Küçədə güllələnən Baş nazirimiz - Maraqlı faktlar

Küçədə güllələnən Baş nazirimiz - Maraqlı faktlar
19 iyun 2020
# 12:09

Bu gün - 19 iyun görkəmli siyasi xadim, Azərbaycanın ilk baş naziri, Cümhuriyyət tariximizin ən önəmli ismlərindən olan Fətəli Xan Xosykinin anım günüdür. Kulis.az bu münasibətlə Xosykinin həyatından maraqlı faktlar təqdim edir.

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa (Şəki) şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası Şərəbanı xanım Hacı Molla Zeynal qızı idi. Xoy və Şəki sahibkar xanların nəslindəndir.

***

“Xoyski” soyadı ulu babası ilə bağlıdır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə - Eçmiədzinə sığınıb.

***

Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirib.

***

Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçilib.

***

1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı olub. May ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü olub. Bitərəfliklə "Müsavat" partiyasının 1-ci qurultayında (26 - 31 oktyabr) iştirak edib, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyib.

Gallery

1917-1918-ci illərdə Bakı şəhər Dumasına rəhbərlik edib.

***

Zaqafqaziya seyminin buraxılmasından sonra yaradılan Milli Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər. Fətəli xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F. Xoyski) Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri vəzifələrini tutdu.

***

Azərbaycanda yaradılan milli hökumətlə bağlı xarici ölkələrə ilk radioqram 30 may 1918-ci ildə Xosykinin imzasıyla göndərilib.

«Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen.

Xarici işlər nazirinə:

“Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir. İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”.

***

Sentyabrın 16-da Bakıya Qafqaz İslam Ordusunun hissələri daxil olub. Növbəti gün Azərbaycan hökuməti bu şəhərə köçüb. Bu zaman F. Xoyski sevinən müsəlmanları qarşılayaraq şəhərdə açıq avtomobildə hərəkət edib.

***

Xoyskinin rəhbərliyi dövründə yaşanan ən acı tarixi faktlardan biri də İrəvanın güzəştə gedilməsidir. Amma biz tarixi situasiyanı dəyərləndirməliyik. Cəmi bir neçə ay bundan əvvəl qurulan, təhlükəsizliyi türk ordusundan asılı olan, ordusuz bir hökumət bir çox məsələlərdə çarəsiz idi. Cümhuriyyətin xarici işlər naziri Məhəmməd Həsən Hacinskiyə yazdığı məktubunda Xoyski bu məsələyə qısa izahat verib:

“Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

***

Xoyski hökumətin qurulma zamanını və hökumətə rəhbərlik etdiyi ayları belə xarakterizə edir:

“Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, malı əmniyyətdə deyildi…

İdarələrin adı varsa da, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi”.

Gallery

Xosyki hökumətinin istefaya getdiyi gün baş nazirin tarixi çıxışından parça:

“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.

***

Bəzi məlumatlara görə isə Xosyki hökumət üzvlərinin neftlə bağlı qanunsuz əməlləri ilə əlaqədar istefa verib.

***

AXC parlamentinin sədri Həsən bəy Ağayev bu çıxışdan cəmi bir həftə sonra – 1918-ci il 13 dekabrda - yeni hökumət qurmaq üçün Xoyskiyə məktub yazaraq ondan yeni kabinetin qurulmasında kömək istəyir. Lakin Xoyski bu təklifi rədd edir. Təklifin rədd olunmasına baxmayaraq Dr. Ağayev ikinci dəfə Xoyskiyə müraciət etməyi özünə ar bilmir:

“Alişan Fətəli xan Xoyski hüzüri-alilərinə!

“Yeni hökumət təşkili üçün zat-alilərinizə 13 kanunda (dekabrda) yazdığım məktubuma rədd cavabı almağıma baxmayaraq, təkraran zat alilərinizdən millət naminə rica ediyorum ki, Vətənin bu ağır zamanında hökumət təşkili kimi məsuliyyətli bir vəzifədən bərkənar olmayıb, yeni müştərək bir kabinə təşkilini öhdənizə götürəsiniz.
Parlaman rəisi doktor H. Ağayev”.

***

Mürəkkəb siyasi proseslərdən yorulmasına baxmayaraq, Xoyski gənc dövləti tək buraxmır. Doğrudur, o bundan sonra hökumətə az rəhbərlik edir. Amma hərbiyyə və xarici işlər naziri kimi Cümhuriyyət və cümhuriyyətçilərin yanında olur.

***

Sovet hakimiyyəti qurulduqdan sonra Xoyski Tiflisə köçüb. Burada ermənilər tərəfindən güllələnib. Tiflisdə İrəvan meydanından keçərkən "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan ona arxadan atəş açaraq qətlə yetirilib.

Gallery

Hazırkı Tiflis Botanika Bağında yerləşən müsəlman qəbiristanlığında dəfn edilib. Xosykinin dəfnini İran konsulluğu həyata keçirilib.

***

Dini etiqadına görə Fətəli xan Xoyski müsəlmanı idi. O, rus və Azərbaycan dillərini bilirdi. Lakin F. Xoyskinin Azərbaycan dilində çətinlik çəkərək danışdığı bildirilir.

***

AXC dövründə F. Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tuturdular. Böyük qardaşı Hüseynqulu Xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini olub. Kiçik qardaşı Rüstəm Xan Xoyski Fətəli xan Xoyskinin hökumətində himayədarlıq naziri olub.

***

O, islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilevna ilə ailə qurub.

***

Fətəli xan Xoyskinin üç uşağı olub: qızı Tamara (1902-1990) iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935)

***

Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynova ərə gedib.

Tamara xanımın bolşeviklə evlənməyinin də qəribə tarixcəsi var:

Fətəli xan Tiflisdə qətlə yetiriləndə 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb.

Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb.

***

Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada 21 yaşında diabet xəstəliyindən əməliyyat olunduqdan sonra narkozdan ayılmayıb.

***

Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır. Eyni zamanda Şəkidə də adına küçə verilib.

# 13233 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #