Kulis.az Xavər Şəfiyevanın yeni şeirlərini təqdim edir.
Qızıl zəmi başında,
Bozarıb, doluxsunub
Mavi səma yolları
Mavi gözlü bir uşaq:
Ata, saxla onları.
Sən ağlama balaca,
Bizim də yaramız var.
Döyüşlərdən sağ çıxmış,
bacımız, anamız var.
Sən anana bərk sarıl.
Kəsiləcək yağışlar.
Mənim də sənin yaşda
Mavi gözlü qızım var.
Sən anana bərk sarıl
Savaşın bir üzü var,
Sənin torpağında da,
mənim torpağımda da
ac köpəyin gözü var.
***
Mən bilirdim bu ayrılıq çox çəkməz
Mən bilirdim bu oyunun sonu var
Yalan ömrü qırx gün olur, bilirsən
Yalanın da bir həddi var, tonu var
Bir işıq var nöqtə boyda uzaqda
Ha baxıram...ha baxıram boylanıb
Divardakı daşa dönmüş saat da
Neçə ildir bir zamanda dayanıb
Mən bilirəm, o əqrəblər tərpənər,
Min il çəkən bu sükunət keçəcək
Divardakı daşa dönmüş saatda
Mən bilmirdim, məni bağışla deyəcək
Sən ha boya, ha bəzək vur bu işə
Bu günədək alınmadı... alınmaz...
Nənəmin bir sözü vardı dilində
Boş quyuya doldurmaqla su dolmaz
***
Hər gedişin sonu,
Bir gəlişin başlanğıcıdır əzizim.
Gələnlər getdi deyib dayanma.
Əlində günəşlə gələnlərin istisinə isin,
yubanma.
Boya əlindəki fırça ilə,
Ömrünə göy qurşağı rənglərini boya.
Mən bilirəm,
Səninçün dünyaya palitradan baxmaq daha gözəldir.
Bir də mənim gözlərimdən gör
Ən parlaq rəngini seç.
Barmağınla saçıma hör.
O rəng ilə bütün alatoranlıqları siləcəm.
Səndə yeni dünya görəcəm.
Yeni dünya görəcəm.
***
O şəhər də mənim idi,
O dəniz də.
Yaşadığın o küçə də.
Nə dəyişdi bir gecədə?
Biz, biz olsaq bu dərd bizi tapardımı?
Xəzərə baxıb,
pıçıldayan arzuları
qağayılar apardımı?
Səmaya bax
Pəmbə-pəmbə buludlar da siyah olur.
Göy düşsün başıma mənim,
Mən bilmirdim belə sevmək günah olur.
Qəza idi həyatımda
Ölmədim ki...
Qurban olum yaşamaq da belə olmur.
Yordu... yordu bu yol məni,
yenə yola sarılmışam.
Bəhanələr məndə qalsın
Səni deyib gəlmirəm ki,
O şəhərçün
O dənizçün
O küçəyçün darıxmışam...