Qarabağdakı evlərimizə qayıtmağın üç yolu

Qarabağdakı evlərimizə qayıtmağın üç yolu
18 noyabr 2020
# 14:05

Səmimi etiraf edirəm, biz o torpaqlardan əlimizi üzmüşdük. Qarabağ bizim xəyallarımızda yaşayırdı. Yaşadığımız vətənsizliyin fonunda yaranan ümidsizlik arzularımızı əldən salmış, Qarabağla bağlı ümidlərimizi yormuşdu.

Şəxsən mən nə zamansa doğulduğum Cəbrayıla qayıdacağıma inanmırdım.

2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin yayındakı Tovuz döyüşləri bu ümidsizliyimi bir az da artırır, torpaq, vətən ağrısını daha da gücləndirirdi. Yaxın dostlarla söhbət edəndə hər dəfə hərlənib-fırlanıb işğala çıxırdıq. Bircə məsələ gün kimi aydın idi: işğaldan olan torpaqlar geri qaytarılmasa, biz elə bu cür sınıq-salxaq ruhla yaşayacaq, hər dəfə Qarabağ deyəndə diksinəcək, böyük sızıltı ilə ömrü başa vuracaqdıq.

Əlbəttə, xəyalən Qarabağa gedənlər çox idi. Hətta bu xəyalları təxəyyülə adaptasiya edib yazanlar da vardı. Misal üçün, Xalq yazıçısı Sabir Əhmədli ömrünün sonlarına yaxın yazdığı “Ömür urası” romanında xəyalən Bakı-Mincivan qatarına əyləşib Cəbrayıla getmiş, qardaşının heykəlini qucaqlamış, həyətindəki kəsik kötüklərin (!) üstündə oturub xəyala dalmışdı.

Yazıçı Həmid Herisçi “Konspirologiya” kitabında yazırdı: "Hərbçilərimizin, siyasətçilərimizin, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız-qocaman bir yazıçı həyata keçirdi - işğal altındakı torpaqlarımızı, xəyalən də olsa, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı".

Bu, məsələnin ədəbiyyat tərəfi idi.

Uzun illər xaricdə yaşayan şair Zülfüqar Rüfətoğlu isə çox sevdiyi Şuşaya “Google maps” proqramının köməyi ilə getmişdi. Hətta bunu şeirə də çevirmişdi:

Mən hər gecə ağlayıram,
Düz Şuşanın ortasında…

Sanki bu şeridən sonra işğal altında olan Qarabağa xəyali qayıdış virtual qayıdışla əvəz olundu.

Biz Qarabağı əvvəl xəyalən, sonra virtualda, ən sonda isə, təbii, rəşadətli ordumuzun sayəsində gerçək olaraq ayıtdıq...
Virtualda Cəbrayıla ən gec gedən sakinlərdən biri də mən idim. Əslində, bu haqda çox eşitmişdim, sadəcə reallıq hissi güclü olan insan kimi vətənə internetlə dönmək istəmirdim.

Böyük Vətən müharibəsindən bir-iki ay əvvəl, isti bir yay günündə hamının səsi doğulduğu rayondan, kəndindən gəldiyi ərəfədə qəribsədim. Telefonu götürüb “google” vasitəsi ilə doğma yurd-yuvama səyahət etdim. Heç bir anlayışım olmadığı halda proqramın təklif etdiyi bütün keçidləri ötüb Cəbrayıl sözünü axtarışa verdim. İnanılmaz dərəcədə həyəcanlı və inamsız idim. Hətta bir ara “Kaş işıq sönə, internet kəsilə” - deyə düşündüm də.

Qarşımda daşı-daş üstündə qalmayan böyük bir xarabalıq görsənirdi. On üç yaşa qədər yaşadığım rayonun mərkəzindəki tanış döngələri, küçələri axtarmağa başladım. Cəmi iki dəqiqədən sonra evimizin xarabalıqlarını tapdım. Mamır olub qayasında bitəcəyimiz vətən idi ora. Evimizin uzaqdan görünən xarabalığının şəklini kəsib saxladım.

Sonra əlim dinc durmadı, şəkli bacıma, anama, qardaşıma yolladım. Bu ağrını tək çəkməyə gücüm çatmırdı. İstəyirdim heç olmasa mənimlə birlikdə o evdə doğulanlar, yaşayanlar eyni acını paylaşsınlar.

Anam ağladı, bacım erməniləri söydü, qardaşım ah çəkdi. Atamı tapa bilmədim, atam yox idi. O, olsaydı nə edəcəyini düşünməyə başladım. Səhərlər müəllim işləyib, gecələr daş daşıyıb ustaya kömək edən, evinin hər daşında əl izi olan atam indi həmin daşlardan ibarət bu xarabalığı görsə nə edəcəkdi?!

Telefonumu yanımda sirli bir xəzinə kimi gəzdirirdim. Sanki özümlə bütöv Cəbrayılı daşıyırdım. Hər dəfə xəritədən çıxanda, elə bilirdim, öz evimizdən çıxmışam. Nə gizlədim, qəlbimdə az da olsa sakitlik, rahatlıq əmələ gəlmişdi. İndi evimizi, uşaqlığımı, xatirələrimi göstərən bu cihaz mənim üçün çox doğma, əvəzolunmaz əşyaya çevrilmişdi.

Əvvəllər onunla gündüzlər gedirdim Cəbrayıla. Sonralar içimdə qəribə qorxu hissi yarandı. Elə bilirdim, ora səyahət edəndə hansısa küçədən, döngədən bir erməni çıxıb məni güllə-boran edəcək, ya da əsir tutub aparacaq. Xocalı travması indiyə qədər içimdədir. Bu qorxu gücləndikcə mən artıq gündüzlər yox, gecələr hamı yatandan sonra məhləmizə getməyə başladım. Gecələr öz məhləmizdə, həyətimizdə rahat, arxayın gəzir, bəzən səhərə qədər bütün rayonu ayaqdan salırdım...

İnanmazdım ki, məhv olmuş arzularım, istəklərim bu qədər qısa zamanda və gözlənilməz şəkildə reallaşacaq.

44 günlük Vətən müharibəsindən sonra, əldə etdiyimiz qələbəyə rəğmən işğal günlərimizin yadigarını telefonumun yaddaşından silmədim, indi də orda durur.

Amma daha mənim ona ehtiyacım yoxdur.

Ötən gün Fransada yaşayan rəfiqəm evimizin içində ağaclar bitən xarabalığının da düşdüyü bir video göndərdi mənə. Videonu çəkən oğlan deyirdi: “Bax, o, da Əşrəfin evidir.”

Yəni bizim evimiz.

Googlda qorxa-qorxa baxdığımız yurdu, evi indi səndən, məndən biri olan azərbaycanlı öz ayağı ilə gedib videoya çəkmişdi.

İndi mən evimizə internet vasitəsi ilə yox, öz ayağımla gedə bilərəm.

O daş yığınının içində keçmişimi, uşaqlığımı, atamı, onunla bağlı günlərimin nişanələrini axtara bilərəm. Orada özümlə, həyatda olmayan doğmaların ruhu, xatirəsi ilə daha yaxından irtibat quraram.

Buna görə internetdə öz yurduna istər virtual, istər real qayıdan adamları görəndə bəlkə də onlardan çox mən sevinirəm.

O torpaqlar bizə həm də ona görə doğmadır ki, bizim üçün itmiş 27 illik zaman orda olduğu kimi qalıb.

Tanrı bizə o zamana qovuşmağı qismət etsin.

# 4563 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #