Kənan M.M.-in banal emosiyası – Sevda Sultanova yazır

Kənan M.M.-in banal emosiyası – <span style="color:red;">Sevda Sultanova yazır
15 aprel 2016
# 13:30

Kənan M.M. milli kinomuzda fenomendir.

Rejissorlar var ki, istedadsız olduğunun, zəif çəkdiyinin fərqindədir, bunu etiraf eləməsələr də.

Kənan sıradan film çəksə də, daxilən fərqli nəsə elədiyinin, filmlərinin yaxşı alındığına inanır.

Ayrı-ayrı müsahibələri onun daxili inamının ifadəsidir: “Bu film (yenicə ekranlara çıxan “Qayıdış” nəzərdə tutulur -S.S.) 15 ildə çəkdiyim hər bir yaradıcı işimin üzərindən xətt çəkəcək. Əgər belə olmasa bütün tamaşaçılara söz verirəm, bir daha kamera qarşısına keçmərəm”.

“Bizim millətdə komediya alınır. Mən oğul ona deyərəm ki, dramatik film çəksin və tamaşaçının fikri zalda qalaraq evə getsin”.

Özünəinam yaxşı keyfiyyətdir əlbəttə və mən Kənanın özünəinam hissinə hörmət edirəm.

Kənanın filmlərində əsas niyyət tamaşaçının emosiyalarına vurğudur. Başqa cür desəm, o, tamaşaçının emosiyalarını manipulyasiya eləməyi sevir.

Kənanın digər rejissorlardan seçilən başqa bir cəhəti onun təbiətində, maneralarında qabarıq nəzərə çarpan vurub-yıxmağı sevən, dikbaş, problemləri qol gücünə həll edən tipik məhəllə cavanı obrazının təzahürüdür.

“Kənan tamaşaçının emosiyalarını manipulyasiya edir” deyəndə, təbii ki, intellektual emosiyaları (insanın yaradıcı, əqli iş prosesində və ya əsərdən aldığı emosiya. Bu tip emosiya düşüncəyə təsir edir, şüuru qıcıqlandırır, onu oyadır, ideya, fikir verir, dərk prosesini inkişaf etdirir) nəzərdə tutmuram.

Söhbət banal şəkildə təqdim olunan, həyat təcrübəsinə nəsə qatmayan, ideya verməyən, klişe dramaturji fəndlərdən istifadə edilən melodramatik əhvalatlardan kövrələn, göz yaşı tökən tamaşaçı emosiyasından gedir.

Image result for “Qayıdış”

Kənan özünün rejissor kimi bədii və ali məqsədini, konsepsiyasını açıq, səmimi şəkildə bəyan edir: "Qayıdış"da ağlamamaq mümkünsüzdür. Kənan M.M. kimi sizə söz verirəm”.

“Filmi izləməyə dəsmalsız gəlməyi unutmasınlar".

“O filmdən ağlamadan çıxmaq qadağandır”.

Hətta deyilənə görə, son filminin çəkilişləri zamanı aktrisa Günəş Mehdizadənin ağladığı fotolarını sosial şəbəkələrdə paylaşaraq, onu ağlatmağı ilə də qürrələnirmiş.

Qısacası, Kənan üçün dram janrında çəkilən filmin, yaxşı filmin meyarı tamaşaçının göz yaşını tökməkdir. Yəni düşündürmək yox, şüura təsir eləmək yox, məhz ağlatmaq.

Kənan uzaqgörən rejissordur. Kino bazarını da yaxşı bilir və bilir ki, bizim tamaşaçı kütləsi sentimentaldır, onu nə, necə bir əhvalat duyğusallaşdırır.

Bu günlərdə izlədiyim “Gecə qonağı” filmində də sıravi tamaşaçının hisslərinə vurğu edən duyğusal kadrlar yer alıb.

Film nədən bəhs edir? Personajlardan biri seks xidməti müqabilində pul qazanan Zaradır (Pərvin Abiyeva). Təsadüf elə gətirir ki, o, gecəni rəssam Camalın (Fərda Xudaverdiyev) evində keçirməli olur. Onlar arasında sevgi bağı yaranır. Amma Camal gecə həyatı keçirən Zarayla həyatını paylaşa bilməz, ona görə nişanlısı Laləni (Kəmalə Piriyeva) seçir.

Adi, bəsit melodramdır. Final səhnələrindən görünür ki, yaradıcı nəfəsi çatmadığı üçün rejissor asan yola əl atıb, həmin epizodları informativ, lakonik həll edib.

Amma filmdə mühüm müsbət cəhət var. Son bir neçə ildə çəkilən kommersiya filmlərində yüngül həyat tərzi keçirən qadın obrazları bir qayda olaraq lazım olduğundan artıq vulqar, səthi təsvir olunur.

Burdakı fahişə qadının isə qismən də, yarımçıq da olsa bioqrafiyası var.

Kobud, açıq leksikonuna, həyat tərzinə rəğmən rəğbət hissi oyadır. Az da olsa tamaşaçı onun şəxsiyyətinin görünməyən qatını görür. Hərçənd, belə bir bədii informasiya sona kimi açıqlanmır, sosioloji araşdırmaya ehtiyac olduğu halda bu, edilmir, yəni qadının faciəsinin kökündəki motiv qapalı qalır. Üstəlik, həyatını dəyişmək istəyən fahişəyə rejissor şans vermir. Finalda Camal onunla ailəsinin qınağına, öz düşüncə tərzinə görə bərabər olmaqdan çəkinir. Ədalətin (Kənan M.M.) sonda onun seks xidmətindən istifadəsi, Camalın təkəbbürlü, şöhrətpərəst nişanlısını səmimiyyətlə qucaqlaması ilə rejissor reallığımızın qanunauyğunluğunu nəzərə alır. İlqar Fəhminin “Vampir” romanının motivləri əsasında ekranlaşdırılan filmin sonluğu toplumdakı hakim düşüncəyə uyğun bitir, cəmiyyətlə kompromisə gedir.

Amma Kənan unudur ki, əgər o, sənətə iddialıdırsa, sənət kompromisə “yox” deyir, o, cəmiyyətin xəstə, yerlərini qıcıqlandırır, yaralı yerinə duz basır...

Bədii əsər, film əlbəttə, həyata toxunmalıdır, amma bu, heç bir halda reallığı olduğu kimi təsvir eləmək anlamına gəlmir.

Realizm həyatın bədii əsərə olduğu kimi köçürülməsi yox, müəllifin ona fərdi prizmasından yanaşmasıdır, mövcud gerçəkliyi özünün dünyagörüşü içində yenidən emalıdır.

Hətta neorealizm cərəyanına aid filmlərdə belə müəlliflərin öz baxışı, traktovkası mövcuddur.

Yəni, əgər Kənan belə ideyanı - cəmiyyətin gecə həyatı yaşayan qadınlara münasibəti dəyişməzdir - ideyasını əsas götürmüşdüsə, ümumiyyətlə, bədəniylə pul qazanan qadınların problemi onu doğrudan da narahat edirdisə, onda Zaranın daxili dünyasını, ağrılarını, əvvəlki həyatdan qopmaq istəyini, onun həyat tərzində cəmiyyətin də məsuliyyət daşıdığını ön plana çəkməliydi, tamaşaçını ağlatmalı yox, düşündürməliydi.

Kənan isə rejissor kimi bu reallığa fərqli münasibət göstərmir. O, qadın qəhrəmanına etinasız yanaşır, rejissor kimi yox, kişi mərkəzçi kimi çıxış edir, təklif olunmuş vəziyyətdə personajların davranışı, qadına münasibəti həm də Kənanın öz münasibəti, dünyagörüşüdür. Sonda qadının ona göstərilən təhqiramiz davranışla müticəsinə barışmasıyla, Camalın hisslərindən asanlıqla imtina eləyib, nişanlısına rahat sarılmasıyla rejissor cəmiyyətin fahişəyə münasibətinə haqq qazandırır. Və zəif, alçaldılan fahişə obrazının hesabına “ağlatmağı bacaran rejissor” adına iddia edir...

Sevda Sultanova

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #