Məktəb avtobusunda abort söhbəti

Məktəb avtobusunda abort söhbəti
10 noyabr 2014
# 09:30

Sentyabrda şad xəbər yayıldı ki, sınaq üçün Bakı və Sumqayıt ərazisindəki 11 məktəbə avtobus ayrılacaq. Bu məktəblərin şagirdləri məktəbə avtobuslarda gedib-gələcəklər. Lap uşaqlarımızın sevə-sevə baxdığı cizgi filmlərindəki kimi.

Varlı uşaqlarının oxuduğu, illiyi beş-on min manat olan uşaq bağçalarında, orta məktəblərdə “school bus”lar varsa da, kasıbların oxuduğu dövlət məktəblərinin şagirdləri və valideynlər küçələrdə, svetoforlarda həmin məktəb avtobuslarını görəndə sadəcə köks ötürməli olurlar.

Qızımı məktəbə avtobusla aparıb-gətirirəm. Və bu, mənim üçün dünyanın ən dözülməz işidi. Əvvəla, həmin avtobus sürücülərinin balaca uşaqlara sayğısı yoxdu. Nə böyüyə böyük, nə uşağa uşaq kimi hörmət edirlər. Körpə uşağın əlindən tutub düşürəndə, ya mindirəndə çalışırsan ki, ehtiyatlı olasan, uşaq yıxılmasın. Kobudcasına qışqırırlar: “Tez ol! Tələs!” Bu bağırtıdan uşağın bağrı yarılır. Çox vaxt da əsəbi valideynlər sürücülərlə bozalaşır: “Görmürsən uşaqlayam?” Valideyni ilə yad adamın deyişməsini uşağın eşitməsi heç də xoş olmur.

“Tələs! Tez ol! Gecikirəm!” sözlərini deməyən sürücü çox azdır. Onlar həmişə gecikirlər, həmişə gecikmələrinin səbəbini çirkli, basırıq avtobuslara minmək məcburiyyətində olan sərnişinlərdə görürlər. Avtobusları elə idarə edirlər ki, adam canından qorxmaya bilmir. Tez-tez sərnişinlər qışqırır: “Kartof daşımırsan e!”, “Realni yarışında deyilsən!” və s.

Avtobusun içində qocaların, hamilə, ya uşaqlı qadınların olması sürücülərin vecinə də deyil. Bəlkə məktəb avtobuslarının sürücüləri üçün xüsusi qaydalar ola və sərnişinlərinin uşaqlardan ibarət olduğunu nəzərə alaraq, ehtiyatla sürələr. Amma ola da! Ola!

Bəzən avtobusun içində adam əlindən tərpənmək olmur. Bilmirsən uşağın özündən də ağır çantasını tutasan, yoxsa uşağı saxlayasan ki, yıxılmasın. Çantanı da, uşağı da saxlamaq üçün özün də bir yer tapıb yapışmalısan. Sənə ən yaxın dirəkdən azı on-on beş əl yapışır. Oturmaq o yana, yapışmağa yer tapmaq uğrunda mübarizə gedir.

Təsadüfən bir könüllü qalxıb yer verəndə də yaşlı bir adam çıxıb səni heç vecinə almadan uşağını ayağa qaldırır ki, sən uşaqsan, cavansan, mən qocayam, mən oturmalıyam. Bu hallarda məcbursan çətin də olsa, dözəsən. Ya da kobud şəkildə etiraz edib bu qocaların gözündə “tərbiyəsiz ” olasan.

Bu da bir ayrı dərddi ki, avtobuslarda oturacaqlar çox çirklidi. Uşaq başını oturacağa söykəyir, deyirsən eləmə, pəncərəyə söykəyir deyirsən olmaz. Hər cür adam minib düşür. Biri öskürür, biri asqırır, biri xəstədir.

O günləri arxa oturacaqda orta yaşlı qadın oturub, telefonda danışır. Səsi də bütün avtobusu götürüb. Metroda heç olmasa qatarın səsi adamların səsini batırır. Avtobusda isə mümkün deyil. Qadın telefonda məsləhət verir: “Madam ki, uşağa qalmısan, abort eləyib özünü bədbəxt eləmə!” İstəmirəm uşaq eşitsin, heç özümə də xoş getmir bu intim söhbət. Amma təbiətcə sakit adamam, qadının söhbətinə müdaxilə eləmirəm. Qızımı söhbətə tuturam ki, fikri məndə olsun.

Bu vaxt basabasın içindən gənc bir oğlan qadına irad tutur ki, ictimai nəqliyyatda bu cür ucadan danışmaq olmaz. Qadın, sanki bu müdaxiləni gözləyir, ağzını açıb, gözünü yumur. Söyüş-təhqir yağdırırlar bir-birinə. Avtobusu saxladıb düşürəm. Və təbii, dərsə gecikirik.

Məktəb avtobusları ayrılsa, uşaqlarda oxumağa bir ayrı həvəs oyanar. Valideynlər arxayınlıqla uşaqlarını məktəbə yola salar, hər gün məktəbə uşaq aparıb gətirərkən yollarda vaxt itirməzlər. Valideyn var boğazından kəsib taksi tutur.

Bu problem təkcə şəhərdə deyil. Elə kəndlər var ki, həmin kəndlərdə məktəb yolu uzaqdı. Kənd yolu da qışda palçıq, zığ, yayda toz, duman olur. Uşaqlar sahibsiz itlərin, vəhşi heyvanların hücumlarına məruz qalırlar.

# 5040 dəfə oxunub

Müəllifin son yazıları

# # #