İşçisinin arvadı ilə eşq yaşayan "İngilis pasiyenti" -  9 Oskarlı film haqqında bilmədiklərimiz...

İşçisinin arvadı ilə eşq yaşayan "İngilis pasiyenti" -  9 Oskarlı film haqqında bilmədiklərimiz...
14 avqust 2021
# 09:02

Kulis.az kanadalı yazıçı Maykl Ondatjenin "İngilis pasiyenti" əsəri əsasında çəkilmiş eyniadlı filmi təqdim edir.

Romanın süjeti: İkinci Dünya müharibəsinin bitməsinə az qalır. İtaliya ərazisində yerləşən, bombardman nəticəsində bir hissəsi dağılmış San-Cirolamo monastırında bədəni, üzü-gözü yanmış xəstə yatır. Ona Kanada ordusunda xidmət edən tibb bacısı Hana qulluq edir. Yaddaşını itirən, adı, soyadı bilinmədiyindən "ingilis pasiyenti" adlandırılan kişiyə məxsus olan tək əşya Herodotun "Tarix" kitabıdır. Kitabın arasında onun qeydləri, bir neçə foto və məktublar var. Hana xəstəyə kitabı oxuduqca o, qırıq-qırıq keçmişini, kimliyini xatırlamağa başlayır. Bununla belə, yenə adını yadına sala bilmir. Bəzən o, doğrudan da ingilis olduğuna inanır. Çünki aksenti ingiliscəyə uyğun gəldiyindən onun ingilis olduğunu güman edirlər. Əslində isə o, macar qrafı, səhra üzrə tədqiqatçı, Britaniya kartoqraf qrupunun üzvlərindən biri Laslo Almaşidir.

Hana daim bir yerdən başqa yerə yollanan sanitar maşınında xəstənin əziyyət çəkdiyini görüb, monastırda yerləşməyi qərara alır. Müharibədə sevgilisini və atasını itirən, emosional partlayış yaşayan Hana gücünü toplayıb ingilis pasiyentinin qayğısına qalır. O, sanki Almaşinin simasında bir müqəddəsi görür və onun ruhuna vurulur.

Sonra onlara italyan-kanadalı Karavacco qoşulur. Karavacco 1930-cu illərin sonundan Britaniyanın xarici kəşfiyyat idarəsinə işləyir. Karavacco müharibədə Hananın atası ilə o, həlak olanadək dost münasibəti saxlayır. Onun casus kimi vəzifəsi Şimali Afrikada qalaraq, alman hərbçiləri haqda lazımi informasiyanı britaniyalılara ötürmək idi. Amma o, faşistlərin əlinə keçir, ağır işgəncələrə məruz qalır və nəticədə əlinin baş barmaqları kəsilir. Fiziki və psixoloji travmalar alan Karavacco ona zərbə vuran adamları taparaq qisasını alır. Karavacco onları ələ verən adamın Almaşi olduğunu düşünür.

Romanda yer alan digər personaj isə Britaniya ordusunun əsgəri Kipdir. Kip hindlidir və minaların zərərsizləşdirilməsi üzrə mütəxəssisdir. O, monastırın həyətini minalardan təmizləyir, bir müddət burada qalır. İngilis pasiyenti ilə dostlaşan Kip Hana ilə eşq macərası yaşayır.

Morfin vurulduqca ingilis pasiyenti hər şeyi daha dəqiq xatırlayır. O, Şimali Afrikada onun səhra tədqiqatı qrupuna qoşulan Ceffrinin arvadı Ketrinə vurulur. Axşamların birində ekspedisiya üzvləri dincələndə Ketrin Herodotun "Tarix" kitabını oxuyur. Ketrinin səsi Almaşini sehrləyir. Bir müddət sonra onların arasında sevgi hekayəti başlayır. Ceffri arvadının ona xəyanət etdiyini sonradan bilir. Bir müddət sonra Ketrin Almaşi ilə münasibətləri kəsir. Lakin Almaşi onu hər yerdə qarabaqara izləyir.

Müharibənin başlanması ilə ekspedisiya düşərgəsinin dağılması təhlükəsi ilə üzləşir. Ceffri, Almaşi və Ketrin təyyarədə Qahirəyə qayıdanda qəzaya uğrayırlar. Ceffri yerindəcə ölür. Ketrin isə ağır yaralanır. Almaşi onu mağarada saxlayır, britaniyalıların nəzarətində olan əraziyə üçgünlük yol qət edərək onlardan kömək istəyir. Amma adına görə Almaşiyə şübhəylə yanaşan britaniyalılar onu casus hesab edərək həbsə alırlar. Almaşi qaça bilir və Ketrini xilas etmək üçün alman casuslarına britaniyalıların qərargahına gedən yolun xəritəsini satır. Əvəzində onlardan təyyarə alaraq mağaraya qayıdır. O, qayıdanda Ketrin artıq ölmüşdü. Almaşi Ketrinin cənazəsini təyyarəyə qoyur. Amma onların olduğu təyyarə yanır. Qəzadan Almaşi sağ çıxsa da, yanğından tanınmaz hala düşür. Almaşini tapan britaniyalılar onu Şimali Afrikadan İtaliyaya gətirir. Tezliklə Almaşi vəfat edir.

Roman onunla bitir ki, Kip Amerika ordusunun Hiroşima və Naqasakiyə atom bombaları atdığını eşidir. Bundan dəhşətə gələn Kip düşünür ki, Qərb nüvə silahını heç vaxt öz irqinə qarşı işlətməzdi. Məyus olan Kip Hindistana qayıdır...

"İngilis pasiyenti" 1992-ci ildə yayımlanıb və Buker mükafatına layiq görülüb. Ötən il isə əsər Buker mükafatının yaranmasının 50 illiyi münasibətilə xüsusi "Qızıl Buker" mükafatı da alıb.

Roman xronoloji ardcıllıqla yazılmayıb. Hadisələr iki zamanda - müharibəyə qədərki dönəmdə və müharibə dövründə cərəyan edir. Əhvalatın baş verdiyi məkanlar isə Şimali Afrika və İtaliyadır.

Amerika və Böyük Britaniyanın birgə istehsalı olan "İngilis pasiyenti" 1996-cı ildə ingilis rejissoru Entoni Mingella tərəfindən lentə alınıb. On iki nominasiyada "Oskar"a irəli sürülüb. Və doqquz Oskar qazanıb. Bura "ən yaxşı film", "ən yaxşı rejissor işi" və s. daxildir.

Romanda olduğu kimi, burda da hadisələr ayrı-ayrı dönəmlərdə və fərqli məkanlarda göstərilir. Ondatjenin qeyri-xətti nəqlə, mürəkkəb struktura malik, çoxpersonajlı romanında hər bir qəhrəmanın həyat hekayəsi, yaşantıları təfərrüatlı danışılır. Rejissor isə Almaşi ilə Ketrinin sevgi əhvalatını mərkəzi motivə çevirir. Və digər personajların hekayətləri filmdə daha çox fraqmental xarakter daşıyır. Bununla belə, müxtəliflik təsviri zənginləşdirir, dramatizmi artırır və Almaşinin tragik hekayəsində fon gücləndirici rolunda çıxış edir.

Romanda olduğu kimi, filmdə də əhvalat xronoloji ardıcıllıqla danışılmır. Xronoloji ardıcıllığın pozulmasına rəğmən, "İngilis pasiyenti" montaj dramaturgiyasının bütövlüyü baxımından ən yaxşı ekran əsərlərindən sayıla bilər. Təsadüfi deyil ki, film, eyni zamanda montaj həllinə görə "Oskar"a layiq görülüb. Şimali Afrikada baş verən əhvalatla indi arasında bağlar, qəhrəmanın yaddaşında assosiativ iz buraxan nəsnələrlə durur. Hana Herodotun "Tarix" əsərini oxuyanda, bu səs Almaşini Ketrinə qaytarır. Yaxud çöldən eşidilən möhkəm ayaq səsi, masadakı kağız parçası ona keçmişi yaddaşında canlandırmağa təkan verir. Qəhrəmanın yaddaşı bütövləndikcə əhvalat da bütövlənməyə doğru gedir, indi keçmişə həssas montajla bağlanır.

Filmin əvvəlində iri planda bir əl rəsm çəkir. Tamaşaçı qırıq-qırıq, aramla çəkilən təsvirin nə olduğunu anlaya bilmir. Sonda ekranda insan təsviri əmələ gəlir. Rəsmin asta templə çəkiliş prosesi - kiçik cizgilərdən bütöv insan alınması - Almaşinin bizə göstərilən həyatını simvolizə edir. Üzü tanınmaz hala düşmüş bu adamın kimliyi onun yaddaşında epizodlar ardıcıl düzüldükcə aydınlaşır.

Konkret bir motivə fokuslanmasına baxmayaq, Mingella yazıçının təsvir elədiyi digər xətlərə qısa, amma dəqiq vurğular edir. Örnəyi, Almaşi ilə dialoqunda, Kipin sarkastik tonda dediyi "Hindistan üçün səadət Britaniyanın onu idarə etməsidir" - fikri böyük dövlətlərin imperialist marağına eyham edir.

Hərçənd, romandan fərqli olaraq, Kipin Hiroşima və Naqasakidə olanlarla bağlı etirazı göstərilmir.

Yaxud Almaşini satqınlıqda ittiham edən Karavacco faşistlər tərəfindən tutulan yoldaşını dar ayaqda qoyaraq qaçmaq istəyir. Bununla da müəllif, sanki onun Almaşiyə ittihamında haqlı olub-olmadığını mübahisələndirir.

Yeri gəlmişkən, Karavaccoya işgəncə verən adamın adının Ranuçço Tommazoni olması təsadüfi deyil. Çünki məşhur italyan rəssamı Karavacco 1606-cı ildə mübahisə nəticəsində Ranuçço Tommazoni adlı adamı qətlə yetirir. Roma Papası rəssamı "qanundankənar" elan edərək, onu istənilən adamın öldürə və hətta buna görə mükafat ala biləcəyi haqda qərar çıxarır. Hadisədən sonra Karavacco gizlənməyə məcbur olur. Məsələ ondadır ki, romanda Kravacconun peşəsi oğru olur. Kəşfiyyata isə sənədləri oğurlaya bilən, çevik adamlar lazım olduğundan Karavacco bu işə cəlb olunur. Rəssam Karavacco isə qumarbaz olur, üstəlik, cinayət törədir. Müəllif bu əsərdə Karavcconu Tommazoninin işgəncəsinə məruz qoymaqla, sanki rəssamı öz cəzasına çatdırır.

Filmdə daha vacibi bu dilemmadır: müharibədə ümumi maraqlarla fərdin marağının toqquşması. Ya da belə ifadə edək - militarizmlə sevginın qarşıdurması. Ketrin mağarada ölmək istəmədiyini, Almaşidən onu vətənində dəfn etməyi xahiş edir. Almaşi sevdiyi qadına söz verir, onun vəsiyyətini nəyin bahasına olur-olsun yerinə yetirməyə çalışır. Amma onun sözünə vədi həm özünün, həm digər insanların ölümü bahasına başa gəlir...

"İngilis pasiyenti" insan faktorunu önə çəkir. Ketrinin ölüm ayağında Almaşiyə məktubundakı fikri filmin leytmotivi kimi də qəbul etmək olar: "Həqiqi ölkə insanlardır, xəritədə göstərilən, böyük adamların adını daşıyan ölkələr yox".

Filmin ən sarsıdıcı epizodlarından biri, Hananın morfin iynəsini hazırlayarkən Almaşinin asta hərəkətlə, üç-dörd ampulanın ona tərəf itələyərək hamısını birdən vurmasını səssiz xahiş etməsidir. Hana göz yaşlarıyla onun son istəyini yerinə yetirir.

Əhvalatın təsir gücünü artıran heç şübhəsiz ki, asketik ruhlu macar xalq musiqisidir. Film həm də musiqisinə görə "Oskar"a layiq görülüb.

Ssenarinin üzərində dörd il işlənib. Maykl Ondatje filmin çəkilmə prosesində yaradıcı heyətlə sıx əməkdaşlıq edib və filmdən razı qalıb.

Roman səhra tədqiqatçısı, təyyarəçi və casus olan qraf Laslo Almaşinin bioqrafiyasının əsasında yazılıb. Hərçənd, romanda göstərilən bir sıra məqamlar bədii uydurmadır. Almaşi İkinci Dünya müharibəsində Almaniyaya kömək edib və mayor rütbəsi alıb. Müharibə bitəndən sonra, dövlətə xəyanətə və faşist təbliğatına görə həbs olunan Almaşi şərqşünas Dyul Hermanusun şahid ifadələrinə görə azad olunub. Almaşi 1951-ci ildə Avstriyaya səfəri zamanı dizenteriyadan vəfat edib.

Ceffri və Ketrinin prototipləri isə Almaşi ilə birlikdə tədqiqatlarında iştirak edən Kleyton və arvadı Dorotidir. Romanda göstərildiyi kimi, o, qəzada yox, 1932-ci ildə infeksiyadan ölüb. Arvadı isə bir il sonra müəmmalı aviaqəzada həlak olub.

# 3495 dəfə oxunub

Müəllifin son yazıları

# # #