#

Nəbi Xəzrinin oğlu: "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

Nəbi Xəzrinin oğlu:  "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə
30 sentyabr 2024
# 09:00

Kulis.az Həmid Piriyevin Nəbi Xəzrinin oğlu Arzu Babayevlə müsahibəsini təqdim edir.

- Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Bu münasibətilə təbrik edirəm sizi.

- Ən əvvəl bu sərəncama görə möhtrəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm ailəmiz adından. Bu sənət adamına, qələm əhlinə, şairlərə, yazıçılara Prezidentimizin verdiyi böyük dəyərin göstəricisidir. Nəbi Xəzrinin də 100 illiyi nəzərdə tutuldu, Sərəncam verildi. 100 illik elə bir şeydir ki, onu keçirtmək həmin şairin ruhunu şad etməkdir. Əlamətdar tarixdir. 2014-cü ildə, Nəbi Xəzrinin 90 illiyində də İlham Əliyev Sərəncam vermişdi, Akademik Milli Dram Teatrında yüksək səviyyədə keçirildi. Amma sizə deyim, o vaxt Nəbi Xəzrinin ruhu şad deyildi, çünki torpaqlarımız hələ işğaldan azad olmamışdı. Ruhu narahat idi. Qarabağa görə çox narahat idi, sarsılmışdı. Amma indi, 100 illiyi torpaqlarımızın azad olunduğu dövrə təsadüf edir. Buna görə onun ruhu ikiqat şaddır. Sağ olsaydı, əminəm ki, qələbəyə, antiterror əməliyyatı nəticəsində separatizmin aradan qaldırılmasına şeirlər yazardı.

- Nəriman Həsənzadə yazmışdı ki, bir insan ömrünü qurban vermişəm, bir şair ömrünü yaşamaq üçün. Bəs Nəbi Xəzri insan ömrünü şair ömrünə qurban vermişdi?

- Paralel aparırdı. O ailəsini çox sevrdi. Hamı Nəbi Xəzrini şair kimi görür, amma mən xoşbəxtəm ki, onu həm də ata kimi tanımışam. O, misilsiz ata idi. Onun verdiyi yüksək səviyyədə tərbiyəyə görə, bizi cəmiyyətə yararlı insan olaraq hazırlamağına görə onun ruhuna minnətdaram. Biz üç övlada verdiyi tərbiyə misilsizdi. Şair olmasaq da, o, bizi şair təbiətli böyüdüb. Çünki həmişə şeirlərinin mürəkkəbi qurumamış bizim üçün oxuyurdu. Biz üç övlad çox xoşbəxtik ki, onun misralarının işığında, nurunda boy atmışıq, onun misralarının təsirində tərbiyə almışıq. Onun poeziyası bizi ömür boyu müşayiət edib.

- Adətən, yaradıcı adamların övladları onu əvvəlcə ata kimi tanıyır, sonra yaradıcı kimliyiylə tanış olur. Amma sizin haqqınızda demək olar ki, onu eyni zamanda hər iki cəhətdən tanımısınız?

- Ağlım kəsəndən, şeiri başa düşəndən onun misralarının təsirində olmuşam. O bizi poeziyasevər edib. Bizə şeirlərni oxumaqla bizi poeziya aşiqi kimi böyüdüb. Şair təbiətli insan pis niyyətlərdən uzaq olur.

- Öz uşaqlığından danışırdı sizə?

- Danışırdı. Onun uşaqlığı əzab içində keçmişdi. Tacir ailəsində doğulmuşdu, ailəsi imkanlı idi. Amma doqquz yaşına qədər üç qardaşını itirmişdi, doqquz yaşında da atasını. Ailəni nənəm saxlayıb, xalça toxuyub satıb, uşaqları korluq çəkməyə qoymayıb. Atamı da xalçaların puluna oxutdurub.

- Qardaşları nədən ölmüşdü? Eyni ildə rəhmətə gediblər?

- Atam elə demişdi. Üçüncü əmim Şirbala tar müəllimi idi, o, iyirmi iki yaşında vərəmdən ölüb. O birilər də müxtəlif xəstəliklərdən, amma hansı xəstəlik olduğunu mən bilmirəm.

- Atası ürəkdən ölmüşdü?

- Oğullarını itirməyinə dözmədi. Atam evin sonbeşiyi idi. Babamın əlli bir, nənəmin qırx iki yaşı olanda doğulmuşdu. Atamın üç bacısı da vardı. Evdə yeddi uşaq idilər. Qardaşları öldü, bacıları qaldı. Böyük bacısı 1906-cı ildən idi, ikincisi 1910-cu ildən, üçüncü bibim 1917-ci ildən. Üçüncü bibim Şirinbacı iki ayın gəlini olub, əri müharibəyə gedib, gəlməyib. Şirinbacı onu ölənəcən gözlədi. Atam ona poema həsr elədi, “Bacı” poemasını. Çox təsirli poemadı, oxuyanda adamın tükləri biz-biz olur. Orda bir misra var: “Adın Şirin oldu, taleyin acı, sənin ay bacı”.

- Nəbi Xəzri ailəsinə çox bağlı adam olub, məncə. Onun “Ana”, “Bacı”, “Ömür yoldaşı” poemaları bunu sübut edir.

- Elədir. Mən atam kimi övlad görməmişəm. Pərixanım nənəm öləndə yeddi yaşım vardı. Görürdüm ki, o, nə dərəcədə anasını sevir. Nənəm iki il yataq xəstəsi oldu, həkim qalmadı, gətirdi ki, ona baxsın. Üstündə uşaq kimi əsirdi. O dərəcədə qayğı göstərirdi ona ki... Mənim anam da onu deyirdi ki, mən Nəbi kimi övlad görməmişəm. Bəlkə, elə buna görə də Allah onun başından ruzunu tökdü... Anam 1989-cu ildə dünyasını dəyişəndə atam böyük sarsıntı keçirtdi, anama bir kitab şeir yazdı. “Qəm dəftəri” kitabı. Ordakı şeirlər şeir deyil, ağıdır, rekviyemdir. O şeirləri sakit oxumaq olmur. Gözlərin dolur istər-istəməz, duyğulanırsan, tüklərin biz-biz durur. Atam anamdan sonra on yeddi il bir ay yaşadı, əzab çəkdi. Daim axtardı həyat yoldaşını. Dedi ki, heç kim Gülarənin yerini verə bilməz.

- Dediniz ki, ailəni nənəniz saxlayıb. Atanız işləyib ona kömək edirdi?

- Atam əmək fəaliyyətinə iyirmi yaşında başlayıb. 1942-ci ildə əsgərlyə gedib, İrəvanda tikinti batalyonunda xidmət edib. Xəstəlik keçirdib, ordudan tərxis ediblər. Kəndə qayıdıb.

- Deyəsən, bacısı da tanımayıb onu birinci dəfə görəndə.

- Hə, böyük bibim, Xanımana. Xəstəlikdən sonra elə arıqlamışdı ki, bacısı ilk baxışdan bilməyib kimdi... Gələndən sonra qəzetdə elan görür ki, Azərbaycan radiosuna diktor müsabiqəsi elan olunub. Gedir, onun səsini bəyənirlər. Çünki poetik səsi vardı. Müsabiqədən keçir. Radionun sədri Şəmsəddin Abbasov ona deyib ki, səsin çox yaxşıdı, amma poetikdi. Sənə xəbərləri verməyəcəyik, qəzetlərin xülasəsini, verilişlərin aparıcılığını, elanları, proqramı verəcəyik. O, radioda işləyə-işləyə paralel “Ədəbiyyat və incəsənət” qəzetində korrektor işləyirdi. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiyasına daxil oldu. Bir il oxuyandan sonra, 1947-ci ildə getdi Leninqrad Dövlət Universitetinin birinci kursuna daxil oldu. Qrupda on doqquz qız vardı, bir də atam. Orda bir hadisə də olmuşdu. Bunu danışmışam bir-iki dəfə. Atam deyirdi ki, bir həftəydi dərsə gedirdik, mən qızlardan böyük idim. Onlar mənə böyük qardaş kimi baxırdılar. Yuxarı kurslardan iki nəfər girdi bizim otağa, qızlara sataşdılar, biri hətta qızlardan birinin əlindən tutdu. Mən dedim ki, əl çəkin qızlardan. Onlar da erməni idilər. Oğlanlardan biri məni söydü. Başladım onu döyməyə. Özümə cavabdeh olmadım. Yanındakı da qaçdı. Bir saatdan sonra dərs qurtardı, getdim yataqxanaya, məni içəri buraxmadılar. Filologiyanın dekanı da erməni idi, tələbələr gedib şikayət ediblər. Dekan bir saatın içində gedib rektora deyib, atamı universitetdən xaric ediblər, yataqxanadan da çıxardıblar. Sonra qızlar yığışıb gediblər rektorun qəbuluna, deyiblər ki, Nəbi Babayev rus qızının qeyrətini qoruyub. Xahiş edirik, onu bərpa edəsiniz... Bu söhbəti həmin qadın 2002-ci ildə rus saytlarından birinə müsahibəsində danışmışdı. Atam üçüncü kursda oxuyanda keçib Qorki adına Ədəbiyyat İnstitutuna.

- Pedaqoji fəaliyyəti olub?

- Yox, amma gənclərə yol göstərib ustad kimi. Cavanların şeirlərini oxuyub məsləhət verib, bəzilərinə hətta uğurlu yol da yazıb. Gənclərə çox qayğı ilə yanaşırdı. Biləndə hansısa gənc şeir yazır, deyirdi, ver onun şeirlərini, oxuyum.

- Nəbi Xəzrini, əsasən, şair kimi tanıyırlar. Amma onun çox gözəl nəsr əsərləri də var. Məsələn, “O uzaq gecə” povestinin mövzusu repressiya illərindəndir. Nəslində repressiyaya uğrayan olmuşdu?

- Dayısı Qəzənfər. O, inqilabdan qabaq ərzaq anbarının müdiri olub. Eşitdiyimə görə, əsrin əvvəllərində aclıq olanda Bakı kəndlərinə ərzaq yardımı da edib. “O uzaq gecə” povesti ailəsinə həsr olunmuşdu. Mehri ana obrazı öz anasıdı, Xəzər obrazı da öz prototipidi. Sonra o povesti “Gecə döyülən qapılar” adı ilə səhnələşdirdi, 1989-cu ildə Dram Teatrında Mərahim Fərzəlibəyov tamaşaya qoydu.

- Sağlığında Azərbaycanda və Rusiyada yetmiş kitabı çap olunub. Bəs vəfat edəndən sonra?

- Dünyasını dəyişəndən sonra da 2014-cü ildə, 90 illik yubileyi münasibəti ilə “Seçilmiş əsərləri” çıxdı. Qanun nəşriyyatı da 2023-cü ildə kitabını çap elədi. Mənə dedilər 150 şeir ver, yığıb verdim, çap elədilər.

- Sözlərinə çox mahnı yazılıb?

- Radiodan siyahı vermişdilər mənə, elə bilirdim sözlərinə 125-130 arası mahnı yazılıb. Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə atamın 100 illiyinə bir kitab hazırlayır, “Musiqiyə bələnmiş misralar”. Orda atamın sözlərinə yazılmış mahnıların mənbələrini göstərir. 180 mahnı çıxdı. Fonda qoyulmamış qırxa yaxın mahnı da var.

- Bunları siz də bilmirdiniz?

- Bilmirdim. Hətta bəzi mahnıların şeirlərini tapa bilməmişəm. “Örpəyini bağla, soyuqlayarsan”, “Heç küsməyin yeridirmi?”, “Əs küləyim, coş dənizim” mahnılarının sözlərini tapa bilmədim kitablarında. “Mən zəfərlə gələcəyəm” mahnısı var, onun mətnini Salman Mümtaz adına Ədəbiyyat Arxivindən əlyazması kimi tapdıq. Ulu Öndərə həsr etdiyi, Ramiz Mirişlinin bəstələdiyi “Məşəl kimi yanan ürək” şeirinin də əlyazmasını tapa bilmirdim. Mahnıdan köçürdüb 2014-cü ilin kitabında çap etdirmişəm. Ən məşhur mahnıları isə, əlbəttə ki, “Odlar yurdu” və “Azərbaycan” mahnılarıdır. Bu iki mahnı Azərbaycanın vizit kartıdır.

- Müslüm Maqomayev bəstəyə söz yazmağı xahiş edib.

- 1976-cı ildə olub bu. “Baharlı yurdum” mahnısı, sonra adı “Azərbaycan” oldu. Melodiyanı kasetdə göndərib, məktub yazıb ki, filan hecada üç bənd şeir yazın. Atam hazır musiqiyə şeir yazmağı xoşlamırdı, çünki bu adamı çərçivəyə salır. Anam, bacılarım xahiş edəndən sonra yazdı. Doğrudan da o mahnı sərhədləri aşdı, sevildi, tanındı və zamanla, belə deyək, Azərbaycanın ikinci himni səviyyəsinə qalxdı. Özü də deyim ki, mahnının üçüncü bəndi də var, indi o bəndi oxumurlar. Sizin sayt vasitəsilə müraciət edirəm, kim bu mahnını oxumaq istəyirsə, tam oxusun. Mətni deyirəm:

Ey şanlı torpaq, Azərbaycan

Gəl qucaqlaşaq, Azərbaycan

Qəlbimə gəl qulaq as,

Ömrün sənin bahar, yaz

Qanadındır Kür, Araz, Azərbaycan.

Bunu da oxusunlar. Müslüm üçüncü bəndi rusca oxumuşdu. Amma o bənd atamın şeirinin tərcüməsi deyil. Rus mətnini Vladimir Lazerev yazmışdı. 1980-ci ildə də atam “Odlar yurdu” mahnısınının sözlərini yazdı Müslüm üçün. O da çox möhtəşəm mahnıdır.

- Ömrünün son illərində məhsuldarlığı necəydi?

- Bacardığı qədər yazırdı. Onun poeziya bulağı tutulmadı. Səhhətində problemlər yarandı 2002-ci ildən. Mən ona qibtə edirdim hətta, deyirdim, kaş sənin yaşında mən də belə sağlam olaydım, yaşından on yaş cavan görünürdü. 78 yaşında qəfildən qocaldı. Ondan sonra pilləkanı iki-iki, üç-üç çıxan adamın ayaqları tutuldu, nitqində problem yarandı. Müalicə elətdirdik, çox da xeyri olmadı. Əsa ilə gəzməyə başladı. Bu çox təsir elədi ona. Hər gün kövrəlirdi ki, elə sağlam idim, amma birdən düşdüm.

- Əlyazmaları qalıb evdə?

- Yox. Hamısını vermişəm arxivə ki, itib-batmasın.

- Siz şəhərdə doğulmusunuz?

- Mən, hə. Anam 1954-cü ildə Xırdalana gəlin gəlmişdi. Dörd ildən sonra şəhərə köçdülər. Onda bacılarım doğulmuşdu artıq. Abdulla Şaiqin ev muzeyi var, mən orda doğulmuşam. 1965-də köçdük indiki evə, Azərbaycan prospektinə.

- Yazıçılar binasına?

- Yox, bir bina bu tərəfə. Böyük xalam İsa Muğannanın yoldaşı idi axı. Atam istədi ki, bacılar bir-birinə yaxın olsunlar. İndi o evdə mən yaşayıram.

- Ömrünün axırında tək yaşayırdı?

- Hə, tək yaşayırdı. Mən onda başqa yerdə yaşayırdım. Mən ona deyirdim, gəl bizimlə qal, gəlmirdi. Burda onun rahatlığı vardı, baxanları vardı. Amma hər şənbə günü bizim valideyn günümüz idi. Bu adət idi. Bacılarım, mən ailələrimizlə onun yanında olmalı idik. Havalar yaxşı olanda yığışıb Xırdalana gedirdik, gecəni qalırdıq orda. Hər gün zəngləşirdik. Bir də görürdün, işim çox olurdu, tədbir olurdu, zəng edə bilmirdim. İnciyirdi məndən.

- Salatın Əsgərovaya poema həsr etmişdi.

- Əvvəla onu deyim ki, Nəbi Xəzri çox duyğusal insan idi. 1963-cü ildə pambıqçı Sevil Qazıyeva faciəvi şəkildə dünyasını dəyişəndə atama çox təsir etmişdi, ona “Günəşin bacısı” poemasını həsr etmişdi. 1973-cü ildə Yaponiyada olan Xirosima və Naqasaki şəhərlərində olmuşdu. Ondan duyğulanıb “Şəhidlər və şahidlər” poemasını yazmışdı. Qarabağ müharibəsi zamanı Salatın Əsgərova şəhid olanda da atama çox pis təsir etdi, yadımdadır, gözləri dolmuşdu. Salatını şəxsən tanıyırdı. Onun xatirəsinə poema həsr etdi. Şuşa işğal olunanda “Şuşa” şeirini yazdı. Mən o şeirə Şuşa ağısı deyərdim. Çox ürək ağrısı ilə yazılmış şeirdi. Xocalı soyqırımdan sonra da şeir yazmışdı. 20 yanvar faciəsinə də şeir həsr etmişdi. Ümumiyyətlə, Qarabağa aid çox şeirləri var.

- Özünü xoşbəxt hesab edirdi?

- Nəbi Xəzri həyatda çox sarsıntılar keçirtsə də, çox itkilər yaşasa da, xoşbəxt şair idi. Bayaq dedim, qardaşlarını, atasını tez itirmişdi, iki yaşında bacım, dörd yaşında qardaşım dünyasını dəyişmişdi. Amma şair kimi xoşbəxt idi. Çünki həmişə yaradıcılığı yüksək qiymətləndirilmişdi. 1968-ci ildə neftçilərin həyatından, cavan vaxtı dənizdə batmış bir neftçinin həyatından “İki Xəzər” poemasını yazdı. O poemaya görə Ümumittifaq Komsomol Mükafatını aldı. 1973-cü ildə “Dəniz zirvədən başlayır” rus dilində şeirlər toplusuna görə SSRİ Dövlət Mükafatı aldı. 1983-cü ildə “İnam” poemasına görə Azərbaycanın Dövlət Mükafatını aldı. Əlli yaşında Əməkdar İncəsənət xadimi, 1984-cü ildə Xalq şairi fəxri adlarını aldı. 1975-ci ildə Qırmızı əmək bayrağı ordeni, 1985-ci ildə Lenin ordeni, 1995-ci ildə Şöhrət ordeni, 2004-cü ildə İstiqlal ordeni aldı.

- Oxucu məktubları gəlirdi?

- İşə gəlirdi, bizə göstərmirdi. Səbəbini bilmirəm. Çox təvazökar insan idi, qətiyən şöhrətpərəstlyi yox idi. Çox sadə idi. O, təbəqələrə bölmürdü insanları, hamıya eyni münasibət göstərirdi. Onun sadəliyi də örnək idi mənim üçün.

- Onun yoxluğunu hiss edirsiniz?

- Əlbəttə ki. Hər bir övlad istəyər ki, valideynləri çox yaşasın, yanında olsun. On yeddi ildir dünyasını dəyişib, daim onun həsrətini çəkirəm. O ağrı təzədir, köhnəlmir. Təsəllim odur ki, onun səsi qalıb, yaradıcılığı qalıb. Onun şeirlərini oxuyanda elə bilirəm ki, yanımdadır. Darıxanda açıb səsinə qulaq asıram, bir az sakitləşirəm.

Fotolar: Rüfət Mustafayev

# 292 dəfə oxunub

Oxşar xəbərlər

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
Müharibə qurtardı... – Nərmin Kamalın hekayəsi

Müharibə qurtardı... – Nərmin Kamalın hekayəsi

12:00 27 sentyabr 2024
Dörd ilin tükənməz xatirəsi - Şanlı tarix

Dörd ilin tükənməz xatirəsi - Şanlı tarix

09:00 27 sentyabr 2024
Xalq düşməninin nəvəsi:  "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

Xalq düşməninin nəvəsi: "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

09:00 26 sentyabr 2024
Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

15:00 21 sentyabr 2024
Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

12:00 20 sentyabr 2024
#
#
# # #