O qadın mənəm... Sevinc Elsevərdən YENİ ŞEİRLƏR

O qadın mənəm... Sevinc Elsevərdən YENİ ŞEİRLƏR
13 aprel 2015
# 08:00

Kulis şairə Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Köpüklər

Paltar yuyar ağ əllərlə

köpürər sabun

yumru-yumru köpüklər

dənizdə dalğalar kimi...

Bulaşıq qabları yuyar

yenə... yenə o əllər

köpürər yağlı sular

uçuşar

ağızda saqqız kimi

şişən halqalar

tez də partlayarlar

davam gətirməzlər ki...

Çocuğunu yuyundurar o əllər

köpürdər bir teşt suyu

oynaşarlar ana-bala

çoxlu ağ kəpənəklər

qopar sulardan

qonar burunlarına

Ağzı köpüklənən

bir kişi qışqırar

bağırar ona hər axşam

Kişinin ağzından div boyda köpüklər düşər

alar içinə o qadını köpüklərdən biri

uçub gedər uzaqlara o qadın

bir nəhəng köpüyün içində

çocuqluğunda baxdığı

cizgi filmlərində olduğu kimi...

Ən çətin müsahibədə

Gecələr oyaq qalıb

ata-anasının yuxuya getməsini gözləyərək

sevgilisiylə görüşmək üçün

bağa enən yeniyetmə qız kimi

evdə hamını yuxuya verəndən sonra

bir kənara çəkilib

şeirlər yazan qadın mən idim

deyə boynuma alacam

o ən çətin müsahibədə...

Tək adamın gecəsi

Ötüb keçər maşınlar

yolun ortasındakı gölməçələrdən

su çiləyərlər üstünə

səkinin lap kənarıyla getsən belə

sənə elə gələr qəsdən edirlər

sevgilinlə ayrılmısansa...

Axşam saatlarında

yorğun-yorğun

market səkilərinə sərilən itlər

heç kimin yox

qalxıb sənin dalınca gedər

hədər, hədər, hər şey hədər...

bəla hər yerdə səni tapar

bir küçə davasının arasında

görərsən özünü qəfil

sənə elə gələr ki, ay da

qoca, təsbeh çevirən nənən kimi acıqla baxır

özünü yığışdır, adam kimi apar deyir

qaşıyla, gözüylə...

o uzaqlıqdakı aydan qorxarsan

nənənin zəhmli səsi gələr qulağına

“Aya az bax, çəkib aparar səni”...

Birdən bütün qorxuların qeybə çəkilər

şiniyərsən ayın üzünə

bəlkə səni bu dünyadan qopara

özü bildiyi yerə apara

amma ay qəfil gözünü çəkər səndən

girər bir qara buludun arxasına

tək-tənha qalarsan qaranlıq küçənin ortasında.

Balaca Ucalımızı dünyaya

gətirən Sevinc Fədaiyə ithaf

Baharda
ağaclarda açan çiçəklərə
toxunmağa qıymazsan ya
qopub düşərlər
meyvə olmazlar deyə qorxarsan...

Küçələrdə tək yeriyən
hamilə qadınlar görəndə
qaçıb yapışmaq istəyirəm qollarından....

Oğurlayan balaca əllər

Şahnaz Kamala

Balaca uşaq idi qardaşım
qonşudan bəzəkli

uşaq stulu götürmüşdü xəlvətcə
bizim evdə boyumuza,

bədənimizə uyğun belə stul yox idi
qonşuda görmüşdük
qonşunun uşağı oturmağımıza imkan verməzdi
özü oturar
altdan yuxarı baxıb bizə
“yandı-qındı” verirdi...


Qonşu uşağının başı əmisinin toyuna qarışanda
qardaşım o stulu mənə gətirdi
nə qədər həsrətlə baxdığımı görmüşdü dəfələrlə
sızlamışdı balaca qəlbi

nənəm bizi cəzalandırdı həmişəki qəzəblə
əvvəlcə bizi nar ağacımızdan
çubuq kəsib gətirməyə yolladı
əllərimiz, dizlərimiz tikanla cızıq-cızıq oldu

o çubuğu gətirib çıxarınca
sonra bağırdı qardaşıma
hansı əliylə stulu götürdüyünü boynuna alsın
hansı əlinlə götürmüsənsə o əlini də kəsəcəm dedi...
qardaşım baxdı əllərinə
bilmədi hansı əlini seçsin
seçmək çox çətin idi
hər iki əli qardaşıma əziz idi
hər iki əlini sevirdi

mənə baxdı
haray salan gözlərlə
mən də qardaşımın əllərindən

heç birini seçə bilmədim
sağ əliylə top atmışdı mənə
sol əliylə mən yıxılanda biləyimdən tutmuşdu
sağ əliylə gözümün yaşını silmişdi
yıxılıb dizimi qanadanda
sol əliylə saçlarıma sığal çəkib məni ovutmuşdu
hansı əlindən vaz keçə bilərdim ki?
iki gözüm kimiydilər...

“oğurluq edənin əlini kəsirlər!”

nənəm daha da qeyzlə
hirslə çığırdı üstümüzə...
inanırdıq nənəmizə
bundan əvvəl oğurluq etməmişdik heç birimiz
bilmirdik oğurluq nədir, cəzası necədir?
yüyürdüm nənəmin üstünə
“nənə... nənə... ay nənə...”

deyə boğuldum hıçqırığımda
sanki bu qadın nənəm deyildi
başqa bir qadını çağırırdım imdada
nənəm nar çubuğuyla vurdu qardaşımın əllərinə
ağlımıza gəlmirdi çubuqla əl kəsməzlər deyə
ağlımıza gəlmirdi sovet vətəndaşıyıq
nənəm tabe olmağa məcburdu sovet qanunlarına
xəbərimiz yox idi bu xoşbəxtliyimizdən
uşaq hüquqlarımızdan
xəbərimiz yox idi

illər sonra oxuyanda Viktor Hüqonun “Səfillər”ini
Jan Valjana ürəyim acıyanda
xatırladım o əhvalatı
və nənəmlə barışmadı qəlbim o zamandan sonra
üsyan etdim acımasızlığına
varlıların kasıblardan icazəsiz aldıqlarını
kasıblar iznsiz götürəndə adına oğru deyirlər
bu adamlar axı nə vaxt doğru deyirlər?

qəzetlərdə xəbər çıxdı:
“nəhəng marketdən qorxuyla-hürküylə

çörək oğurlayan yoxsul və qoca qadını

ifşa elədi market sahibi
qadının ürəyi dayandı həmişəlik”
başlar utancla endi aşağı
o qadın bəlkə ölməsəydi
daşlayasıydılar
əlini nədi
canını verdi deyə susdular!

Sevilən uşaq

Hardansa tapıb əyninə keçirdiyi
köynəyinin üstündə
ingiliscə "sevilən uşaq"

kəlmələri yazılıb

avtobusa dilənmək üçün minən uşağın

Bilmədiyi
yad dildə danışacaq
onunla dünya həmişə

Maşın

Dilənçi atasının əlindən tutub

avtobusdakı basabasda yeriyən

yıxılanda atasının əlindən

sanki adamın pencəyiymiş kimi

asılı qalan

ayaqları yerdən üzülən

körpə oğlanın gözü

qucağımda yatan oğlumun əlindəki

qırmızı, balaca maşına sataşdı

baxışlarındakı

həsrətli qığılcımları söndürmək üçün

oğlumun oyuncağını

gizlicə oğurlayıb uşağa verəcəkdim ki

maşın səs-küy qopartdı

qəribə səslər çıxartdı

musiqi çaldı

oğlum yuxudan qalxdı

dilənçi uşaq baxdı, baxdı, baxdı

atası avtobusdan düşürdəndə də onu

boynu xeyli arxada qaldı

amma o

nə ağladı

nə də fəğan qopartdı

oyuncaq maşından yana

oğlum kimi

Üzünü yerə sürtərək aldırmışdı oğlum

mənə o oyuncağı

almaq istəmirdim

evdə oyuncaq maşının var demişdim

təşəkkür belə etməmişdi maşını alıb ona verərkən

O uşağın baxışları

dəldi içimi keçdi

o uşaq ürəyində nələr apardı

nələr apardı getdi?

oğlum da atası maşın sürən

oğlan uşaqlarına eyni baxışlarla baxır

əli çatmadığı şeylərdən ötrü

əzab çəkməklə keçir hər insanın ömrü

par-par yanan mağazaların

bazarların içində...

# 2375 dəfə oxunub

Müəllifin son yazıları

# # #