Qadın-kişi bərabərliyi mümkündürmü?

Qadın-kişi bərabərliyi mümkündürmü?
10 avqust 2021
# 17:23

Kulis.az Sahib Altayın "Bərabərliyin və bərabərsizliyin xarakteristikası" yazısını təqdim edir.

Bərabərlik - riyazi termin olmaqla iki yerə, mütləq və təqribi bərabərliyə ayrılır. Elm hər nə qədər tədqiqat istiqamtlərinə görə müxtəlif qruplara, texniki və sosial elmlərə ayrılsa da demək olar, bütün elmlər bir-birilə əlaqəlidir. Çünki analitik elmin predimetləri hər istiqamətdə eynidir. Mahiyyətini izah etmək istədiyimiz "bərabərlik" anlayışı da bir tərəfdən prinsip olaraq riyazi elmi simvolizə edir, digər tərəfdən analitik sosiologiyada "sosial bərabərlik" anlayışını meydana gətirən və xarakterizə edən əsas terminlərdən biridir.

Sosial bərabərlik nədir? Sosial bərabərlik - bir coğrafiyada konpakt yaşayan insanların irqindən, dinindən, milli kimliyindən, cinsindən asılı olmayaraq, dövlət qarşısında həm məişətdə, həm mövcud siyasi və iqtisadi quruluşda, həm də şəxsi və ictimai mühitdə eyni hüquqa sahib olmasıdır. Sosial bərabərlik də öz içərisində müxtəlif qollara ayrılır - dini tolerantlıq, ümumilli bərabərlik, iqtisadi və siyasi bərabərlik, cinsi bərabərlik.

Cinsi bərabərlik nədir? Cinsi bərabərlik anlayışı dünya təcrübəsində və elmi nəzəriyyəçilikdə XVI əsrdən etibarən bəzi filosofların, sosioloqların əsərlərində öncə fərdi fikir olaraq səslənən, XVII əsrin 60-cı illərində meydana gələn, XVIII əsrin ortalarından etibarən geniş istifadə olunan və elmin tədqiqat predimetinə daxil olub, populyarlaşan bir termindir. İnsan həyatının bütün sahələrində - məişətdə, siyasətdə, iqtisadiyyatda (əmək fəaliyyətində), mədəni quruculuqda, ictimai-siyasi fəaliyyətdə və.s. cinslərin - qadın və kişinin bərabər hüquqa və bərabər sosial statusa malik olduğunu xarakterizə edir.

Bütün ixtiralar zərurətlərdən yaranır. Bu zaman cinsi bərabərlik anlayışını meydana gətirən zərurət nə idi? Nə zamansa bir anlayış və o anlayışla bağlı bir fəaliyyət növü meydana gəlirsə, demək, o zamana kimi o anlayışın əksi mövcud olmuşdur. Cinsi bərabərliyin də meydana gəlməsinin səbəbi cinsi bərabərsizliyin mövcud olmasıdır. Bəs niyə bu anlayış və onunla bağlı mübarizə hərəkatları məhz XVIII əsrdə aktuallaşmağa başladı? Bu sual bizi bərabərlik anlayışından əlavə, onun əksi – bərabərsizlik anlayışına və onu yaradan səbəblərə də aparıb, çıxaracaq.

İnsan təbiətdəki digər canlılardan kəskin fərqlənən canlıdır. Bu fərqliliyi ifadə etmək üçün təbii ki, təkcə “formal şüur” məfhumuyla kifayətlənə bilmərik. Çünki insanın qədim dövrdən, bu günümüzə kimi formalaşmış, dəfələrlə müxtəlif modellər dəyişmiş sosial həyatını şüurun nəticəsində əldə olunan yaradıcılıq növləri, kültür, mədəniyyət, dəyərlər, məişət qaydaları və bütün bunların nəsildən-nəsilə ötürülməsi formalaşdırıb. Burada maraqlı bir məqam da var ki, bu dəyərlər nəsildən-nəsilə ötürülərkən, yeni nəsil tərəfindən köhnə nəsildən gələn dəyərlər mənimsənilməklə yanaşı, həm də o dəyərlərin üzərində yeni modellər yaradılıb. Fərqliliyi əks etdirən bir başqa xüsus – insanın öz düşüncə və hisslərini sözlə ifadə etmək qabiliyyəti, onun fonunda meydana gətirdiyi dillərdir.

Şüurlu, şüursuz-instiktiv olmasından asılı olmayaraq bütün canlıların sosial həyatı mövcuddur. Ancaq bu sosiallıq təkcə bioloji tələbatlara dayanıqlı, instiktiv və təbiətdən qopmayan bir həyat tərzidir. İnsanın sosiallıq qabiliyyəti isə onu təbiətlə paralel, cəmiyyət qurmağa, bunun üzərində təsərrüfat, kültür, mədəniyyət, şəhər yaratmağa sövq edən bir qabiliyyətdir. Həyatı dərk etmək məramı insanın ilkin qayəsidirsə, ikinci qayəsi də müşahidə nəticəsində anladığını ifadə etməkdir.

Müşahidələr bunu deməyə əsas verir ki, təbiətdə insandan başqa heç bir canlının cinsi bərabərlik və ya bərabərsizlik, ailə-məişət, hüquq, əmək fəaliyyəti, siyasi-iqtisadi quruluş, sosial status, şəxsi və ictimai dəyərləndirmə və.s. kimi bir problemi yoxdur. Siz hələ indiyə kimi hər hansısa dişi aslanın ətrafına həmcinslərini yığaraq, boynutüklü erkək aslanalara qarşı mübarizə apardığını və ya "Niyə təkcə erkəklər sürü başçısı ola bilir, biz dişilər yox?" deyə bir sualla çıxış etdiyini, etməsə belə instiktiv şəkildə bu prinsiplə davrandığını görmüsünüzmü? Eləcə də digər canlılarda? Xeyr, görə bilməzsiniz. Çünki təbiətin bioloji və təbii olan qanunu budur - güc kimdədirsə, dominanatlıq da ondadır. Təbiətdə erkəyin də, dişinin də öz missiyası var, idarəetmə isə qətiyyən anarxizm prinsipləri üzərində qurulmayıb, bütün sürülər bir "alfa" güc tərəfindən idarə olunur. Bundan əlavə təbiətdəki hər hansısa bir canlının xüsusi siyasi, sosial, iqtisadi, adət-ənənə modelləri əsasında məcburiyyətləri yoxdur. Təbiət bir prinsipə xidmət edir – həyatda qalmaq, həyatda qalmaq üçün çoxalmaq. İnsan və cəmiyyətdə isə prinsiplər və davranışlar fərqlidir. İnsan həm təbiətin qanunlarının instiktiv daşıyıcısı, həm də cəmiyyət qanunlarının icraçısıdır. Bu mühitdə sosial nizamı təşkil etmək üçün hər hansısa bir nəzəriyyə üzərindən çıxış etmək lazımdırsa, o nəzəriyyədə insanın həm bioloji, həm də sosial xüsusiyyətlərinin ortaq məxrəci mütləq əks etdirilməlidir. Əks təqdirdə cəmiyyətdə məişət zorakılığı, ailə problemləri, hüquq bərabərliyi, dominanatlıq, cinsi bərabərsizlik və.s. kimi problemlər özünü qabardır və bu problemlərdən daha böyük problemlər yaranıb, kök salır, bir tarixi dövr boyu da buna qarşı mübarizə fəaliyyətlərinin şahidi oluruq.

Qadınla, kişi bərabərdirmi və “cinsi bərabərlik anlayışı” niyə XVIII əsrə kimi meydana gəlməmişdi? Bir cümlədə ifadə etdiyimiz bu iki suala cavab tapmaq üçün iki termindən - bioloji və sosial güc anlayışlarından isitifadə etməli olacağıq.

İnsan və cəmiyyətdən öncə insanın bir varlıq kimi özünü təsdiqləməsi üçün qarşısına çıxan ilkin zərurət bioloji olaraq həyatda qalmaq idisə, sosial olaraq necə var olduğunu anlamaq arzusu idi. İlkin dövrlərdə tələb olunan fiziki gücü sürü kültürü müvəqqəti də olsa təmin edirdi. Yığıcılıq və ovçuluq fəaliyyətləri cinslərin yox, ümumi sürünün fonunda reallaşırdı. Sosial güc isə ilkin müşahidələrin fonunda qadında cəmləşmişdi. Doğum hadisələrinin müşahidə olunması insanda qadının yaradıcı – Tanrı olduğu düşüncəsini formalaşdırmış və qadını insan sürülərinin sosial-mənəvi dominantına çevirmişdi. İlkin ənənələr də “matriarxat”ın timsalında formalaşmışdı. (Burada bir məqamı qeyt etmək yerinə düşər; hər hansısa bir quruluş dünyanın hər yerində eyni zamanda başlayıb, eyni zamanda bitməmişdir. Məsələn, Avropanın Meleniziya qəbilələrində matriarxat olduğu dövrdə, indiki Anadolunun Göbəklitəpəsində patriarxat idi).

Ancaq sonrakı dövrlərdə həyatda qalmaq üçün daha əlverişli həyat tərzinin sosial sifarişə çevrilməsi, insan tələfatları, qadınların fiziki əməkdə öz dominant vəzifəsini yerinə yetirə bilməməsi, odun əldə olunmasından sonra onu qorumaq məcburiyyəti qarşısında öz növbəsini “patriarxat”a vermişdir. Patriarxatı formalaşdıran digər fiziki güc amillərindən biri də yaradıcılıqdır. Kişi fiziki gücünün sayəsində düzəldilən və ovçuluq fəaliyyətinin qismən asanlaşmasına səbəb olan əmək alətləridir. Bəs sosial güc? Məsələnin əsas məğzi də elə burada gizlidir. Dominantlıq təkcə fiziki gücün deyil, fiziki və sosial olmaqla, paralel güclərin nəticəsidir. Kişini dominanta çevirən sosial güc də təkcə idarəetmənin deyil, həm də yaradıcı – Tanrı fenomeninin qadından, kişiyə ötürülməsidir. Doğum hadisəsi və onun mütəmadi müşahidəsi qadının, insanın yaradıcısı, bəşəriyyətin tanrısı olduğu inancını formalaşdırmışdı. Varlığın mənbəyi qadının bətni hesab olunurdu. Ancaq insanın necə var olmaq axtarışı, qadın və onun bətniylə kifayətlənmədi, daha da irəli gedərək, “Qadın öz bətnində o uşağı necə yaradır?”, sualını özü-özünə verməyə başladı. Bu sualın ilkin cavabı olaraq, uşağın hansısa gözəgörünməz varlıqlar tərəfindən qadının bətninə qoyulduğuna inanırdılar. Daha sonra cinsi münasibətin mahiyyəti və yeni yaranan canlıların erkəklə, dişinin cinsəl əlaqəsindən yarandığı anlaşıldı. Bununla da tarixdə yeni bir anlayış - “atalıq” meydana gəldi. Atalıq anlayışı özüylə birlikdə, həm də atanın yaradıcı- tanrı olduğu inancını formalaşdırdı. Patriarxatın sosial təməlləri, bakirəlik, qadının məişətə yönəlməsi, namus, qeyrət simvolu hesab olunması kimi bütün sosial məsələlərin kökündə bu anlayış dayanır. Patriarxatı möhkəmləndirən digər səbəb isə fiziki gücün fonunda kişilər tərəfindən hazırlanan əmək alətləri, ilkin təsərrüfat vərdişlərinin yaranması və inkişaf etdirilməsi, fiziki gücün sayəsində ikinci sosial gücün formalaşması idi. Bu model o zamanlarda cinsi bərabərsizlik idimi və ya belə hesab olunurdumu? Təbii ki, bu cür düşünülə bilməzdi. Çünki dominantlığı formalaşdıran ilkin səbəb bioloji olaraq həyatda qalmaq və çoxalmaq, sosial olaraq inkişaf etmək, qurmaq, yaratmaq, əkib-biçmək, yeni müşahidələr sayəsində yeni kültür formalaşdırmaq zərurəti idi. Bütün bunların ortaya çıxması isə təbii ki, fiziki gücə bağlı idi. Yəni matriarxatı təbiət formalaşdırdığı kimi, patriraxatı da təbiət formalaşdırmışdı. Digər tərəfdən, o dövrdə “hüquq” deyilən, bir anlayış mövcud deyildi.

Məsələni diskriminasiya vəziyyətinə gətirən nə oldu? İlkin fundamental biliklərin, müəyyən idarəetmə prinsiplərinin əldə edilməsi, müşahidələrin nəticəsində daha geniş fikirlərin, kənd təsərrüfatının, ticarət mədəniyyətinin formalaşması və bütün bunların meydana gəlməsində əsas rolu oynayan kişilərin öz hakimiyyətlərini itirmək qorxusu. Bunun üçün bircə çıxış yolu var idi – qadınların bilikdən uzaq tutulması. Bu siyasi prinsip isə təbii ki, əxlaq kontekstində həll olundu. Sosial təkamülün çatdığı bu günkü səviyyə müstəvisindən çıxış etsək, o sivilizasiyaların qurulmasında tək iştirakçı kişilərin olduğunu demək, yanlışdır. İnsanın həyatda qalması üçün çoxalması, sosial təkamülü irəliyə aparması üçün hər dövrdə əldə olunan dəyərlərin yeni dövrə ötürülməsi vacib idi. Nəslin davamçısı olan övladları dünyaya gətirmək, qidalandırmaq, bəsləmək, böyütmək missiyası qadının üzərinə düşmüşdü. Deməli, sivilizasiya kişi ilə qadının birgə mücadiləsinin nəticəsidir.

Və əsas məsələ - iqtisadi quruluş...İqtisadi quruluşla, sosial münasibətlər, o cümlədən sosial münasibətlərin əsas tərkibini təşkil edən cinslərarası münasibətlər düz mütənasibdir. Ya iqtisadi quruluş sosial münasibətləri formalaşdırır, ya sosial münasibətlər iqtisadi quruluşu. İlkin dönəmlərdə ticarət ənənəsi mövcud deyildi. İqtisadi quruluşu sürü kültürünün formalaşdırdığı ibtidai yığıcılıq və ovçuluq əvəz edirdi. Kənd təsərrüfatının meydana gəlməsi və inkişaf etdirilməsindən sonra patriarxatın fonunda formalaşan ilkin ticarət əlaqələri və iqtisadi quruluş qadını məişət işlərinin və uşaqları bəsləmək feilinin əsas icraçısına, kişiləri isə ticarət əlaqələrinin qurulması, uzunməsafəli və uzunmüddətli tacirlik fəaliyyətilə məşğul olan, gəliri əlində cəmləyən, evə qazanc gətirən, ailəni qidalandıran əsas obraza çevirmişdi. Bu da qadınların, kişilərdən asılı olması demək idi. Sosial asılılıq isə fərdin azadlığını məhdudlaşdıran ilkin meyardır.

Bu arada qısa da olsa inancın və dinlərin fəaliyyətinin sosial diskriminasiyada rolunu vurğalamaq əsl yerinə düşər. Əgər yaradıcılıq bir tərəfin adına yazılırsa, o yaradıcılığı simvolizə edən adlar da o tərəfin adıyla bağlı olur, qanunlar da daha çox o tərəfin lehinə tərtib olunur və işləyir. Beynəlxalq hüququn, hüquq anlayışının formalaşmasında dinlərin rolu danılmazdır. İstər əvvəlki çoxallahlı dinlər, istərsə də sonrakı dövrlərdə inanc prinsiplərinə görə, təkallahlı monoteist-səmavi dinlər özü-özlüyündə kişi iyerarxiyasını əks etdirir. Yazının həcmini çox uzatmamaq üçün çox dərinliyə getməyəcəm, sadəcə bir misalla kifayətlənəcəm – çox maraqlıdır, dövrümüzə ən yeni dinlər kimi gəlib, çatmış səmavi dinlərin heç birində və xüsusilə sonuncu din olan İslamın müqəddəs kitabı sayılan Quranda adı keçən 28 peyğəmbər adı arasında bircə nəfər belə qadın yoxdur. Səbəb? Çox sadədir. Dinlər istər qəbilə, istərsə də dövlətçilik ənənəsinin yaranıb, yeni dövrə kimi inkişaf etdiyi dönəmlərdə siyasi idarəetmələrin əsas ideologiya vasitəsi olub. Dinin əsas mahiyyəti də elə “sosial nizamı tənzimləmək” olduğu üçün siyasi idarəetmənin əsas prinsiplərini ələ almışdı. Hər hansısa bir qadın peyğəmbərin olması, qadınlar üçün şüuraltı mesaj idi ki, qadınlar da sosial fəaliyyətdə iştirak edə bilərlər. Halbuki qadınlara bunun əksi aşılanmışdı; qadının əsas vəzifəsi doğmaq, uşaq böyütmək, məişət işlərilə məşğul olmaq və ona sahib olan kişinin namusunu qorumaqdır. Qadının bilikli olması, onun sosial potensialının artması və idarəçiliyə meyl etməsi demək idi. Buna görə, insanların idarə olunmasında istifadə olunan moralizm (əxlaq nəzəriyyəçiliyi) qadının bilikli olmasını “əxlaqsızlıq” hesab edirdi. Yazımızın bura qədər olan hissəsi cinsi bərabərliyin formalaşmasını və sosial diskriminasiyaya gətirib, çıxrmasını xarakterizə edir.

XVIII əsr və sonrası...Yeni dövr yeni qanunlarıyla gəldi. Yuxarıda qeyd etdiyim kimi, “cinsi bərabərlik” anlayışı XV əsrdən sonra müxtəlif müəlliflərin əsərlərində yer alır. Lakin zaman-zaman siyasi quruluşların hədəfinə çevrilən, bəzən illərlə qadağalara məruz qalan həmin kitablar və ifadə etdiyi fikirlər bir o qədər uğur qazana bilməmişdir. XV əsrdən sonra analitik elmin meydana gəlməsi və onun konkret predmetlərinin təyin olunması, müxtəlif elm sahələrinin, o cümlədən fundamental sosiologiyanın əsasında analitik sosiologiyanın yaranmasına səbəb oldu. Bu elm sahəsinin insanla bağlı olan bütün sosial məsələləri komplekt təhlil və araşdırma nəticəsində müxtəlif elmi nəzəriyyələrin fonunda aktuallaşdırması qadın mövzusundan da yan keçmədi.

XV əsrdən başlayan analitik elm sivilizasiyası xristian Avropasında əvvəlcə dinin fonunda müxtəlif etiraz hərəkatlarıyla müşahidə olunsa da, sonrakı dövrlərdə elmin sorğulamaq metodu, dinin moizəçilik metodunu məğlub etdi. Bu dövrdə yeni ixtisaslaşmanın və ayrı-yarı adlar altında yeni elmlərin meydana gəlməsi informasiya mübadiləsini də genişləndirdi. Bu da təbii ki, qadınları informasiya dustaqlığından qurtardı. Bu mübadiləni genişləndirən digər amil isə təbii ki, Renesans dövrünün töhfələri idi. Ancaq bütün bunlar yenə də sosial diskriminasiyaya son qoymaq və cinsi bərbaərlik mübarizəsi üçün yetərli səbəblər deyildi. Məsələnin iqtisadi xammalı XVIII əsrin əvvəllərində İngiltərədə başlayan və 60-cı illərdən sonra sürətlənən Sənaye İnqilabıdır. Bu inqilab istehsalata ilk texnoloji avadanlıqları gətirməklə, fiziki gücün iqtisadiyyatdakı təsirini qismən azaltdı. Digər tərəfdən çoxuşaqlılığı tədricən aradan qaldırdı. Əvvəlki iqtisadi quruluşlar sırf insanın əl əməyi sayəsində formalaşdığı üçün çoxsaylı işçi qüvvəsinə ehtiyac duyurdu və bunun üçün də çoxuşaqlılıq vacib idi. Yeni quruluş isə çoxuşaqlılığı aradan qaldırır və eyni zamanda tələb olunan işçi qüvvəsinin alternativi olaraq qadınların sosial fəaliyyətdə təmsil olunmaqlarına rəvac verirdi. Bu əsnada sosial diskriminasiyanı qüvvədə saxlayan sadəcə bir amil qalmışdı – moralizmin nəticəsində formalaşmış qadının “ikinci cins” olması düşüncəsi. Bunu da sonrakı dövrlərdə meydana gələn “feminizm” hərəkatı ortadan qaldırdı.

İstər qədim, istərsə də sonrakı dövrlər üçün istisna sayılacaq toplumlar da var ki, onlarda ümumiyyətlə birtərəfli patriarxat düşüncə mövcud olmayıb və sonradan formalaşıb. Məsələn, türk toplumları. Bu yazım daha çox ixtisarlı izahlar əsasında təşkil olunduğu üçün bəzi mövzular sadəcə termin kimi qeyd olunub, üzərindən keçilib. Yazının bura qədər olan hissəsi elmi araşdırmalardan gəlinən ümumi nəticələri əks etdirir. Son olaraq müəllif kimi öz fikirlərim əsasında bərabərlik mövzusuna aydınlıq gətirmək istəyirəm:

- Mənə görə, qadınla, kişinin bərabərliyi həm bioloji, həm elmi-fəlsəfi-metafizik, həm də iqtisadi mahiyyət daşıyır. Bu mahiyyəti təşkil edən amillər nələrdir?

Məsələn, qadınla, kişinin cinsi münasibətinin nəticəsində ortaya çıxan üçüncü varlığın –övladın orqanizmi 46 xromosomdan təşkil olunub. Və bu xromosomların 23-ü ataya, 23-ü anaya məxsus olur. Bu, bir bioloji, təbii bərabərlik göstəricisi deyilmi?! Və ya bir ailənin qadını hər hansısa bir işdə çalışmasa belə, evdə gördüyü işlər, övladını bəsləməsi, tərbiyəsilə məşğul olması onu, çöldə çalışan kişiylə bərabərhüquqlu etmirmi?! Təbii ki, bu məsələlər toplumların kültürü, mədəniyyəti, həyat tərzinə görə dəyişir. Biz Qafqaz xalqları və türk toplumları olaraq Qərb toplumlarıyla müqayisədə evdarlığa daha çox meyilli olan toplumlarıq. Bu məsələlərdə toplumların əsrlərlə formalaşdırıb, ənənəyə çevirdiyi milli dəyərlər də nəzərə alınmalı və müqayisələr birtərəfli aparılmamalıdır. Avropa xalqları evdar kuliminariya baryerini çox asan aşa bildi. Bizdə isə digər səbəblər aradan qalxsa da bu məsələnin uzun bir tarixi dövr ərzində qüvvədə qalacağını düşünürəm. Çünki bizim kişilərlə yanaşı, qadınlarımız da mətbəxin qadına məxsus olduğunu düşünür və indiki halda belə, mətbəxdə kişilərin təmsil olunmasını istəmirlər.

Mən bu mövzuya hüquqdan, analitik elmdən və təhsildən öncə fəlsəfə müstəvisində yanaşıram. Həyatda hər kəsin bir missiyası olduğunu düşünürəm və hər şeyin ilk öncə təbiətinə diqqət etməyi ön plana çəkirəm. Həyat zahirən bir-birinə əks görünən antonimlər, daxilən bir-birini tamamlayan varlıqların qarşılıqlı ünsiyyəti nəticəsində formalaşıb. Qadın və kişi bərabərliyi məsələsi həyatın özündə əks olunub. Bunlara nə dərəcədə əməl olunması, nəzəriyyələrə köçürülməsi, praktikada tədbiq olunması isə insan əməyinin və tarixi-sosial şəraitin nəticəsidir. Hüquq sosial nizamı təmin edən rəsmi aktdır. Bərabərlik hüquqdan öncə özünü insanın daxili aləmində ağıl və hiss, kişidə qadın, qadında kişi hormonlarının mövcud olması şəklində göstərir. Bəzən bu mövzuda ifrata varan ideoloji tərəfdaşlıq kişidən qadın kimi olmağı, qadından kişi düzəltməyi arzulayır. Mümkün deyil. Çünki kişinin də, qadının da öz xüsusi xarakteristikası mövcuddur.

Qadınla, kişi məişət, əmək fəaliyyəti, sosial quruculuq, hüquq məsələlərində bərabər ola bilər, ancaq eyni ola bilməz. Bərabərliklə, eynilik fərqli anlayışlardır. Ancaq hər bir halda cəmiyyət kişi ilə qadının birgə əməyinin nəticəsidir. Və cəmiyyətdə qadının kişi qədər sosiallaşması varlığın fəlsəfəsi ilə düz mütənasiblik təşkil edir. Sosial diskriminasiyanı ortadan qaldıran heç bir toplum itirməyib, qazanıb. Fəaliyyətin bir cinsə məxsus olması sosial hermofroditliyi formalaşdırır. Bioloji olaraq hermofrodit olmayan bir canlının, sosial hermofrodit olması həm bioloji, həm də sosial nizamsızlıq deməkdir. Ancaq bir daha qeyd edirəm, tarixi şərait məsələsi önəmlidir. Qadınla, kişi hər nə qədər bərabər olsalar da, bu bərabərlik ümumdünya hüququnda XVIII əsrdən öncə özünü təsdiqləyə bilmədi. Çünki o zamana kimi patriarxatı formalaşdıran amillər qüvvədə idi. Sosial baxımdan informasiya vasitələrinin çoxalması, elmin inkişafı, qadınların məlumatlanmasının asanlaşması bu prosesi meydana gətirən səbəb olsa da, iqtisadi baxımdan texnoloji inqilab olmadan bütün bunların əldə olunması mümkün deyildi. Bu məqamda bir şeyi də qeyd edim ki, məncə bu günümüzə kimi gender bərabərliyini iqtisadi olaraq dəstəkləyən və əks etdirən ən yaxşı iqtisadi quruluş nəzəri sosializmdir. Bu gün bərabərlik arzulayan, tələb edən, əldə edən qadının bu bərabərliyi əmək fəaliyyətinin asanlaşmasına dayanıqlıdır. XV əsrin kömür mədəni, neftçıxarma üsulları əsasında bərabərlik tələb etmək utopiyadır. Bərabərlik öz tərkibini iqtisadiyyata borcludur. Məsələn, necə ki qədim türk toplumunda qadınla, kişinin bərabər olmasının səbəbi türklərin həyat tərzinin köçərilik olması və davamlı müharibələrdə olması idi, (Köçərilikdə ortaq məişət yaratmaq zərurəti ortadan qalxır. Türklərin döyüş fəaliyyəti əsasən uzaqdan ox yaylım atəşiüzərindən qurulmuşdu. Həm qadının fiziki gücünə uyğun olduğu, həm də sərrastlığına görə, türkün ordusunda kişilərlə bərabər oxçu qadınlar da yer alırdı) bu günün Avropasında da qadınla, kişini bərabər edən səbəb iqtisadiyyatda eyni təmsil olunmasıdır.

Əmək fəaliyyəti təkcə maddi nəsnə deyil, həm də sosiallaşmanın əsasını təşkil edir. Patriarxatın simvolu sayılan atalıq vəzifəsi, məsuliyyəti atadan alınıb, bu vəzifəni dövlət öz üzərinə götürüb. Bunun nəticəsində ailə-məişətdə, iqtisadiyyatda və siyasətdə gender balansı formalaşıb. Ancaq təəssüfedici bir məqam da var ki, vaxtilə ideoloji tərəfdarlığın, təşkilatçılığın fonunda Avropada əldə olunan qadın hüquqları, bu gün eyni ideoloji tərəfdarlığın fonunda gender balansı sərhəddini aşmağa, cinslərin bərabərliyindən əlavə eyniliyi tələbinə qalxır. Bu da şəxsi münasibətdə olan tərəflər arasındakı qarşılıqlı öhdəlik və tələbləri məhv edir, məsuliyyətsiz münasibət modeli formalaşdırır. Cinslərarası münasibətlərdə davranış pozğunluğu yaradır. Nə ailənin, nə də onun üzvlərinin bir-biri üçün heç bir xüsusiliyi qalmır. Bərabərliklə, eynilik arasındakı incə xəttə aşılanda həm təbii, həm də sosial nizam pozulur. Biz və bizim statusumuzda olan toplumlarda isə ailədə övlad valideyndən, qadın kişidən sosial asılı olduğuna, üstəlik, atalıq ailənin kişisinin, bəzən bir nəslin bir kişisinin üzərnə yükləndiyinə görə patriarxat təfəkkürün mənfi tərəfləri həm kişiləri, həm də qadınları məişətdə əzir. Bu prosesdə qadınlar daha çox iqtisadi basqı, psixoloji, fiziki şiddət altında qalırlar.

Cəmiyyət hər nə qədər təbiətdən ayrı fəaliyyət göstərən bir struktur olsa da, onda baş verən bir yeniliyin meydana gəlməsi üçün sosial sifariş vacibdir. Sosial sifariş isə iqtisadi, siyasi, coğrafi, mədəni, mənəvi şərtlərin ödənildiyi zaman meydana gəlir. Sosial münasibətlərlə, iqtisadi quruluş düz mütənasibdir...

# 5252 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #