə olduğu zaman çox məşhur insanlar onun azad olunması üçün müraciətlər edirlər. Nəticədə Fədayənin həbsi 2 ilə endirilir, azadlığa, ailəsinə, oğluna, anasına qovuşur. Sadəliyi, səmimiyyəti və saflığı ona əvvəlki ad-sanını qısa müddətdə qaytarır.

İndi ailəsi, yaxınları ilə birlikdə olan Fədayə müsahibələrinin birində deyir: “İndiyə kimi cəmi bir dəfə ürəyimdən qısqanclıq hissi keçib. Oğlum bir qızla yazışırdı. Gördüm ki, çox mehriban söhbətləşirlər, ürəyimdən qısqanclıq keçdi. Elə bildim ki, oğlumu məndən alacaq. Oğluma da dedim ki, bax ha, birdən qız səni mənim əlimdən alar”.

Fədayə Laçın indi bəlkə ömrünün ən rahat, ən xoşbəxt günlərini yaşayır. Yaşadığı o qədər uğursuzluqlardan, qalmaqallı həyat tempindən yorulan müğənni ömrünün bu çağında dincəlir...

# 12507 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #