Baxardım adamların ağrılarına - Sevinc Elsevərin yeni şeirləri

Baxardım adamların ağrılarına - <span style="color:red;">Sevinc Elsevərin yeni şeirləri
24 aprel 2017
# 21:10

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Küsmüşəm çiçəyimdən

küsmüşəm çiçəyimdən

səbəbini bilmirəm özüm

çiçəyim qırmayıb qəlbimi

küsməyimin səbəbi

haçandı çiçəkləməməsi deyil

yarpaqlarının əvvəlki kimi

yamyaşıl olmaması da

əksinə içimdəki sevgini tərpədir bunlar

götürüb su verirəm ona

yarpaqlarını silirəm nəm əsgiylə...

qəlbimdə yeri daraldığına görə

çiçəkmi günahkar

qəlbimmi

bilmirəm gerçəkdən

yorulmaq olarmı sevməkdən?

sevgidə ara varmı?

atıb gedirsən

bəlkə qayıdırsan

bəlkə də heç qayıtmırsan

məndən çox bağlıdı

çiçəyim dibçəyinə

dibçəyini bir pəncərədən

başqasına keçirərək

rəngləndirirəm həyatını

başqa mənzərələr açıram

gözləri önündə

günəş başqa cür oxşayır onu

amma mən yenə çiçəyimi

əvvəlki kimi sevmədiyimi anlayıram

çiçəyin günahı yoxdu

bilirəm

və mən qəlbimə

söz keçirə bilmirəm

çiçəyimi atsammı, a dostlar?

satsammı, əcəba?

bəlkə biri onu

məndən çox sevəcək

bəlkə çiçəyim də

məni sevmədiyindən

çiçəkləmir

yaşıllaşmır?!

Yamyaşıl qan

dərman qutularına

dizayn düşünən adam

qırmızı rəngi çox

işlətmiş

qanyaradan dərmanın üstündə

mənimsə qanım

qara olur çox zaman

istəyirəm

hərdən çəhrayı qan axsın

damarlarımdan

hərdən göy üzü kimi mavi

hərdən dəniz üzü kimi ağ köpüklü

bahar gələndəsə yamyaşıl olsun

içimdən axan qan...

***

əlində iynə

başım üstündə dayanan

tibb bacısı

bir anlıq

əlində qılınc başım üstündə dayanan cəlladı

xatırladır mənə

tərslikdən hər ikisi səbirsiz

və tələsir...

biri əzablarıma davam edə bilməyim üçün

əzablı həyatımın bitməməyi üçün əlləşir

xəyalımdakı isə

kökündən həll etmiş olur məsələni

canımı qurtarır bütün ağrılardan

qorxulardan birdəfəlik

***

hər sabah

tər içində oyanır

yaşlı qadın

gördüyü qorxulu yuxular

çin çıxmasın deyə

çiyninə şal atıb çıxır eşiyə

xırda pul salır evinə ən yaxın dördyol ayrıcına

o yoldan məktəbə gedən uşaqlar

xırda pulları tapıb sevinirlər

şirni alıb yeyirlər...

Balaca əsgər

atasıyla müharibə filmi

izləyən balaca oğlan

hər an döyüşə hazır əsgər kimi

oyuncaq avtomatını

qucaqlayıb yatır

səksənir anası avtomatı

çəkib alanda...

Aygün Bünyadzadənin sınıq barmağına ithaf

sınıqçı idi nənəm

evimizə ağrılı adamlar gələrdi

axsaya-axsaya

kiminsə qolundan yapışaraq

ya qolunu boynundan asaraq

nənəm sınmış sümükləri yerinə saldıqca

sümüklər şaqqıldadıqca

dəli bağırtılar qopardı adamların bağırlarından

diksinərdim otağın bir küncünə qısılaraq

gözlərimi bərəldib baxardım adamların ağrılarına

yalvarışlarını eşitməməkçün

tutardım qulaqlarımı

“bir hovur əl saxla” deyə yalvarardılar

dua edərdim tanımadığım adamlara

ağrıları azalsın deyə...

gözümün qabağında ağrıyan

o adamlar öyrətdi mənə

başqalarının dərdlərinə biganə qalmamağı

o vaxtdan bəri ağrıyan adamları

tanıyıram uzaqdan

içlərində nə yaralar var bilirəm

əlimdən heç nə gəlməsə də onlar üçün

qəlbimin dərinliklərində

dualar edirəm

uzaq uşaqlığımda

otağın küncünə sıxılıb

qorxu içində

dilinin altında tələsik dualar

pıçıldayan

ağrını beşikdən tanıyan o uşaq kimi...

Tıxac və uşaqlar

pərvanə özünü işığa atan kimi

atılır bahalı maşınların qabağına

əlində yaş əsgi tutmuş

balaca oğlan

şəhərdə tıxac yaranan küçələrdə

tıxaclar çörək yeri...

elə cəld tərpənir ki

adam bir anlıq qorxur

uşağın maşın altına düşəcəyindən

batıb-çıxdıqca rəngbərəng maşınların arasında

düşünürsən “sağdırmı hələ?!”

kimsə vecinə də almır onu...

tıxacdan çıxmağın hayında

deyinir, söylənir hamı

bir əsəbi adam da

acığını balaca oğlanın üstünə tökür

şüşəni aşağı endirərək

təpinir ona

dəli bir acıqla

şəhərin tıxac yaranan küçələrində

başqa bir uşaq gül satır

ürəyi sevgiylə dolu bir adamın

rastına çıxacağı ümidiylə...

bəlkə biri gül alıb

bağışlayacaq sevdiyi qadına

daha güllər yoldan çıxarmır heç kimi

sevgisiz bu şəhərdə...

Laxlayan diş

dilinlə oynadırsan ağzında laxlayan dişi

buna alışırsan

sonra elə dilin səbəb olur

laxlayan dişinin kökündən qopmağına

onda dilini dişinin qanayan yerinə basırsan...

sonra xeyli vaxt

axtarır həmin o laxlayan dişini dilin

darıxır ağzında

möhkəm dişlərin dibinə vurur

amma heç biri yerindən tərpənmir

oynamırlar

ərköyün dilinin qabağında

elə adamlar var

o laxlayan diş kimi qəfil gedir həyatından

və sən darıxırsan

ondan qalan boşluğa oturaraq...

***

uzun, dar

pillələrlə ağır-ağır enən

yaşlı qadını

ürəyi gəlmir ötüb keçə

gənc qızcığaz

ört-basdır eləməyə çalışır

aralarındakı fərqi

hətta qadına köməyini

təklif etməməyi də

bu səbəbdəndi...

gecikdirir qızcığazı yaşlı qadın

sevgilisinin görüşünə

oğlana nə deyəcəyini fikirləşir ürəyində:

“evdən çıxmağını gözləyirdim atamın...”

“anamı zorla razı saldım...”

çoxlu səbəblər sadalayır beləcə

sözü yaşlı qadının üzərinə

gətirmədən.

Bahar gəlincə

bahar gəlincə

qızlar saçlarını

günəşə

küləyə

ulduza-aya

yağışa verdilər

biri öpdü

biri sığalladı

biri qoxladı

biri yoxladı...

biri ağladı, gözünə çəkdi

rəngbərəng lentlər düzdülər saçlarına

yaşıdları

al-əlvan bağça kimi

ətir saçdı

tellərinin ucları

baş örtüyünün rəngini dəyişdi tez-tez

on beş yaşlı Sənəm

bir gün yaşılını

bir gün alını

bir gün yaylığını

bir gün şalını taxdı

o da qoşuldu bahara gülə-gülə

günəş

ulduz-ay

yağış, yel

həsrət qaldı Sənəmin saçlarına

öpmədən, qoxlamadan

oynatmadan

durub baxdılar bütün yazı...

# 1282 dəfə oxunub

Müəllifin son yazıları

# # #