Ərinin ölümlə hədələdiyi qadının dəhşətli mesajı

Ərinin ölümlə hədələdiyi qadının dəhşətli mesajı
6 avqust 2021
# 11:36

Kulis.az Sevinc Elsevərin qadın zorakılığı ilə bağlı “Yeddi qardaşın bir bacısı” yazısını təqdim edir.

Ötən əsrin 70-ci illərinin ikinci yarısıdır. Anam orta məktəbi təzə qurtarıb. Qadın düşməni babam Bakıya oxumağa getməsinə qarşıdır. O biri xalalarım kimi onun da orta məktəbdən sonra evdə oturmasını tələb edir. Anam təslim olmur: Deyirsən, Bakıya getmə, yaxşı, getmirəm. Lakin imkan ver öz rayonumuzda peşə təhsili alım. Babam yenə razı olmur, anamı basıb döyür də.

Orta məktəbi təzə bitirmiş anam necəsə qətiyyət tapır, qalxıb gedir polisə şikayət edir. Deyir, atam məni təhsil almağa qoymur, şiddət göstərir. Üstündən çox keçmir, bəlkə heç bir saat keçmir, babamın dalınca hökumət adamları, polislər gəlir, kişi dindirilir, dilindən izahat alınır, buraxılır. Yalnız bir şərtlə ki, qızına dəyib-dolaşmayacaq, qız istədiyi təhsili alacaq.

Təbii, anam çox uzağa gedə bilmir. Çünki Bakıda oxumaq üçün də ailənin dəstəyi lazım idi, yəqin, bir o qədər ürəkli deyildi.

Lakin rayonda təhsilini davam etdirir.

Günü bu gün də anam bu əhvalatı necə odlu-ürəkli, ağızdolusu danışır, bir bilsəniz! Gözləri parlaya-parlaya danışır həm də! Ovaxtkı hökumətin onun arxasında olmağından fərəhlənir hələ də.

Dövlət qadının güvənc yeri olmalıdır.

Qadının atasından, qardaşından da artıq arxalanacağı bir güc!

Böyük bir dəstək hiss eləməlidir.

Çünki bizim ölkədə bir çox ailələrdə 7-ci, 12-ci, 18-ci əsrlərin cəhalət qanunları hökm sürür. O ailələrdə qoyulan, tələb edilən “yazılmamış qanunlar”ın heç biri bizim müasir dünyagörüşümüzlə, konstitusiyamızdakı, beynəlxalq aləmdəki qanunlarla üst-üstə düşmür. Yüzlərlə ailədə qadınların adi insani haqları pozulur. Buna göz yummaqla o insanları ölümə tərk edirik, intihara sürükləyirik. Bu qadınların böyük əksəriyyəti də öz hüquqlarını bilmir.

Televiziyalarda şou verilişlərinin yerinə maarifçi verilişlər çəkilsin. O sadə qadınların çoxu heç sosial şəbəkələrdən istifadə edə bilmir. Çoxuna sosial şəbəkələrdən istifadə etmək ərləri, ataları, qardaşları tərəfindən qadağan olunur. Bir çoxunun ümumiyyətlə, mobil telefonu yoxdur. Tamamən hamıdan təcrid ediliblər, bağlı qəfəsə, əlçatmaz adaya salınıblar. Məhz buna görə televiziyalar qollarını çırmalayıb işə başlamalıdır. Elə o verilişlərdə o kişilərə də xitab olunmalıdır.

Azyaşlı qızlar təhsildən uzaqlaşdırılıb evləndirilirlər, qadınlar fiziki və mənəvi zorakılığa məruz qalır. Axı bu milli-mənəvi dəyər, mentalitet dediyiniz hər nədirsə - o, niyə dövlətin qanunlarını əzib keçməlidir?

Fiziki şiddət göstərən ər qanunlara görə cəzalandırılmır, əvəzində, qadına öyüd-nəsihət olunur, yenidən həmin adamın yanına göndərilir. Nəticədə, bu ölkədə hər gün bir qadın cinayəti baş verir.

Yüzlərlə uşaq yiyəsiz qalır: ata həbsxanada, ana məzarda...

Artıq bu vəziyyət dözülməz hala çatıb.

Dövlət qadının arxasında dayansın, lütfən!

Bu qədər yiyəsiz qoymasın onları!

Deməli, bu ölkədə arxasında yaxşı qardaşı, atası olmayan qızlar, qadınlar yiyəsiz qalmalıdır?

Arxalı olmaq üçün yeddi qardaşın bir bacısı olmalıdır bu ölkədəki hər qadın?

O yeddi qardaşı kim əvəz eləməlidir?

Bu səhər sosial şəbəkələrdə zorakılığa məruz qalan qadınlardan birinin mesajı yayılıb:

“Dəfələrlə polisə müraciət etmişəm. Səhər öldüyümü eşitsələr nə dəyişəcək? Üç övladım ortalıqda qalacaq. Neçə vaxtdır sizə yazmağa qorxurdum, risk etmirdim. Uşaqlarımı əlimdən almaqla hədələyir. Bəs mənim canım? Atam insult keçirib, anamın da ürək çatışmazlığı var. Mən də sakitləşdiricilərlə yaşayıram. Mənə kömək edin. Çox qorxuram!”

Deyirlər bu mesajı yazan qadın sağdır.

Lütfən, axtarın tapın onu!

Və xilas edin!

Bizi xilas edin!

Gələcəyimizi xilas edin!

O ailələrdə böyüyən uşaqlar axı bizim gələcəyimiz olacaqlar.

Aldıqları o travmalarla onlar necə yaşayacaqlar?

Böyüyüb kim olacaqlar?

# 3230 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #