Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse

Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
6 avqust 2020
# 17:08

Kulis.az azərbaycanlı ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadənin "Dilimiz və imlamız" essesini təqdim edir. Esse 7 aprel 1904-cü ildə "Şərqi-Rus" qəzetinin 40-cı sayında dərc edilib. Mətndə müəllifin üslubuna toxunulmayıb.


Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağnı söyləmək üçün dəlilə, təfsilə hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, avar… dilləri, sonra da bizim türkcəmiz. Mədənilik çərkeslər və digər xalqlar arasında yayıldıqca öz dilləri də yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adları qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox.

Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkcəmiz, hər nə qədər tez-gec, həqq rəhmətinə gedəcək olan o dillər kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxulur.

Bu qorxu, millətini sevən hər hər kəsi düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda
hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir.

Ne edək? Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ilə danışsalar, darıxırlar.

Bir kazanlı ilə bir qafqazlının beş, on dəqiqə türkcə danışa bilmələri isə çox az görünür. Yazılan da bunun kimi. Bu suç, bu təqsir hərçəndi adamlardan başqa, əql imdada varsa, böyük və bağışlanmaz təqsiri yenə bizdədir. Hər kəs bilir ki, Kazan ilə Tiflis kimi uzaq məmləkətlərin arasında yox, Bakı, Naxçıvan, Şəki kimi yaxm məmləkətlərin dilləri arasında belə az-çox bir aynılıq var.

Havanın, təbiətin, adətin bu təsiri inkar edilməz. Burası bəlli. Həm bu hal yalnız bizdə deyil, dünyanın hər tərəfində də böylədir. Nə hacət! Cənub məmləkətlərin rusları ilə şimaldakıların ahəngi, şivəsi bir dərəcədəmi? İstanbullularla ərzurumluların söyləməri birmi? Əsla. Amma o aynlıq, bu təfavüt ile bərabər qaydada və imla, dillərinə məhəbbət sayəsində bir şəhərlilər kimi dərdləşir, anlaşırlar.

Demək ki, bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur.

Bu qədər gərəkli dilimizin gerçəkdən bünövrəsi olan bu qayda və imla xüsusi indiyə qədər bizdə nə üçün meydana gəlməmiş? Burasını yazmaqdan irəli buna münasibəti olan bir balaca təfsil verim: bu gün özü ilə danışanları mədəniyyətliyin yuxarı qatlarına çıxaran hər dilin mütləq və mütləq nizamla bir sayaq da yüngül əlifbası qaydası, imlası, ədəbiyyatı vardır. Bunlar da yenə mütləq öz başına, halına görədir.

Bununla bərabər heç bir dil bugünkü mükəmməlliklərinə öz sözlərilə çatmamışdır. Hamısı bir-birilərinin köməklərinə, yardımlarına möhtac olmuşdur. Dildə ən varlı bildiyimiz ərəbcə belə əbrani, esur - yəni, yunanidən… bir çox sözlər almış, bu gün də Avropadan hər vaxt almaqdadır. Hələ fransızların latınlardan, ərəblərdən; rusların fransızlardan, ərəblərdən, tatarlardan aldıqları sözlərin çoxluğu insanı heyrətə salır. Rusların özgələrdən aldıqları sözlərin sayı 75 mindən artıq olursa, bizimkini qiyas etməli. Bəli, hər dil özgə dilin yardımına möhtac ola-ola gəlmişdir. Bu bir təbii qaydadır. Nə cürə ki, aciz, elmsiz bir adamın güclü, elmli bir adama ehtiyacı var; öylə də maarifdən geri qalan millət dilinin mədəniyyətli, zorlu millətin dilinə ehtiyacı var.

Dillər aynı olduqca bu ehtiyac qiyamətə qədər də olacaqdır. Sözüm, qəsdim bunda deyil. Hər dil özgə dildən minlərcə söz almış, lakin hamısı öz təsrifini, səltənətini də sürükləmişdilər. Bizimki kimi özgələrin kefinə, qaydasına əsir olan heç bir dil yoxdur.

Məsələn, fransızlar ərəblərdən aldıqları “qəmbiz”i (köynəyi) “şəmis”, “emir-əlbəhr”i “amİral” (ruslar – admiral), “fırəqəteyn”i “foraqat”; latınlar ərəblərin “darül-senaye”-sini “tərsanə”; ruslar ərəblərin “torifə”-sini “tarif’, “xəzine”-sini “kazna”, “əlcəbr”in “alqebra”; ərəblər yunanların “asterolab”nı “üstürlab”, “Yevangel”ini “İncil”, “ətir”i “isir”, “nomuz”u “namus”, farsların “sütun”unu “üstəvanə”, “əndazə ”sini “həndəsə”, bizim “əntar”ı “əntəri”, “arvad”ı “övrət” surətində, biçimində yazmışlar. Bunlar bu kimi dəyişdirilən sözlərin milyonda biridir.

Mənim qəsdim ancaq bir-iki örnək, nümunə göstərməkdir. İştə anlaşılır ki, hər dil özgələrdən aldığı sözləri öz danışığına uyğun halda çevirmiş, pozmuş, yazmış ki, təbii hal da budur. Özgələrin “qayidə”sini olduğu kimi qəbul etmək təbiətsizliyində, yolçuluğunda isə türk ilə farsdan özgə heç bir dil tapılmamışdır. İştə tarix, iştə meydan, iştə dillər!

İndi gələk məqsədə: farscanı özlərinə buraxaq; türkcəmizin bu zamanə, bu çağa qədər yüngül bir əlifbası, məzbut bir qayda və imlası olmamağı ancaq öz dilimizi bəyənməmək cəhaletindəndir, fars, ərəb dillərinin hər cürə gərəkli, gərəksiz sözlərini, hələ bizə əsla gərək olmayan qaydalarını dilimizə doldurduğumuzdandır: hər barədə onları təqlid etmək dərdini istəyimizdəndir. Bu müqəllidlik, bu cəhalətlə dilimizin ahənginə əsla gəlişməyən, şəə, zifda, löhm, mütərərri, xübz, müzəmmə, müsəlləsat, müavvizəteyn… daha bunlara rəhmət oxudacaq böylə minlərcə yad sözləri xatirələrinə, könüllərinə heç dəymiyərək olduğu kimi almışız, yazmışız, yazırız. Böylə tək-tək sözlərin dərdinə yenə səbir etmək olar. Amma dilimizi bərbad edən, anlaşılmamağına səbəb olub bizə çox gərək olmayan (…) minlərcə ərəbcə, farsca qaydalar və barələrdir.

İndilik bir neçə fənn, şəriət kitabları aynı olduğu halda, türklərin dillərinə heç yaraşmayan bu kimi qaydaları yazmağa, işlətməyə nə zorumuz, nə məcburluğumuz var. Hələ yad sözlərin, qaydaların ən sadələrini yazdım. Mənimlə bərabər hər kəs deyə bilər, dilimizdə öylə çətin sözlər, öylə ibarələr var ki, Allah göstərməsin, onlan saymaqmı olar?!

Sözümün qısası, türkcəmizin varlığını, yaşamağını hamımızın bilikli, hünərli olmamızı, avam üçün yazılan kitabların, qəzetlərin anlaşılmasını istəyirsək, bacardığımız qədər “gərəksiz” və “artıq” olan ərəbcə, farsça sözləri, hələ qaydalarının çoxunu buraxıb, türkçələşdirdiyimiz Oxum, adəm, Övrət, dəva, ərəq, mütbəx, əba… daha bu kimi türkçələşmiş sözləri toxum, adam, arvad, dava, arağ, mətbəx, aba… yazmağı sınamalıyız. Bilirəm, bu fikrim indi qəbul edilməyəcəkdir. Nasıl ki, vaxtilə indiki kimi bir az türkçə yazmaq eyib idi. Öylə də bunlar bu gün eyib sayılacaq, yazanın biliksizliyinə hökm ediləcək, zərəri yox, bir vaxt olar mənim bugünkü fikrimdə eyib görülməz. Yavaş-yavaş qəbul edilər (…)

Bu gün məktəblərimizin çoxunda qəbul edilən söfti üsulu öyrətmək qaydasına gərə də bundan sonra imlamızın bacarıldığı qədər danışıldığı kimi, yəni səsli hərilərlə yazılacağı anlaşılmaqdadır. Zaman ən böyük düzəldən, tərbiyə edəndir. Bu həqiqəti də bir vaxt meydana çıxaracaqdır. Bu barədə hamı öz ürəyinə və vicdanına sorsun, müraciət etsin. Boş yerə etiraz edəcəklərinə işin yox. İnsafla cavab yazanlarla danışınız, bilmədiklərimi öyrənərəm. Bitirmədən burasını söyləyim ki, türkcə yazmaq yüngül, asan iş deyil. Bu yazdığımda belə nə qədər ərəbcə sözlərin yerinə türkcə yazmaq istədim, bacarmadım, biləmədim. Məqsədim işə başlamaqdır. Əlbət, yavaş-yavaş öyrənəriz. Sonra yüngül, dadlı olar. Yazacağım hələ bitməmişdir.

omarfaig.info

# 4083 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #