Bir dövrdən başqa bir dövrə keçidin ağrıları haqqında

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

15 iyun 2022
# 17:00

Kulis.az Seymur Baycanın yazısını təqdim edir.

...Anamın yanında ayaq saxladım və televizora ötəri bir nəzər saldım. Ekranda min dəfə gördüyüm ağ-qara gürcü filminin kabusları sayrışırdılar. Bu filmi haçansa komediya kimi çəksələr də, artıq o qədər baxmışdıq ki, növbəti dəfə baxanda adamı dillə deyilməyi mümkün olmayan faciəvi bir depressiyaya salırdı. Yenə həmin musiqi, həmin mahnılar, yenə çeynənmiş o zarafatlar.

Laşa Buğadze “Kiçik ölkə” əsərindən.

90-cı illərdən bəhs edən əsərləri daha həvəslə oxuyuram. Bunun əsasən iki səbəbi var.

Birincisi, başdan-başa ziddiyyətlərdən ibarət 90-cı illər, həqiqətən, maraqlı dövr idi. Yəni ədəbi xammalın özü son dərəcə maraqlıdır. Yerdə qalır necə yazmaq, bu maraqlı ədəbi xammalı yaradıcılıq mətbəxində necə istifadə etmək məsələsi.

İkincisi, özüm də 90-cı illər haqqında çox yazmışam və başqalarının 90-cı illər haqqında necə yazmasını görmək, müqayisələr apararaq harada zəif, harada üstün olduğumu, haralarda səhvlər buraxdığımı bilmək mənim üçün maraqlıdır.

Azərbaycanın 90-cı illəri Gürcüstanın 90-cı illərinin yanında ən yumşaq formada ifadə etsək uşaq bağçası olub. Bunu gənc nəslə geniş şərh etmək, demək olar ki, mümkünsüzdür. Gərək oturub bu barədə əməlli-başlı qalın bir kitab yazasan. Qısaca olaraq onu qeyd edə bilərik ki, Gürcüstan sovet zamanında ən yaxşı yaşayan respublikalardan biri idi. Gürcülər sovet dövründə sözün həqiqi mənasında kef ediblər. Sovet filmlərində tez-tez gürcü obrazları, gürcü musiqisi, bir sözlə, müxtəlif formalarda gürcü mövzuları ilə qarşılaşırıq. Kimsə “Borjomi” içir, kimsə gürcü restoranına gedir, kimsə gürcü mahnısına qulaq asır, hansısa partizan dəstəsində gürcü vuruşur, qonşuluqda gürcülər toy edirlər...

Bütün bunlar gürcülərin sovet zamanı yüksək mövqelər tutmalarının, şəxsi münasibətlərin, əlaqələrin, qonaqlıqların, məclislərin təzahürü idi. Gürcü filmlərinin sovet zamanı nə qədər məşhur olmasından daha danışmağa ehtiyac görmürəm. Təkcə, “Əsgər atası” filminin adın çəksək bəs edir. Gürcü futbolu, gürcü futbolçuları, gürcü teatrı, Gürcüstanın ümumittifaq səviyyəli sanatoriyaları, kurortları da ayrıca bir mövzudur. Sovet zamanı ən dəblə geyinən xalq gürcülər idi. Köhnə nəslin bir çox nümayəndələri bu söhbətləri yaxşı bilir. Xülasə, Gürcüstanın, gürcülərin sovet vaxtı ayrı, xüsusi bir mövqeyi vardı.

80-ci illərin sonlarında Gürcüstanda kütləvi mitinqlər başlayır. Gələcəklə bağlı arzular, istəklər, iddialar aşıb-daşır, hətta arzular, istəklər, iddialar absurd həddə çatır. Azərbaycanda, Ermənistanda olduğu kimi Gürcüstanda da ümummilli eyforiya ərşə qalxır. Sonra vətəndaş müharibəsi, Osetiya, Abxaziya müharibələri, torpaq itkisi, qaçqınlar, işsizlik, ağır və dəhşətli kütləvi depressiya... İşıq yox, qaz yox, maaş yox, təqaüd yox, gələcəyə ümid yox... Quldurluq, adam oğurluğu, səfalət tüğyan edir. On minlərlə insanın həyatı darmadağın olur. Yaxşı yaşamış adamın kasıbçılığa düçar olması çox ağırdır. Əgər həmin adam gürcüdürsə, onun üçün yaxşı, təminatlı həyatdan kasıb həyata keçmək yüz qat ağırdır. 90-cı illərdə minlərlə insan kasıbçılığa, ağır həyata dözə bilmir, ağlını itirir. Bir yazıçı üçün bütün bunlar mövzu bolluğudur. Ürəyin nə qədər istəyir yaz. Qurtaran deyil. Kim yaza bilməyibsə, günahı özündə axtarsın.

***

“Kiçik ölkə” əsərini parkda oxumağa başladım. Elə ilk fəsildə bir neçə dəfə məni möhkəm gülmək tutdu. Başa düşdüm ki, bu kitabı açıq havada oxuya bilməyəcəm. Bu kitabı evdə, dörd divar arasında oxumalıyam.

Bu yaşda hansısa bədii əsərin məni güldürə biləcəyinə ümidimi tamam itirmişdim, amma bu, doğrudan da, baş verdi. Mən, həqiqətən, bir neçə dəfə möhkəm güldüm. Məni güldürən cümlələr, abzaslar, təsvirlər başqalarını da güldürəcəkmi? Bunu bilmirəm. Yaxud məni güldürən cümlələr, abzaslar, təsvirlər on ildən, on beş ildən, iyirmi ildən sonra öz aktuallığını (məhz gülmək, güldürmək nöqteyi-nəzərdən) qoruyub saxlaya biləcəkmi? Yəni ölməyib sağ qalsam eyni cümlələri, abzasları, səhnələri on ildən sonra oxusam yenə də gülə biləcəyəmmi? Bunu da bilmirəm. Bu barədə dəqiq bir söz demək çətindir.

Lakin fürsət yaranıb deyə nəsrdə müəllifin oxucunu güldürməsi, oxucunu qıdıqlaması mövzusunda gənc yazıçılar üçün bir neçə tövsiyəmi yazmaq istərdim.

Xüsusi bir ehtiyac yoxdursa, heç vaxt əsərdə oxucunu güldürməyə, oxucunu qıdıqlamağa cəhd etməyin. Əsərdə oxucunu məqsədli şəkildə güldürməyə çalışmaq, lətifə, gülməli səhnələr yazmaq çox təhlükəlidir. Zaman gülüşə qarşı çox amansızdı. “Sportloto 82” adlı sovet filmi var. O filmə uşaq vaxtı baxanda gülməkdən cırılırdım. Bir neçə ay əvvəl “Sportloto 82” filminə təzədən baxdım. Gülə bilmədim. Film məni güldürə bilmədi. Bir-iki dəfə dodağım yüngülvarı tərpəndi. Hərçənd ədalət naminə qeyd edim ki, bunun özü də ilin-günün bu vaxtı, qiymətlərin günü-gündən qalxdığı, həyatın hər mənada günü-gündən daha da çətinləşdiyi bir zamanda heç də aşağı nəticə sayılmamalıdır.

Gülüş çox tez köhnəlir. Gülüşün “saxlama müddəti” çox azdır. Gülüş çox tez xarab olur. Bu gün adamları güldürən səhnələrin əksəriyyəti bir müddətdən sonra xarab olacaq. Bu gün bir çox gənclərə valideynlərini bir vaxtlar güldürən filmlər, tamaşalar çox “gülməli” görünür. Fikirləşirlər ki, bizim atalarımızı, bizim analarımızı bu filmlər, bu tamaşalar necə güldürüblər? Axı burda gülməli nə var? Heç narahat olmasınlar. Vaxt gələcək bu günün gülməli filmləri, tamaşaları da onların övladlarına “gülməli” görünəcək.

Yalnız ictimai-siyasi məzmun daşıyan, çox incə, çox peşəkar gülüş zamana qarşı müqavimət göstərməyi bacarır...

“Kiçik ölkə” əsərinin girişində müəllif mənə bir az ədabaz, yekəxana, özündən razı adam kimi göründü. Əsəri oxuduqca bu ilk təəssüratım qismən dağıldı. Əsərdə rast gəldiyim bir çox səhnələrin sayəsində müəllifin dərdlərini, çətinliklərini, qorxularını hiss etməyə başladım. Müəlliflə oxucu arasında doğmalıq hissi yarandı. Bu isə çox vacib şərtdir. Şübhəsiz Laşa Buğadzenin iti qələmi, çox iti, çevik zəkası var. Həqiqətən, koloritli insandır. Laşa Buğadze yazıçıdır. Aşağıda verdiyim nümunələr Laşa Buğadzenin ünvanına dediyim təriflərdə mübaliğəyə yol vermədiyimi sübut edir:

...Yerimizi, qonaqlar üçün məxsusi hazırladıqları ikinci mərtəbədə sərdilər. Bu məqsədlə tikilən ikinci mərtəbələr, demək olar ki, gürcü kəndlərinin əksəriyyətində mövcuddur. Kəndlilərin özləri yarımzirzəmi birinci mərtəbədə və ya evin yaxınlığında tikdikləri əl damında yatırlar. Ancaq qəsr kimi məxsusi bəzədikləri ikinci mərtəbəni haçansa gələ biləcək qonaq üçün göz bəbəyi kimi qoruyurlar. Bu cür ikinci mərtəbələrin əsas xüsusiyyətləri bunlardır; bataqlıq qoxusu, üstünə kələ-kötür döşəklər və mütəkkə atılmış hündür çarpayı, hər tərəfinə müxtəlif oyuncaqlar düzülmüş, ancaq heç vaxt istifadə olunmayan pianino, otağın ortasında açıq masa və divarda artıq dünyasını dəyişmiş valideynlərin, yaxud nənə-babanın böyüdülmüş ağ-qara şəkilləri. Rəhmətliklərin, bir qayda olaraq, giley-güzarlı çöhrələri olur və yuxarıdan-aşağı qəmli-qəmli baxırlar.

...Mənim sinif yoldaşımın babası haqqında deyirdilər ki, o qarşısına çıxan insanı bir neçə günə şəxsi sürücüyə çevirə bilir. Əvvəlcə maşını ona etibar edir, sonra deyir, məni filan yerə apar, sonra zəhmət olmasa, get nəvəmi məktəbdən gətir, arvadımı bazara apar, vaxtın varsa, maşını yu...

...Babam arıq, sakit adam idi, onun yaşında olan kişilərin əksəriyyəti kimi həyatının böyük hissəsini horizontal vəziyyətdə keçirirdi. 1991-ci ildə Sovet İttifaqı və onun xidmət etdiyi instansiya – əmək və sosial müdafiə institutu dağılandan sonra yatağa düşdü və ondan sonra, demək olar ki, durmayıb, günü yataqda keçir. O xəstə kimi yaşayırdı, hamıdan və hər şeydən uzaq idi (bəzən buna görə ona həsəd aparırdım) və yüzdə bir dəfə ayağa duranda, arıq əyninə mənim nimdaş paltarımı keçirirdi, belə anlarda ona baxanda, elə bilirdim bu evdə ikinci bir mən də yaşayır, ancaq həmin mən artıq qocadır... Onun köhnə radiosunun düymələri heç yerli-dibli yox idi, buna görə babam məcbur idi, istər-istəməz eyni dalğanı dinləsin.

...İsti xalatlara bürünmüş qonşu qadınlar artıq ümumi dəhlizə çıxmışdılar. Natela xala öz nəvəsi ilə birlikdə liftin düz ağzında dayanmışdı. Nəvəsinin paltarında həmişə olduğu kimi, indi də sup ləkələri var idi. Bu qadın hara getsə, sous və pörtlədilmiş kələm iyi həmişə ardınca gedirdi.

***
“Kiçik ölkə” avtobioqrafik əsərdir. Müəllif başına gələn hadisələrlə bərabər bizi bir dövrdən başqa bir dövrə keçidin ağrıları ilə dərindən tanış edir. Bəzi səhnələrdə müəllif uzunçuluq etsə də, əsəri oxuyanda yorulmadım. “Kiçik ölkə” son vaxtlar maraqla oxuduğum azsaylı əsərlərdən biri idi. Yaxın keçmişdə qonşu ölkədə baş verən hadisələrlə ətraflı tanış olmaq istəyən şəxslərə “Kiçik ölkə” əsərini oxumağı tövsiyə edirəm.

# 4600 dəfə oxunub

Müəllifin son yazıları

# # #