Qılman ömründə Bakıda belə qarlı-çovğunlu qış görməmişdi. Şəhərin küçələri donmuş, hər tərəf buz bağlamışdı. Elə bil Tayqanın qışı şəhərə qonaq gəlmişdi. Adət etmədiyi soyuq Qılmanın üz-gözünü yandırırdı. Burnu xoruz pipiyi kimi qızarmışdı. Evi çox uzaqda deyildi. Avtobus, lap elə taksi işləsəydi, nə vardı ki? On dəqiqəlik yol idi. Ancaq piyada, özü də adamı kəsən soyuq qış axşamında evə bir saata da gedib çatmaq olmazdı. Evi indi Qılmana çox uzaq görünürdü. Həm də, açığı Qılman evə həvəssiz gedirdi. Ev onu özünə çəkmirdi. Evə gedim, yoxsa getməyim? “Evə getməsəm, bəs hara gedim?” - sualına cavab axtara-axtara addımlayan Qılmanın ayaqları sürüşdü, yanı üstə yerə yıxıldı. Canından möhkəm bir ağrı qopdu. Qılman pis bir söyüş söydü. Söyüş ünvansız idi. Kimi söyürdü, Qılman? Havanı, işləməyən avtobusları, yoxa çıxmış taksiləri, yolları buzdan təmizləməyən meriya işçilərini, onu özünə çəkə bilməyən evini, yoxsa narazı olduğu bəxtini?
Qılman ayağa qalxıb üç-dörd addım atmışdı ki, ayaqları yenə sürüşdü, yıxılmamaq üçün əllərini oynatdı. Bu dəfə Qılman beli üstə yerə yıxıldı. Ürəyi qorxudan bərk-bərk döyündü. O qədər bərk döyündü ki, döyüntülər bir-birinə qarışıb fasiləsiz döyüntüyə çevrildi. O, bir neçə dəqiqə qımıldanmadan ürəyinin fasiləsiz döyüntüsünü eşidə-eşidə göyə baxdı, sonra elə buzun üstündə uzanmış vəziyyətdə əllərini, ayaqlarını, çiyinlərini tərpətdi. Hər şey qaydasında idi. Heç yeri sınmamışdı. Qılman heç harasının sınmamasına sevindi: "Yaxşı qurtardım. Allahın mənə yazığı gəldi. Bir yerim sınsaydı, nə edərdim? Heç nə, yəqin ki, elə burdaca qalıb soyuqdan donub ölərdim. Əsas məsələ sümükdür, yumşaq yerlər boş şeydir, oralar tez sağalandır...". Qılman sağa-sola baxdı. Küçədə nə adam, nə də maşın görünürdü. Tam sakitlik hökm sürürdü. O, ayağa qalxıb addımlamağa risk etmədi. Üçüncü dəfə yıxılıb əl-ayağını sındıracağından qorxdu. Yüz otuz-yüz əlli metr aralıda yerləşən "Dostlar" kafesinin iri pəncərəsindən küçəyə düşən işıq Qılmanın gözünə xilaskar mayak kimi göründü. Kafenin işığı onu cəlb edir, təkidlə yanına çağırırdı. Qılman bu çağırışa cavab verdi: “Araq içməsəm, soyuq məni məhv edəcək. Araq soyuğun qənimidir. Deyəsən, heç Allah özü də evə getməyimi istəmir".
Ürəyi onu kafeyə tərəf çəksə də, Qılman ayağa qalxıb addımlamağa qorxurdu. Buz üstündə addımlamağın bu qədər çətin, qorxulu olduğunu heç bir zaman düşünməzdi. Kafeyə tərəf addımlayaraq deyil, iməkləyərək getmək qərarına gəldi. O, başa düşürdü ki, yıxılıb qol-qıçını sındırmaqdansa, iməkləmək yaxşıdır. Yolun yarısını qət etmişdi ki, bir küçə iti Qılmana yaxınlaşdı. Küçə iti həyatında ilk dəfə idi ki, yekə bir adamın küçədə iməklədiyini görürdü. Yekə bir adamın iməkləməsi itin marağına və təəccübünə səbəb olmuşdu. İt əvvəlcə Qılmanın bir addımlığında dayandı, sonra lap yaxına gəlib burnunu Qılmanın burnuna birləşdirdi, belə vəziyyətdə onlar diqqətlə bir-birinin gözlərinə baxdılar. Küçə iti burnunu Qılmanın burnundan aralayıb bir addım dala çəkildi. Yenə maraqla Qılmanın üzünə baxdı. Sanki onun hansı növ canlı olduğunu müəyyən etmək istəyirdi. Heç nə başa düşməyən it iki-üç dəfə zərərsiz hürdü və yoluna davam etdi. İti də başa düşmək lazımdır. İt haradan bilərdi ki, Qılman iki dəfə yıxılıb, üçüncü dəfə yıxılmaqdan qorxur, ona görə də kafeyə tərəf iməkləyərək getmək məcburiyyətindədir? İt gedəndən sonra Qılman da iməkləyərək yoluna davam etdi. Yaxınlaşdıqca kafedən hər an kiminsə çıxıb onu bu vəziyyətdə görəcəyindən ehtiyat edirdi. İncəvara, heç kim Qılmanın iməklədiyini görmədi. Kafenin beş metrliyində ayağa qalxdı - oyerdə ki, kafenin işçiləri oranı buzdan təmizləmişdilər. Burdan kafenin girişinə qədər qorxusuz-hürküsüz addımlamaq olardı.
''Dostlar" kafesində yeməklərin, arağın iyi siqaret tüstüsünə qarışmışdı, ancaq nə etməli, bu qarışıq iylər çölün damarda qan donduran soyuğundan min dəfə əlverişli idi. Tavandakı və divardakı lampalar birdən elə gözqamaşdırıcı işıq saçırdı ki, onların gərginliyinə tab gətirməyib, indicə əl qumbaraları kimi partlamağa başlayacaqlarını güman etmək olardı. Qılman paltosunu, papağını çıxartmadan boş masalardan birinin arxasında oturdu. Kafedə adam çox deyildi. Hər masanın arxasında bir, ya iki adam oturmuşdu. Arxasında üç adam oturmuş masa görünmürdü. Heç kim danışmırdı. Deyəsən bu gün bura yalnız Qılman kimi evə getmək istəməyən adamlar yığışmışdı. Yaşı qırxı keçmiş ofisiant Qılmana yaxınlaşdı. Onun pırpız saçları elə qırmızı idi ki, elə bil başını alov bürümüşdü. Qara rəngli dar paltarının altından iri əndamının bütün qabarıq əzaları aydınca seçilirdi və xüsusən qadın yeriyəndə daha da gəl-gəl deyən, xoş anlar vəd edən əzalar, ehtiras fışqıran qadın məziyyətləri kişilərin ağzının suyunu axıdırdı. Qılman qadından “xoş gəlmisən” sözünü gözləyirdi, amma qadın başqa söz dedi:
- Paltonu, papağını çıxart, nə olub, Sibirdən gəlmisən? Qiyamətdir?
- Atalar düz deyib, toxun acdan xəbəri olmaz. Nə vecinə, oturmusan isti yerdə, çöldən xəbərin yoxdur. Soyuq adamın iliyini dondurur. Sən mənə görə heç narahat olma. Canım bir az qızsın, papağımı da çıxaracam, paltomu da. Axıra qədər papaqla, paltoyla oturan deyiləm.
- Özün bilərsən. Nə istəyirsən? Nə gətirim sənin üçün?
- Elə bir şey gətir ki, canım qızsın. Ölürəm soyuqdan. Mən Bakıda heç vaxt belə qış görməmişəm.
- Əşi, bizim camaatımızın soyuğa dözümü yoxdu. Elə hər qış deyirlər ki, mən Bakıda belə soyuq qış görməmişəm. Görərsən, gələn il də belə deyəcəklər. Elə sən özün də deyəcəksən.
- Yox vallah, düz deyirəm. Mən Bakıda belə soyuq görməmişəm. Zəhrimara qalmış avtobuslar da işləmir.
Ofisiant salonu göstərib dedi:
- Avtobuslar necə işləsin? Şoferlər oturub vururlar.
- Bunların hamısı avtobus şoferləridir?
- Hamısı yox, üçü-dördü. Yaxşı, nə gətirim sənə?
- İki yüz əlli qram zoğal arağı gətir...
- Zoğal arağı yoxdu.
- Niyə?
- Qurtarıb.
- Bəs, nə arağı var?
- Heyva arağı.
- Necədi?
- İçənlər deyir, pis deyil.
- Yaxşı, iki yüz əlli qram heyva arağı, xiyar turşusu, bir də qaynar düşbərə gətir. Belə havanınkı xəmir xörəyidi.
- Başqa heç nə lazım deyil?
- Yox.
- Təzə balığımız var. Bu gün səhər gətiriblər.
- Nə balığı?
- Sazan balığı.
- Yox, istəmirəm.
- Oldu.
Ofisiant sifarişi alıb aralananda Qılman paltosunu və papağını çıxartdı. Papağı əzişdirib paltonun qoluna soxdu. Bir neçə saniyə paltonu hara qoyacağını düşündü, sonra paltonu boş stulun üstünə qoymaq qərarı verdi. Elə də etdi. Paltonu iki qatlayıb boş stulun üstünə qoydu, özü də aşağı əyilib baxdı, görsün paltonun hər hansı bir hissəsi yerə toxunmur ki? Paltonun heç bir yeri yerə toxunmurdu. Qılman paltonun yerə toxunmamasına sevindi, öz işindən razı qaldı və həmin an dərk etdi ki, bu gün adi gün deyil.
Yavaş-yavaş onun donu açılır, canı qızırdı. Ofisiant balaca qrafində iki yüz əlli qram heyva arağı və boşqabda uzununa çox səliqə ilə doğranmış duzlu xiyar gətirib masanın üstünə qoydu:
- Beş dəqiqəyə düşbərəni də gətirəcəm.
- Qaynar olsun.
- Bildim, bildim.
Xiyarın səliqə ilə doğranması Qılmanın ağzını sulandırdı. Sovetdənqalma kobud araq stəkanına araq süzdü.
Kafeyə qara palto geyinmiş yaşlı bir qadın girdi. Bufetçiyə yaxınlaşıb çörək istədi. Bufetçi kafedə oturanların hamısı onun səsini eşitsin deyə, qəsdən qadına ucadan cavab verdi:
- Mən hardan tapım çörək? Özüm bu gün güclə əlli çörək tapmışam. Az qalıb, bir azdan qurtaracaq. Çörək qurtarsa, mən “kliyent”lərə nə verəcəm?
Bufetçi qəsdən müştəriləri söhbətə qatdı ki, kafedə oturanlardan dəstək alsın və düz hərəkət elədiyini onlara göstərsin. Doğrudan da əgər çörək qurtarsa, kafeyə gələnlər nə yeyəcəklər?
Qılman qadının dediyi sözləri eşitməsə də, onun dilənçi olmadığını, çörəyi bufetçidən pulla almaq istədiyini başa düşdü. Bu gün çörək dükanları tez bağlanmışdı çox güman, qadın çörəksiz qalmışdı. İstədi söhbətə qarışsın, qadına çörək verməyi bufetçidən xahiş etsin, özünü saxladı. Ayrı vaxtı olsaydı yəqin ki, bu söhbətə müdaxilə edərdi, indi canı tam qızmadığından başqasının söhbətinə müdaxilə etməyə bəs edəcək qədər həvəsi yox idi.
Bufetçi deyinə-deyinə bir çörəyi iki yerə bölüb yarısını qadına verdi. Qadının uzatdığı qəpikləri aldı, yenə də deyinə-deyinə qəpikləri saymadan yeşiyə tulladı. Onun nə dediyini ayırd etmək çətin olsa da, vəziyyətdən hədsiz narazı olduğu şəksiz idi. Üzündən zəhrimar yağırdı, bununla belə həm də ürəyi yumşaq adam olduğunu göstərmək, savab qazanmaq istəyirdi. Qadın kafeni tərk edən kimi bufetçi üzünü zalda oturanlara tutub bu dəfə daha rahat, sözləri aydın tələffüz edərək deyindi:
- Qəribə adamlardı, vallah. Elə bil mənim burda çörək zavodum var. Deyir, mağaza tez bağlanıb. Mənə nə var, mağaza tez bağlanıb?
Zalda oturanlar bufetçiyə lazımı qədər dəstək vermədilər. Bufetçi zaldakılardan dəstək almadığını, söhbətə heç kimin qoşulmadığını gördükdə həvəsdən düşdü, deyinməyini kəsdi və zaldakılardan narazı qaldı. Qılman diqqətlə bufetçinin başına baxdı, bu başda nə kimi fikirlər, düşüncələr ola biləcəyini təsəvvür etməyə çalışdı. Ofisiant qaynar, kasada buğlanan düşbərəni ehtiyatla masanın üstünə qoydu.
Bufetin çıqqılı pəncərəsi zala tərəf açılırdı. Ofisiant hazır yeməkləri bu çıqqılı pəncərədən alır, kirli qab-qacaqları bu pəncərədən mətbəxə ötürürdü.
Mətbəxdən zala qab-qacaq səsi gəlirdi. Bu qab-qacaq səsi Qılmana hansısa günü xatırlatmaq istəyirdi. O həyatında çoxlu qab-qacaq səsi eşitmişdi. İndi qaynar düşbərəni yeyə-yeyə mətbəxdən gələn qab-qacaq səsinin ona konkret hansı günü xatırlatmaq istədiyini ciddi-cəhdlə tapmağa çalışırdı. Saysız-hesabsız qab-qacaq səslərinin arasından birini bütün yerdə qalan qab-qacaq səsindən ayırmaq Qılman üçün çətin idi:
“Görəsən, nə vaxt olub bu? Əsgərlikdə? Yox əsgərlikdə olmayıb. Oradakı qab-qacaqların səsi başqa idi”.
Bununla belə Qılman əsgər yeməkxanasını, oradakı yediyi yeməklərin dadını, çörək paylayanların, aşpazların sifətini, davranışlarını, arada hərbi hissə komandirinin qəflətən yeməkxanaya gəlib yeməklərin keyfiyyətini şəxsən yoxlamasını, komandirin yeməkxanaya gəldiyi zaman yeməkxana rəisinin, aşpazların necə qorxduğunu, yeməkxana rəisinin və aşpazların komandirdən qorxmasından əsgərlərin məmnun qalmasını, normadan əlavə yemək alanda əsgərlərin necə sevindiyini istər-istəməz xatırlamalı oldu.
“Gör nəyə sevinirmişik? Yeməkxana rəisinin və aşpazların hərbi hissə komandirindən qorxmağına. Bu qədər də mənasız sevinc olarmı?”
Yox, mətbəxdən zala tərəf gələn qab-qacaq səsi dəqiq əsgər yeməkxanasında eşitdiyi qab-qacağın səsinə oxşamırdı. Bəs harada eşidib bu qab-qacaq səsini? Bəlkə tələbə yeməkxanasında eşidib? Yox, oradakı səs də başqa idi. Qılman indi də tələbə yeməkxanasını, orda yediyi yağsız, keyfiyyətsiz, bəzən ümumiyyətlə ətsiz bişirilən yeməkləri, kobud kökələri, içdiyi, həmişə nədənsə ilıq olan açıq rəngli çayları xatırladı.
“Lənət şeytana, işə düşmədik? Bu nə oyundur, başıma gəldi?”
Əlacı olsaydı, ayağa qalxıb mətbəxdən zala açılan çıqqılı pəncərəni bağlayardı. Amma buna heç ixtiyarı yox idi, həm də bu pəncərəni niyə bağlamaq istədiyini heç kimə başa sala bilməzdi. Hər şey bir tərəfə, bəs, axı mən bu qab-qacaq səsini harada eşitmişəm?
Beləliklə, Qılman mətbəxdən gələn qab-qacaq səsinin ona hansı günü xatırlatmaq istədiyini tapmaq üçün həyatının müxtəlif dövrlərini, evləri, yeməkxanaları, kafeləri, restoranları yada salmalı oldu. Asan deyildi. Çünki yada saldıqlarında kədər çox, sevinc az idi və zamanında sevindiyi hadisələrin çoxu indi ona mənasız görünürdü.
Bir qab-qacaq səsinin saysız-hesabsız qab-qacaq səslərinin arasında özünə çətinliklə yol açaraq uzaqdan, lap uzaqdan ona tərəf gəlməsini Qılman hiss etdi. Bu qab-qacaq səsi getdikcə daha qətiyyətlə digər qab-qacaq səslərinin arasında özünə yol açırdı və Qılman başa düşdü ki, bayaqdan hansı günü xatırlatmaq istədiyini mütləq tapacaq. Əsas odur ki, kədərlənsə də dövrləri, yerləri xatırlamaqda davam etsin. Sanki xatırlamaq ona tərəf gələn səsin hərəkətverici qüvvəsi idi. Xatırladıqca səsin ona tərəf gəlmə sürəti artır, xatırlamadıqda səs yerində donub qalır, hətta geriyə də çəkilirdi. Qılman səsin itəcəyindən qorxub daha çox yerləri, evləri, yeməkxanaları xatırlamağa çalışırdı. Doğrudan da, saysız-hesabsız qab-qacaq səsləri arxada qalır, bir səs daha sürətlə Qılmana yaxınlaşırdı. Səs yaxınlaşdı, yaxınlaşdı, yaxınlaşdı, birdən Qılmanın xatirəsində partlayış baş verdi. Partlayışın təsirindən orqazm anlarında olduğu kimi Qılmanın bütün bədəni silkələndi. Lakin bu uzun sürmədi, getdikcə hər şey öz yerin tutdu; demək, bayaqdan o günü xatırlamaq istəyirmiş. Yazıq lap əldən düşdü.
Qılmanın yadında deyildi, neçənci il idi, neçə yaşı vardı, amma həftənin şənbə günü olduğu dəqiq yadında idi. Çünki hər həftənin şənbə günü mərkəzi televiziyada xarici film göstərirdilər. Həmin şənbə günü Pyer Rişarın baş rolda oynadığı "Oyuncaq" filmini göstərmişdilər. Film qurtardı, adamlar yatmağa hazırlaşırdılar. Böyük əmisinin oğlu onlara qonaq gəlmişdi. Film qurtardıqdan sonra əmisioğlu Qılmana dedi:
"Biz gedək bir az gəzək".
Küçədə sakitlik idi. İki əmioğlu qaranlıq, adamsız küçədə yanaşı addımlayırdı. Zəhmətkeş sovet vətəndaşlarının çoxu artıq yuxuya getmişdi, yatmayanlar isə həyət-bacada, tövlədə gəzib hər şeyin qaydasında olub-olmadığını yoxlayırdılar ki, gecəni rahat yata bilsinlər. Arada narahat, həyatın çəmini tapa bilməyən ailələrin yaşadığı evlərin həyətlərindən deyinən kişilərin, ağlayan uşaqların, nevroz arvadların qarğışları eşidilirdi.
Yaz gəlmişdi. Ağaclar çiçək açmışdı. Bəzi ağacların budaqları yola daşmışdı. Sevən adama ay da təzə görünür. Əmioğlu çiçək açmış ağaclardan birinin altında dayanıb, bir müddət ağaca baxdı və dərindən nəfəs alıb dedi:
"Hə, doğrudan da yaz gəlib”.
Bütün bunlar dəqiqliklə Qılmanın yadında qalmışdı. Qılman indi başa düşdü ki, əmisioğlu o vaxt sevginin təsirindən həyatında ilk dəfə yazın gəlişini bütün hüceyrələri ilə hiss etmişdi.
O vaxt əmisi oğlu Qılmangilin küçəsində yaşayan dəlisov bir qıza vurulmuşdu. Ona görə də, Qılmangilə tez-tez qonaq gəlirdi. Çox vaxt da onlarda gecələyirdi. Bunu evdə hamı bilirdi, amma heç kim ona bu barədə bir şey demirdi. Olduqca utancaq gənc idi. Ona bu barədə nəsə desəydilər, utandığından yəqin ki, bir də onlara ayaq basmazdı.
İki əmioğlu dəlisov qızın yaşadığı evin qarşısında dayandılar. Həyətdə kimsə qab-qacaq yuyurdu. Gecənin qaranlığında yuyulan qab-qacağın səsi küçəyə qədər gəlirdi. Sevən adam hər şeyi öz xeyrinə yozur. Qab-qacağı kimin yuduğu tam dəqiq olmasa da, əmisi oğlu qab-qacağı sevdiyi qızın yuduğunu güman edirdi. Diqqətlə yuyulan qab-qacağın səsinə qulaq asırdı. Bir az sonra qab-qacağın daha səsi gəlmədi. Küçəyə tam sakitlik çökdü və iki əmioğlu sakitcə heç nə danışmadan evə qayıtdılar.