Fəridənin şeirləri üçün...
Yaşıl bir çəmənlikdə tək bircə yerdə uzaqdan lalə görüb "gül gördüm, gül" deyə çığıran uşağın sevinci qəribə olur. "Onu birinci mən görmüşəm!" Və bütün uşaqlar o laləyə sarı yüyürür. Amma o uşaq bir ayrı cür yüyürür. Lalənin yerinə başqa şey də qoya bilərsiniz. Göy qurşağını ilk dəfə görüb o birilərinə göstərən uşaq da, kəpənəyi birinci görən uşaq da belə sevinir. Fəridə Məmmədovanın Kulis.Az-da şeirləri yayımlananda mən də eyni sevinci yaşadım. Bu ki, mənim tapdığım çiçəkdir...
Bu, sizə keçən köşələrimdən birində haqqında söz açdığım həmin o istedadlı qızdır. Hansı ki, şeirləri arını özünə çəkən çiçək enerjisiylə çəkmişdi məni özünə sarı.
Mesaj qutusunda yazışmışdıq. Onun guya əcnəbi şairədən elədiyi "tərcümələrin" müəllifinin özü olduğunu biləndə sevinmişdim. Ədəbiyyatımızda yeni istedadlı qadın imzası doğulur deyə sevinsəm də, kədərlənmişdim ki, şeirlərini öz adından yaymağa çəkinir. Amma budur, onun şeirləri məşhur bir saytda yayımlanıb. Deməli, şeirlərinin altına öz imzasını atacaq qədər cəsarətlənib. Hətta bəlkə, az da olsa yazdığım köşə gözəl qızımıza cəsarət verib.
***
Ağaca fərqi yoxdu
Budaqlarından asılan beşikdi, yoxsa adam!
***
Kəsilmiş qadın saçları qədər sahibsizəm
***
Təkcə
Uşaq salan qadınlar anlayar məni
Onlar bilər necə olur boşluğu qucaqlayıb yatmaq
Arzuladığını içindən atmaq...
***
Bir az da
yad dildən çevrilmiş şeir kimiyəm
yəni, əslində, bu deyiləm...
***
Tək olmadığını hiss etmək
Heç də həmişə rahatlıq gətirmir
Məsələn, mən sənin həyatında tək deyiləm...
***
Qaça-qaça keçib gəlmişəm aralarından
Qoy keçim, soyunum... qorxma,
“Sevişək’’ deməyəcəm
Üst-başımda gətirdiyim
Kişi nəzərlərindən arınmaqdı məqsədim...
***
Xəritəyə baxıram... rədd olsun bu boyda dünya
Qollarının arası qədərcə yer qoru... qalanı çoxdu.
Sən orda mərmi alovlarında qızınırsan bəlkə də
Mənsə, üşüyürəm ...birdən gələrsən
Görərəm ki,
Qolların yoxdu.
***
Başa düşürsən, ay adam
öldürüb içimdəki şairi
məndən qadın yaratmaq istəyirlər!
***
Unutmağa çalışdığımı necə başa salım sənə?!
Bax kənddə - babamgildə
Həyatla ölüm arasında bircə mərtəbə fərq var -
Evin ikinci mərtəbəsi...
Erməni snayperindən yayınmaq üçün
Pilləkənləri qaça-qaça qalxırlar
Orda yaşamırlar - gülləylə yarışırlar
mən də şəhərdə belə keçirəm küçələrdən
Xatirələrdən yayınım deyə...
***
Göyərçinlər yağış gölməçəsindən su içirlərsə
Dəniz olmağın nə mənası var?
***
Bacardığım qədər qısa və lakonik olmağa çalışdım. Amma baxdım ki, Fəridənin şeirlərindən məni tutan nə qədər misra seçə bilmişəm. Hələ bir xeylisi də qaldı. Bu gözəl misralardan sonra uzun-uzadı nə yazasan?! Gənc şairəyə, - bizim Çalıquşuna uğurlar arzulayıram!