Cəsədi küçələrdə sürüdülən Azərbaycan filosofu - ARAŞDIRMA

Cəsədi küçələrdə sürüdülən Azərbaycan filosofu - ARAŞDIRMA
6 dekabr 2013
# 13:18

Sufi təriqətlərinin əksər şəriət alimləri tərəfindən qəbul edilməməyi bir çoxlarına məlumdur. Ancaq sufiliyin daxilində elə təriqətlər olub ki, onları sufilərin özləri belə qəbul etməyib. Belə təriqətlərdən biri XIV əsrdə Təbrizdə meydana gələn hürufilik olmuşdur.

Hürufi təriqətini şair İmadəddin Nəsiminin ustadı kimi tanınan Astarabadlı Fəzlullah Nəimi yaratmışdır. O, hürufi təlimini ilk dəfə 1386-cı ildə Təbrizdə yaymağa başlamışdır. Röya yolu ilə həqiqəti tapdığını, bir çox sirlərə bu yolla yiyələndiyini bəyan edən Fəzlullah ərəb əlifbasında 28 hərf, bunlara fars dilindən də 4 hərf əlavə etməklə saylar arasında müxtəlif əlaqələr qurmaqla “hürufiyyə” təriqətinin əsasını qoymuşdur. Çox keçmədən ardıcıllar toplayan Fəzlullah hürufilik təriqətini bütün Azərbaycan boyunca yaymağa başlamışdır.

Hürufi kəlməsinin kökü ərəbcədə “hərf” sözünün cəmi olan “hüruf”dan meydana gəlmişdir. Rəqəmlərə və ədədlərə xüsusi önəm verən Fəzlullah hərf və səsləri varlığın əsası kimi görmüş, bütün əşyaları hərflərin təzahürü sayaraq “Kəlməni cismin varlığından ayırsaq, onun vücudu olmaz” demişdir.

Fəzlullah haqqında zaman-zaman heç bir əsası olmayan müxtəlif şayiə, böhtan, iftira və s. yanlış fikirlər söylənmiş, ona kafir, dinsiz, mürtəd damğası vurulmuşdur. Bu fikirlər təəssüf ki, günümüzdə də yayılmaqdadır. Onun haqqında yürüdülmüş ən məşhur fikirlərdən biri də budur ki, guya Fəzlullah özünü peyğəmbər, “Cavidannamə” əsərini də ona vəhy edilmiş səmavi kitab kimi təqdim etmişdir. Bəziləri isə Fəzlullahın guya özünü “Mehdi” hesab etməsini demişlər.

Fəzlullahın yazdığı əsərlərə nəzər salanda bu fikirlərin gerçəkdən heç bir əsası olmadığı bir daha meydana çıxır. Çünki Fəzlullah heç bir əsərində İslam dininin əsaslarına, İslam Peyğəmbərinə, Əhli-Beytə və ruhun varlığına qarşı zidd fikir söyləməmişdir. Əksinə, o, demək olar ki, bütün əsərlərində İslam dininin təməl prinsiplərindən çıxış edərək fikir yürütmüşdür.

Hürufilik təriqətinin şeyxi Şeyx Əbdürrəhman ibn Əbu Mühəmməd Fəzlullah Nəimi Təbrizi 1339-cu ildə Təbriz yaxınlığında yerləşən Astarabad əyalətində doğulmuşdur. Tarixi mənbələrdə onun haqqında ətraflı məlumatlar olduqca azdır. Nəimi barəsində doğru məlumatlara, əsasən, yazdığı əsərlərdə rast gəlmək mümkündür.

Hələ uşaq ikən Fəzlullahın Astarabadda qazilik edib. O, gənc yaşlarından dünyasını dəyişmiş atasının yolunu davam etdirərək bir müddət yaşadığı şəhərin qazisi olmuşdur. 18 yaşında olarkən dövrünün tanınmış mürşidlərindən olan Şeyx Həsənə mürid olaraq təsəvvüf yoluna qədəm qoymuşdur. Bundan sonra qazilikdən imtina edərək, atasının qoyduğu var-dövləti də tərk edib dərviş olmağa qərar vermişdir.

Bir gün Astarabad bazarında bir dərviş Mövlanə Cəlaləddin Ruminin “Bəqaya, əbədiyyətə sahib olduğun halda ölümdən niyə qorxub narahat olursan, Allahın nuruna sahibkən niyə mağarada gizlənirsən?” beytini oxuyurmuş. Bu an dərvişin dediyi sözləri eşidən Fəzlullah çox təsirlənir, canına vəlvələ düşür. Sonra mürşidindən bu beytin həqiqi mənasını soruşur. Mürşidi də bu beytin mənasını müridin ibadət, riyazət, eşq və cəzbə yolu ilə anlaya biləcəyini vurğulayır.

Fəzlullah müridliyə qədəm qoyub seyri-süluka başlayandan sonra müxtəlif şəhərlərə səfərlərə çıxır. Əvvəlcə o, Məkkə şəhərinə gedib oranı ziyarət edir. Oradan Xarəzm şəhərinə gəlib bir müddət burada yaşamağa başlayır. Sonra yenidən Məkkəyə yola düşüb buradan İsfahana gedərək orada bir mağarada inzivaya çəkilir. Bundan sonra Fəzlullah Təbrizə qayıdaraq uzun müddət vətəndə yaşamağa qərar verir.

Tarixi mənbələrin qeyd etdiyinə görə, Cəlairi sultanı Üveys, Fəzlullahın söhbətlərində iştirak etmiş, bu söhbətlərdən sonra ona rəğbət bəsləmiş, hətta Fəzlullah təbərrük kimi ona bir dərviş papağı da vermişdir.

Ümumiyyətlə, Fəzlullah həddi-buluğa çatdıqdan sonra öz dünyəvi ehtiyaclarını ödəmək üçün papaq tikməklə məşğul olmuşdur. Halal qazancı ilə günə bir tikə çörək yeyərək dolanmış, əyninə köhnə yamaqlı paltar geyməklə kifayətlənmiş, heç kimə ehtiyac duymamış, ömrü boyu yalnız öz zəhməti ilə yaşamışdır. Bu səbəbdən ona halalxor Fəzl deyilmişdir.

O, batinilərin yuxuyozma üsullarından istifadə edərək bu sahədə elə bir dərəcəyə çatır ki, “sabitüt-təvil”, yəni “doğru yozum verən” ləqəbi ilə tanınır.

Fəzlullah nəfsini tərbiyə edib dünya malından soyutmuş, özünü bütünlüklə Allaha həsr etmişdir. Bunun sayəsində də bir çox dərvişlərdən fərqlənmiş, ətrafında özünə qarşı xüsusi maraq oyatmışdır. Bununla yanaşı, “Nəimi” təxəllüsü ilə aşiqanə qəzəllər yazaraq bir çoxlarının sevimli şairinə çevrilmişdir.

Mənəvi tərəfləri ilə yanaşı, Fəzlullahın yüksək elmi savadı da olmuşdur. O, dövründə kamil insanın bilməsi lazım olan bir sıra elmləri dərindən öyrənərək onlara yiyələnmişdir. Fəzlullah hərf elmini öyrəndikdən sonra “Hürufiyyə” təriqətinin əsasını qoyur, beləliklə, o, Fəzlullah Hürufi adıyla tanınmağa başlayır.

Fəzlullah kainatı və bütün varlıqları insanın üzündə əks olunduğu qəbul edilən birinə “xütuti-ümmiyə” (ana xətlər), digərinə isə “xütuti-əbiyyə” (ata xəttlər) deyilən 7 xətli iki görünüşlə izah edirdi. O, bütün dini hökmləri 28 və 32 saylarına uyğunlaşdıraraq bu hökmlərin insanın üzündə əks edildiyi fikrini irəli sürürdü. O həmçinin yazırdı ki, Allahın sirri 32 ilahi hərfdədir və müsəlman olmayan şəxsə həmin hərflər vasitəsilə yaranan kəlamla anlaşılan gizli sirlər əyan ola bilməz. 28 və 32 rəqəmlərinin sirrini anlaya bilməyən haqq yolçusu kəlmeyi-şəhadətdəki “Allahdan başqa Allah yoxdur” kəlamının hikmətini anlaya və bütün əşyada Haqqı görə bilməz.

Onu da qeyd edək ki, hərflərin sirli və gizli mənalar daşımağı fikrini yalnız Fəzlullah irəli sürməmişdir. Həzrət Əli (ə), İmam Cəfər Sadiq (ə), Muhəmməd Qəzali, Mövlanə Cəlaləddin Rumi, Fəridəddin Əttar və Muhyiddin ibn Ərəbi kimi islam böyükləri də hərflərin sirli məna daşıdığına dair fikirlər irəli sürmüşlər.

Bu təlim vasitəsilə tezliklə Fəzlullahın ətrafına xeyli insan toplaşır. Onun hürufilik təlimi qısa bir zamanda Azərbaycanda geniş şəkildə yayılmağa başlayır. Oxucuları çoxalır, şeirləri sevilərək dillər əzbərinə çevrilir.

Hürufilik təlimi XIV əsrin sonlarında Azərbaycan hüdudlarını aşaraq İran, İraq, Türkiyə, Suriya, Misir, Hindistan və Şərqin bir çox ölkələrində geniş yayılmağa başlayır. Amma hürufilik türkdilli ölkələrdə daha çox rəğbət qazanır.

Hürufilik təlimi ilk dəfə Azərbaycanda meydana gəldiyi üçün hürufilər sonradan Azərbaycanı “Sərzəmine-rəstaxiz”, yəni “oyanış yeri” adlandırırlar.

Ümumiyyətlə, Fəzlullahın həyatında Bakı xüsusi yer tutur. Belə ki, o, fəaliyyətinin əsas mərkəzini Bakıda qurur və bir müddət burada yaşayır. O, Bakıdan getdikdən sonra da hürufilər bu mərkəzin fəaliyyətini davam etdirirlər. Ehtimal edilir ki, Fəzlullahın bu müddət ərzində yaxın tələbələri içində İmadəddin Nəsimi də olmuşdur.

Çox keçmir ki, Fəzlullahı bir çoxları kafir, yaydığı təlimi isə küfr hesab etməyə başlayırlar. Bu xəbər tezliklə geniş şəkildə yayılmağa başlayaraq onun doğulduğu Astarabada kimi gedib çıxır. Astarabaddan göndərilən bir hökmə əsaslanaraq Əmir Teymurun oğlu Miranşah Fəzlullah Nəimini Şirvanşah İbrahimin vasitəsilə həbs etdirir. Onu Naxçıvana aparırlar. Orada mühakimə edilərək Şirvanşah qazısı Bəyazidin fətvasına görə 1401-ci ildə cümə günü Əlincə qalasında qətlə yetirilir. Bunun ardınca camaata ibrət olsun deyə Fəzlullahın ayaqlarına ip bağlayaraq cəsədini küçələrdə sürüyürlər.

Mürşidinin haqsız yerə qətlə yetirilməsinə dözməyərək İmadəddin Nəsimi yanğı ilə məşhur “Ayrılır” rədifli qəzəlini yazır:

Ey müsəlmanlar, mədəd, ol yari-pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Fəzlullahın ortada qalmış cəsədi Əlincə qalasının yaxınlığında dəfn edilir. Onu da qeyd edək ki, günümüzə qədər gəlib çıxmış məzar hazırda Naxçıvanın Culfa rayonun Xanağa kəndində bir qəbiristanlıqda yerləşir. Sonradan bu məzar hürufilər və yerli əhali üçün ziyarətgaha çevrilmişdir.

Maraqlıdır ki, Fəzlullah öz edamını əvvəlcədən bilmiş, onun məhz Əmir Teymur tərəfindən qətlə yetirəcəyini özünün “Növmnamə” əsərində yazmışdır. Həmçinin bu əsərdə Fəzlullahın öz müridlərini Əmir Teymura qarşı üsyana qaldırmaq çağırışlarına da rast gəlmək mümkündür. Əbəs deyildir ki, Fəzlullahın edamı üçün Teymuri hakimiyyəti tərəfindən Əlincə qalası seçilmişdir.

Fəzlullah isə edamından əvvəl vəsiyyətnaməsində sadəcə övladları və müridlərindən ayrılacağına görə mütəəssir olduğunu yazmışdır. O, son günlərini özünün “Məhəbbətnamə” əsərində qələmə almış, gecələrinin əzablı keçdiyini, Şirvan şəhərini Kərbəlaya, keçirdiyi son günlərini Aşuraya, özünü İmam Hüseynə (ə), ona qarşı olanları isə Yezidə bənzətmişdir.

Fəzlullahın edamından sonra hürufilərin aqibəti yaxşı olmur, onlar hər yerdə təqiblərə məruz qalmırlar. 1427-ci ildə hürufi öndərlərindən olan Əhməd Lurun Şahruxa qarşı sui-qəsdə cəhd etməsindən sonra hürufilərin bir çoxu tutulub qətlə yetirilir, cəsədləri isə yandırılır. 1467-ci ildə baş verən üsyana görə bütün hürufilər cəzalandırılaraq Azərbaycandan sürgün edilirlər. Bundan sonra hürufilik Azərbaycanda demək olar ki, öz təsirini itirir, hürufilərin bir hissəsi Anadoluya, digər bir hissəsi isə Orta Asiyaya, əsasən də Hindistana üz tuturlar.

Bütün bunlara baxmayaraq, hürufilər öz təlimlərini qoruyub saxlamış, onu yaymağa başlayaraq fəaliyyətlərini davam etdirmişlər. Bu illər ərzində onlar ətraflarına xeyli tərəfdar toplayır, təlimləri haqqında əsərlər yazır, Fəzlullah haqqında xatirələrini yazırlar. Eyni zamanda, Fəzlullahın bütün əsərlərini mühafizə edərək gələcək nəsillərə ötürməyə nail olurlar.

Sonda onu da qeyd edək ki, Fəzlullahın əsərləri bunlardır: “Cavidani-Kəbir” (Hürilik haqqında), “Ərşnamə” (1120 beytlik məsnəvi), “Növmnmə” (Fəzlullahın xatirələri), “Kitabi-təvilat” (ölümdən sonra ruhun ölməzliyi haqqında), “Cavidannameyi-səğir” (eşq haqqında), “Məhəbbətnamə” (eşq və məhəbbət haqqında), “Divani-Əşar” (şeirlər) və “Vəsiyyətnamə”.

# 7245 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #