Mediamızın savad sınağı

Mediamızın savad sınağı
26 may 2014
# 14:33

Kann kinofestivalı ciddi mədəniyyət hadisəsidir. Hətta bu festival əksər hallarda mədəniyyət sərhədlərini keçərək ictimai-siyasi xarakter alır.

Maraqlıdır, görəsən, Azərbaycanda Kann festivalını, orda nümayiş olunan, mükafat alan filmləri daim izləyən, müəllifləri ilə maraqlanan insanların sayı nə qədərdir?

Əvvəla ondan başlayım ki, hər il Kann festivalının gündəlik işi haqda milli saytlarda çox məhdud informasiyalar gedir.

Xəbəri yazan jurnalistlərin əksəriyyəti məlumatda adı keçən rejissorların yaradıcılığından nəinki xəbərsizdir, hətta əminəm ki, adlarını ilk dəfə eşidirlər.

Bu ilki Kann festivalı ilə bağlı portallarda daha çox Nuri Bilge Ceylanla və mərasimə qatılan məşhur aktrisalarla bağlı informasiyalar paylaşıldı.

Bu mənada çox az adam istisna olmaqla, əksəriyyət üçün sonuncu Kann festivalı, məsələn, Ceylan və ya Sofi Loren anlamını verdi.

ANS telekanalının “Xəbərçi” proqramı isə Sofi Lorenin festivala təşrif etməsi haqda informasiya ilə kifayətləndi.

Hər il olduğu kimi bu il də Kann festivalında ciddi filmlər göstərildi, maraqlı açıqlamalar verildi. Həmişə liderliyə iddia edən ANS də bunun əvəzində S. Loreni göstərib fərəhlə dedi ki, o, publikaya əl elədi.

Yəni bizim Kann festivalı ilə bağlı təsəvvürümüz və eyni zamanda oxucuda, tamaşaçıda yaratdığımız rəy həddən artıq lokaldır.

Adi həqiqətdir ki, festivallar aktyorlarla, aktrisalarla yox filmlərlə, rejissorlarla yadda qalır. Ulduzlar isə bir növ aksessuar kimi daha çox tədbirə kütlənin marağını artırmaq üçün dəvət olunur.

Bu bir tərəfə, bizim passiv kino ictimaiyyəti festivallarla maraqlanırmı?

Kulis.az-ın keçirdiyi sorğuda kino və teatr nümayəndələrinin-“Kann festivalını izləyirsinizmi?” sualına verdikləri cavabda Ceylanın adı dominantlıq edir.

Sorğuda iştirak edən rejissor Eldar Quliyev isə əksər yaşlı və orta nəsil kimi Fellini dönəmində qalıb. Onun son cümləsi lap faciədir: “Lars von Trierin son vaxtlar çəkdiyi filmlər bir azərbaycanlı kimi, bir kişi kimi məni qıcıqlandırır…”

“İstanbul reysi” kimi həddən artıq zəif melodram ekranlaşdıran rejissordan bunu gözləmək bəlkə də təbiidir.

Amma söhbət Trierdən yox, kino sənətində yeni tendensiyalara mühafizəkar münasibətdən və məlumatsızlıqdan gedir.

Sənətə mühafizəkar münasibət bəsləyən, yeniliklərə açıq olmayan rejissorların kinoda “nəsə” etməyi mümkün deyil.

Rejissor Oqtay Mirqasımov isə qətiyyətlə Kann festivalında nümayiş olunan filmləri izləmədiyini deyir.

Tanınmış kinoşünaslardan biri, rejissor Ayaz Salayevin isə saytımıza verdiyi müsahibəsindən bəlli olmuşdu ki, onun üçün kino Stenli Kubriklə bitib .

İndi bildinizmi ki, niyə bizdə keyfiyyətli filmlər çəkilmir?

Kann, Berlin, Venesiya, Lokarno kimi festivallar yeni tendensiyalar, estetikalar, fərqli baxış bucaqları deməkdir.

Ümumiyyətlə, Azərbaycanda nüfuzlu festivallarla maraqlanan publika çox azdır.

Və çox az adam tapılar ki, festivallara qatılan Devid Kronenberqin, Bertran Bonellonun, Andrey Zvyagintsevin, Ksavye Dolanın, Ken Louçun, Bennet Millerin, Nanni Morettinin, Dardenn qardaşlarının, Tomas Vinterberqin, Ulrix Seidlın, Malik Terrensin və başqalarının filmoqrafiyası haqda geniş bilgi sahibi olsun.

# 2571 dəfə oxunub

Müəllifin son yazıları

# # #