Bizə ağdamlı cavanlardan uzaq durun deyirdilər – Bircə yazır...

Bizə ağdamlı cavanlardan uzaq durun deyirdilər – Bircə yazır...
10 dekabr 2020
# 11:20

Kulis.az Bircənin “Bakılı rəfiqəm Təranəyə” silsiləsindən Qarabağ haqqında növbəti yazını təqdim edir.

Ağdam bazarı

Əziz dostum, sən belə bazarı heç nağıllarda da görməmisən.

Ağdam bazarında quş iliyi, dovşan südü, can dərmanı tapılardı.

Atam qardaşlarıma "Tiklas" plaşı "Şotland" şərfi, "Norka" papağı, "Montana" şalvarını ancaq Ağdam bazarından alardı.

Cehizi o bazardan tutulmayan qızın "xınayaxdısı" sönük keçərdi.

Ağlımız kəsəndən bizə Ağdamlı cavanlardan uzaq olmağı tapşırırdılar.

Atam səbəbini belə izah eləyirdi:

- Onların gətirdiyi başlığın qabağında biz dayana bilmərik. Onların bazarlığına uyğun cehiz verə bilmərik, xəcalətli qalarıq.

Dünyada analoqu olmayan "Çörək muzeyi" də məhz Ağdamdaydı...

Qarabağda Novruz

Təranə, sən o Novruzdan kaş birinə şahid olaydın.

Hər çərşənbənin öz yeməyi vardı.

Nübarlar gizlindən eşiyə çıxardı, çömçəxatın evlər gəzərdi.

Biz tərəfin şirniyyatları da sizinkilərə bənzəməzdi.

Bəhməz, bal halvaları çalınardı, qovurğalar qovurulardı, pişi, qatlama, əyirdək, fəsəli, kömbələr, kökələr bişirilərdi.

Tonqallar çatılıb, torbalar atılardı.

Gecəni çillə çıxardan gənclər, birlikdə dan atmaya gedib, sulardan hoppanıb evə qayıdardılar. Duzlu kömbə yeyib yatardılar.

Gecə yuxular görülürdü...

Hər biri bir tale yuxusu olardı...

Qarabağın yayları

Yazın qırx beşindən sonra el yaylaqlara qalxardı. Kəlbəcər, İstisu, Şuşa, Xankəndi, Laçın qucaq açardı istidən qaçanlara.

Sənə Şuşa yaylarından bir az danışacam.

Camaat İsa bulağında, Buzxanada ətək salardı. Gavurun qalasının ətəyində, “Üç mıx”ın başında, “Şəmilin bağı”nda adam əlindən tərpənmək olmazdı.

Sadaladığım bu seyrəngahların hamısında dövrün xanəndələri çalıb oxuyardılar.

Təranə, Şuşa həqiqətən mədəniyyət beşiyi olub. Hələ 18-ci əsrdə Qafqaza gələn A.Dümayla, xan qızı Natəvan fransızca danışıb. Onunla şahmat oynayıb, əliylə tikdiyi tütün torbasını böyük yazıçıya bağışlayıb.

Makronun burnundan gəlsin...

Dünyada ilk süd arxı da məhz Qarabağda olub.

Elə həyəcanlıyam, bilmirəm, sənə hansını danışım, hansını deyim.

Mətbəxlərimiz də fərqli olub. Məsələn, Qalanın mətbəxi ayrı, Ağdamın mətbəxi ayrıdır. Dovğanın, xan bozbaşının noxudu az olanda da yemək dadını dəyişir, çox olanda da. Nənələrimiz bunun qızıl ortasını tapıblar. Bişirdikləri yeməklərə çox tələbkar olublar.

Ağdamlılarla Qalalıların şirin zarafatları olub. Çox vaxt deyərdilər, noxudu sayan Qalalı...

Qalalı nənələrin ədaları, bəzəkləri, bişintiləri, süfrələri aləm idi. Saçlarının xınasının üstündə əsərdilər.

Qarabağın qışı

Qış Şuşadan enərdi Aran Qarabağa. Xışıltılı, küləksiz, yağa-yağa.

Qalanın qışı bal dadında idi. Yuxarıdan başlayan qış, yerini aşağıdan gələn yaza verərdi ...

Aşağıların bənövşəsi solandan, qaranquşu gəlib yuvasını qurandan sonra Qalaya yaz gələrdi.

Necə bir yaz gələrdi... Bunu mən sənə danışa bilməyəcəm.

Beləcə ellər, elatlar əmin-aman, sağ-salamat, deyə-gülə ömr edərdi, dövran sürərdi.

Sehrli torpaqlarda zəngin insanlar doğulardı. Qarabağ sanki öz qoynunda ziyalı, musiqiylə yoğurulmuş, ədəbiyyatla göbəyi kəsilmiş İnsan tarlası salmışdı.

Təkcə Xudu Məmmədov adı məncə sənə çox şey deyər.

Sənin heç görmədiyin o Qarabağa bir gün bayquşlar qondu, ilanlar süründü, çalağanlar yurd saldı.

Yazı-yayı aşağılardan başlayan elimizə, yağı gülləsi yuxarıdan yağmağa başladı.

İnsanımız oxlandı, körpələrimiz tonqallara atıldı, evlərimiz yağmalandı, daşımız daş üstə qalmadı.

Sürüldük Vətənimizdən.

8.12.2020.

Möhtəşəm Paradımıza iki gün qalır

# 4020 dəfə oxunub

Oxşar xəbərlər

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

11:48 8 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər