Klip romantikası, sönük aktyorluq, tələsik təhkiyə

Klip romantikası, sönük aktyorluq, tələsik təhkiyə
1 oktyabr 2013
# 11:00

Türkiyənin ortabab rejissor və ssenaristlərindən biri Mehmet Ada Öztekinin yazıçı Elçinin ssenarisi əsasında ekranlaşdırdığı “Mahmud və Məryəm” sadəcə, kostyum filmidir.

Yəni kostyum filmlərində bir qayda olaraq, dekorasiyalara, kostyumlara, qədim tikintilərə aksent edilir, konkret tarixi dövr təsvir olunur və əhvalatın, obrazların təsviri illüstrativ xarakter daşıyır.

“Mahmud və Məryəm” ekranizasiyasının ənənəvi kostyum filmlərindən fərqi həm də ondadır ki, o, şərq (oxu: Azərbaycansayağı) didaktikası ilə yüklənib.

Filmin əvvəlində tamaşaçılara Hun imperiyası, islam dini haqda ritorik dərs keçilir.

Ziyad xanın məşvərət-məsləhət məclisində “Bütün türklər birləşməlidir” şüarı dolaşır.

Çaldıran döyüşü haqda məktəb dərsliyi səviyyəsində bilgi verilir.

Filmdə muğama ölkə mədəniyyətinin təbliğat vasitələrindən biri kimi istinad edilir.

Muğamla bağlı epizod zamanı bir anlıq özümü “Muğam müsabiqəsi”nin seyrçisi kimi hiss etdim.

Musiqinin bu növündən söz düşəndə mütləq Qarabağın adı çəkilməlidir.

Hiss olunur ki, ssenariyə Ziyad xanın ifaçı ilə dialoqunu (Ziyad xan xanəndəyə sual verir: Orada (Yəni Qarabağda) kimin qalıb? Xanəndə “anamla atam” deyəndə, xan sərt cavab verir: “Yalan deyirsən, küçük, orada sənin ürəyin qalıb”) təbliğat məqsədilə birtəhər ora yerləşdirməli olub.

Sözsüz ki, bayağı dialoq və situasiyadır. Amma burada anlaşılmayan daha çox xanın səbəbsiz-filansız, qəzəblə ifaçıya “küçük” deməsidi.

Qeyd etdiyim məqamlar fantazi-nağıl elementlərinin və əsas qayəsi eşq olan filmin süjetində heç cürə orqanikləşməyib.

Ümumiyyətlə, filmin təsvir nəqli pintidir. Ayrı-ayı kadrlar, epizodlar və keçidlərin natamamlığı, əlaqəsizliyi o deməkdir ki, montaj kompozisiyası doğru həll olunmayıb.

Zahiri hərəkətlilik olsa da, təhkiyənin daxili dinamikası zəifdir.

Mizan səhnələrinin, işığın kinematoqrafik funksiyası yoxdur. Xüsusi effektlərin bolluğu döyüş səhnələrinin həqiqiliyini öldürərək onu kompüter oyununa bənzədib.

Filmboyu hamı niyəsə harasa qaçır, o bunu, bu onu təqib edir, daima kolluqlardan, ağacların arxasından naməlum adamlar peyda olur.

Saray intriqaları, xarici, daxili siyasət sevgi xəttini ikinci plana atır.

Və filmdəki bütün xətlərdəki göstərilməsi zəruri olan müəyyən təfərrüatlar işlənməyib, rejissor təhkiyəni tələm-tələsik nəql edir.

Bir sıra epizodlarda aktyorların üzü yaxın planda çəkilib.

Kinematoqrafiyada iri planlarla işləmək həm çətindir, həm vacibdir, həm də risklidir. Almodovar ona görə deyir ki, iri plandan istifadə üçün yaxşı aktyorlar və gerçək duyğular lazımdır, əks halda hər şey məhv olar.

Bu mənada iri planlarda aktyorların effektli, inandırıcı oyunu alınmayıb. Ümumilikdə isə aktyor oyunu sönükdür.

“Mahmud və Məryəm” filmi bizim bilib-gördüyümüz yüzlərlə sevgi hekayətinə yeni çalar gətirmir.

Öztekin bizə serial, klip (romantik baxışlar, toxunmalar, üz-göz ifadələri, ara verməyən musiqi, təbiət təsvirləri, yersiz uzunçuluq ) estetikasının qarışığı olan vizual məhsul təqdim edib.

Xüsusi effektlər, rəng korreksiyası, səs dünya standartlarına uyğun olsa da, həm sadaladığım nöqsanların mövcudluğu, həm də əhəmiyyətli amillərdən biri - atmosferin yoxluğu “Mahmud və Məryəm”i ciddi kino nümunəsi adlandırmağa əsas vermir.

Əgər əksinə olsaydı, faciə ilə bitən filmdən tamaşaçılar laqeyd, üzlərində yorucu ifadə, gülümsəyərək ayrılmazdılar.

# 4110 dəfə oxunub

Müəllifin son yazıları

# # #