Akademikin arvadını öpən dəlinin macəraları

Akademikin arvadını öpən dəlinin macəraları
17 sentyabr 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Leyla Səfərovanın 1987-ci ildə çəkdiyi “Kölgədə 40 dərəcə isti” filmini təqdim edir.

Süjet: Hadisə Abşeron qəsəbələrindən birində baş verir. Əsərin baş qəhrəmanı gənc Əlibabadır (Telman Adıgözəlov). O, qəsəbənin başqa sakinlərindən fərqlənir, əlində daim hipnoz olunmuş toyuq dolanır. Əlibaba hamıya yaxşılıq eləmək istəyir, amma qəsəbənin sakinləri bu xasiyyətinə görə ona bir növ yadplanetli kimi baxır və sahə müvəkkilinə (Süleyman Əhmədov) şikayət edirlər. Klub müdiri (Davud İmanov) Əlibabanın bıçaqla onun üstünə hücum elədiyini deyir. Fleşbeklərlə anladılan kadrlardan məlum olur ki, onun danışdığı əhvalat doğru deyil. Təqaüdə çıxmış yaşlı Mirəli (Süleyman Ələsgərov) şikayətində Əlibabanın onu təhqir elədiyini deyir. Yenə fleşbek vasitəsilə göstərilir ki, Əlibaba əslində onu oğurluq elədiyinə görə qınayır. İstirahət evinin müdiri isə şər atır ki, o, akademikin arvadını zorla öpüb. Sonrakı kadrlarda bu təşəbbüsün qadından gəldiyi anlaşılır. Hamı, bacısı Suğra da (Nuriyyə Əhmədova) Əlibabanın dəyişməsini istəyir, hətta onu həbsə atırlar. Əlibaba isə mövqeyində israrlıdır....

Film müasir kinonun əsas tendensiyalarından birinə çevrilən metoddan, üslubdan yararlanıb: minimal ifadə vasitələri, ləng temp, az dialoq, maksimum təsvir, fasiləsiz planlar. Əksər filmlərimizdən fərqli olaraq, burda musiqi təsviri əzmir, ona qalib gəlmir.

Abşeron təsvirləri asketik, mistik qatda təqdim olunur. Hamıya yaxşılıq eləmək istəyən Əlibabanın Abşeronun qumsallarında, sanki heç vaxt insan ayağı dəyməyən çöllü-biyabanda sərgərdan dolanması, cəmiyyətlə onların dilində danışa bilməməsilə sanki məkan sakrallaşır, qəhrəmanı Tanrıya yaxınlaşdırır.

Filmdəki əsas süjet xətti bir gün ərzində baş verir və real vaxt hissini yaradır.

Əlibaba idealistdir, o, həyat amalını belə bəyan edir: “Məni ona görə dəli sayırlar ki, həmişə kiməsə birdən kömək lazım olduğunu düşünürəm. Belə yaşayıram, başqa cür bacarmıram. Yer kürəsində yaşayan hər şeyi sevirəm”.

Əlibaba kiminin maşınını təmir eləyir, kiminin evini və varlı adamlardan prinsipial olaraq pul almır. Belə bir maraqlı epizod var, imkanlı adamlardan biri ona işinin müqabilində böyük məbləğdə pul verir, Əlibaba imtina edir. O, isə əsəbiləşərək, Əlibabanın yaxasından tutaraq təmizliyinə etiraz eləyir.

Əlibaba bir növ Bəhlul Danəndəlik eləyir, sistemə qarşı çıxır.

Filmin ssenari müəllifi Eldəniz Quliyevin dediyinə görə, ssenarini filmin çəkilişindən xeyli əvvəl yazıb. Ssenarini əvvəlcə rejissor Vaqif Mustafayev ekranlaşdırmaq istəyib, amma o, Moskvada Ali rejissorluq və Ssenaristlər kursuna qəbul olunduğundan alınmayıb.

E.Quliyevin sözlərinə görə, Moskvada ssenarinin qəbul olunmasını ləngidiblər: “Ssenarinin ilk adı “Hipnoz altındakı toyuq” olub. Siyasi çalarlar da vardı. İdeya bu idi ki, qapalı sistemdə özü kimi olmayan adamların perspektivi olur, uğur qazanırlar. Adam özü kimi olmayanda da ya gülməli, ya faciəli görünür. Sistem hipnoz altında olmamalıdır. Amma çətinliklə də olsa ssenari Qlavlitdən keçdi, istehsalata buraxıldı. Həm də məcbur oldular buna. Çünki o vaxt da indiki kimi bizdə ssenari qıtlığı vardı, keçə bilmədilər. Həm də Moskvada Dövlət Kinematorafiya Komitəsində redaktorların bəziləri müəllimim olduğundan kömək elədilər, bəxtim gətirdi”.

Qeyd edək ki, ssenaridə nəzərdə tutulan bir neçə epizod çəkilməyib. Məsələn, ilk səhnə onunla başlamalıydı ki, (və E.Quliyevin sözlərinə görə bu səhnə filmin əsas ideya daşıyıcısı olmalıydı) Əlibaba toyuğu hipnoz edir. Amma heyvanlarla işləmək çətin olduğu üçün səhnə alınmayıb. Məcburən imtina eləməli olublar.

Filmin əsas qayəsi aydın olsa da, bəzi anlaşılmazlıqlar var. Məsələn, müsbət qəhrəman özünün təbiilliyi, dürüstlüyü ilə insanları manipulyasiya edən sistemə qarşıdır. Amma eyni zamanda özü toyuğu hipnoz edərək, bir növ manipulyasiya edir. Yəni mübarizə aparan qəhrəman özü də hansısa nöqtədə sınır, bilmədən onlardan birinə çevrilir. E.Quliyevin sözlərinə görə, qəhrəmanın katarsis, xilas prosesini ifadə eləyən səhnə çəkilməliydi, amma alınmayıb.

Ona görə bu mənada əhvalatda ziddiyyət var.

Hər halda buna baxmayaraq, film kino dilinə görə bizim kinematoqrafiya üçün yeni idi və bu tendensiya təəssüf ki, yayılmadı.

Filmin rejisoru Leyla Səfərova 1945-ci ildə Gəncədə anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Oğul”, “Naməlum torpaq“, “Bakı xoreoqrafiya məktəbi” filmlərinin müəllifidir.

E.Quliyev L.Səfərova ilə Moskvada tanış olduğunu deyir: ““Mosfilm”də ikinci rejissor işləyirdi. O vaxt “Mosfilm”də ikinci rejissor işləmək böyük prestij idi. Söhbət elədik, gördüm, savadlı, ağıllı qızdır. Bu filmi istehsalata buraxanda təşəbbüsümlə dəvət elədik. Onun birinci rejissor ssenarisini qəbul eləmədim. Söhbətlərimiz oldu. Birtəhər kompromisə gəldik”.

Vikipediyada filmin janrı “komediya” kimi qeyd olunub. Fikrimcə, film daha çox komediya elementlərinin olduğu dramdır. E.Quliyev isə filmi “kədərli komediya” sayır. Adının dəyişdirilməsinə gəlincə, ssenaristin fikrincə, “Kölgədə 40 dərəcə isti”nin adı birmənalı deyil, sözün arxasında çoxmənalılıq dayanır”.

E.Quliyev deyir ki, o vaxt Azərbaycan filmlərinə daha çox ikinci, ya üçünü kateqoriya verirdilər. “Kölgədə 40 dərəcə isti” ikinci kateqoriya alıb, bu isə o deməkdir ki, filmin surəti çoxalır, geniş nümayişə çıxarılır. Bu halda yaradıcı heyət də yenidən qonorar alır.

# 1551 dəfə oxunub

Müəllifin son yazıları

# # #