Sevinc Elsevər Tıq-tıq xanımın nağlını təzədən yazdı DEKONSTRUKSİYA

Sevinc Elsevər Tıq-tıq xanımın nağlını təzədən yazdı <span style="color:red;">DEKONSTRUKSİYA
2 aprel 2015
# 08:00

Kulis 2 aprel - Beynəlxalq Uşaq Kitabı günü münasibəti ilə Sevinc Elsevərin “Tıq-tıq xanımın nağlı” hekayəsini təqdim edir.

Uşaqlar, gəlin sizə təzə nağıl danışım. Əslində, təzə də deyil, amma heç köhnə də deyil...

Yamyaşıl təpədə bir dozanqurdu ata-anası ilə xoşbəxt yaşayırdı. Bütün günü yeyib-içir, yatır, yatmayanda da çıxırdı təpəni gəzməyə. Həqiqətən kef-damaq içində yaşayırdı. Dünya vecinə deyildi. Əlini ağdan-qaraya vurmur, çöpü götürüb çöpün üstünə qoymurdu. İşi-gücü bütün günü çəmənlikdə hoppanıb düşmək, mahnı oxumaq idi. Ən çətin işi kolların arasında tikandan qoruna-qoruna gül dərmək idi.

Günlərin bir günü anası dozanqurdunu qabağına qoyub danlamağa başladı:

- Bəsdi gəzdin, hoppandın. Yaşıdların hamısı özünə dost tapıb, səninsə dostun yoxdu. Nə olub sənə? Korsan, keçəlsən, çolaqsan ki, səninlə heç kim dostluq eləmək istəməsin? Geyin, bəzən, çıx bir ətrafa bax. Qoy səni də görsünlər, səninlə də dost olmaq istəsinlər.

Dozanqurdu çiynini atıb dedi:

- İstəmirəm. Mənim dostum sənsən də. Ayrı dostu neynəyirəm?

Anası hirsləndi:

- Bu gün-sabah mən başımı yerə qoysam, kimin ümidinə qalassan? Gərək dostun olsun! Atan da sənin gələcəyin üçün narahatdı.

Bu sözlərdən sonra dozanqurdu qərara gəldi ki, özünə dost axtarsın. Soğan qabıqlarından anası ona bir don tikdi ki, atırdın dik dayanırdı, yeriyəndə şıq-şıq eləyirdi. Fındıq qabıqlarını da ayaqqabı kimi ayaqlarına keçirtdi ki, dərə-düz gəzəndə, dost axtaranda ayağına tikan-mikan batmasın. Yeriyəndə tıq-tıq tıqqıldayırdı. Bu tıq-tıq o qədər xoşuna gəldi ki, özünə Tıq-tıq xanım adını götürdü. Başına çiçəkdən-güldən ətir çəkib vurdu, üzünə bəzək verdi. Qaşına qara yaxdı, gözünə sürmə çəkdi. Gülü qırmızı suyunu dodaqlarına yaxdı. Anası qızını görcək dedi:

- Varmı bu dünyada mənim qızımdan gözəl?! Səninlə gərək şahzadələr dost olmaq istəsin. İndi dur ayağa, səhəngi götür, get bulaqdan su gətir. Qızlar hamısı çoxdan bulaqdan su gətirir. Sənin də bulağa gedən vaxtındı. Amma dost tapanda bizə də məsləhət elə. Hər qabağına çıxanla dost olma.

Tıq-tıq xanım razılaşdı. Anasının sözlərindən də yaman feyzyab oldu. Səhəng çiynində nazlana-nazlana çıxdı təpənin döşünə. Çoban dəydi gözünə. Çoban Tıq-tıq xanımı görcək dedi:

- Ay dozanqurdu, nə qəşəng bəzənmisən? Hara belə?

- Çərə gedirəm, çürə gedirəm, sənə nə var hara gedirəm? Hər gün getdiyim yoldu da. Anam deyib gedim bulağa, su gətirəm. Özü də yaxşı bax, gör mən kiməm? Adım Tıq-tıq xanımdı, dozanqurdu nədir?

Çoban dedi:

- Ay Tıq-tıq xanım, gəl mənimlə dost ol. Ömür çox gödəkdi. Bu çöllərdə yalqızam, mənə bir dost gərəkdi. Mən sürünü otaranda evə-eşiyə baxan yoxdu. Sənin kimi dostu çoxdan axtarırdım. Belə zirək, qəşəng, bulaqdan su gətirən xanım harda var?

Tıq-tıq xanım çobanın çomağından qorxurdu. Ona görə çomağa baxa-baxa soruşdu:

- Səni hirsləndirsəm, məni nəylə döyərsən? Qonşumuz Kəpənək özünə dost tapmışdı. Dostu onu yaman döyürdü. Yazıq güclə qaçıb canını qurtardı. Daha heç dost istəmir də. İstəmirəm mənim də elə dostum olsun.

Çoban çomağını qaldırıb dedi:

- Nəylə döyəcəyəm? Əlbəttə ki, çomaqla! Əlim elə buna yatır.

Tıq-tıq xanım bu sözləri eşidib kənara çəkildi, dedi:

- Get, get, səndən mənə dost olmaz!

Çoban dedi:

- Bəyənmirsən, bəyənmə. Dost adamı sevər də, döyər də! İki dost arasında hərdən söz də düşər, dalaşarlar da, barışarlar da.

Tıq-tıq xanım çiyin atıb çobandan uzaqlaşdı. Hoppana-hoppana, oxuya-oxuya yola düzəldi. Gəlib çatdı bulaq başına. Bulaq başında tülküyə rast gəldi. Tülkü dozanqurdunu görən kimi tez qabağını kəsdi, başladı şirin dil töküb quyruğunu bulamağa:

- Bu nədi, ay dozanqurdu? Gəlin kimi özünə bəzək vermisən, hara gedirsən? Dost axtarana oxşayırsan. Durma, söylə, ay göyçək, dostmu axtarırsan?

Tıq-tıq xanım:

- Tutalım, dost axtarıram. Bundan sənə nə? - deyib nazla qara-muncuq başını çevirdi, qaş-gözünü oynatdı - Gözünü sil, yaxşı bax, gör kiməm? Dozanqurdu yox, Tıq-tıq xanımam. Kobud olma.

Tülkü hiyləgər idi. Bildi ki, dediyi sözlər Tıq-Tıq xanımın xoşuna gəlmədi, səhvini düzəltdi:

- Bağışla, adını bilmirdim. Əgər səni incitdimsə, dilim-ağzım qurusun. Dost axtarırsansa, məndən yaxşısını tapmazsan.

Tıq-Tıq xanım nazla dedi:

- Çox yaxşı. Onda bir sualıma cavab ver. Əgər səni acıqlandırsam, məni nəylə vurarsan? Qonşumuz Kəpənəyin gününə düşmək istəmirəm. Dostu onu o qədər döyürdü ki.

Tülkü dedi:

- Hirsləndirsən, səni dişləyərəm. Qorxma, lap yavaşca dişləyərəm. Dişimlə bəzək vuraram, qoluna saat çəkərəm.

Tıq-Tıq xanım bu sözləri eşitcək, səksəndi. Səhəngini də atıb ordan qaçdı.

Tövşüyə-tövşüyə bulaqdan uzaqlaşdı. Yazıq arxasına baxa-baxa gedirdi, yolda bir Siçanla toqquşdu. Siçan Tıq-tıq xanımın qarşısında şöngüdü, qulağını diklədi, şirin dilini işə saldı:

- Saçı uzun Suray xanım,

Boyu uzun Buray xanım,

Sığal verib qara telə

Hara gedirsən belə?

Bütün romantik xanımlar kimi Tıq-tıq xanımın da şeirdən xoşu gəlirdi. Şeir onun canına sarı yağ kimi yayıldı. Dedi:

- Getmişdim bulaqdan su gətirəm. Bir tülkü çıxdı qabağıma, dedi, gəl dost olaq. Mən də soruşdum ki, hirsləndirsəm səni, nəylə döyərsən məni? Bilirsən, heç nə dedi?

Siçan başını buladı:

- Bilmirəm. Nə dedi?

- Dedi, məni iti dişləriylə dişləyər.

- Qəm yemə, gəl mənimlə dost ol. Mənim kimi dostu heç vaxt tapa bilməzsən.

Tıq-tıq xanım bayaqdan dilində əzbər olmuş sualı verdi:

- Mənə de görüm, əgər acıqlandırsam səni, nəylə döyərsən məni?

Siçan dedi:

- Döymək nədi? Yavaşca quyruğumu bükərəm, o incə göz-qaşına qara sürmə çəkərəm.

Tıq-tıq xanım donunu sevinclə yellədi:

- Razıyam, amma əvvəlcə gedək ata-anamdan xeyir-dua alaq, necə gözəl dost tapdığımı onlar da görsün.

Siçanla Tıq-tıq xanım xeyir-dualarını alıb yola düzəldilər. Az getdilər, çox getdilər, gəlib Siçanın daxmasına çatdılar. Bir xeyli şad-xürrəm yaşadılar. Bir gün Siçan bəy baxdı ki, evdə ərzaq qurtarır, Tıq-tıq xanıma dedi:

- Ay Tıq-tıq, Şıq-Şıq xanım, mənim ürəyim, canım! Eşit, gör nə deyirəm: bu gün Xanın evində toy var. İndi ora doludu yağlı plov, şəkər, qatlamayla. Sən evdə otur, qapıdan heç yana çıxma, gedim, azdan-çoxdan yığım gətirim.

Tıq-tıq xanım dedi:

- Məni də apar, sənə kömək edərəm.

Siçan etiraz elədi:

- Yox. Ora sənin yerin deyil, əl-ayağıma dolaşarsan. Qoy rahat-rahat işimi görüm. Tez gələcəm.

Siçan belə deyib getdi. Xeyli vaxt ötdü. Tıq-tıq xanım gördü ki, Siçan bəy qayıtmadı. Lap darıxdı. Siçana görə çox narahat oldu. Düşdü yolun ağına. Xan evinin yolunu soruşa-soruşa gəlib ora çatdı. İçəri keçdi, ora baxdı, bura baxdı, gördü Siçan bəy gözə dəymir.

Tıq-tıq xanım təzəcə məclisə girmişdi, baxdı ki, onun dalınca məclisə təzə qonaqlar gəldi. Həmin qonaqlar deyəsən çox hörmətli qonaqlar idi. Xan özü qalxıb onları qarşılamağa gəldi. Xan qonaqlarından soruşdu:

- Necə gəldiniz? Çox yorulmadınız ki?

Qonaqlar dedilər:

- Lap əla gəldik. Yolda da gülməli bir şeylə rastlaşdıq. Hardansa səs gəlirdi, atın üstündə ha boylandıq səsin hardan gəldiyini görmədik, amma yaman qəribə sözlər eşitdik. Özü də kimdisə şairliyi vardı, şeirlə danışırdı:

Saçı uzun Suray xanım,

Boyu uzun Buray xanım,

Xəbərin yoxdu mənim

Çıxır çuxurda canım...

Bu sözü deyəndə qonaqlar gülüşdülər. Tıq-tıq xanımsa bu sözləri eşidən kimi bildi ki, bu şeiri ancaq Siçan bəy deyə bilər. Qaça-qaça gedib evlərinin yanındakı çuxuru tapdı. Çuxura çatanda gördü ki, Siçan bəy suya batıb-çıxır, Tıq-tıq xanımı köməyə çağırır. Sən demə, Siçan çiynində noğul, şəkər dolu torba sevincək evə gələndə, xəyalına gətirir ki, Tıq-tıq xanım gətirdiyi şeyləri görəndə necə sevinəcək. Sevindiyindən gözü ayağının altını görmür, ayağı daşa ilişir, çuxura yıxılır.

Tıq-tıq xanım Siçanı bu vəziyyətdə görəndə özünü gölməçəyə yetirdi. Yaxınlaşıb şirin dillə dedi:

- Əlini mənə, bəstərəcik!

Siçan suya batdı, suyun üzünə çıxanda dedi:

- De görüm, məndən küstərəcik?

Tıq-Tıq xanım dedi:

- Niyə mən səndən küstərəcik?

Siçan:

- Səni özümlə aparmadım. Deyilsən küstərəcik?

Tıq-Tıq xanım:

- Dost dostdan küsərmi heç?

Deyiləm səndən küstərəcik...

Siçan bunu eşitcək əllərini uzatdı, Tıq-tıq xanım Siçanı dartıb çıxartdı. Siçan Tıq-tıq xanımı da götürüb Xan evinə toy noğulu yeməyə getdi. Gələndə də birlikdə bir torba yığıb gətirdilər. Bu dəfə köməkli gəldilər deyə nə yerə tökdülər, nə də çuxura düşdülər.

# 9150 dəfə oxunub

Müəllifin son yazıları

# # #