Təcavüzə uğrayan, aldadılan, övladını itirən qadın...

Sevda Sultanova, kino-tənqdiçi

Sevda Sultanova, kino-tənqdiçi

8 aprel 2022
# 17:00

Çalışacam ki, Bakı Bələdiyyə Teatrının səhnəsində ötən həftə premyerası baş tutmuş “Sehrbaz” tamaşası haqda tənqidi qeydlərimi mümkün qədər yumşaq yazım. Aktyorların səhnədə xərclədikləri enerji və əməyinə görə.

Bəribaşdan deyim ki, teatrşünas deyiləm, bu, sırf tamaşaçı mövqeyimdir. Hər halda, məqalələrində bir qayda olaraq, “amma və lakin” bağlayıcılarından, az qala hər cümlədə yerli yersiz üç nöqtədən istifadə edən, tamaşanı tənqid və ya tərfilədiyi dəqiq bilinməyən resenziyalar yazan bir qism tetarşünasdan fərqli olaraq, yığcam olmağa çalışacam.

Məzahir Fərzəlibəyovun Firuz Mustafanın əsəri əsasında hazırladığı “Sehrbaz” tamaşası uğurlu alınmamışdı.


Süjetə görə, qəhrəmanlardan biri həkim (Tural Əhməd) öz pasiyentini (Zülfiyyə Qurbanova) zorlayıb. Qadın ondan uşağa qalıb və doğulan qız yetkinlik yaşına çatanda tanımadığı atasına, yəni həkimə aşiq olur. Gənc qız (Aynur Abbasova) həqiqəti biləndə isə intihar edir.

Tamaşa ilə rabitəmin ilk qırılma nöqtəsi ekspozisiyada baş verir. İllərlə gizlədilmiş həqiqəti açan Sehrbaz (İsmayıl Atakişiyev) uzun-uzadı ittihamedici intonasiyada yalan-həqiqət anlayışılarının qarşıdurmasına əsaslanan publisistik mətn söyləyəndə. Rejissorun ədəbi əsərin səhnə versiyasını hazırlayanda, dialoqlarla bağlı nəsə bir dəyişikliklər etidyini və ya orijinala sadiq qaldığını bilmirəm. Bütün hallarda rejissor ədəbi mətni gərəksiz fəlsəfəçilikdən arındırmalıydı.

Klassik həqiqət-yalan konsepsiyasını "Sehrbaz"ın məna tutumu olmayan, ştamp fikirlərlə izahı zaldakı təcrübəli, müəyyən intellekt bazasına malik tamaşaçılara hansı hissi, infomasiyanı verəcəyi mənə maraqlıydı. Tamaşanı yarımçıq tərk edən, yatan, başını mobil telefonla qatan tamaşaçılara baxanda əmin olursan ki, heç nə. Çünki tamaşaçı səhnədə formal, didaktik, pafoslu söz, davranış, təşəxxüs yox, sənət rakursundan təqdim olunan həyati toxunuşları, insanı görüb-duymaq istəyir.

Digər qırılma nöqtəsi – üçaktlı struktur yerinə, tamaşanın yarıdan çoxunun ittiham-inkar xətti üzrə yorucu dialoqlarla davam eləməsi, həddən artıq söz, qədərindən çox emosiya və bunların hadisənin inkişafını ləngitməsiydi. Konflikt isə kişinin günahını boynuna almasıyla çözüləcəkdi. Tamaşada hadisələri irəli aparan dönüş nöqtələri, demək olar ki, yoxdur, yalnız yeniyetmə qız bioqrafiyası ilə bağlı həqiqəti biləndə, onda da kulminasiya yox, nəsə ona bənzər, sönük bir şey baş verir.

Dramatik sual isə budur: müəlliflər Firuz Mustafa və Mərahim Fərzəlibəyov tamaşaçıya nəyi çatdırmaq məqsədini güdürdülər və katarsis harda baş verir? Hər insanın günah yükü daşıması, günahlarının bumeranq kimi nə vaxtsa özünə qayıtması klassik motivi üzərində Firuz Mustafa pritçasayğı banal əhvalat qurub və rejissor da yanaşmasını guya dərin həyat həqiqətləri ilə yükləyib. Finalda isə nəhəng ekranda Leonardo da Vinçinin məşhur “Madonna Litta” əsəri görünür. Rejissorun körpə İsanı əmizdirən Məryəmin rəsmini səhnədəki hadisəyə hansı mənada bağlaması suallar doğrurur:

Təcavüz edən həkim, əslində, Müqəddəs Ruh imiş?
Yoxsa doğulan körpələri İsa kimi ancaq əzab əziyyət gözləyir?

Bütün hallarda səhnədə baş verən hadisələrin sözügedən dini kontekstə bağlantısı anlaşılmır.


Sonuncu qırılma nöqtəsi ümumən aktyor oyunu və səthi mizanlarıydı. Baş rolun ifaçılarından biri Zülfiyyə Qurbanova müəllif kinomuzun maraqlı, peşəkar aktrisalarından biridir. Onun kinodakı fəaliyyətini davamlı izləyirəm. Həmçinin, Tural Əhmədi bir neçə serialda, xüsusən, Emil Quliyevin “Pərdə” filmində kamerayla orqanik ünsiyyət quran istedadlı aktyor kimi xatırlayıram. Filmlərdə çətin rolların öhdəsindən gələn Zülfiyyə Qurbanovanın üzərinə daha çox yük düşmüşdü, çünki obrazı çoxqatlıydı, o, bir neçə yükü, emosional vəziyyəti birdən birə daşıyır: təcavüzə uğrayan qadın, aldadılan qadın, övladını itirmiş qadın. Rejissorun bu çoxcəhətli qadın obrazını, həmçinin, digər obrazların psixofiziki vəziyyətini klişe ifadə vasitələrlə həlli, ümumən personajların təyinatının dərinliyini anlamaması mənə hadisələrin ritminə daxil olmaqda maneçilik törədən səbəblərdən biriydi.


Misalçün, ikinci planda oynayan Aynur Abbasova yeniyetmə qızın gülüşünü, sevgisini illah da ki, Amaliya Pənahovanın intonasiyasında ifadə etməməlidir. Yaxud kişi personaj (Tural Əhmədin ifasını nəzərdə tuturam) gözlənilməz vəziyyətə düşürsə, bu, o demək deyil ki, o çıxılmazlığını səhnədə məhz var-gəllərlə, isterik gülüşlə verməlidir və s.

Demək istədiyim odur ki, gülüş, kədər, qüssə, isterika, müxtəlif vəziyyətlərin, hərəkətin, hadisənin mahiyyətini çatdırmaq üçün başqa, adekvat ifadə vasitələri tapılmalıdır ki, biz gördüklərimizə inanaq.


# 3113 dəfə oxunub

Müəllifin son yazıları

# # #