"Anam deyir ki, o, ayaqqabılarını çıxarmaq istəyəndə, birinci katib qoymadı" - Səməd Vurğunu belə görməmisiniz - Foto

"Anam deyir ki, o, ayaqqabılarını çıxarmaq istəyəndə, birinci katib qoymadı" - Səməd Vurğunu belə görməmisiniz - Foto
27 sentyabr 2021
# 21:02

- Bu qara oğlan mənim qardaşımdı. Qazaxdakı Qori müəllimlər seminariyasını bitirib. Mən onun əmrini verə bilmərəm. Deyərlər yerlibaz, qohumbazdı. Sən imzala ərizəsini, göndər bir yerə işləsin.

Nə az, nə çox, düz 95 il əvvəl olub bu söhbət.

Məkan, Qonaqkənd rayonu, Quba qəzası Maarif şöbəsinin müdirinin otağı.

Zaman, 1926-cı ilin avqustu.

Maarif müdiri də, rayona işləməyə gələn bu gənc də əslində özgə deyillər bir-birinə. Vəkilov qardaşları idi.

Hə, o qara oğlan, balaca qardaş Vəkilov çox keçməyəcək nəinki ölkəsinin, bütün SSRİ-nin ən tanınmış şəxslərindən olacaqdı. Bütün bunlar sonra, lap sonra olacaqdı. Hələki o xırda-para şeirlər yazır, hələki doğulduğu Qazaxdan yüz kilometrlərlə uzaqda yerləşən bir rayona müəllim işləməyə gəlib. Bu rayonun Maarif şöbəsinin müdiri isə onun böyük qardaşı Mehdixan Vəkilovdur.

Mehdixan müəllim dediyi kimi edir.

Səmədin əmrini özü vermir, müavininə tapşırır. Onun təyinatını Qubaya yaxın kəndlərdən birinə, Zizikə verirlər.

Səməd 1924-cü ildə Qazax Müəllimlər Seminariyasını bitirmişdi.

Elə əmək fəaliyyətinə də müəllim kimi başlayır. O, riyaziyyatdan, ədəbiyyatdan, həm də coğrafiyadan dərs deyib.

Qazaxın Köçəskər kəndində riyaziyyat, Qubada isə ədəbiyyat və coğrafiyanı tədris edib. Qubaya çox bağlı olub şair.

Təsadüfi deyil ki, həm Azərbaycan, həm də SSRİ Ali Sovetinə də məhz Qubadan deputat seçilmişdi.

Deyilənə görə, Səməd Vurğun müharibə illərində, hətta ondan sonra belə hər iki aydan bir iri yük maşınını öz hesabına aldığı ərzaq və başqa mallarla doldurub Qubaya göndərirmiş. Danırlar ki, müharibənin ən pis günlərində Qubanın İspik kəndindən Məmmədağa adlı cavan oğlan bazara satmağa odun gətirir. Müştəri gözləyən zaman tanımadığı cavan kişi ona yaxınlaşır:

- Odunu neçəyə satırsan?
- Əlli manata.
- Qoltuğundakı nə kitabıdır?
- Səməd Vurğunun “Komsomol” poeması.
- Səməd Vurğunu görmüsən?
- Görməmişəm, ancaq onu görmək ən böyük arzumdur.
- Səməd Vurğunun şeirlərindən əzbər bilirsən?
Oğlan şairin bir neçə şeirini əzbər deyir. Həmin adam ona bir yüzlük uzadaraq aralanır. Bu vaxt bir yaşlı kişi Məmmədağaya yaxınlaşıb soruşur:
- Səmədlə nə danışırdın?
- Hansı Səmədlə?
- Səməd Vuğunla.
- O, Səməd Vurğun idi?..

***

Səməd Vurğun düz iki il Qubada müəllim işləyir. AYB-nin üzvü, şair, məşhur Budad tayfasının təmsilçisi Cəlaləddin Budadoğlu Lent.a-a danışır ki, Səməd Vurğunun gəncliyinin iki ili Quba şəhərində müəllimlik fəaliyyəti ilə əlaqədar olub.

- 1926-1928 - illərdə Quba şəhərində o zaman üçün 3 saylı məktəb kimi tanınan, bir mərtəbəli, 4-6 otaqlı binada müəllim işləmişdi. Quba şəhəri Səməd Vurğun küçəsi, 11 saylı evdə yaşayan, Əliyev Mirzə Əkrəm oğlu mənə danışmışdı ki, 1926-cı ilin avqust ayının axırları olardı. Ata nənəsi Minayə, əvvəllər Sahil küçəsi ilə (indi Yusif Qasımov ) evinə gedirmiş. O vaxtkı “Şahdağ” mehmanxanasının qabağında görür ki, bir nəfər cavan oğlan dayanıb sağa-sola boylanır. Minayə nənə gəncin qərib, buralı olmadığını başa düşür. Ondan kim olduğunu, nə üçün burda durduğunu soruşur. Gənc deyir ki, müəllim kimi Qubaya işləməyə gəlib, qalmağa kirayə ev axtarır. Minayə nənə də qayıdır ki, gəl gedək bizə, mən otaqlardan birini sənin üçün ayıraram. Beləcə Minayə nənə sonradan adını öyrəndiyi Səmədi öz evlərinə, indiki S.Vurğun küçəsi, 11 saylı evə aparır. Sən demə, Səməd özü ilə heç yorğan, döşək də gətirməyibmiş. Biləndə ki, bu gənc həm də şairdi, bir az da kövrəlibmiş. Onun üçün qab-qaşıq, yorğan-döşək ayırır, xörəyini bişirir, paltarını yuyurmuş. Hətta olub ki, Səməd Qubanın havasına öyrəşmədiyindən tez-tez xəstələnirmiş. Minayə nənə türkəçarə ilə Səmədi müalicə edər, zoğal mürəbbəsi, kəklikotu çayı içirdir, Quba xingəli bişirib yedirirmiş ki, tərləyib sağalsın. Beləcə, Səməd Vurğun 1928-ci ilə kimi həmin evdə qalır. Minayə nənə ondan kirayə pulu almayıbmış, ana-bala kimi olublarmış.

Cəlaləddin müəllim deyir ki, Səməd Vurğun öləndən sonra dəfələrlə onun oğulları, qızı, hökumət adamları bu evə gəliblər. Qaldığı otaqla tanış olub, muzey yaratmaq istəsələr də, sonradan bu və ya digər səbəbdən alınmayıb. Amma evin divarına “Xalq şairi Səməd Vurğun bu evdə yaşamışdır” yazılmış lövhə vururlar. Hər il məktəblilər, rayonun rəhbərləri, müəssisə və təşkilat nümayəndələri yubiley və ildönümlərində bu evin qarşısına gəlir, əklil qoyur, divar boyu gül-çiçək düzürlərmiş.

- Səməd Vurğun haqqında maraqlı söhbətlərdən birini də Quba şəhəri, Səməd Vurğun küçəsində yaşayan Məhərrəmov Nəriman Əliabbas oğlu edib. Nəriman atası Əliabbas kişinin Səməd Vurğunla dostluğundan, birlikdə ov xatirələrindən danışardı. Deyir, 1955-ci ilin qış ayları idi. “Bir gün qapımıza hərbi formada iki nəfər gəldi. Atama dedilər ki, səni idarəyə çağırırlar. Atam o vaxtlar mahir ovçu kimi tanınırdı. O, “Norman” və “Melton” adlarında iki ov iti saxlayırdı, tez-tez ova gedirdi.

Təxminən bir saatdan sonra onlar atamı gətirib evə qoyub getdilər. Atama demişdilər ki, Azərbaycanın böyük şairi, SSRİ Ali Sovetinin deputatı Səməd Vurğun Qubaya ova gələcək, onu ovda müşayiət edəcəksən, tüfəngin, patrondaşın üstündə olsun. Amma sən atmayacaqsan, şairə şərait yaradacaqsan, qoy, ovu istədiyi kimi alınsın.

Bir neçə gün keçmişdi ki, gördük 09-11 AZU nömrə nişanlı “Pobeda” markalı maşın qapımızda dayanıb. Səməd Vurğun maşından düşüb atamla görüşdü. Atam itləri “Pobeda”nın baqajına yerləşdirib, özü və böyük qardaşım Sənanı da maşına oturdub yola düşdülər. Qırqovul ovu o vaxtlar Dərbənd yolu istiqamətində, Yalama və Şirvanovkanın meşə ətəyi, geniş su hövzələri ilə zəngin ərazisində olurdu. Sənan özü ilə “Zenit” markalı fotoaparatını da götürmüşdü ov şəkillərini çəkməyə. Atamın dediyinə görə, itlər kolluqlara soxulur, qırqovulları hürküdüb göyə qaldırır, Səməd Vurğun tüfəngi atəş vəziyyətində saxlayıb gözləyirmiş.

Qırqovullar göyə qalxır, şair atəş açır, amma güllələrin heç biri dəymirmiş. Bu hal bir neçə dəfə təkrar olunduğundan, şair hirslənirmiş. Artıq axşam doğru evə qayıtmaq vaxtı imiş, hələ də qırqovul vurmayıblarmış. Atam görür ki, şairin kefi pozulur, itləri yenidən buraxır, qırqovullar göyə qalxır. Atam kişi atəş açır, bir neçə qırqovul dəstədən ayrılıb yerə, bataqlığa düşür. İtlər qırqovulları tutub gətirir düz atamın qabağına. Səməd Vurğun Əlabbasa deyir ki, kişi, bu itlərdən çox xoşum gəldi, əsil ov itləridir, gedəndə özümlə aparacam. Atam qayıdır ki, şair, özüm də, itlərim də sənə qurbandı, apar. Amma bir iş var, bu itlər ovu yeyəcəklər, sənə gətirməyəcəklər, çünki onlar mənə sədaqətlidirlər. Səməd Vurğun atama deyir ki, onda balaları olsa, birini mənə verərsən. Onlar axşam qaranlıqda evə qayıdırlar. Atam qırqovulları Səməd Vurğunun maşınına qoyur. Çay içib, çörək yeyib, bir qədər istirahət etdikdən sonra böyük şair Bakıya qayıdır.

Sonradan atası Mirzəyə danışırmış ki, həmin vaxt Səməd Vurğunun sağlamlığı yerində deyilmiş.

1956-cı ildə qardaşı Sənan Bakıda “Salyanski kazarma”da əsgərlikdə imiş.

- May ayı imiş, gecə həyəcan siqnalı verilib. Hamı qaydalara uyğun geyinib kazarmanın həyətində düzüldük. Təxminən 3 minə yaxın əsgər vardı. Əsgərlərdən 12 nəfəri seçdilər. Sənan da onların içində imiş. Gecəynən onları hamama aparırlar, üst-başlarını səliqəyə salıb, təzə hərbi forma geyindirib sıraya düzürlər. Hərbi hissə komandiri onların qarşısında çıxış edərək deyir ki, yoldaş əsgərlər, bu gecə Azərbaycan xalqının böyük oğlu, dövlət və ictimai xadim, SSRİ Ali Sovetinin deputatı Səməd Vurğun vəfat etmişdir. Ayrılmış 12 nəfər əsgər, o cümlədən, qardaşım Sənan da fəxri xiyabanda böyük şairə ehtiram və sayğı duruşunda, fəxri qarovulda durmalı, şair məzara qoyularkən havaya atəş açmalı idilər.

Sonradan Sənan deyirmiş ki, əsgər kimi farağat komandasında durmuşdum, amma gözlərimdən yaş axırdı, inanmağı gəlmirmiş ki, iki-üç ay bundan əvvəl ovda olduğu, şəkilini çəkdiyi, xalqın böyük oğlu artıq həyata əlvida deyib.

Cəlaləddin müəllim deyir ki, Səməd Vurğun SSRİ Ali Sovetinə keçmiş Qonaqkənd rayonundan deputat seçilibmiş. O vaxtlar seçkilər, böyük ruh yüksəkliyi, toy bayramla müşayiət olunurmuş.

- Həmin gün musiqiçilər, sazəndələr ayaqda olur, cəngi sədaları altında kolxozun fermasından seçki günü üçün ayrılmış öküz və buğalardan kəsilir, kənd camaatına pulsuz paylanır. Kənd klubları xüsusi proqram hazırlayır, plakatlar, şüarlar iri hərflərlə ağ və ya qırmızı parçaların üstünə yazılmaqla izdihamlı yerlərdən asılırdı. Deputatlığa namizədin iri portreti, tərcümeyi-halı da seçki məntəqəsinin divarından asılırdı ki, seçicilər, kənd camaatı tanış ola bilsin. Namizəd kəndləri gəzir, camaatla görüşlər keçirir, kəndin problemləri ilə yaxından tanış olurdu. 100 yaşa yaxın yaşamış rəhmətlik anam Bəsmə Mustafa qızı mənə danışırdı ki, Qonaqkənd rayonundan deputatlığa namizəd Səməd Vurğunun Buduq kəndinə seçicilərlə görüşünə raykomun birinci katibi, rəhbər işçilərinin müşayiəti ilə təxminən 40 km-lik çətin, keçilməz dağ yolunu atın belində qət edərək gəlmişdi. Bilirsiz oğlum, şairlər o vaxt sanki müqəddəslik, saflıq nümunəsi kimi qəbul olunurdular. Poeziya sevilir, hamı kitab oxuyur, hamının da şairlərə, xüsusən Səməd Vurğuna böyük hörməti, məhəbbəti vardı. Ona inanırdılar. Baxın, müqayisə edin, indi Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri və başqaları ilə yanaşı qoyulası, sadə olduqları qədər uca olan neçə şairimiz var. Tək-tük. Amma Səməd Vurğun və adlarını sadaladığım böyük şairlər xalqın hörmətini, rəğbətini öz şəxsiyyətləri ilə qazanmışdılar. Mətləbdən çox uzaqlaşdım. Səməd Vurğunu Buduq kəndində çox təmtəraqla qarşılayırlar. Böyük şair başının dəstəsi ilə Qaraçayı keçib üzüyuxarı qalxıb, kəndə yaxınlaşdıqca, yol qırağındakı nəhəng qayanın üstündə çalğıçılar dəstəsi hərəkətə keçdi. Zurnanın “Koroğlu” havası bir anda hər tərəfi dağlar olan kəndi başına götürdü. Kənd klubunun içi, hətta həyəti xalçalarla döşənmişdi. Səməd Vurğun və onu müşayiət edənlər kluba yaxınlaşdılar, atdan düşüb camaatla salamlaşdılar. Ətraf kəndlərdən də insanlar axışıb gəlmişdilər, hamı xalqın böyük oğlunu görmək istəyirdi. Qonaqkənd rayonunun raykom katibi şairin qoluna girib, kluba doğru addımlayarkən Səməd Vurğun birdən ayağının altındakı xalçaları görüb ayaq saxlayır, əyilib ayaqqabılarını əlinə almaq istəyir. Birinci katib tez şairin qolundan yapışıb yuxarı qaldırır və deyir: “Səməd müəllim, bu xalçaları camaat sizin şərəfinizə düzüb, sizə olan xalq sevgisinin, məhəbbətinin rəmzidi. Beləcə, o gün Buduq kəndi tarixin nadir hadisələrindən birini yaşamışdı...


Sonda həmsöhbətimiz böyük şairin 80 illiyinə yazdığı şeiri Lent.az oxucularıyla bölüşür:

Sən odlar yurdunda, yaşa dolmusan,
Xalqımla, elimlə qoşa, olmusan,
Sən ki, ölməmisən, Günəş olmusan,
Yaşadır, çiynində bu, dağlar səni.

Yazmısan, yanmısan, düz olub işin,
Payızla nə işin, qışla nə işin,
Bahara bənzəyir, sənin gəlişin,
Nə şirin səsləyir, dodaqlar səni.

Vaqifi xalqıma, vurğun eylədin,
Qacarı yollardan, sürgün eylədin,
O, “ala” gözləri, solğun eylədin,
Axtarır yaxınlar, uzaqlar səni.

Xınalı kəkliyin bağrı, sökülü,
Ceyranlar, cüyürlər, boynu bükülü,
Elimin, obamın yarı, bülbülü,
Təbiət çöllərdən, soraqlar səni.

Üstündən yol düşməz, uca bir dağın,
Həmişə sabahdan, gəlir sorağın,
Kişi qeyrətisən, ana torpağın,
Nəsillər sevərək, varaqlar səni.

Bağlar diyarında, sorağın, izin,
Vurğunu öyrənin, Vurğunu gəzin,
Bu gün səksən yaşlı, şairimizin,
Hər sözü, kəlamı, salamlar səni.

Bakı-Quba
Lent.az

# 4605 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #