Doğum günündə snayperlə başından vurdular - Atası Xalq yazıçısı olan yeganə şəhidimiz

Doğum günündə snayperlə başından vurdular - Atası Xalq yazıçısı olan yeganə şəhidimiz
12 fevral 2021
# 12:31

Kulis.az Xalq yazıçısı Sabir Əhmədlinin öz doğum günündə Murovda şəhid olan oğlu Məhəmməd Əhmədov haqqında maraqlı faktları təqdim edir.

Əhmədov Məhəmməd Sabir oğlu 1970-ci il fevralın 12-də Bakıda anadan olub. Məhəmməd orta məktəbdə çox yaxşı qiymətlərlə oxuyub. Məktəbi bitirəndən sonra atasının razılığı ilə Moskva Poliqrafiya İnstitutuna daxil olub. Ordan Qorki şəhərinə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıdandan sonra Sabir müəllim onun Moskvada qalmasını istəmir. O da atasının sözündən çıxmayıb, Bakıya qayıdır.

***

Yaxınlarının dediyinə görə, Sabir Əhmədli oğlunun çox yaraşıqlı olduğunu bildiyindən Məhəmmədin başqa millətin qadınları ilə dərindən qaynayıb-qarışmasını istəməyib. Bu səbəbdən də oğlunun Bakıya qayıtmasını istəyib.

Məhəmməd Bakıya gələndən sonra onu özü ilə doğulub boya-başa çatdığı Cəbrayıla aparır, onunla birgə ata yurdunda ev tikir. Ancaq Məhəmmədin gəlişi Qarabağ müharibəsinin ən qızğın vaxtına düşür. Bir-birinin ardınca torpaqlar işğal olunur. Cəbrayılın işğalından sonra onun müharibəyə gedişi qaçılmaz olur.

***

Sabir Əhmədli evdə, qohum-əqrəba arasında təbliğat aparır. Nəsillərindəki oğlanlara deyir ki, niyə müharibəyə getməmisiniz, burda oturmusunuz?! O, burda cavan adam görəndə əsəbiləşir, bunlar burda nə gəzir deyib gileylənirmiş. Hətta deyilənlərə görə, Yazıçılar Birliyində ona oğlunu Xalq yazıçısı kimi müharibədən saxlatdırmaq imkanının olduğunu deyirlər. Lakin o, bu fikrə qəti etiraz edir və oğlunun cəbhəyə gedişinə razılıq verir.

***

Cəbrayıl işğal olunandan sonra bir yerdə qərar tuta bilməyən Məhəmməd qarlı-şaxtalı günlərin birində - 1994-cü il yanvarın 11-də özü könüllü ərizə yazıb müharibəyə yollanır. Gedən kimi də Yasamal batalyonunun tərkibində Murova yola düşür.

Müharibə başlanan gündən onsuz da bir ayağı cəbhədə olan yazıçı oğluna söz verir ki, ad günündə mütləq Murova onun yanına gələcək. Müharibə görməyən, heç bir çətinliyə öyrəşməyən, şəhər uşağı Məhəmməd cəbhədə heç kimdən geri qalmır. Tapşırılan hər bir əmri yerinə yetirir. Atasının gəlişini isə səbirsizliklə gözləyir.

***

1994-cü ilin qışı çox sərt keçir. Kəlbəcər də ən şaxtalı qışını yaşayır. Sabir Əhmədli yola düşür, oğluna söz verdiyi kimi, düz Murova qədər gedib çıxır. Ora çatana qədər inanılmaz çətinliklər yaşayır, çovğuna, qara düşür. Amma oğlunun ad günündə onun yanında olacağının xəyalı bir dəqiqə də olsun gözlərinin önündən çəkilmir...

***

Fevralın 12-də, ad günündə Murovda - kazarmanın qarşısında gözlənilmədən alnından snayperlə vurulur və şəhid olur.

Sabir müəllim oğlunun ölümündən xəbərsiz onun yanına gedir, Məhəmmədin nəşi isə Yasamaldakı ata ocağına göndərilir. Sabir Əhmədli son ana qədər oğlunu axtarır, onun ölümünü ağlına belə gətirmir. Sonralar yazdığı “Axirət sevdası” romanını bütünlüklə Məhəmmədin xatirəsinə həsr edir, onun ardınca gedib qayıtdığı günləri, saatları, o anlarda yaşadığı duyğuları, ağrıları yazır.

***

Məhəmmədin ölüm xəbərini ailə üzvlərindən ən tez bilən qardaşı Etibar olur. Qara xəbəri ona iki hərbçi çatdırır. Etibar bəy müsahibələrinin birində xatırlayır: “Atam düz Yanşağa qədər gedib çıxmışdı. Orda artıq hamı bilirdi ki, Məhəmməd şəhid olub. Amma onu aldatmışdılar. Sonra atam Gəncəyə - dostu Altay Məmmədovun evinə gəlmişdi. Altay müəllimgilin də ailəsi bilirdi. Ancaq atama heç nə deməmişdilər. Altay müəllim oğlunun birini atama qoşub, Bakıya yollamışdı”.

***

Şəhidin bacısı Yaqut xanım deyir: “Bizim hamımızı anamgilə “Məhəmməd yaralıdır” adı ilə gətirdilər. Bircə Etibarın üzünə həqiqəti demişdilər. Etibar burdan, dayılarım da öz evlərindən o qarda-çovğunda “Semaşko”ya gediblər. Mənim dayım da Cəbrayılda cərrah işləmişdi. O, Məhəmmədin başındakı yaranı görən kimi Etibara demişdi ki, snayper yarasıdır. Biz anamgilin həyətinə gəlib çatanda, qohumlarımızı gördük, bildik ki, şəhid olub. Anam, atam Məhəmmədin nəşini görməyənə qədər inanmamışdılar”.

Bakıya hava işıqlananda çatan Sabir müəllim evinə gəlir, həyətlərində yas çadırı görür, ancaq bütün ehtimallara, şübhələrə baxmayaraq, yenə də inanmır ki, Məhəmməd artıq həyatda yoxdur.

***

O, “Axirət sevdası” romanında həmin gün yaşadıqlarını belə ifadə edir: “Elə ki mənzilin açıq qapısından qoluma girmiş bu oğlanla içəri ayaq basdım, bütün qohum-əqrəbanı, otaqları dolu gördüm. Orta - böyük otaqda çəhrayı ipək çəkilmiş cənazə qoyulmuş, anası başda oturmuş, xalaları, qohum-qonşu cənazə dövrəsində halay qurub, əyləşmişdilər.

- Yox! Yox! Yox... Ola bilməz. İnanmıram! Məhəmməd, balam mənim! İnanmıram!

Cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım:

- Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm! Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə. Bütün nigaranlıq bitdi!"

Sabir Əhmədli Azərbaycanda oğlu şəhid olan yeganə Xalq yazıçısıdır. Xalq şairlərindən isə yalnız Xəlil Rzanın oğlu Qarabağ müharibəsində şəhidlik məqamına ucalıb. Ümumiyyətlə, hər hansı Xalq yazıçısı və Xalq şairinin övladının Qarabağ müharibəsində iştirakı haqqında fakt yoxdur.

***

Sabir Əhmədlinin qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıydı. Döyüşlərdə həlak olmuşdu. Sabir Əhmədli Varşavanın qar basmış məzarlığında bir-bir qəbirləri qardan təmizləyə-təmizləyə inadla qardaşının məzarını axtarıb tapmışdı. Oradan məşhur fotosu da var.

***

Sabir müəllim nə oğlunun yasında, nə də sonralar oğlu üçün adamların yanında ağlamayıb. Ancaq gizlinlərdə, öz otağında ağlayırmış.

Bacısı Yaqut xanım deyir, Məhəmməd səliqə-sahmana, təmizliyə adət eləmişdi. Cəbhədə də otaqda ürəyi sıxılır, istəyir çıxıb bir siqaret çəksin. Əsgər yoldaşları deyir, çölə çıxandan bir neçə dəqiqə sonra taqqıltı səsi eşidiblər, bayıra çıxanda görüblər ki, başından vurulub.

***

Ondan sonra ailə üzvlərinin hər biri üçün yaşamaq, xüsusilə Məhəmmədin doğulub böyüdüyü evdə yaşamaq çətin olur. Və onlar həmin evdən köçürlər.

***

Məhəmməd Əhmədov Şəhidlər Xiyabanında dəfn edilib.

# 3741 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #