Freydin məktubu - Simran Qədim

Freydin məktubu - Simran Qədim
21 oktyabr 2023
# 12:00

Kulis.az Simran Qədimin "Freydin məktubu" adlı yeni yazısını təqdim edir.

“İnsan insanın canavarıdır".
(latınca: “Homo homini lupus est”)

Aqressiya, şiddət, zorakılıq... Hər gün hər yerdə bu sözlərin “əks-sədası” ağır-yüngül formalarda qarşımıza çıxır. Ya birbaşa özümüz şahid oluruq, ya da haradasa eşidib-oxuyuruq. Bununla belə, nə qədər ifrat həddə çatsa da, aqressiyanın, şiddətin, zorakılığın olduğu filmlərə baxmaqdan, xəbərləri oxumaqdan yorulmuruq, sanki, ixtiyarsız, ona meyil edirik.

Əslində, aqressiya həmişə, bütün dövrlərdə, mikro və makro səviyyələrdə mövcud olub. Daş dövründən tutmuş, indiki “Silikon dövrü”nə qədər biz heç vaxt mütləq sabitlik, sülh içində yaşamamışıq, fərdlər, qohumlar, tayfalar, xalqlar daim bir-birləri ilə ədavət aparıblar. Güc, nüfuz və sərvət qazanmaq arzusu, resurslar uğrunda mübarizə, müəyyən fikir ayrılıqları, fikir ayrılıqlarına rəvac verən dini, ideoloji, milli maraqlar, ümumilikdə, “biz və onlar” zehniyyəti... Əgər ortada bunlardan ən azı biri varsa, aqressiya qaçılmazdır.

Bəs həqiqətənmi belədir? Səbəb təkcə yuxarıda sadalanan amillərdədir, yoxsa daha fərqli, dərin, mürəkkəb mətləblər var? Əgər bəşəriyyət eyni çətir altında birləşsə, məsələn, hər kəsin bərabər olduğu “sosialist cənnəti” qurulsa, aqressiyanın kökü kəsilə bilərmi?
Hər halda, utopiyalara inanmağa tələsməməliyik. Hamının bildiyi, ancaq diqqət yetirmədiyi, bəlkə də, sadəcə, diqqət yetirmək istəmədiyi bir məqam var: aqressiya digər canlılar – şirlər, qarğalar, arılar arasında da mövcuddur. Yəni, vəhşi təbiətin bir üzvü kimi, biz insanlarda da bu xüsusiyyət instinktiv səviyyədədir, necə deyərlər, şiddət, zorakılıq canımızda, qanımızdadır.

Milyon illər boyunca sağ qalmaq uğrunda mübarizədən qalib çıxmağımız bir xeyli dərəcədə aqressiyaya bağlı olub. Bioloqlara görə, şiddət yad müdaxilələrə qarşı özünümüdafiə sistemidir. İstər növdaxili, istərsə də növlərarası aqressiya qrupun, populyasiyanın təhlükəsizliyini təmin edir, onları məhv olmaqdan qoruyur.

Biz nə qədər vəhşi təbiətdən çıxıb mədəniləşsək, sivilizasiyalar qursaq da, içimizdən vəhşi təbiəti çıxara bilməmişik. Başqalarını əzmək, güc nümayiş etdirmək arzusu az-çox hamımızda var, cəngəllik qanunları genlərimizə yazılıb. Düzdür, mədəniyyət, elm və texnologiya aqressiyanı cilovlamağa, onun qarşısını almağa çalışır. Amma, təəssüf ki, bir çox hallarda əksinə, inkişafın özü zorakılığa, şiddətə səbəb olur, daha böyük dağıntılara, fəlakətlərə yol açır. Tarix mədəniyyətinə, elminə, texnologiyasına görə fərqlənənlərin savaşları ilə doludur.

Gəlin aqressiyanın qlobal miqyas aldığı 20-ci əsrin birinci yarısında, daha dəqiqi, 1932-ci ildə fizikanın dahisi Eynşteynlə psixikanın dahisi Freydin məktublaşmasına nəzər salaq. Eynşteyn baş verəcək dəhşətləri, müsibətləri əvvəlcədən görübmüş kimi soruşur:
"Bəşəriyyətin müharibə təhlükəsindən qurtulmasının bir yolu varmı?"

Sual qarşısında acizliyini etiraf edən Freyd cavabında yazır ki, insanlar da vəhşi təbiətin – heyvanlar krallığının bir üzvüdür. Biz nə qədər alternativ yollar axtarıb tapmağa çalışsaq da, maraqlar uğrunda münaqişələrin sonunda yenə qayıdıb gücə, şiddətə əl atırıq. Təcavüz etmək, öldürmək, məhv etmək istəyi içimizdədir.

Freydə görə, zəiflər birləşib güclünün aqressiyasına, zorakılığına qarşı müqavimət göstərməlidirlər. Belə deyək, güc birlikdədir. Ancaq bu cür birliklər, ittifaqlar güclünün məğlubiyyətindən sonra dağılsalar, daimi, uzunmüddətli olmasalar, məqsədimizə çata bilmərik. Az sonra yeni bir güclü ortaya çıxıb meydan sulayar, yenə əvvəlki kimi şiddətin, zorakılığın baş qaldırmasına səbəb olar.

Freyd sülhü təmin edən əsas faktoru qüvvələr nisbətinin – "güc balansı"nın qorunmasında görür. Eyni gücə malik tərəflər məğlub olmaqdan ehtiyatlandıqlarına görə aqressiyadan, radikal addımlar atmaqdan çəkinirlər. Amma bu real görünmür. “Güc balansı” nəinki dövlətlər, hətta ayrı-ayrı insanlar – kişilər və qadınlar, valideynlər və övladlar, ağalar və kölələr arasında da mövcud deyil. Bərabərlik yoxdursa, tarazlıq istənilən halda, gec-tez pozulur.

Freyd hüquq anlayışının da mütləq ədaləti təmin edə bildiyinə inanmır. Qanunları qaliblərin yazdığını, onların isə məğlublara çox az hüquq verdiyini bildirir.

Savaşların get-gedə daha qorxulu, təhlükəli olduğunu, müasir silahlarla dağıdıcılığın qatbaqat artdığını vurğulayan Freyd bildirir ki, artıq müharibələr nəticəsində tərəflərdən biri yox, eyni zamanda hər ikisi məhv ola bilər. Bu məsələnin həllində mədəni inkişafın, sivilizasiyanın rolu böyükdür. Mədəniyyətin, intellektin güclənməsi ilə biz təbiətimizdəki aqressiyanı, dağıdıcı instinktləri cilovlaya bilərik.

Sonda Freyd fikirlərini belə yekunlaşdırır:

"Mədəni-tarixi proseslərin bizi köklədiyi psixi vəziyyət həmişə, uca səslə müharibəyə qarşı olduğunu bildirib. Elə buna görə də müharibəyə nifrət etməliyik, artıq ona dözə bilmərik. Indiki vəziyyətdə bu yalnız intellektual-emosional iyrənmə deyil. Biz pasifistlər müharibədən artıq fiziki baxımdan iyrənirik, o, ən ürəkbulandırıcı bir şeyə çevrilib. Həm də müharibənin doğurduğu estetik eybəcərliklər bizdə ondakı digər dəhşətlər qədər nifrət yaradır.
Başqalarının da bizim kimi pasifist olmasını çoxmu gözləyəcəyik? Öncədən söyləmək mümkün olmasa da, bu artıq elə də ümidsiz, utopik ideya deyil. Həm mədəniyyətin təsiri ilə yaranan yeni psixoloji vəziyyətin, həm də müharibələrin doğura biləcəyi dəhşətlərə qarşı əsaslı qorxunun birgə fəaliyyəti çox da uzaq olmayan gələcəkdə savaşların bitməsinə inam yaradır.

Bunun hansı birbaşa və ya dolayı yollarla reallaşacağını deyə bilmirik. Hər halda, bir məqamı əminliklə təsdiqləyə bilərik: mədəni inkişafa xidmət edən nə varsa, hamısı həm də müharibəyə qarşı öz təsirini göstərir".

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

# # #